XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

12 İyun 2017 - 13:17

Əl-Tanf müəmması:ABŞ-ın təlim verdiyi məchul hərbi qüvvə kimə qarşıdır? - TƏHLİL

Qasım İleri

"Anadolu News Agency"

 

ABŞ Suriyanın Əl-Tanf bölgəsində İran dəstəkli rejim tərəfdarlarına üçüncü dəfə zərbə endirdi. Lakin Pentaqonun "'ayırma sahəsi" olaraq səciyyələndirdiyi bu bölgə və orada təlim alan qrupla  ABŞ-ın İŞİD əleyhinə koalisiyası arasındakı əlaqə hələ də cavablandırılmalı bir çox suallar doğurur.

Mayın 18-də "Suriya rejimi tərəfdarı olan qüvvələr" adlandırılan konvoya hücumdan əvvəl də Pentaqon Əl-Tanf ətrafındakı bir düşərgədə, müxalif bir qrupa İŞİD-ə qarşı təlim və avadanlıq dəstəyi verdiyini açıqlamışdı. Ancaq 18 May hücumu ilə Pentaqon ilk dəfə, "Əl-Tanf hərbi qarnizonu"nun 55 km diametrli "ayırma bölgəsi" adlandırdığı sahə barədə ruslarla razılaşdırıldığını və o bölgəyə girən qüvvələrin hərbi qarnizonu təhdid etməsi ehtimalı olduğunu açıqladı.

Daha sonra iyunun 6-da koalisiya, rejim tərəfdarı olan qüvvələrin həmin əraziyə gətirdikləri bir ədəd tank, iki ədəd top və bir buldozeri məhv etməklə, hava hücumu təşkil etdiyini və hücumda top və buldozerin məhv edildiyini açıqladı.

İki gün sonra Pentaqon yenə eyni nöqtələrə yaxın bir bölgədə rejim tərəfdarı qüvvələrə aid iki pikapı vurduğunu bildirdi. Eyni gün "ayırma bölgəsi"nin şimal-şərqində koalisiya qüvvələrinə və ya müxaliflərə, yəni hələ kimə aid olduğu təsbit edilməmiş bir dronla hücum təşkil edildiyini eşitdirən Pentaqon, Amerikan "F-5" döyüş təyyarələrinin pilotsuz aparatı vurduğunu açıqladı.

 

"Ayırma bölgəsi" təktərəfli həmlədir

 

ABŞ və Rusiya arasında hava əməliyyatlarında ayrışmanı təmin edən əlaqə kanalı məsələsində 2015-ci ilin sonlarında imzalanmış bir razılaşma var. Pentaqon bunun "bir növ, əməkdaşlıq və ya Suriya hava sahəsini bölmək olmadığını", yalnız "qüvvələrin olduğu bölgələr və əməliyyat icra edilən sahələrə dair məlumat mübadiləsi üçün qurulan rabitə kanalı" olduğunu açıqlamışdı.

Bununla bərabər, Pentaqon Əl-Tanf yaxınlığındakı "ayırma bölgəsi"nin 2015-ci ildə imzalanan razılaşmanın bir hissəsi olub-olmadığı barədə dəqiq bir şərh vermir; sözügedən sahənin ruslar tərəfindən tanınıb-tanınmaması məsələsində sualları isə Moskvaya yönəldir.

Hücumdan sonra da mövzuyla əlaqədar jurnalistlərə verdiyi şərhdə Pentaqon sözçüsü polkovnik Ceff Deyvis, Əl-Tanf "ayırma bölgəsi"nin Türkiyə, Rusiya və İranın Qazaxıstanın paytaxtı Astana şəhərində razılaşdırılan "hərbisizləşdirilən bölgələr"dən fərqli bir şey olduğunu ifadə etdi.

Deyvis bu bölgənin Rusiya ilə ABŞ arasında razılaşdırıldığını və müdafiə tədbirləri çərçivəsində top və ya tank istisna olmaqla, etibarı hərbi bölgə olduğunu söylədi.

 

Qanuni əsası yoxdur

 

Həmin bölgənin qanuni əsası olmadığını da sözlərinə əlavə edən Deyvis bu etibarı ərazinin nə zamandan istifadə olunduğuna dair suala yalnız "uzun müddətdir" dedi, Suriyanın müxtəlif bölgələrində əsgər saxlamasına baxmayaraq, ABŞ-ın niyə yalnız Əl-Tanf bölgəsində "ayırma sahəsi" yaratdığı yönlü sualla cavablardan yayındı.

Eyni zamanda, 8 İyun hücumunu dəyərləndirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov, onu "beynəlxalq hüquqa zidd" adlandırdı və ABŞ-la "ayırma bölgəsi"nə dair razılaşmanın olmadığını söylədi.

Mövzu ilə əlaqədar "Anadolu" müxbirinə danışan bir Pentaqon rəsmisi də Lavrovun sözlərini təsdiqləyərək Vaşinqtonla Moskva arasında bu mövzuda anlaşma olmadığını söylədi. Adının açıqlanmasını istəməyən səlahiyyətli bildirib: "Biz bunu yalnız mövcud ayırma kanalı vasitəsilə ruslarla dedik: "Bu bölgəyə yaxınlaşmayın"".

Bu şərhlərdən "ayırma bölgəsi"nin mahiyyəti əlaqədar ciddi ziddiyyət olduğu görünür.

 

Müxalif qüvvələrin kimlər olduğu bilinmir

 

ABŞ Suriyada İŞİD-lə mübarizə çərçivəsində, PYD / PKK-nın liderlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) və onun çətiri altında hərəkət edən Suriya Ərəb Koalisiyası (SƏK) ilə əməkdaşlıq edir. Bundan əvvəl də ABŞ, Suriya rejiminə və İŞİD-ə qarşı döyüşən "Azad Suriya Ordusu"na (ASO) təlim-təchiz proqramı başlamış, ancaq uğursuz olduğundan onun icrası dayandırılmışdı. Bundan başqa, Suriyada müharibənin əvvəllərindən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) İordaniyada bəzi müxalif qüvvələrə təlim verdiyi bilinir.

Əl-Tanfda olan müxalif qüvvə isə ilk dəfə aprel ayında həmin düşərgəyə İŞİD-in etdiyi hücum zamanı üzə çıxdı. Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM), İŞİD əleyhinə koalisiya ilə birlikdə müxalif qüvvələrin Əl-Tanf düşərgəsinə İŞİD-in hücumunun qarşısını aldığına dair məlumat yaydı.

CENTCOM sözçüsü polkovnik Con Tomas sözügedən düşərgədə ABŞ əsgərlərinin bəzi milis qruplarına təlim verdiyni, qurudan və havadan verdiyi dəstəklə hücumu dəf etmək üçün oradakı qrupla birlikdə İŞİD-lə toqquşduğunu bildirdi. Ancaq Tomas ABŞ əsgərlərinin və təlim alan qrupun sayı və qrup haqqında başqa bir məlumat verməkdən imtina etdi.

ABŞ həmin qrupun İŞİD-lə döyüşdüyünü iddia edir, ancaq qrupun adı və böyüklüyü mövzusunda heç bir təfərrüat vermir; düşərgədə koalisiya qüvvələri ilə birlikdə ümumən bir neçə yüz əsgər olduğunu söyləməkdən başqa, məlumat da paylaşmır. Qrupun Suriya rejiminə qarşı da mübarizə edib-etmədiyi və ya Suriyaya dair danışıqlara qatılıb-qatılmadığı bilinmir.

 

Rejim tərəfdarı qüvvətlər?

 

Əl-Tanf gərginliyində başqa bir müəmma bölgəyə girən qrupun tam olaraq hansı olduğu və məqsədidir.

18 May hücumundan qısa bir müddət sonra ABŞ Baş Qərargahının rəhbəri Cozef Danford və İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndə Bret MakQurk ilə birlikdə mətbuat konfransı keçirən müdafiə naziri Cim Mattis, Əl-Tanf bölgəsinə irəliləyən qrupun "İran tərəfindən yönləndirildiyini" söyləmişdi.

Amerikan mediasına danışan Müdafiə Nazirliyi səlahiyyətliləri isə qrupu "Hizbullah" və şiə milislər adlandırmışdı. Ancaq Pentaqon bu söz-söhbətlərə "rejim tərəfdarı qüvvələr" deyərək məsələyə nöqtə qoymağa çalışır. Amma bir dronun aralarında koalisiya əsgərlərinin də olduğu müxalif qüvvələri vurması "mətnin" yalnız bir "milis qüvvəsinin fəaliyyəti" kimi oxunmasını çətinləşdirir.

 

Dron İrana məxsus idi?

 

ABŞ dronun kimə aid olduğunu və haradan havaya qalxdığını araşdırdığını söyləyir. Ancaq ABŞ mətbuatı İran ehtimalı üzərində dayanır. Bir çox jurnalist də koalisiya sözçüsü polkovnik Rayan Dillon və Pentaqon sözçüsü polkovnik Deyvisdən, "Dron kim tərəfindən istifadə edilib?" və "Əgər ABŞ əsgərlərinə atəş açan iranın pilotsuz hava aparatıdırsa, bunun müharibə elan etmə ehtiva edib-etmədiyini" soruşub.  Ancaq Pentaqon bu suallara indiyə qədər yayındırıcı cavablar verir.

Digər tərəfdən, mövzuyla əlaqədar danışan iki amerikalı zabitin "ABŞ-ın yeganə hədəfinin İŞİD olduğu" və "Suriyada kimsə ilə qarşı-qarşıya gəlmək istəmədikləri" yönündəki şərhləri da bura əlavə edilməlidir. Bununla bərabər, eyni zabitlərin "hərbçilərimizə qarşı təhdid olarsa, müdafiə çərçivəsində hər cür addımı ata bilərik" şəklindəki çıxışlarını da qeyd etməyə dəyər.

Bütün bu parçaları üs-üstə topladıqda, ABŞ-ın Əl-Tanfda tam olaraq nə etdiyi, oradakı qrup üzvlərinin kim olduğu və yaşanan qarşıdurmaların İŞİD-lə əlaqəsinin nə olduğu elə suallar olaraq qalır.

 

Tərcümə: Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə