XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

13 İyun 2017 - 10:42

İraq Kürdüstanına Kremlin həmləsi:Rusiya ilə neft müqaviləsi region üçün böyük nəticələr doğuracaq - Təhlil

Mahmud Bozarslan

"Al-Monitor"


İraqın mərkəzi hökuməti illər boyu ölkənin şimalındakı Kürdüstan Regional Rəhbərliyi (İKRR) tərəfindən İraq neftinin satışına qarşı çıxıb. İKRR-in ən böyük neft satışı 2014-cü ildə Türkiyə ilə olub və o zaman yaranmış mübahisədə tərəflər bir-birini "İraq Konstitusiyasını düzgün anlamamaqda" ittiham edərək onu böhran səviyyəsinə çatdırdı. 

Lakin az sonra İŞİD İraqın şimalındakı Mosulu işğal etdi və neft dəllalı oldu. Terror təşkilatı kürd bölgəsini təhdid etməyə başladı və neftlə bağlı mübahisə kənara qoyuldu. Bununla belə, İKRR sakitcə neft ticarətini davam etdirir.

Kürdüstan Rəhbərliyinin həm iqtisadi böhran, həm də İŞİD-lə müharibədə ciddi problemləri vardı. İndi, İŞİD təhlükəsi azaldıqda, neft ticarəti yenidən gündəmdədir və İKRR fəallaşıb. İlk böyük saziş coğrafi cəhətdən uzaq, lakin siyasi cəhətdən yaxın Rusiya ilə imzalanıb.

İyunun 1-3-də keçirilmiş Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda İKRR-in iştirakı sıradan bir hadisə kimi görülürdü. Amma neft sazişi barədə xəbərlər diqqəti kürdlərə yönəltdi. İKRR baş naziri Nəçirvan Bərzani Rusiyanın "Rosneft" şirkəti ilə 20 illik müqavilə imzalayıb. 2 İyun müqaviləsinə əsasən, Rusiya kürd neftini alacaq və Almaniyada satacaq. İlk addım kimi, Rusiya İKRR ərazisinə 3 milyard $ sərmayə qoyacaq.

"Rudaw" kürd xəbər saytının məlumatına görə, razılaşma qüvvəyə minib və 2017-19-cu illər üçün xam neft satışına dair fevral ayında imzalanmış sazişi möhkəmləndirir. Müqavilə "Rosneft"ə 700 min barel ötürücülük gücü ilə regional nəql kəmərinə giriş imkanı verir. Onun nəql gücü bu ilin sonuna qədər gündəlik 1 milyon barelə qədər genişləndiriləcək.

İndi Rusiya ABŞ və Türkiyə ilə birlikdə, kürd neft bazarında əsas oyunçulardan biridir. Lakin bu yeni müştəri region üçün yalnız "pul gətirən" mənası verirmi?

İKRR-in sabiq baş naziri Berhan Salehin məsləhətçisi olmuş Cabbar Qədirin sözlərinə görə, ruslar kürdləri bölgənin gələcək əsas oyunçularından biri kimi görür.

"Rusiyanın fikrincə, İraq üç dövlət olmasa da, ən azı üç federal rayona bölünəcək. Mərkəzi hökuməti ilə münasibətlər buna görə zəiflədi. Rəsmi Bağdad müqaviləyə qarşı çıxsa da, İKRR və ruslar təzyiq göstərir. "Siz amerikalılarla sövdələşirsiniz. Onlar kürd bölgəsində neft kəşfiyyatı aparır. Biz də eyni işi görürük" deyirlər", – C.Qədir "Al-Monitor"a bildirib.

"Siz bunun bütün siyasi nəticələrinə məhəl qoymaya bilməzsiniz. İndiyədək Türkiyə Kürdüstanın neft işlərini idarə və bundan öz şərtlərini qəbul etdirmək üçün istifadə edirdi. Amma o, "Rosneft"lə belə rəftar edə bilməyəcək. Bu, Kürdüstanın gələcəyi üçün mühüm məsələdir. Amma istənilən halda, şəffaflıq olmalıdır. İnsanlar rusların və kürdlərin nə qədər qazanacağını bilməlidir", – deyə o əlavə edib.

ABŞ və Türkiyə "kiçik tort"dan başqasına da pay verilməsinə necə təpki göstərəcək?

C.Qədirin fikrincə, Birləşmiş Ştatlar bu müqavilə ilə xoşbəxt olmayacaq. Amma görünür, kürdlər əvvəlcədən Ankara və Vaşinqtonla məsləhətləşiblər ki, amerikalılar çox dilxor olmasın, çünki ABŞ İraq hökumətilə strateji əlaqələr saxlayır.

Keçmiş diplomat və Ərbildə Türkiyənin ilk baş konsulu olmuş Aydın Selcanin sözlərinə görə, "Rosneft"in İKRR-dən xam neft alması mühüm addımdır. O, "Al-Monitor"a bildirib ki, müqavilənin əsas aspekti "Rosneft"in İKRR kəmərindən istifadəsi və nəticədə kəmərin nəql potensialının artırılmasıdır. Selcan bunun Ankara, Bağdad və Ərbil arasında gərginlik yaradacağını düşünmür.

"Ankara müqavilə barədə əvvəlcədən məlumatlı idi. Neçirvan Bərzaninin Türkiyəyə müntəzəm səfərləri və Ərdoğanla dostluq əlaqələrinə istinadla belə demək mümkündür. İndi "Rosneft" kimi ağırçəkili oyunçu kürd neftini alacaq və Almaniyadakı müəssisələrində onu saflaşdırdıracaq. Siyasi nəticələr, təbii ki, olmalıdır. Türkiyəyə bunun necə təsir edəcəyi haqqında Ankarada bəzi adamlar artıq düşünülür", – Selcan əlavə edib.

İKRR üçün müştərilərin kimliyi əsas deyil. O, bir alıcı ilə məhdudlaşmaq istəmir. Müştəri şaxələnməsi nə qədər çox olarsa, kürd iqtisadiyyatı üçün bir o qədər yaxşıdır. Rusiya ilə neft müqaviləsinin kürd administrasiyasının qollarını gücləndirdiyinə heç bir şübhə yoxdur. Sentyabrda keçiriləcək mübahisəli kürd müstəqillik referendumu "bəli" səslərinin çoxluğu ilə başa çatarsa, neft müqaviləsi tam müstəqilliyə doğru yürüşdə böyük rol oynaya bilər.

Rusiya ilə müqavilə faktiki olaraq onları mübahisəli məqsəddən yayınmağa təşviq edə bilər – Aralıq dənizi çıxmaq, neft və təbii qazı dənizlə nəql etmək…

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə