XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

15 İyun 2017 - 11:16

Ərəbistan-İran rəqabəti:Tehranın qisası regional müharibəyə çevrilə bilər - TƏHLİL

Çengiz Tomar

"Anadolu News Agency"

 

Tarixi, dini, siyasi və etnik mənşəyi olan Səudiyyə Ərəbistanı-İran rəqabəti son illərdə Yaxın Şərqin ən başlıca problemlərindən biri kimi hələ də qaynayır. Qətərlə digər Körfəz ölkələri arasındakı böhran və Tehranda törədilən iki terror hücumu Səudiyyə Ərəbistanı ilə İran arasındakı rəqabəti və bundan qaynaqlanan gərginliyi təkrar gündəmə gətirdi.

Bu gərginliyi Səudiyyə Ərəbistanının hələ təşəkkül etmədiyi və İranın hələ şiə olmadığı, İslam tarixinin ilk dövrlərinə qədər uzanan şiə-sünni mübarizəsi çərçivəsində nəzərdən keçirmək olduqca sadə və yanıldıcı yanaşma olardı.

1979-cu il İnqilabından sonra İran təsirinin genişlənməsi qarşısında böyük maliyyə qaynaqlarına sahib olan Səudiyyə Ərəbistanı da öz məzhəbini və dünyagörüşünü yalnız Ərəb dünyasında deyil, Balkanlardan Əfqanıstana, Pakistandan İndoneziyaya qədər yaymağa səy göstərdi.

Səudiyyə Ərəbistanı ilə İran arasındakı rəqabətin artmasında son illərdəki qlobal və regional dəyişikliklər də böyük rol oynadı. 1991-ci ildə Soyuq müharibənin bitməsi və Yaxın Şərqdəki bloklaşma, daim ABŞ-ın tərəfində olan Səudiyyə Ərəbistanının daha rahat hərəkət etməsinə imkan yaratdı. Son dövrdə isə 2011-ci ildə başlayan "Ərəb baharı" prosesi həm İrana, həm də Səudiyyə Ərəbistanına bölgədəki nüfuz mübarizəsində yeni fürsətlər verdi.

Bölgədəki tarixi Səudiyyə-İran mübarizəsində son illərin ən əhəmiyyətli dönüş nöqtəsi 1979-cu ilin İslam İnqilabı oldu. İnqilabdan sonra İranın ərəb ölkələrindəki mövcud şiə icmaları vasitəsilə nüfuzunu artırmaq istəməsi, böyük şiə əhalisi olan Körfəz ölkələrini və bu ölkələrin ən böyüyü olan Səudiyyə Ərəbistanını əks-həmlələrə sövq etdi.

Səudiyyə Ərəbistanı, əhali və ərazi baxımından kiçik, amma neft və təbii qaz ehtiyatları baxımından, zəngin qaynaqlara sahib digər Körfəz ölkələri, inqilabdan dərhal sonra, 1981-ci ildə Körfəz Əməkdaşlıq Şurası yaratdılar. 1980-1988-ci illərdə davam edən İran-İraq savaşında da İraqa dəstək verdilər. 1987-ci ildəki həcc əsnasında çıxan qarşıdurmalarda yüzlərlə iranlının öldürülməsindən sonra isə Səudiyyə Ərəbistanı ilə İranın diplomatik əlaqələri üç il qırıldı.

2003-cü ildə ABŞ-ın liderliyi ilə İraqın işğalı və Səddam Hüseynin devrilərək iqtidara şiə hökumətin gətirilməsi iki ölkə arasındakı mübarizənin dönüş nöqtələridir. Çünki beləcə, İran, İraqdakı nüfuzu vasitəsilə Səudiyyə Ərəbistanındakı şiələrin yaşadığı bölgələrə qurudan qonşu oldu.

İran prezident Əhmədinejadın 2007-ci ildə Səudiyyə Ərəbistanına səfəri və iki ölkənin qardaşca qarşılıqlı əlaqələr qurma niyyətlərini izhar etməsi də nəticə vermədi.

 

"Ərəb baharı" gərginlik sahəsini genişləndirib

 

2011-ci ildə "Ərəb baharı" adı verilən prosesin başlaması iki ölkəyə aralarındakı rəqabəti öz torpaqları xaricinə yayma imkanı verdi. İronik bir şəkildə İran, "on iki imam şiəsi"ndən olduqca fərqli olan nuseyri azlığın rəhbəri Əsəd rejimini dəstəkləyərkən, mütləq monarxiya ilə idarə olunan Səudiyyə Ərəbistanı demokratiya və açıqlılıq tərəfdarı olan müxalifləri, bundan əlavə, Bəhreyndəki şiə əksəriyyətin hökumət əleyhinə etirazlarında Bəhreyn rəhbərliyini dəstəkləməkdə idi.

Obama dövründə imzalanan nüvə sazişi nəticəsində ABŞ-İran əlaqələrinin düzəlmə yoluna çıxması, ABŞ-ın Ərəb dünyasındakı ən mühüm müttəfiqi olan Səudiyyə Ərəbistanında təbii olaraq narahatlıq yaratdı. 2015-ci ilin həcc mövsümündə şeytanı daşlama əsnasındakı qarışıqlıqda 140 iranlının ölməsi və yeni kral Səlmanın rəhbərliyə gəlməsindən sonra şiə din xadimi Şeyx Nimrin edamı bu gərginliyin son illərdəki davamlılığının göstəricisi idi.

Səudiyyə Ərəbistanının İrandakı diplomatik nümayəndəlikləri hücuma məruz qaldı və iki ölkə arasında əlaqələr kəsildi. Digər tərəfdən, hər iki ölkə Yəməndə də var gücləri ilə vəkalət savaşına girişdi və bu döyüş Səudiyyə Ərəbistanı iqtisadiyyatına böyük zərər verdi.

İran üsyançı şiə husiləri dəstəklərkən Səudiyyə Ərəbistanı Yəmən hökuməti səfində yer aldı.

 

Qətər böhranında İranın rolu

 

Qətər və digər Körfəz ölkələri arasındakı böhranı da makro ölçüdə İran-Səudiyyə Ərəbistanı rəqabətinin bir parçası kimi qiymətləndirə bilərik. İrana qarşı Körfəzdə səflərini sıxlaşdırmak istəyən "böyük qardaş" – Səudiyyə Ərəbistanı bir çox səbəblərə görə İranla əlaqələr saxayan Qətərə "nizam vermək" istədi.

Buna cavab olaraq, İran Qətərə hər cür dəstəyi verməyə hazır olduğunu açıqladı və hətta kömək göndərməyə başladı. Amma bu oyunu pozan Türkiyənin Qətərə sahib çıxması oldu.

Böhranın əvvəlinə baxdıqda, bunun Səudiyyə-İran gərginliyinin son halqası olduğu açıq-aydındır. ABŞ prezidenti Donald Trampın Yaxın Şərq səfəri və Qətər böhranından əvvəl, Səudiyyə Ərəbistanının ən nfuzlu şəxslərindən olan II vəliəhd və müdafiə naziri Məhəmməd bin Səlman mayın 2-də İranı öz ərazisində müharibə ilə təhdid etdi. Buna görə də, İrana qarşı terroru İŞİD öz boynuna götürsə də, iranlı rəsmilər birbaşa Səudiyyə Ərəbistanına həmlə etdi.

Təbii ki, bunun daha əvvəl, bu ilin yanvar ayında İran əleyhdarı təşkilatların yuva saldığı və İrana qarşı hücumların başladığı Şimali İraqda səudiyyəlilərin konsulluq açması da İran tərəfindən təhdid kimi dəyərləndirildi.

Məhəmməd bin Səlmanın bu şərhinə İran müdafiə naziri Hüseyn Dehqan "Səudiyyəlilər düşüncəsiz hərəkət edərlərsə, Məkkə və Mədinə istisna olmaqla, bütün padşahlıq İran ordusu tərəfindən yerlə-yeksan ediləcək" şəklində cavab verdi.

Trampın səfəri əsnasında, kral Səlman buna cavab olaraq "İran rejimi Xomeyni inqilabından bu yana qlobal terrorizmin bayrağını daşıyır" ithamını səsləndirdi.

Həm Qətər böhranı, həm də İrandakı iki terror aktı ə bu bəyanatların Trampın səfərindən sonra baş verməsi ABŞ (İsrail) və Səudiyyə Ərəbistanı tərəfindən İrana qarşı nəsə qurulması şəklində şərh olundu. İran İnqilab Keşikçiləri İŞİD-in hücumlarında ABŞ və Səudiyyə Ərəbistanının barmağının olduğunu açıqlayaraq, bunun intiqamının alınacağına kimsənin şübhə etməməsini bildirdilər.

Körfəz Əməkdaşlıq Şurasındakı (KƏŞ) parçalanmanı çox yaxşı qiymətləndirən İran, Qətərə kömək göndərməyə başladı. Bu böhranın dərinləşməsi KƏŞ-in də sonu ola bilər ki, bu da İran tərəfindən arzulanan nəticədir.

Körfəz böhranı bu və ya digər şəkildə həll edilə bilər. Ancaq burada əsas məsələ terror aktlarında Səudiyyə Ərəbistanını ittiham edən İranın intiqamını harada alacağıdır. İki dövlət İraq və Suriyadan Yəmənə qədər bir çox sahədə vəkalət savaşı aparır.

İntiqamın Səudiyyə Ərəbistanı ərazisində alınması da əsas şərt deyil. Lakin xüsusilə Səudiyyə Ərəbistanı ərazisində olacaq bir hücum, vəkalət döyüşlərini regional müharibəyə çevirmə potensialına sahibdir.

 

Tərcümə: Strateq.az