XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

15 İyun 2017 - 19:44

5 diplom, 11 illik məhbəs, 30 illik hakimiyyət…- Zimbabvenin 93 yaşlı prezidentini kim yıxacaq?

«Tiran», «ağların qatili», «qaradərili irqçi»… Bu, mətbuatın Zimbabve prezidenti Robert Muqabeyə qoşduğu epitetlərin sadəcə bir neçəsidir. Onu bir çox cinayətlərdə – "irqi təmizləmədə", müxaliflərə təqib və təzyiqlərdə, zorakılıqlarda ittiham edirlər. Deyilənlərə görə, qapalı dövlət olan Zimbabve informasiyanın ölkədən çıxması baxımından Şimali Koreyadan da geridədir. 

Strateq.az xarici mətbuata istinadən bu qapalı dövlətdə nələrin yaşandığına, dəyişməz lider Muqabe haqda deyilənlərin nə dərəcədə əsaslı olduğuna aydınlıq gətirəcək.

 

Muqabe kimdir?

 

Muqabe bir vaxtlar Britaniyanın müstəmləkəsi olan Cənubi Rodeziyada dünyaya gəlib. Atası dülgər, anası müəllimə olub. İbtidai təhsilini katolik məktəbində alan Muqabe sonradan Cənubi Afrika Respublikasında qaradərililər üçün nəzərdə tutulan universiteti bitirib.

Ali məktəbi başa vurandan sonra işləmək üçün Qanaya yollanıb. Bir müddət sonra geri qayıdanda ölkəsində irqi bərabərlik uğrunda hərəkatın vüsət aldığını görüb. 

Muqabe müəllimlik karyerasına dərhal son qoyaraq siyasi mübarizəyə qoşulub. Və Coşua Nkomonun lideri olduğu Afrika Xalqlarının İttifaqına üzv olub. 1963-cü ildə Nkomoyla mübahisə edib təşkilatdan ayrılan Muqabe özünün Milli İttifaq Partiyasını təsis edib.

Az sonra həbs olunan gənc Muqabe türmədə 11 il keçirib. Sonradan həbs həyatını xatırlayarkən bu illərin olduqca ağır keçdiyini, alçaldıcı hərəkətlərə və işgənclərə məruz qaldığını bildirib. Dediyinə görə, onu 3 yaşında xəstəlikdən dünyasını dəyişən oğlunun dəfninə belə, buraxmayıblar.

Lakin bu məhrumiyyətlər Muqabeni sındıra bilməyib. Xarakterindəki möhkəmlik və elmi biliklərə bağlılıq onun qələbəyə olan ümidini günbəgün artırıb. 

Robert türmədə məhbuslar üçün məktəb qurub, onlara qrammatika, riyaziyyat və ingilis dilini tədris edib. Özü də təhsildən ayrılmayıb, qiyabi olaraq London Universitetinə qəbul olunub. Məhbəs həyatı başa çatanda Muqabe daha 4 diploma sahib olub – ikisi hüquq üzrə, biri iqtisadiyyat üzrə magistr dərəcəsi, digəri də idarəetmə üzrə bakalavr dərəcəsi. Elə buna görə də Muqabe Afrika liderləri arasında ən savadlısı hesab olunur.

Azadlığa çıxandan sonra Mozambikə gedərək oradakı milli azadlıq hərəkatına qoşulub. Nkomonun rəhbəri olduğu Afrika Xalqlarının İttifaqından fərqli olaraq Muqabe əsas diqqətini xristian inqilabına yönəldib. 

Muqabe komandir deyildi. Bütün əməliyyatları onun səhra komandirləri idarə edirdi. O, sadəcə strategiyanı müəyyənləşdirir və Cənubi Rodeziyaya hərbi dəstələr göndərərək bu strategiyanın reallaşmasını təmin edirdi. 

Afrika Milli Azadlıq Ordusu və Muqabenin Milli İttifaq Partiyasının hərbi qanadı istisnasız olaraq bütün ağdərililəri öldürürdü. Əsas təqib olunanlar ağdərili fermerlər idi. Bu yolla qaralar işsiz qalır və Milli Azadlıq Ordusunun sıralarına qoşulurdular.  

Muqabe döyüşçülərə vəd vermişdi ki, ağlardan aldıqları torpaq sahələrini qələbədən sonra onlara verəcək. Etiraz edənlər, narazılar boğazı kəsilmiş vəziyyətdə ölü tapılırdı. 

Üsyankar və savadlı liderin (Muqabe) şöhrəti ölkə hüdudlarından kənara yayılır, xüsusilə də ABŞ, Britaniya və Çində popluyarlıq qazanırdı. 

Cənubi Rodeziya duruş gətirə bilmədi. Onillərdir davam edən sanksiyalar, partizan savaşlarında axıdılan qanlar Rodeziyanın müqavimətini qırdı və rəhbərlik idarəetməni qaradərililərə ötürməyə razılıq verdi.

Baş nazir Yan Smit hökuməti mötədil yepiskop Muzorevə həvalə etmək istəsə də, Nkomo və Muqabe bununla razılaşmadı. Ümumxalq səsverməsi keçirildi və Muqabe gözlənilmədən Nkomonu üstələyərək seçkinin qalibi oldu. Muqabeyə qələbəni qazandıran həm də o idi ki, Nkomo milli azlığın nümayəndəsiydi, o isə ölkədə çoxluq təşkil edən "şon"lardan idi.

«Dünən biz düşmən idik, bu gün isə dost olmalıyıq. Biz eyni ölkəyə bağlıyıq. Keçmişdən dərs almalıyıq. Əvvəl ağlar qaraları sıxışdırırdı. Lakin biz qisas almayacaq, ağları sıxışdırmayacağıq. Mən gələcəyimiz naminə sizi milli barışığıa dəvət edirəm".

Bunlar  Muqabenin xalqa ilk telemüraciəti zamanı səsləndirdiyi fikirlər idi. 

 

Təkpartiyalı sistemə doğru…

 

Muqabe qəribə də olsa, sözünü tutdu. Ağdərili fermerləri Zimbabveyə çevrilmiş Rodeziyadan nəinki qovdular, əksinə, hamısına güzəştli kreditlər ayırdılar və məhsullarının qiymətini qaldırdılar. 

Qərbin ayırdığı nəhəng maliyyə yardımını Muqabe səhiyyə, təhsil, yol, infrastrukturun inkişafı kimi, irimiqyaslı proqramların reallaşmasına yönəltdi. 

Ağlar rahat nəfəs alsalar da, qaralarla bağlı vəziyyət ürəkaçan deyildi və onlar Muqabeyə qarşı çıxmağa başladılar. Dövlət çevrilişinə hazırlıqda ittiham edilən Coşua Nkomo ölkədən qovuldu. Hökumət Şimali Koreyanın dəstəyi ilə xüsusi dəstələr yaradaraq siyasi rəqiblərinə qarşı "təmizləmə əməliyyatına" başladı. Üstəlik hərbçilərin əli ilə "etnik təmizələmə" də aparıldı. İslah olmayanları nasist konslagerlərini xatırladan mərkəzlərə göndərirdilər. 

Bu yolla müqaviməti qıra bilməyəcəyini görən Muqabe sülh yoluna əl atdı. Nkomo əfv olundu və ona ölkəyə geri qayıtmaq icazəsi verildi. Yüzə yaxın tərəfdarı isə amnistiyaya salındı.  Onun partiyası – Afrika Xalqlarının İttifaqı Muqabenin lideri olduğu Milli İttifaqla birləşdirildi. Və beləliklə, Qərbin də xeyir-duası ilə Zimbabve təkpartiyalı dövlətə çevrildi.

Opponentləri ilə baş edəndən sonra Muqabe irqi məsələyə qayıtdı. Bunu öz iradəsi ilə yox, keçmiş qaradərili partizanların istəyi ilə edirdi. Təhsili, peşəsi, pulu olmayan, ancaq savaşmağı bacaran partizanlar nəhayət ki, ağlardan torpaqların alınmasını tələb edirdilər. 

Muqabe torpaqları ağlardan alıb qaralara verən kimi vəziyyət gərginləşdi. Ağların əksəriyyəti Zimbabvedən qaçmağa başladı. Yerdə qalanlar isə siyasətə qarışmamaq xəttini tutdu. 

1987-ci ildə Muqabe Konstitusiyanı dəyişərək ölkənin prezidenti oldu. Sərhədsiz hakimiyyət birbaşa ona tabe idi – hökumətə nəzarət, ordu, parlamenti buraxmaq, məhdudiyyətsiz seçilmək hüququ… 

Muqabe ona sadiq olanları yüksək vəzifələrə təyin edirdi. Ağ fermerlərdən alınan torpaqlar qaradərili partizanlara yox, həmin bu məmurlara verilirdi. Ölkəni korrupsiya bürümüşdü. Muqabe elə bir sistem qurmuşdu ki, qohumları və etibarlı adamları sürətlə varlanırdı. Əhalinin 85 faizi isə yoxsulluq içində idi. İnsanlar ilə cəmi 300 dollar qazana bilirdi.

Sosial narazılıq pik həddə çatanda Muqabe xalqın qəzəbini ağların üzərinə yönəltdi. Ağdərililər "xalq düşməni" elan edildi. Torpaq sahibi olan ağların 90 faizi ölkədən qaçdı. 

ABŞ və Avropa Birliyi ölkələri başa düşdülər ki, Muqabe heç də inkişafa meylli lider deyil və ölkəyə sanksiyalar tətbiq etdilər. Sanksiyalardan sonra Zimbabve iqtisadiyyatı çökdü. Hiperinflyasiya oldu, qiymətlər gün ərzində bir neçə dəfə bahalaşırdı, mağazalardan ərzaqlar yoxa çıxırdı, poliklinika və xəstəxanalar işləmirdi, dərman yox idi. 

İnflyasiya ən yüksək həddinə çatanda Mərkəzi Bank milli valyutanı – Zimbabve dollarını ləğv etdi. 

Kənd təsərrüfatında istehsal həcmi azaldı, torpaqların üçdə biri atılmış vəziyyətə qaldı. Hökümət çöküşün bir addımlığında idi. Muqabe bütün fəlakətlərdə neoimperialistləri ittiham edirdi. 

Yeganə real müxalif qüvvə Demokratik Dəyişikliklər Uğrunda Hərəkat idi. Hərəkata Həmkrarlar İttifaqının keçmiş lideri Morqan Tsvanqirai rəhbərlik edirdi. İlk seçkidə o, hakim partiyayadan cüzi səs fərqi il geri qaldı. Lakin məğlubiyyətini etiraf etməkdən imtina etdi. 

Morqan dərhal Qərbin diqqətini çəkdi. Nəhayət ki, Zimbabvedə dəstək verməyə layiq olan perspektivli lider meydana çıxmışdı. Tsvanqiraiyə hüquq müdafiəçisi mükafatı verildi və onu  Stenforda magistratura təhsili almağa dəvət etdilər. 

2008-ci ildəki prezident seçkiləri siyasi böhranla yekunlaşdı. Hökumətin təzyiqlərinə baxmayaraq, Tsvanqirai birinci turda Muqabeni məğlub etdi. Lakin tərəfdarlarına qarşı repressiya dağlasından sonra ikinci turda iştirakdan imtina qərarı verdi. Nəticədə vahid namizəd olan Muqabe 85,5 faizlik səslə seçkini uddu. Lakin Qərb nəticələri tanımadı. 

Gərginlik yalnız Cənubi Afrika Respublikasının vasitəçiliyindən sonra səngidi. Müxalifət Muqabenin qələbəsi ilə razılaşdı, Tsvanqirai baş nazir təyin olundu. 

Tsvanqirai ikili oyun aparırdı. Üzdə sanksiyalara qarşı çıxır, şəxsi görüşlərdə isə qərbli diplomatları sanksiyaları uzatmağa çağırırdı. 

Məlum olurdu ki, hakimiyyətdə olan müxaliflər tənqid etdiklərindən heç nə ilə fərqlənmirlər. Muqabe və ətrafı kimi onlar da rüşvət götürür, daha yüksək vəzifələrə can atırdılar. Bunun nəticəsi olaraq Muqabe növbəti seçkinin şəksiz qalibi oldu. Onun partiyası bir vaxtlar müxaliflərin güclü olduğu regionlarda da qələbə qazandı. 

Hazırda Zimbabvedə müxalifət hakimiyyətə heç bir təhlükə yaratmır. Ölkədə birtərəfli qaydada hökumətin təbliğatı aparılır.  Robert Muqabenun artıq 93 yaşı var. O, prostat xərçəngindən əziyyət çəkir. Və müalicə üçün tez-tez Sinqapura gedir. 

 

Varis kimdir?

 

Qreys Muqabe

Zimbabvedə hakimiyyət və nüfuz uğrunda iki qruplaşmanın mübarizəsi gedir. Onlardan birinə prezidentin xanımı, 51 yaşlı Qreys Muqabe rəhbərlik edir. Qreysi əsasən gənc nazirlər dəstəkləyir. 

İkinci qruplaşma isə Emmerson Mnanqaqvaın rəhbəri olduğu "Lakost komandası"dır. Ağır taleli Mnanqaqva gənclik illərində küçə dəstəsi olan "Kərtənkələ"nin üzvü olub və eyniadlı təxəllüsü də həmin vaxt alıb.  

Cənubi Rodeziyaa partizan müharibəsi başlayanda o, ağdərili fermeri öldürdüyü üçün həbs olunub. Lakin tezliklə azadlığa çıxaraq Muqabeyə qoşulub. 
Mnanqaqvanı azadlıq hərəkatının keçmiş döyüşçüləri dəstəkləyir. Bu veteranlar da hazırda Zimbabvedə ciddi qüvvə hesab olunurlar.

Ordu ölkədə ən böyük oyunçulardan biridir. Lakin nümayişkaranə şəkildə neytrallığını qoruyur. Baş Qərargahın rəisi Konstantin Çivenqa bu yaxınlardakı çıxışı zamanı mesaj vermişdi ki, hakimiyyətə ölkənin azadlığı uğrunda savaşmayan birinin gəlməsinə imkan verməyəcək. Daha dəqiqi, müxalifət liderlərinin heç birinə bu imkan tanınmayacaq.

Səhhətindəki problemlərə baxmayaraq, Muqabe "parçala, hökm sür" siyasəti ilə ölkədəki situasiyanı nəzarəti altında saxlayır.  

Zimbabvedə sabitliyin olmasında xarici oyunçular da maraqlıdır. Xüsusən də Çin. 2002-ci ildə – Qərbin sanksiyalarından sonra Çin Muqabeyə yardım təklif etdi. İndi Zimbabvedə xeyli sayda çinli var. Paytaxtda Çin kafe və restoranları fəaliyyət göstərir. Çindən bura silah gətirilir. Ölkədə Çinə məxsus qızıl, almaz mədənləri var. 

Zimbabve Cənubi Afrikanın "ürəyi" hesab olunur və faktiki olaraq bütün ticarət marşrutları bu regiondan keçir. İndi bütün Cənubi Afrikanın taleyi hakimiyyətə iddialı olan iki qruplaşmanın Muqabenin ölümündən sonra ortaq məxrəcə gəlib-gəlməməsindən asılıdır.

Strateq.az
 




Yuxarı Əvvələ Ana Səhifə