XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 June 2017 - 12:23

İraq Kürdüstanı müstəqil dövlət olacaqmı? –Türkiyə Ceyhana gedən boru kəmərini bağlaya bilər - TƏHLİL

Dmitri Dobrov,

tarixçi-şərqşünas

 

Bağdaddakı hökumətin etirazına baxmayaraq, İraq Kürdüstanı rəhbərliyi sentyabrın 25-də müstəqillik referendumu keçirməyi qət edib. Bununla bağlı qanunauyğun sual doğur – İraq muxtar Kürdüstan rayonu (MKR) paytaxtı Ərbillə indiki federativ İraqın tərkibindən gerçəkdən çıxa bilərmi? Və “Böyük Yaxın Şərq oyunu”nun aparıcı oyunçuları İraqın parşalanmasına yol verərmi?

Duruma bu fakt da kəskinlik əlavə edir ki, səsvermə həmçinin “mübahisəli ərazilər”də, o cümlədən neftlə zəngin Kərkükdə keçiriləcək. Bağdaddakı mərkəzi hökumət bu torpaqları özününkü sayır, lakin İraq ordusu 2014-cü ilin iyununda İŞİD-in hücum edən dəstələri qarşısında buraları xof içində tərk edib. Nəticədə “peşmərgə” kürd könüllü yığması Kərkükü, kürdlərin sıx yaşadığı başqa “mübahisəli ərazilər”i müdafiə etməyə gəlib. Və budur, indi İŞİD dəstələri geri çəkilərkən Bağdada tabe İraq şiə birləşmələri mübahisəli bölgələrə yenidən yaxınlaşır.

Beləliklə, İŞİD üzərində ümumi qələbə Bağdadla Ərbil arasında birbaşa hərbi münaqişəyə gətirib çıxara bilər.

İraq kürdləri artıq rəsmi Bağdada bəyan ediblər ki, İŞİD üzərində qələbə və Mosul götürüldükdən sonra mərkəzlə muxtariyyət arasında köhnə münasibətlərə dönüş olmayacaq. Həqiqətən də, kürdlər İŞİD üzərində qələbəyə Bağdad mərkəzi hökumətindən daha çox töhfə verib: minlərlə döyüşçü həlak olub, bölgə yüz minlərlə qaçqın qəbul edib.

İraq Kürdüstanı prezidenti Məsud Bərzani və Türkiyə prezidenti Ərdoğan

 

Referendum təşkilatçıları hansı arqumentlər gətirirlər? Onlar hesab edirlər ki, İraqdakı kürd muxtariyyəti yüksək səviyyədə iqtisadi, mədəni və dil müstəqilliyinə nail olub: kürdlər ərəblərlə – həm sünni, həm də şiələrlə bir dövlətdə yaşamaq istəmirlər. Həm də kürdlər İŞİD-lə mübarizədə öz ərazilərinin əsil müdafiəçiləri kimi göstəriblər. Bu üzdən 2005-ci ildə İraq Kürdüstanının qismən muxtariyyəti haqda yazılmış konstitusiya öz önəmini itirir.

Söhbət hələlik “böyük Kürdüstan” yaratmaqdan deyil, yalnız İraqın şimalında müstəqil kürd dövlətindən gedir. Nə dərəcədə müstəqil?

Müşahidəçilər qeyd edirlər ki, İraq muxtariyyətinin prezidenti və Kürdüstan Demokratik Partiyası (KDP) lideri Məsud Bərzani Türkiyə ilə sıx əməkdaşlıq edir və onun bölgəsi bu əməkdaşlıqsız sadəcə yaşaya bilməzdi.

Doğrudan da, Türkiyə lideri Rəcəb Tayib Ərdoğan digər kürd hərəkatlarına, birinci növbədə PKK-ya qarşı zidd tarazlıq kimi Bərzaninin başçılıq etdiyi İraq Kürdüstanının bölgəsəl hökumətinə bir zaman istinad edib. Bu alyans Ankara üçün Türkiyənin özündə kürd dövlətçiliyinin formalaşmasındansa “daha zəif şər” kimi görünürdü. Ankara ilə Ərbilin yaxınlaşması həm iqtisadi, həm də siyasi səviyyədə müşahidə olunub. Onlar Suriyanın şimal-şərqində kürd muxtariyyətinin yaradılmasına qarşı birgə çıxış edib. Ankara və Ərbil üçün bu fakt özəl təhlükə doğurur ki, Suriyada bu muxtariyyət Abdulla Öcalan PKK-nın müttəfiqi, neomarksist “Kürdüstan Demokratik Birliyi”nin nəzarəti altında meydana çıxacaq. Suriya Kürdüstanı – Rojava – Yaxın Şərqdə Bərzaninin yarıfeodal rejimindən fərqli olaraq marksist tipli dünyəvi inqilabi ideologiyanın hökm sürdüyü dövlətə örnək ola bilər. Əksər kürd hərəkatları Bərzaninin satqınlıqda ittiham edir, çünki o, Bağdad və PKK-ya qarşı türklərlə ittifaq bağlayıb, həmçinin işidçilərin qırdığı yezidi kürdləri müsibətə salıb.  

Kürd lideri Cəlal Tələbani

 

Kürd müxalifəti hesdab edir ki, planlaşdırılmış referendum korrrupsiyalaşmış, İraq Kürdüstanını faktiki öz malikanəsinə çevirmiş Bərzani klanının sırf təkəbbürlü maraqlarına cavab verir. Referendum Bərzaniyə hakimiyyəti cəmləşdirməklə əsas rəqibi – Kürdüstan Vətənsevərlik Birliyinin (KVB) ağır xəstə lideri Cəlal Tələbanini tam şəkildə sıxışdırmaq imkanı verər. Əslində, Bərzaninin prezidentlik müddəti bir il qabaq bitib, parlament toplantı keçirmir. Və indi, budur, Bərzani durumu çözmək və şəxsi hakimiyyətini möhkəmləndirmək üçün referendum elan edib. O, vəziyyəti sabitləşdirməyə müvəffəq olacaqmı?

İraqdakı kürd muxtariyyəti dünyada neft qiymətlərinin düşməyi və İŞİD-lə müharibə xərcləri üzündən ciddi iqtisadi böhran yaşayır. 2015-ci ildə hətta Kərkükdə hasil edilən neftin gəlirindən Ərbilə ödənişi dayandırmış Bağdadın sərt tədbirləri də öz rolunu oynayır. Kürdlər müstəqil ixracatı yoluna qoymağa və nefti Türkiyənin Ceyhan limanına gedən boru kəməri ilə satmağa çalışırlar. Lakin bununla özlərini Türkiyədən tam asılı duruma salıblar. Bu şəraitdə iqtisadi müstəqillikdən necə danışmaq olar? Muxtariyyətin xəzinəsi boşdur, bununla belə bir qrup yerli milyarder və milyonerlər varlanır.

İraq Kürdüstanı, təxminən, on il müddətində – 2003-cü ildə Səddam Hüseyn devriləndən 2014-cü ildə İŞİD hücumları başlayana qədər iqtisadi yüksəliş yaşayıb. Bu, enerji daşıyıcıları ixracının başlanması (o cümlədən qeyri-leqal şəkildə), beynəlxalq yardımların böyük proqramları və Ankara ilə ticarət əməkdaşlığı ilə bağlıydı. Bölgəyə milyardlarla dollar, o cümlədən Türkiyə yatırımları axışdı, Ərbildə göydələnlər və kazinolar tikildi. Amma neft və qaz satışından mühüm gəliri əsas partiyalar – Kürdüsdtan Demokartik Birliyi və Kürdüstan Vətənsevətrlik Birliyinə bağlı olan məhdud şəxslər qrupu mənimsədi. Bölgədə doqquz dollar milyarderi və yarım milyard dollara yaxın sərvəti ilə beş milyoner sadalanır. İraq Kürdüstanında isə cəmi doqquz minə yaxın dollar milyoneri yaşayır. Lakin İŞİD hücumu və neft qiymətlərinin düşməsi nəticəsində onillik iqtisadi qovuq partladıqdan sonra durum kökündən dəyişilib. İşsizlik səviyyəsi 20%-i keçib, əhalinin üçdə biri yoxsulluqdan aşağı səviyyədə yaşayır. 

Ərbil şəhərindən görüntü

 

İraq Kürdüstanı siyasi qüvvələrinin əksəriyyəti iqtisadi böhran şəraitində hakimiyyətin Bərzani klanı tərəfindən qəsb edildiyinə qarşı çıxış edir. Onlar ictimai ədalət tələb edir və Bərzanini islahatlar keçirmək bacarıqsızlığında ittiham edirlər. İraq Kürdüstaninda iki köhnə partiyaya (KDP və KVB) zidd olaraq Niçərvan Mustafanın başçılığı ilə yeni “Qorran” ("İslahatlar") siyasi partiyası meydana çıxıb. Korrupsiya ilə mübarizə şüarı altında fəaliyyət göstərən bu hərəkat parlamentdəki yerlərin dörddə birini əldə edərək muxtariyyətdə artıq ikinci partiya olub. Asparıcı siyasi güclər uzlaşmaya nail olmasa və kürdlərin əksəriyyətinin maraqlarına cavab verən sosial-siyasi islahatlar proqramını razılaşdırmasa, əhalisi elliklə silahlanmış bölgədə hakimiyyət uğrunda mübarizə başlaya bilər.

Kürd muxtariyyəti sakinlərinin 90%-dən çoxunun müstəqilliyə səs verəcəyi heç kimə sirr deyil. Amma bu, şübhəsiz, Türkiyə, İran, ABŞ və Bağdaddakı mərkəzi hökumətin mənfi reaksiyasını doğuracaq. İndiyədək kürdləri İŞİD-lə mübarizədə müttəfiq kimi dəstəkləyən ABŞ-a gəlincə, bölgəsəl sabitsizlik əndişəsindən mövqeyini dəyişə bilər. Lakin birinci növbədə önəmli kürd azlığının olduğu ölkələr – Türkiyə, İran, Suriya və İraqın özü kəskin etiraz edəcək. Paytaxtı Ərbil müstəqil kürd dövlətinin yaradılması onlar üçün təhlükəli misal yaradır. Fransız ekspertlərin dəyərləndirməyinə görə, bölgədə kürd əhalisi sıradakı şəkildə bölünüb: 18 milyon nəfər Türkiyədə, 7 milyon İraqda və iki milyon Suriyada – cəmi 35 milyona yaxın adam. İraq Kürdüstanı müstəqilliyini elan edəcəyi halda indiyədək Ərbillə əməkdaşlıq etmiş Türkiyə rəhbərliyi mövqeyini kəskin şəkildə dəyişə və Ceyhana gedən boru kəmərini bağlaya bilər. Bu, tam iqtisadi blokadanı bildirəcək.

Bəs dünya birliyi “mübahisəli ərazilər”in ilhaqına necə qıcıq verəcək? Səddam Hüseynin apardığı zorla ərəbləşdirmə və ərəblərin kütləvi köçürülməsinə baxmayaraq (40 min kv.km-dən çox), bu bölgələrdə əksəriyyəti hələ də kürdlər təşkil edirlər. Lakin “mübahisəli ərazilər” və hər şeydən əvvəl Kərkük, Sincar və Hanakin şəhərləri Bağdadın formal inzibati nəzarəti altındadır. Bu, mübahisəli ərazilər problemini avtomatik şəkildə beynəlxalq məhkəmə araşdırmasına çıxaracaq və dünya birliyi burada yekdilliklə Bağdadın tərəfində duracaq. 

 

Tərcümə Strateq.az-ındır.