XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

16 İyun 2017 - 17:51

Tramp komandasının “boz kardinalı”- Yəhudi əsilli kürəkən, Harvard məzunu, Ağ Evin ən diqqətçəkən fiquru...

 

Trampın prezidentliyə gəlişindən sonra yeni administrasiyada ən diqqətçəkən fiqur Cared Kuşner oldu. Kuşner Trampın sevimli qızı İvankanın həyat yoldaşıdır. Hələ seçki kampaniyası dövründə ona Tramp komandasının "boz kardinalı" deyirdilər. Trampın qələbəsi Kuşnerin siyasi çəkisini daha da artırdı. İndi o, administrasiyada prezidentin vədlərinin həyata keçirilməsinə, bir neçə ölkə ilə münasibətlərin yoluna qoyulmasına cavabdehlik daşıyır. 

Kuşner ailəsinin keşməkeşli həyatı olub. Enişlər və yoxuşlar yaşayan ailə son nəticədə Birləşmiş Ştatların öz vətəndaşları üçün yaratdığı imkanlardan artıqlamasıyla yararlanıb.

"Ailə hər şeydən üstündür". Cared Kuşner ötən il "The New York Observer" jurnalına müsahibəsində belə demişdi. Kuşner səmimi idi və onun bütün bioqrafiyası bu fikrini təsdiqləyirdi. "Ailədən möhkəm yapışmaq" anlayışı nəslin "matriarxı" sayılan Raisa Kuşnerdən (Caredin ata nənəsi) – Belarusda nasist işğalının dəhşətləri və ağır şərtləri altında sağ qalmağı bacaran qadından gəlirdi.

 

Yaşam uğrunda savaş

1941-ci il, Qərbi Belarus… Almaniyanın SSRİ-yə hücumundan təxminən iki həftə keçmişdi. Almanlar Minskin ardınca Novoqrudoku da ələ keçirmişdilər. 

Şəhərdəki yəhudilərə seçilmələri üçün paltarlarına sarı ulduz tikməyi əmr etmişdilər. Həkimlər, hüquqşünaslar və digər intellektual peşə sahiblərini mərkəzi meydandaca güllələyirdilər. Meydana axmış qanı yumaq üçün hər biri 50 yəhudi qızdan ibarət bir neçə xadimə dəstəsi yaradılmışdı. O qızların arasında Raya Kuşner də vardı. 

1943-cü ilin ortalarında Rayanın anası və bacılarından biri dünyasını dəyişdi. Atası, bacısı və bir qardaşı hələ sağ idi. Həmin ərəfədə təxminən 500 məhbus nasistlərdən qaçmağa qərar verdi. Öz əlləri ilə tunel qazdılar. Qaçış baş tutdu. Rayanın qardaşı öldü. Ailənin yerdə qalan üzvləri partizan dəstəsinə qoşularaq Qırmızı Ordunun gəlişini gözləməyə başladı. 

Müharibədən sonra – 1945-ci ildə Raya dülgər işləyən İosif Berkoviçlə ailə həyatı qurdu. Ər-arvad qeyri-leqal yolla, piyada İtaliyaya keçdilər. Orada qaçqınların düşərgəsində ABŞ-a viza aldılar.

 

İmkanlar ölkəsi 

 

Birləşmiş Ştatlara gələn İosif (artıq Jozef olmuşdu) həyat yoldaşı Rayayla birlikdə Nyu-Yorka – Bruklinə yerləşir. Və Nyu-Cersidəki tikintilərdə işləməyə başlayır. Əməyinin bəhrəsini görən Jozef tezliklə yaxşı imkana sahib olur. Cütlüyün iki oğul – Myurrey, Çarlz və bir qız övladı Ester dünyaya gəlir.

Atanın ölümündən sonra ailənin işlərini Çarlz əlinə alır. İşləri daha da böyüdür. Artıq ailənin saysız-hesabsız evləri, banklarda hesabları, həmçinin mehmanxana biznesi olur. 

Kuşnerlər xeyriyyəyə pul sərf etməkdən çəkinmirdilər. Ailə iudaizm inancına etiqad edir və bu inanca bağlı olan təhsil müəssisələrini həvəslə maliyyələşdirirdi. Raisa Kuşner özü ABŞ-dakı Holokost muzeyinin qurucularından biri idi. 

1981-ci ildə Çarlzın oğlu Cared dünyaya gəlir. O, böyük, mehriban və qatı dindar ailədə böyüyüb başa çatır. 

 

Patriarxın çöküşü 

 

Çarlz Kuşner

 

Çarlz Kuşner siyasətə başa vurur və ABŞ-dakı Demokrat Partiyasının əsas donorlarından birinə çevrilir. Ölkə boyu bütün məşhur siyasətçilər, eləcə də Hillari Klinton mütəmadi olaraq onun evinə qonaq gəlirdi. 

Çarlzın maliyyə dəstəyi sayəsində Cim Makqrivi Nyu-Cersiyə qubernator seçilir. Seçkidəki qələbəsindən sonra Makqrivi bu dəstəyin əvəzini çıxmaq üçün Kuşnerə Nyu-York və Nyu-Cersidə liman nəzarətini üstlənməyi təklif edir.

Bu, Çarlza məlum 11 sentyabr olaylarında çökmüş "əkiz qüllələrin" bərpası üçün nəhəng müqavilə bağlamağa imkan yaradırdı. 

Lakin prespektiv hamının ürəyincə olmur. Qardaşı Myurrey Çarlzı pulları mənimsəməkdə ittiham edir. Və "Kushner Companies"in mühasibini də şahid kimi göstərir. Mühasib bildirir ki, Çarlz öz müəssisəsinin dövriyyəsindən gələn pulları qanunsuz olaraq götürürək siyasilərə bağışlayır.

Tanınmış ailədə yaranmış bu qalmaqal Nyu-Cersinin iddialı prokuroru Kris Kristinin diqqətindən qaçmır. Çarlz Kuşnerə rəsmi ittiham irəli sürülür. O da məcburən liman dairəsinə rəhbərlik üzrə namizədliyini geri götürməli olur.

Çarlza görə, əsas günahkar bu işdə istintaqa kömək edən bacısı Ester idi. Çarlz  qisasını alır. Bacısının ərinə əxlaqsız qadın göndərərək onları videolentə çəkdirir və həmin çəkilişi Esterə göndərir.

Lakin bu tələ onun öz ziyanına işləyir. Şahidin ailəsini dağıtmaq cəhdi ona və istintaqa təzyiq kimi qiymətləndirilir. Çarlz bu addımıyla öz quyusunu qazmış olur. İşini yüngülləşdirmək üçün hər şeyi etiraf etməli olur.

Vergidən yayınma, şahidlərə təsir göstərmək cəhdi, siyasi kampaniyaların qanunsuz maliyyələşdirilməsi… Bu ittihamlar üzrə Çarlz Kuşnerə 2 il həbs cəzası verilir. 

Prokuror Kristi bu qələbənin təxminən 10 il sonra onun karyerasına necə zərbə vuracağından xəbərsiz şəkildə bayram edir…

Bu arada, Cared artıq Harvardı başa vurmuşdu. Bu universitetə təhsilindəki uğurlardan çox, atasının sərf etdiyi milyonluq ianələrin sayəsində düşmüşdü. 

Cared nəyin bahasına olursa-olsun ailəsinin nüfuzunu bərpa etməyi hədəfləmişdi. Mediadakı imkanlarını genişləndirmək üçün "The New York Observer" nəşrinə sahib oldu. 

İl yarım sonra atası Çarlz həbsdən çıxdı. Lakin şirkətin başına keçməyərək bu işi Caredə həvalə etdi. Düşündü ki, belə bioqrafiya ilə Caredin şirkət üçün kredit almaq imkanları daha genişdir. Ata-oğul çox uğurlu tandem yaratdı və onların biznesi yüksəlməyə başladı. Tezliklə ailə Nyu-Yorkun məşhur rayonlarında bir neçə göydələnə sahib oldu.

Şirkətin əməkdaşlarının sayı 70-dən 700-ə yüksəldi. Bu uğurların fonunda Çarlzın məhkumluq həyatı unudulub getmişdi. 
2007-ci ildə iş yeməklərinin birində Cared tikinti maqnatı Donald Trampın qızı İvanka ilə tanış oldu. İki il sonra Kuşnerlərin təkidi ilə İvanka iudaizmi qəbul edəndən sonra Cared onunla evləndi. 

 

Ağ Evə doğru…

 

2015-ci ildə Tramp prezident seçkilərinə qoşulmaq niyyətini açıqlayandan sonra Cared dərhal ona köməyə gəldi. Demokratlar ailəsində böyüməsinə baxmayaraq, Cared hesab edirdi ki, ailə bağlarına görə Trampa yardım etməyə borcludur. 

İlk vaxtlar Cared siyasətə elə də həvəsli deyildi. Sonradan etiraf etdiyinə görə, hər şey 2015-ci ilin noyabrında dəyişdi. Həmin gün Sprinqfild şəhərindəki (İllinoys ştatı) böyük konfrans zalına Trampın 10 min tərəfdarı toplandı. Və Cared əsl siyasətin nə olduğunu başa düşdü.

O, bir çox məsələyə münasibətini yenidən nəzərdən keçirdi. Məsələn, əvvəllər xüsusi diqqət etmədiyi miqrantlar, istixana qazları, kömür sənayesi işçilərinin problemləri kimi məsələlərə baxışı artıq fərqli idi. Kuşner Trampla birgə ölkəni dolaşmağa başladı və Amerikanın real problemləri, sadə amerikalıların ehtiyacları ilə tanış oldu. 

O, bütün gücünü ortaya qoyur, Trampa müşavirlər axtarır, çıxışları yazmağa kömək edir, internetdə təşviqat strategiyasını necə aparmaq və seçki kampaniyası üçün necə pul toplamaq üzərində düşünürdü.

Onun təklifi ilə "Facebook"da Trampın "Amerikanı yenidən qüdrətli edək!" şüarının əks olunmuş köynəklər satışa çıxarıldı və bu, hər gün 80 min dollar gəlir gətirirdi.

 

Hakimiyyətin zirvəsində

 

Trampın qələbəsi Kuşnerə ailəsinin bədxahları ilə hesablaşmaq imkanı da yaratdı. Çarlz Kuşneri dəmir barmaqlıqlar arxasına göndərən prokuror Kris Kristi Trampa loyal olmasına baxmayaraq, Caredin səyləri ilə yeni administrasiyada təmsil oluna bilmədi.

Ağ Evdəki ən gözəl ofis Kuşnerin payına düşdü. Onun kabinetindən prezidentin otağına gizli yol var. 

İri masa arxasında Cared Amerikanın böyük problemlərinin həlli ilə məşğul olur. O, bir neçə layihə üzrə cavabdeh şəxsdir. Səudiyyə Ərəbistanına silah satışı üzrə sazişlərin bağlanılması, Çin, İsrail, Kanada və Meksika ilə münasibətlər, veteranların işi üzrə nazirlikdə islahatların aparılması, narkomaniyaya qarşı mübarizə və s. 

Kuşner təmkinlə uzunmüddətli layihələr üzərində işləyir. Siyasi rüzgarların ona qarşı çevrilə biləcəyindən çəkinmədən. 

Cared kimi, Tramp da möhkəm ailə bağlarının dəyərini bilir. Onların ikisi də Nyu-Yorkdan gəlib, hər ikisi siyasətdə yenidilər. Qohumluq əlaqələri və keçmişlərindəki bənzərlik – qarşılıqlı inam üçün bundan yaxşı nə ola bilər?!

Strateq.az
 




Yuxarı Əvvələ Ana Səhifə