XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

21 İyun 2017 - 13:15

Referendum qovğası:Başıdərdli Yaxın Şərqdə daha bir potensial təhlükə ocağı yaranır - Təhlil

Aleks MakDonald

"Middle East Eye"

 

Böhranlar və münaqişələr şəbəkəsinin yarandığı bölgə, sentyabr ayında İraq Kürdüstanının müstəqilliyi ilə bağlı referendum keçiriləcəyi elanı ilə, görünür, yeni bir problemlə qarşılaşacaq.

Regiondakı müşahidəçilər arasında başlıca qorxu – referendumun İraqın mübahisəli kürd bölgələrində zorakılığa yol aça bilməsi, o cümlədən kürd qrupları arasında mübarizənin başlamasıdır.

“Foreign Policy”yə son müsahibəsində Kürdüstan Regional Rəhbərliyinin (KRR) prezidenti və Kürdüstan Demokrat Partiyasının (KDP) lideri Məsud Bərzani referendum çağırışının dəlillərini sadalayıb.

Bərzani deyib: "Çoxdan bu qənaətə gəlmişəm ki, referendum keçirmək və xalqımızın iradəsini bildirmək imkanı yaratmaq lazımdır. Çünki rəsmi Bağdad bizimlə əsl, mənalı tərəfdaşlıq etmək istəmir".

"Biz tabeli olmaq istəmirik. Bu, daha böyük bir problemin, qanlı müharibənin qarşısını almaq və bütün bölgənin təhlükəsizliyinin pisləşməməsi üçün edilir. Buna görə referendumu keçirmək istəyirik", – o əlavə edib.

 

Arzuolunmaz toqquşma

 

Bərzani bildirib ki, yeni referendum, KRR-in formal olaraq tanınmasıdan sonra 2005-ci ildə İraq hökumətinin keçiriləndən fərqli, daha doğrusu, icbari olacaq. "2005-ci ildə keçirilən referendum vətəndaş cəmiyyəti təşkilatları tərəfindən təşkil və təşviq edilmişdi. Bu, hökumət və siyasi partiyalar tərəfindən keçirilir”.

Lakin referenduma, xüsusilə Sincar və Kərkük olmaqla, bir sıra yüksək mübahisəli ərazilərin daxil olması, hətta Mosulda İŞİD-in gözlənilməz məğlubiyyətindən sonra belə qarşıdurma qorxusunu artırıb.

"KRR Kərkük, ehtimal ki, Sinjar uğrunda da mütləq mübarizə aparacaq, – ABŞ ordusunun xüsusi qüvvələrinin sabiq polkovniki, analitik Deyvid Vitti “Middle East Eye”a (MEE) deyib. – Ümid edək ki, bu baş verməyəcək. Əgər KRR Kərkükə iddia edərsə, Xalq Səfərbərlik Qrupu (“Haşdi-Şəabi”) buna qarşı çıxacaq”.

Sincar, Kərkük və ya Məxmur və Xanagində – digər mübahisəli bölgələrində hərbi münaqişə yarandığı təqdirdə, nəticə müəmmalıdır.

Hərbi baxımdan, İraq ordusu İŞİD-lə mübarizədə ciddi şəkildə tükənib. KRR ilə İraq hökuməti arasında zorakılıq başlasa, ordu çətinliklə üzləşəcək.

"Mən Peşmərgənin, yəqin ki, üstünlük qazanacağını düşünürəm, – Vitti bildirib. – İraq qüvvələri sadəcə tükənib, kağız üzərində qalib gələ bilərlər, amma gerçəkdə, güman ki, yox".

 

“Qanunsuz” referendum

 

Referendum prosesi başlanğıcdan mübahisəlidir. KRR parlamentinin ikinci böyük partiyası olan “Goran” Hərəkatı onu "qeyri-qanuni" kimi səciyyələndirib və referendumu keçirmə prosesini müəyyənləşdirmək üçün keçirilən danışıqlar zamanı Gorran və kiçik Kürdüstan İslam Qrupu iştirakdan imtina edib.

"Goran” müstəqillik referendumunu qeyri-qanuni hesab edir, çünki biz bu məsələni həssas və vacib bir məsələ hesab edir və regiona ciddi təsir etdiyini düşünürük, – MEE-yə danışan “Goran”ın sözçüsü Şorş Hacı bildirib. – Buna görə də referendum siyasi partiyalardan ibarət Kürdüstan parlamentinin qanunu qərarı kimi keçirilməlidir. Amma onu səlahiyyət müddəti bitmiş KRR prezidenti elan edir".

Kürdüstan parlamentinin sədri Yusuf Məhəmməd Sadiq – “Goran”ın təmsilçisi 2015-ci ildən bəri Barzani qüvvələri tərəfindən Ərbilə girə bilmir. Partiyaya kütləvi iğtişaşlar yaratmaq ittihamları irəli sürülüb.

KDP və Kürdüstan Vətənpərvərlər İttifaqı (KVİ) – üçüncü ən böyük partiya ilə sövdələşməni “Goran” rədd etdi, çünki Sadiq yalnız bir sessiyadan sonra spiker vəzifəsindən kənarlaşdırılıb.

Şorş Hacı bildirib ki, partiyasının rəyincə, referendum 2015-ci ildə mandatı bitən Bərzaninin hakimiyyətini saxlamaq üçün vasitə kimi istifadə etdiyi tədbirdir. “Bərzani referendumla özünü milli qəhrəman etmək fikrindədir. O, tərəfdarlarından küçələrdə nümayiş keçirmək və prezidentliyə namizədliyini irəli sürməyi tapşırıb. Halbuki üçüncü və ya dördüncü dəfə namizədliyini irəli sürə bilməz".

Referendum noyabr ayına planlaşdırılan parlament seçkilərindən qısa müddət əvvəl keçiriləcək, analitiklər bunu qəsdən edildiyini deyirlər.

"Məncə, parlament seçkilərindən bir neçə ay əvvəl referendum keçirilməsinin məqsədi mövzunu dəyişdirmək və KDP-nin milliyyətçi bazası arasında dəstək yaratmaqdır, – deyə “İraqın daxili siyasəti”nin icraçı redaktoru Neyt Rabkin bildirib”.

2014-cü ildən etibarən kürd siyasəti ağır bir şəkildə İŞİD təhlükəsinə yönəlib. Onun "yeni Dubay" yaratmaq niyyətli iqtisadi planı təhlükə və yeni sosial təzyiqlərin yaranmasına səbəb oldu.

Amma İŞD-ə qarşı mübarizədə İraq Kürdüstanı İraq sərhədlərindən uzaqlarda nisbətən dünyəvi, tolerant ərazi imicini qurdu.

"İraqlı kürdlər, xüsusilə Bərzaninin ətrafı arasında İŞİD-lə mübarizədə iştirak etdiklərinə görə faydalanma hüququ olduğu düşüncəsi var, – “MEE” ilə danışan N.Rabkin açıqlayıb. – Bu, kürdlərə beynəlxalq rəğbətin olduğu vaxtda Kürdüstanın ilk dəfə Bağdaddan daha dəyərli bir dost olduğu təəssüratı yaratdı".

 

Mübahisəli sahələr

 

Bununla yanaşı, neft bolluğu olan Kürdüstanın Bağdadın məhdud nəzarətindən çıxmaqda əsas çətinliyi gələcək dövlətin sərhədlərin müəyyən edilməsidir.

Bərzaninin köməkçisi Hemim Havraminin bir “tweet”i onun bir sıra yüksək mübahisəli bölgələrə iddiasını təsdiqlədi.

Kərkük kürd milliyyətçiləri tərəfindən gələcək Kürdüstanın mədəni paytaxtı sayılır, lakin etnik tərkibi türkmənlər, kürdlər və ərəblərdən ibarət şəhər əhalisinin hamısı öz statusunu tələb edir.

Hökumət binalarında Kürdüstan bayrağını qaldırmaq cəhdləri qəzəbli nümayişlər meydana gətirdi.

 

Sincar partlayışı

 

Sincarda vəziyyət potensial olaraq daha da dəyişkəndir. Kürdüstan İşçi Partiyası (PKK) ideoloji cəhətdən Kürdüstan rəhbərliyinə qarşı çıxır. Sincar Müqaviməti (YBS) dəfələrlə KRR-ə sadiq Peşmərgə qüvvələri ilə toqquşub və KRR-in nəzarətini təsdiqləməyə cəhdlərini xəbərdarlıqla təhdid edib.

Türkiyə dəfələrlə Sincar şəhərində PKK tərəfdarı olan qüvvələrə qarşı hücumla hədələyir, Bağdad və İran dəstəkli Xalq Səfərbərlik Birləşmələri ona qarşı çıxır və Sincarın cənubuna öz qüvvələrini göndərib.

Xanagin, hazırda Diyala əyalətinin bir hissəsidir və KRR-nin himayəsi altında deyil, Məxmurda isə PKK qüvvələrinin böyük bir iştirakı var.

Bütün bunlar nəzərə alınmaqla, referendumdan sonra hakimiyyətin yumşaq ötürülmə prosesi mümkün olmayacaqdır.

Neyt Rabkinin sözlərinə görə, referendumla bağlı əsas sual yeni dövlətin ərazisidir. "Məncə, Kürdüstan Regional Rəhbərliyinin bütün mübahisəli ərazilərlə bağlı razılığa gəlməsi çətin olacaq".

Beləliklə, Bağdad və Ərbil arasındakı münaqişə getdikcə güclənir. "Mübahisəli ərazilərdə şiddət riski qətidir, – N.Rabkin deyib. – Həm KRR, həm də Bağdad və şia milisi liderlərinin bir çoxu ziddiyyətli qarşıdurmalardan çəkinməyi üstün tutur. Lakin yanlış hesablama və ya yanlış anlaşma üçün real potensial var".

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə