XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2017 - 15:59

“Al-Monitor” Kılıcdaroğlunun yürüşündən yazdı:Ərdoğanın ana müxalifət partiyasının başçısına mesajı nə oldu?

Sibel Hürtaş

"Al-Monitor"

 

Ana müxalifət partiyası CHP, AKP hökumətinin təklifi ilə millət vəkili toxunulmazlığının ləğv edilməsinə "bəli" deyərkən, növbənin bir gün öz deputatlarına da çatacağını bilirdimi?

CHP millət vəkili Enis Berberoğlunun gizli sənədləri jurnalistlərə verdiyinə görə İstanbulda həbs olunduğu gün, CHP lideri Kamal Kılıçdaroğlu fövqəladə iclas keçirdi.

Toplantıda bəzi millət vəkillərindən bu haqda soruşdum. "Qətiyyən belə bir şey gözləmirdik", – cavabını aldım.

Enis Berberoğlunun həbs olunması CHP-də şok təsiri yaratdı. Həbs qərarının çıxdığı 14 İyun günü partiyada fövqəladə yığıncağa qatılan vəkillər daha bir "şok"la üzləşdi. Bu günə qədər "yumşaq müxalifət" olduğuna görə tənqid olunan və tərəfdarlarının küçə israrına baxmayaraq, parlamentdə müxalifətçilik edən Kılıçdaroğlu "Küçəyə çıxıram, istəyən arxamca gəlsin", – dedi. Sonra jurnalistlərə açıqlamasında "ədalət yürüşü"nə başladığını eşitdirdi.

Ertəsi gün yürüşün başlayacağı Kızılay meydanına gələndə sonu görünməz bir izdihamla qarşılaşdım. Sayı minlərlə ifadə edilən bu kütlənin əsas xüsusiyyəti isə səssizliyi idi. Minlərlə insan əlində yalnız "ədalət" yazılmış plakatla tutmuşdu.

Bir müddət sonra meydana Kılıçdaroğlu, xanımı və oğlu gəldi. "Bu yürüş yalnız CHP-nin deyil, hər kəsin yürüşüdür" cümləsi eyni zamanda, ədalət yürüşünün tərkibini ortaya qoyurdu.

Kılıçdaroğlu üzərində "ədalət" yazılı bir plakat tutub Ankaradan millət vəkili Enis Berberoğlunun saxlanıldığı, 480 kilometr uzaqlıqdakı İstanbul Maltəpə həbsxanasına doğru ilk addımını atdı. Minlərlə insan da eyni səssizlik və eyni tələb yazılmış plakatla yürüşə qoşuldu.

Kılıçdaroğlunu arxasında CHP millət vəkilləri qol-qola girmişdi. Ardınca isə müxtəlif siyasi partiyalar, həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları üzvləri vardı. Kortejdə əvvəlcə "AK Parti" qurucularından Fatma Bostan Ünsal və AKP-nin sabiq millət vəkili Faruk Ünsalla qarşılaşdım.

Ünsalla söhbətimizdə o dedi: "Cəmiyyətin tələblərini dilə gətirəcəyi iki yer var. Biri mətbuat, digəri küçə. Mətbuat tamamilə iqtidarın əlinə keçdiyindən bizə ancaq küçə qaldı". Onların yanında isə HAS Partiyanın qurucularından Cahangir İslam var. Qanun Qüvvəli Qərarnamə ilə universitetdən qovulan C.İslam, "Bütün məzlumlar və zərər çəkmişlər üçün, işlərindən atılan alimlər üçün buradayam", – deyir.

Bu yürüşün bir xüsusiyyəti də iştirakçıların əksəriyyətinin 50 yaş və yuxarı yaş seqmentindən ibarət olmasıdır.

Əlində oğlu Səlahəddin Qılıncın fotoşəkilini daşıyan 65 yaşlı Veysel Kılıçla danışıram. Hərb Məktəb şagirdi çevriliş cəhdində komandirinin əmri ilə Boğaz körpüsünə göndərilib, bir ildir həbsxanadadır və haqqında iddianamə belə yoxdur.

Onunla eyni yaşlarda olan Zeynep Sarı isə işdən çıxarılan həkim qızı üçün yürüşə qoşulub. "Mən onu mal-qara təzəyi daşıyaraq oxutmuşdum", – deyə üsyanını dilə gətirir.

Orta yaşlı iştirakçıların sirri da burada gizlənir. İşdən qovulan, həbsxanaya atılan uşaqları üçün yollara düşən ata-analar var hər sırada.

Ədalət yürüşündə universitetlərdən atılan alimləri, vəkilləri, velosipedli idmançıları, uşaqlarını öz ərlərinə əmanət edib gələn evdar qadınları, hicablı qadınları da gördüm. CHP ilə bu günə qədər yan-yana gəlməmiş siyasi partiyalar və qeyri-hökumət təşkilatları da buradadır. "Xalq evləri" də burada, sosialist bir partiya olan Əmək Partiyasının başçısı Səlma Gürkan da. Azadlıq və Həmrəylik Partiyası da hərəkata qoşulub, İnsan Haqları Dərnəyi də, Maliyyə Müşavirlər Otağı da. Bu müxtəliflik, Kılıçdaroğlunu hərəkatın "ədalət istəyən bütün seqmentlər tərəfindən sahiblənməsi" məqsədinə çatdığını göstərir.

Kızılaydan yürüşə başlayan minlərlə insan Kılıçdaroğlunun arxasınca 20 kilometr gedib ippodromda yerləşdi. Masalar açıldı, bağlamalar, sular paylandı.

Partiyanın həkim millət vəkillərindən Mehmet Göker, beş-altı adama yardım göstərdiyini söyləyir. Kılıçdaroğlunu müayinə edən həkim Cihangir İslam isə "Hamınızı müayinə etsəm, aranızda ən sağlam Kılıncdaroğlu çıxar", – deyir.

Oruc tutanlar iftar saatında uzun süfrədə yeməklərini yeyir, bir tərəfdə, türkülər oxunur, halaylar çəkilir, digər tərəfdə, qurulan çadırlara girənlər ertəsi gün üçün istirahət etməyə çəkilir. Kılıçdaroğlu isə xüsusi "kəcavə"sinə gedir. 

Yürüşün ikinci günü 20 kilometr daha gedən kortej Ankaranın çıxışına yaxınlaşır. Hər günü üçün fərqli bir mövzu var. Üçüncü günün mövzusu "məhbus jurnalistlər"dir. Sonrakı gün Atalar Günü ilə əlaqədar haqsızlığa məruz qalmış atalara ithaf edilir.

Bu gün CHP-lilərin də Kılıçdaroğluna bir sürprizi var. Ona ayaqqabısı hədiyyə edirlər. Müavini Aykut Erdoğdu AKP hökumətinə yönəlik 17/25 dekabr əməliyyatlarında bürokratların evlərində çıxan pulla dolu ayaqqabı qutularını xatırladaraq, "ayaqqabının başqanımıza hədiyyə etdik, qutusunu da Saraya göndərəcəyik", – deyir.

Yürüşün dördüncü günü iştirakçılardan 65 yaşlı Həsən Tatlı infarktdan vəfat edir.

CHP-lilər, millət vəkili Enis Berberoğlu bu yürüş əsnasında azad edilsə də, yürüşün davam edəcəyini söyləyirlər.

Kürdləri təmsil edən Xalqların Demokratik Konqresindən də gedişə dəstək gəldi, amma kürdlərin əsl tələbi, yürüşün HDP həmsədri Selahattin Demirtaşın tutulduğu Ədirnəyə qədər davam etməsidir. CHP-lilər yolun İstanbula qədər olduğunu söyləsələr də, "Biz məhbus HDP millət vəkilləri üçün də gedirik", – deyirlər.

Səssiz yürüş irəliləyərkən şosedə keçən avtomobillərin sürücüləri siqnala basaraq dəstək verir. Yük maşınını yol kənarına park edib qısa müddətə gedişə dəstək verən sürücülərə də rast gəldim. Bütün bunların yanında avtomobillə keçərkən söz atan, Kılıçdaroğluna etiraz edənlər də oldu.

Kütlənin təxribatlar mövzusunda əhəmiyyətli bir imtahan verdiyini müşahidə etdim. Amma iqtidarın yürüşə münasibəti “yumşaq” oldu. Baş nazir Binali Yıldırım və MHP başqanı Dövlət Bahçeli beş gündür səssiz sədasız davam edən hərəkat üçün "təxribat ehtimalını" gündəmə gətirir.

Kılıçdaroğlu bu sözlərə, "Bizə hücumlar ola bilər, bizi tənqid edənlər ola bilər. Hamısının canı sağ olsun. Mən inadla, qətiyyətlə, əzmlə ədalət üçün gedəcəyəm", – deyir.

68 yaşlı ana müxalifət lideri 23 gün davam edəcək 480 kilometrlik səfərinin ilk həftəsini geridə qoyur. Onu Qandiyə bənzədirlər.

Prezident Rəcəb Tayyib Ərdoğanın yürüşlə bağlı Kılıçdaroğluna "Prokurorluq sabah sizi də bir yerə dəvət etsə, təəccüblənməyin" deməsi, Kılıçdaroğlunun həbs olunacağı təhdidi kimi şərh olunur.

Yaxşı, nə baş verə bilər?

CHP-lilər bu suala da Qandi kimi cavab verirlər: "Qandi duz yürüşü etmişdi, nəticəni ingilislər düşünməli idi…"

 

Tərcümə: Strateq.az