XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 İyun 2017 - 11:05

Körfəzdə fırtına…- Küncə sıxışdırılan Qətər, 13 tələb, 10 gün möhlət... 

Qətərlə diplomatik əlaqələri dayandıran dövlətlərdən dördü – Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirliyi rəsmi Dohaya 13 tələblik siyahı göndərib. Sənəd müəllifləri Qətərin diqqətinə çatdırıblar ki, yaranmış böhranın çözülməsini, eləcə də sanksiyaların ləğvini istəyirlərsə, bu tələbləri yerinə yetirməlidirlər.

Strateq.az xarici mətbuata istinadən siyahıda yer alan tələblərə və onlara əməl etməyəcəyi təqdirdə Qətəri nələrin gözlədiyinə aydınlıq gətirəcək.

 

İlk addım…

 

Siyahıdan məlum olur ki, tələblərdən biri Qətərin maliyyə dəstəyi verdiyi "Əl-Cəzirə"nin bütün filiallarının qapadılmasıdır. O cümlədən də ən populyar peyk kanallarından olan ingilisdilli variantının. 

Qətər hökumətindən həmçinin İranla əlaqələri minimuma endirmək, Türkiyənin hərbi bazasını qapatmaq tələb olunur. Rəsmi Dohaya bütün bunları gerçəkləşdirmək üçün cəmi 10 gün möhlət verilib. 

Fars körfəzindəki bu böhran iyunun əvvəllərində başlayıb. Qətərin terrorizmi maliyyələşdirdiyini, bununla da regionda sabitliyi pozduğunu əsas gətirən ondan artıq ölkə Dohaya  diplomatik və iqtisadi sanksiyalar tətbiq edib.

Qarşı tərəf isə bugünədək ittihamları qəbul etmir. Ölkənin xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman əl-Tani bildirib ki, sanksiyalar ləğv olunmayana qədər Qətər heç bir danışıq aparmayacaq. Nazir ölkəsinin hər hansı terror təşkilatını maliyyələşdirmədiyini də iddia edir. 


Beləliklə, iki həftə əvvəl tətbiq olunan sanksiyalar hələ ki gözlənilən nəticəni vermir. Və ittihamları yaxın buraxmayan, danışıqlara getməkdən boyun qaçıran Qətər İran və Türkiyənin dəstəyini cəlb etməklə kifayətlənir.

Siyahıdakı tələblər Qətər üçün alçaldıcı görünür. Götürək, elə "Əl-Cəzirə"nin qapadılmasını. Bu kanalın bağlanması Qətərin 20 ilə yaxındır beynəlxalq media sahəsində təsdiqlənmək cəhdlərinə son qoymaq deməkdir. 

Bəzi beynəlxalq şərhçilərin fikrincə, məlum siyahı əslində gələcək sövdələşmə üçün göndərilən mesajdır. Lakin Səudiyyə və Birləşmiş Ərəb Əmirliyinin rəhbərliyi kompromis üçün bir addım belə, atmır. Onlar Qətərə inanmadıqlarını deyirlər.  

Beynəlxalq şərhçilərə görə, qoyulan tələblər manevr üçün dairəni elə bağlayıb ki, bu halda cəmi iki çıxış yolu qalır. Ya Qətər tərəfindən kapitulyasiya qərarı verilməlidir, ya da belə məlum olacaq ki, Körfəzdəki ərəb ölkələrinin Əməkdaşlıq Şurasından qovulan bu ölkə İranın müttəfiqidir və ondan asılıdır.

 

Qətərdən daha nələr tələb olunur?

 

"Associated Press"in əldə etdiyi siyahıdan məlum olur ki, ərəb ölkələri Qətərdən həm də bunları tələb edirlər:
 

– Qadağan edilmiş və digər ərəb dövlətlərinin terrorçu təşkilat kimi tanıdığı "Müsəlman qardaşlar" hərəkatı ilə bütün münasibətləri dayandırmaq;
 

–  Tələblər siyahısını tərtib edən ölkələrdən gələnlərə vətəndaşlıq verməkdən imtina etmək və hazırda onlardan Qətər ərazisində olanlarını bu ölkələrə geri göndərmək;
 

– Siyahı müəlliflərinin terrorçu kimi tanıdığı və axtarışa verdiyi şəxsləri təhvil vermək;
 

– ABŞ-ın terrorçu kimi tanıdığı bütün ekstremist təşkilatlara soponsorluğu dayandırmaq;
 

– Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrində maliyyələşdirilən müxalifətçilərin siyahısını təqdim etmək;
 

– Siyasi-iqtisadi siyasətdə və digər sahələrdə Əməkdaşlıq Şurasının qərarlarına zidd getməmək;
 

– "Əl-Cəzirə",  "Arabi21" və "Middle East Eye"i maliyyələşdirməyi dayandırmaq;
 

– Kompensasiya ödəmək.
 

Siyahının tərtibçilərindən biri anonim qaydada "Reuters"ə bildirib ki, Qətərdən həmçinin İŞİD, "Əl-Qaidə" və "Hizbulla" ilə bütün əlaqələri kəsmək də tələb olunub. Eyni zamanda tələb olunur ki, Qətər İrandakı diplomatik nümayəndəliyini bağlasın, İran İnqilab Keşikçiləri Korpusunun üzvlərini ölkədən çıxarsın və Tehranla yalnız ticari əlaqələr qursun. 

 

"Əl-Cəzirə" niyə hədəfə gəldi?

 

"Əl-Cəzirə"

Qeyd etdiyimiz kimi, tələblərdən biri də "Əl-Cəzirə" və ona bağlı şirkətlərin qapadılmasıdır. Körfəz ölkələri və Səudiyyənin yaxın müttəfiqi olan Misir "Əl-Cəzirə"ni uzun müddət idi ki, İslamın təbliğatına tribuna olmaqda və bölücülük yaratmaqda ittiham edirdi. Şirkət isə bu ittihamları rədd edirdi.

Telekompaniya Dohadakı bürosunu qapatmaq tələbini yaxın buraxmır. Şirkətin rəsmilərindən İxtişam Hibatulla bu cür çağırışları regionda demokratiya və söz azadlığını boğmaq cəhdi adlandırıb.

"Bizim vəzifəmiz insanlığa xidmətdir. Beynəlxalq auditoriyaya hərtərəfli, obyektiv informasiya veririk və bu işimizi davam etdirəcəyik. Dörd ərəb ölkəsinin bu tələbi biz heyrətə gətirib. Siyasi oyunlar azad sözün və xalqın səsini boğa bilməz", – deyə kanaldan bildiriblər. 

Telekanal "Əl-Cəzirə"nin terrorçu təşkilatlara dəstək verməsi, onların ruporu olması barədə deyilənləri də təkzib edib. Və beynəlxalq KİV-ləri özünüifadə və söz azadlığına qarşı yönəlmiş bu tələblərə etiraz etməyə çağırıb.

 

Qətər "yox" deyərsə…

 

"Reuters"ə danışan mənbə bildirib ki, 10 gün ərzində Qətər tələbləri yerinə yetirməsə, siyahı qüvvədən düşmüş hesab olunacaq. 

Qətər xarici işlər naziri əl Tani bəyan edib ki, ölkəsi xaricdən diktə qəbul etmir və "Əl-Cəzirə" ilə bağlı məsələni daxili işi hesab etdiyi üçün bu mövzuda istənilən müzakirədən imtina edir. 

Böhran başlayandan və sanksiyaların tətbiqindən bəri Türkiyə Qətərə açıq dəstəyini nümayiş etdirir. Dohaya hava və su yolu ilə ərzaq, həmçinin digər zəruri məhsullar göndərir. 

Türkiyənin Ticarət və Gömrük Nazirliyindən bildiriblər ki, sanksiyalardan sonra Türkiyədən bu ölkəyə idxal 3 dəfə artaraq 32,5 milyon dollara yüksəlib. 

Türkiyə iqtisadiyyat naziri isə məlum ərəfədə Qətərə 105 yük təyyarəsinin göndərildiyini açıqlayıb. 

Hərbi baza ilə bağlı tələbə gəlincə, bunun reallaşması da real görünmür. 2014-cü ildə əldə edilən razılaşmaya görə, Qətərdə Türkiyə hərbi bazsı fəaliyyət göstərir. Məlumata görə, iyunun 23-də bazaya 20-dən artıq türk hərbçi göndərilib. Buna qədər oradakı türk hərbçilərin sayı 90 idi. 

Türkiyə müdafiə naziri Fikri İşıq bildirib ki, bazanın qapadılmasına dair istənilən tələb Ankara Qətər əlaqələrinə müdaxilə kimi qiymətləndiriləcək. 

Qətər eyni zamanda İrandan da ərzaq yardımı alır. Bu ölkədən Dohaya dəniz yolu ilə hər gün 1100 ton meyvə-tərəvəz gedir. Üstəlik, İran öz hava məkanını da Qətərin beynəlxalq reyslərinə açıb.  

 

ABŞ nə düşünür?

 

Ərəb dövlətlərinin tələbnaməsi ABŞ dövlət katibi Reks Tillersonun bəyanatından sonra ortaya çıxdı. Tillerson Qətərin qonşularını ağıllı və real tələblər irəli sürməyə çağırmışdı. Vaşinqton Ər-Riyadın və boykot kampaniyasının digər iştirakçılarının tələblərini niyə bu qədər gec irəli sürməsindən narahat idi.

Donald Trampa gəlincə, onun mövqeyi sərt oldu. Tramp Qətəri terrorizmi yüksək səviyyədə maliyyələşdirməkdə ittiham etdi. Maraqlıdır ki, ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazası məhz Qətərdə yerləşir.

Tələblərə nəzər yetirmək onların reallaşmasının çətin olduğunu başa düşməyə kifayət edir. Elə Qətərin dünənki rəsmi açıqlamasından da məlum olur ki, ölkə bu şərtləri qəbul etmək fikrində deyil. Qətər XİN rəhbəri son açıqlamasında məktubda yer alan tələblərin qeyri-real olduğunu bildirib və onlara yenidən baxılmasını təklif edib. Nazir həmçinin Qətərə qoyulan sanksiyaları qeyri-qanuni və ölkənin suverenliyinə təhdid adlandırıb.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə