XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

30 İyun 2017 - 19:48

Şərqsayağı “Games of Thrones”:Səudiyyə Ərəbistanında sülalə rəqabətinin nəticələri nə olacaq? - TƏHLİL

Çengiz Tomar

"Anadolu News Agency" 

 

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq səfərinin ardınca Qətər böhranı davam etməkdəykən, Səudiyyə rəhbərlik sistemində həyata keçirilən "səssiz inqilab" krallığın qurucusu Əbdüləziz bin Səudun oğulları ilə bərabər, nəvələrinin da kral ola biləcəyi hökmünü verdi. Hazırkı kralın oğlu Məhəmməd bin Salman birinci vəliəhdliyə yüksəldildi.

Bu dəyişiklik Yaxın Şərqin məhvər ölkələrindən olan Səudiyyə Ərəbistanı və bölgənin gələcəyinə uzunmüddətli təsir etmə potensialına sahibdir. Yaxın müddətdə kral Salmanın oğlunun nəfinə padşahlıqdan imtina edəcəyi söylənilir. Bu dəyişiklik həm də diqqəti olduqca qapalı rəhbərliyə sahib olan Səudiyyə Ərəbistanının bir çox bilinməyən siyasi quruluşuna çəkdi.

 

Səudiyyə Ərəbistanının siyasi quruluşu

 

Səudiyyə Ərəbistanı – kralın dövlət və hökumət başçısı olduğu mütləq monarxiyadır və İslam hüququna (fiqhə) istinad edən konstitusiya ilə idarə olunur. Bu vəziyyət ali qərarların yalnız kral tərəfindən alındığı mənasına gəlmir. Çünki siyasət, ərəblərin qədim qəbilə ənənələri çərçivəsində, xanədan üzvləri, nüfuzlu əmirlər (şahzadələr) və Səudiyyə Ərəbistanında dini quruluşu meydana gətirən üləmanın qərarları ilə təyin olunur.

150 üzvünün hamısı kral tərəfindən təyin olunan Məclisüş-Şura (Məşvərət Məclisi) yalnız tövsiyə xarakterli qanunları təqdim edə bilir. Sayı 15 minə çatan əmirlərin yalnız kiçik bir qisiminin Səudiyyə Ərəbistanı siyasətinə və iqtisadiyyatına təsiri var.

Son dövrdə xanədan üzvü olmayan təhsilli Səudiyyə vətəndaşları da nazir, vali və səfir kimi vəzifələrə təyin olunur.

Səud taxtının varisi (vəliəhd) isə krallığın banisi Əbdüləziz bin Səudun sağ olan oğulları, vəfat etmiş oğullarının yerinə nəvəsi və hazırkı kral tərəfindən təyin olunmuş iki əmir olmaqla, kral Abdullahın 19 oktyabr 2006-cı il tarixli fərmanı ilə ümumən 34 nəfərdən ibarət olan Beyət Heyəti (Heyətül-Bəya) tərəfindən təyin edilir.

Kral Abdullahın varislik qaydalarını dəyişdirməzdən əvvəl, Səudiyyə Ərəbistanında nizam, digər Yaxın Şərq monarxiyalarında məşhur olan “əkbər övlad” (primogeniture) sisteminə görə işləmirdi. İlk kral Əbdüləziz bin Səud vəfat etdikdə, böyük oğlu Səud kralı olmaqla birlikdə, kiçik oğul Feysəl də ikinci vəliəhd kimi hələ atalarının sağlığında təyin edilmişdi.

Ölkə bu günə qədər, yəni 60 ildən çox müddətdə, “əkbər övlad” yerinə, “əkbər qardaş” düsturuna görə, yəni bir kral öldükdə, ən böyük qardaşın kral təyin edildiyi sistemlə idarə olunub. Buna görə də, indiyə qədər bütün krallar Əbdüləziz bin Səudun oğulları arasından seçildi.

Bu nizam vəliəhd və kralların çox yaşlı olmasına səbəb olur və rəhbərlikdə problemlərə yol açırdı. 2005-2015-ci illər arasında kral Abdullahın bu problemi görərək meydana gətirdiyi Beyət Heyəti 2006-cı ilin sonunda fəaliyyətə başladı. Son vəliəhd dəyişikliyi də 2006-dakı sistemə görə edildi və xanədanı cavanlaşdırmaq məqsədi daşıyan dəyişiklik kimi qiymətləndirilə bilər.

Ancaq birinci vəliəhdlikdən məhrum edilən Məhəmməd bin Naif 57 yaşındadır, yəni Səudiyyə Ərəbistanı kral standartlarına görə, nisbətən gəncdir, deməli, görünən səbəbdən başqa, daha bir səbəb olmalıdır.

Bu dəyişiklik iki ildir gözlənilir. Salman kral olduqdan sonra qardaşı oğlu Məhəmməd bin Naifi ikinci vəliəhd təyin etdi. Ardınca birinci vəliəhd olan qardaşı Mukrini azad edərək, Məhəmməd bin Naifi vəliəhd, oğlu Məhəmmədi isə ikinci vəliəhd təyin etdi. Son qərarla Məhəmməd bin Naifin yerinə oğlunu vəliəhd elan etdirdi.

Beləcə, bundan sonra öz sülaləsini qurmuş oldu.

 

Məhəmməd bin Naif və Məhəmməd bin Salman

 

ABŞ-ın Səud ailəsindəki ən yaxşı dostu – sabiq vəliəhd Məhəmməd bin Naifin, Trampın Səudiyyə Ərəbistanı ziyarətindən dərhal sonra vəzifələrindən kənarlaşdırılması və yerinə Məhəmməd bin Salmanın təyin edilməsi, Səudiyyə Ərəbistanının rəhbərlik sistemində yeni, gənc və daha aktiv bir siyasətin xəbərçisi olmaqla birlikdə, taxta bin Səud oğullarının çıxması ənənəsini də dəyişdi. Atası tərəfindən daxili işlər naziri olması üçün xüsusi olaraq yetişdirilən Məhəmməd bin Naif, FBI və “Scotland Yard”da bu mövzuda təhsil alıb. Məhəmməd bin Naif uzun illər ölkədəki qurulmuş nizamın ən əhəmiyyətli təşkilatı olan Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini boynuna götürüb, xüsusilə terrorizm sahəsində təcrübəli və ABŞ-ın güvəndiyi bir adam idi.

Terrorizmlə mübarizədə dəfələrlə “əl-Qaidə”nin sui-qəsdinə məruz qalıb, təşkilatın Səud rejimini dəyişdirmək cəhdlərinə də uğurla maneə törədib.

Məhəmməd bin Naifin əksinə, yeni vəliəhd risk edən, göz önündə olmağı sevən, xalq arasında “quzğun” kimi tanınır. 81 yaşlı atasının favorit oğlu kimi son dövrdə Səudiyyə Ərəbistanı daxili və xarici siyasətinə yön verməkdə idi. Müdafiə Nazirliyindən başqa, o, padşahın xüsusi məsləhətçiliyi, baş nazir köməkçisi, iqtisadiyyat və inkişaf şurası başçılığı vəzifələrini də icra etməkdədir. Keçən il daxili siyasətdə olduqca radikal və islahatçı dəyişikliklər ehtiva edən “2030 vizionu”nu hazırlamışdı.

Həmçinin xarici siyasətdə İrana qarşı vəkalət savaşı xüsusiyyəti daşıyan Yəmən müharibəsi Məhəmməd bin Salman tərəfindən idarə edilir. Qətərə qarşı blokada və sanksiyalar mövzusunda da, Birləşmiş Ərəb Əmrliklərinin (BƏƏ) Əbu-Dabi vəliəhd şahzadəsi Məhəmməd bin Zaid ilə birlikdə əhəmiyyətli rol oynadığı bilinir.

ABŞ-ın yeni administrasiyası ilə, xüsusilə də Trampın kürəkəni Kuşner ilə yaxşı əlaqələrə sahibdir. İrana qarşı isə olduqca dözümsüzdür. Mayın 2-də İranı torpaqları içərisində müharibə ilə təhdid etmişdi. Buna qarşılıq İran müdafiə naziri "Səudiyyəlilər düşüncəsiz hərəkət edərlərsə, Məkkə və Mədinə istisna olmaqla, bütün padşahlıqları İran ordusu tərəfindən yerlə-yeksan ediləcək", – şəklində cavab vermişdi.

 

Dəyişikliyin Səudiyyə Ərəbistanına və bölgə siyasətinə mümkün təsirləri

 

Vəliəhd dəyişikliyi ilə Əbdüləziz bin Səudun oğulları arasında altmış ildən çoxdur üfüqi olaraq yiyə dəyişdirən taxt, bundan sonra kral Salman, sonra vəliəhd oğlu Məhəmməd bin Salman və böyük ehtimalla, ondan sonra da oğulları vasitəsilə şaquli olaraq davam edəcək. 81 yaşlı kralın səhhətinə görə vəzifəsini oğluna təhvil verməsi də ola bilər.

Hələ 31 yaşında olan Məhəmməd bin Salmanın taxta çıxdıqdan sonra, əgər bir problem çıxmazsa, orada uzun müddət qalması ehtimal görünür. Ancaq bu nöqtədə ailədaxili müzakirələr da yox deyil. Beyət Heyətinin üç üzvü Məhəmməd bin Salman əleyhinə səs verib.

Ölkənin faktiki rəhbəri olan Məhəmməd bin Salmanın daxili siyasətdə özünün keçən il elan etdiyi “2030 vizionu” çərçivəsində dəyişikliklər etməsi gözlənilir. Bu dəyişikliklər arasında ölkə iqtisadiyyatının neftə asılılığının azaldılaraq, Səudiyyə Ərəbistanının iqtisadi qovşaq və investisiya adası halına gətirilməsi, həcc xaricində turizm sektorunun inkişaf etdirilməsi, xüsusilə qadın hüquqları sahəsində bəzi ictimai islahatlar aparılması, işçi qüvvəsinin yerləşdirilməsi və özəlləşdirmə sayıla bilər.

Yeni vəliəhdin bu ana qədər mühüm rol oynadığı xarici siyasət məsələlərində dişə vurmalı bir nəticə aldığı deyilə bilməz. Məsələn, Yəməndə milyonlarla dollar xərclənməsinə baxmayaraq, husilərə qarşı böyük uğur qazanılmayıb. Qətər böhranında isə həm ABŞ rəhbərliyi ikiyə bölündü, həm də İran və Türkiyə Qətəri dəstəkləyərək, Səudiyyə liderliyindəki sanksiyaları nisbətən boşa çıxardı.

Bu böhranın dərinləşməsi Körfəz Əməkdaşlıq Şurasındakı Səudiyyə Ərəbistanı-BƏƏ-Bəhreyn bloku ilə Qətər-Küveyt-Oman bloku arasında çat yaradacaq. Bu, İrana qarşı Körfəzdə birləşdirməyə çalışan ABŞ-ın istəmədiyi vəziyyətdir.

Obamanın Yaxın Şərq siyasətinin fəsadları kimi ortaya çıxan bölgədəki İran və Rusiya nüfuzunun qarşısını almaq istəyən Tramp, İrana qarşı Səudiyyə Ərəbistanı liderliyindəki “Kvartet”lə (Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir) əməliyyat başladarkən, Netanyahu ilə də yaxşı əlaqələrə sahib kürəkən Kuşner vasitəsilə Məhəmməd bin Salman və Məhəmməd bin Zaid kimi yeni nəsil əmirləri, ABŞ-ın Körfəz və İran siyasətinin bölgədəki təməl dayaqları olaraq düşünülə bilər.

Misirin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndən ibarət Körfəz triosuna qoşulmasından sonra orkestrə daxil olmaq istəməyən və ya aşpaz olmaq istəyən, bölgənin zəngin, amma kiçik ölkəsi Qətər məhz buna görə sıxışdırılır.

Səudiyyə Ərəbistandakı vəliəhd dəyişikliyinə yaşıl işıq yandırmış ABŞ-ın etibarlı adamı olmaqla birlikdə, hər zaman təmkinli və ağır bir siyasət izləyən qurd idarəçi Məhəmməd min Naifin yerinə, gənc və təcrübəsiz olmaqla birlikdə, cəsur və azğın Məhəmməd bin Salmanın seçilməsi Səudiyyə Ərəbistanı-İran qarşıdurmasının ayaq səsləri ola bilər.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə