Tayler Durden
"Wall Street Journal"
Daha əvvəllər də Əsədə qarşı döyüşən Suriyadakı "üsyançılar"ın niyə "pərən-pərən" düşdüyü sual doğururdu. Bunu Səudiyyə Ərəbistanı və Qətərin diplomatik qalmaqala qədər qurduğu silah və maliyyə təchizatı zənciri ilə əlaqələndirirdilər.
"Türkiyə ilə Birləşmiş Ştatlar, Qətər və Səudiyyə Ərəbistanı, Suriyada İranın dəstəklədiyi prezidenti iqtidardan endirmək üçün mübarizə aparan bir sıra qrupları silahlandıraraq, üsyanın əsas sponsoru olub". Əsasən belə deyilirdi.
"Əsədə qarşı üsyan indi mürəkkəb görünür, 2011-ci ilə qədərki status-kvo geri dönməyincə, Suriya hökumətinə qarşı mübarizə aparan qüvvələrə dəstəkdən tədricən imtina ediləcək". İndi bu fikir hakimdir.
Ancaq “WSJ” tərəfindən aşkar edilmiş və bir çoxlarının şübhə altına aldığı məlumat bu fikrin də erkən ola biləcəyini deyir. “Journal”ın məlumatına görə, İsrail və Səudiyyə Ərəbistanı, Suriya münaqişəsinin başlanğıcından əlbir olublar. "İsraillilər Suriyalı üsyançıları nağd pul, ərzaq, yanacaq və tibbi ləvazimatla təmin edərək, özünə düşmən ölkədəki münaqişədə gizli iştirak edirlər. Onların hədəfi Vətəndaş müharibəsində dost güclərin yaşadığı bufer zona yaratmaqdır".
"İsrail ordusu üsyançı qruplarla müntəzəm olaraq əlaqə saxlayır və onun köməyi ilə suriyalı döyüşçülərin maaşları ödənir, döyüş sursatı və silah almaqda komandirlərə yardım göstərilir". Bunu onilliklər boyunca qonşu dövlətlə müharibə vəziyyətində olan Suriyadakı üsyançılara dəstəyə nəzarət edən və hərbi yardım üçün müəyyən bir büdcəni idarə edən bir israilli hərbçi deyir.
Bu xəbər böyük təəccüb doğurmur, çünki İsrail keçmişdə də öz sərhədləri içərisində suriyalı mülki şəxslərə və döyüşçülərə tibbi yardım göstərib.
"İsrail bizimlə qəhrəmancasına çiyin-çiyinə durub, – bunu müxalif “Fursan əl-Culan” (“Colan cəngavərləri") qrupunun sözçüsü Muatid əl-Colanı deyir. – İsrailin yardımı olmadan sağ qalmayacağıq".
Döyüşçülərin sözlərinə görə, “Əl-Colan” İsrail ilə koordinasiya aparan ana üsyançı qrupdur. “WSJ”-yə bildirib ki, İsrailin köməyi 2013-cü ilin əvvəlində sabiq müdafiə naziri Moşe Yaalon dövründə başlayıb. Məqsəd İsrailin sərhədində İŞİD və İranla müttəfiq qüvvələrdən azad olan “bufer zonası” yaratmaqdır.
“Fursan əl-Colan” – “Colan cəngavərləri” təxminən 5 min dollar məvacib alırlar. 400-ə yaxın döyüşçü qrupu Qərb tərəfdaşlarından heç bir dəstək almayıb və “Azad Suriya Ordusu” ilə əlaqəli deyil.
“Journal”ın məlumatına görə, İsrail, Qərb tərəfdarı olan dörd digər üsyançı qrupa maliyyə verir. Müşahidəçilər minlərlə adamın yaşadığı bu ərazidə bir çox kənddə təxminən 800 üsyançının olduğunu deyir. Həm üsyançılar, həm də mülki əhali İsrailə güvənirlər.
"Çoxları İsrail ilə əməkdaşlıq etmək istəyir", – üsyançı qrup “Livaa”nın üzvü Usud əl-Rahman deyir.
“Fursan əl-Colan”ın döyüşçüləri yaralanandan sonra sərhədə gedərək israilli əsgərlərə tibbi yardım üçün yalvarıblar. İsraillə ittifaq da həmin vaxtdan yaranıb.
İsrail baş naziri Binyamin Netanyahunun ofisi “Journal”a şərh verməyib. İsrail ordusu isə “İsrail sərhədlərinin təhlükəsizliyini təmin etmək, terror hücumları və düşmən qüvvələrə mane olmaq üçün” bölgədə yaşayan suriyalıları “humanitar yardımla təmin etdiyini” açıqlayıb.
İsrail və Suriya onilliklər ərzində texnik cəhətdən müharibə vəziyyətindədir. Suriya Colan Təpələrinin üçdə birinə nəzarət edir.
Son illərdə Suriya ərazisindəki İsrail hava hücumları, Əsəd hökumətinin yanında döyüşən müttəfiq “Hizbullah”ın silah qaçaqçılığının qarşısını almaq məqsədi daşıyır. “Hizbullah”, İran kimi, yəhudi dövlətinin məhvi ideyasına sadiqdir.
Əlbəttə, Əsəd keçmişdə də iddia edirdi ki, israillilər hökumətin terrorçu adlandırdığı üsyançı qrupları dəstəkləyir, müxalifət elementləri isə İsraili, rejimə köməkdə ittiham edir. Ən böyük kinayə Suriya münaqişəsinin bütün müddəti boyunca, İsrail və Səudiyyə Ərəbistanının Əsəd rejiminə qarşı düşmənçiliyidir. İndi İsraili də (İran, Türkiyə, Rusiya, Çin, Səudiyyə Ərəbistanı, Qətər, ABŞ, Avropa və ərəb ölkələri ilə yanaşı) Suriyadakı vəkalət müharibəsinə əlavə etmək olar.
Bu gün İŞİD-in İsrail vətəndaşları və ya İsrail ərazisinə niyə hücum etmədiyinin səbəbi aydınlaşır.
“Wall Street Journal” Suriya müharibəsində İsrailin iştirakına dair xronologiya tərtib edib:
2011: İranın dəstəklədiyi prezident Bəşər Əsədə qarşı Suriya üsyanı başlayır.
2012: Suriya üsyançı qrupu, İsrail sərhədinin yaxınlığında bölünmüş Colan Təpələrindəki “Yarmuk Şəhidləri Briqadası”, İŞİD-ə beyət edir. Daha sonra digər qruplarla birləşərək, “Xalid ibn Vəlid ordusu” yaranır.
2013: İsrail sərhədi yaxınlığında yerləşən xəstəxanalarda müharibədə yaralanan suriyalılar müalicə olunur. Gizlicə Suriya tərəfindəki üsyançı komandirlərlə əlaqələr qurmağa və yardım göndərməyə başlanır.
Yanvar, 2015: İsrailin hava hücumu zamanı “Hizbullah milisləri və Qunaytra vilayətinin yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun generalı öldürülür.
İsrailin müdafiə naziri Moşe Yaalon deyir ki, Suriya üsyançılarına tibbi müalicə ilə kömək edir. Bunun qarşılığında onlar söz veriblər ki, Colanın Suriya və İsrail tərəflərində yaşayan dəruzi dini azlığına hücum etməyəcəklər.
Sentyabr, 2015: Rusiya Əsəd rejimi tərəfində müharibəyə girərək, İranın dəstəklədiyi prezidentin lehinə hakimiyyət balansını dəyişir.
Dekabr, 2015: Livan “Hizbullah”çısı Samir Kuntar Şam şəhərinə İsrailin hava hücumunda öldürülür. İsrail səlahiyyətliləri, sonradan Colanın Suriya tərəfində İsrailə qarşı hücumlar planlanlaşdırıldığını söylədilər.
2016: İsrail gizli şəkildə Colan Təpələrində üsyançılar və vətəndaşlarla əlaqə qurmaq üçün bir ordu vahidi və büdcə qurur.
Noyabr, 2016: İsrailli əsgərlər atəşə məruz qaldıqdan sonra dörd “Xalid ibn Vəlid”çini öldürürlər.
Mart, 2017: Suriyadakı münaqişənin başlanğıcından bəri iki ölkə arasındakı ən sıx hərbi mübadilədə İsrail döyüş təyyarələri Suriyada hava hücumları həyata keçirir.
İyun, 2017: Suriyalı üsyançılar son dörd ildə İsraildən pul alduqlarını söyləyirlər. Döyüşçülərin maaşlarını ödəmək və silah-sursat almaq üçün.
Tərcümə: Strateq.az