XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

03 İyul 2017 - 18:20

Azərbaycana Rusiya silahının tədarükü Ermənistanda hiddət fırtınası qoparıb –Rusiya ikiüzlülükdə suçlanır, əhaliyə təsəlli verilir - TƏHLİL

İrina Corbenadze

rosbalt.ru, 03.07.2017

 

Ermənistan qəzəbindən aşıb-daşır: bu günlərdə Bakı limanına Rusiya silahının yeni partiyası daxil olub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, RF-dən “ən yeni hərbi texnikanın planlı tədarükü” tərəflərin hökumətlərarası sazişinə uyğun həyata keçirilir  və “müasir silahın bütün böyük partiyası ən yaxın vaxtlarda cəbhəyanı zonaya göndəriləcək”. Yəni Qarabağ və Ermənistan-Azərbaycan münaqişəsi zonasına.

Azərbaycan Müdafiə Nazirliyi həmçinin izah edir ki, yeni silahlar respublika silahlı qüvvələrinin qabaqcıl bölmələrinin düşmənin zirehli texnikası, mühəndis və istehkam qurğuları, hava hədəfləri, canlı qüvvəsi və digər obyektlərinin darmadağın edilməsi üzrə döyüş və manevr imkanlarını gücləndirəcək. Əlbəttə, düşmən deyərkən Dağlıq Qarabağ və Ermənistan – Rusiya ilə müttəfiqlik münasibəti, qoşunların birləşmiş qruplaşması, KTMT və başqa xeyli məsələnin bağladığı respublika nəzərdə tutulur.

“Bu, necə olur?” – İrəvanda soruşurlar, lakin 5 milyar dollarlıq Rusiya silahının Azərbaycana satışı üzrə sövdələşmə haqda burada artıq çoxdan bilirlər. Amma baş tutmuş, həm də tirajlanmış fakt həmişə qeydə alınmış və möhürlə möhkəmləndirilmiş faktdan daha böyük təəssürat doğurub.

Bakı limanına məhz hansı öldürcü silahın yan aldığını Azərbaycan Müdafiə Nazirliyi dəqiqləşdirmir. Lakin Azərbaycan KİV-ləri ölkə hərbi cəbbəxanasının məhz nə ilə tamamlandığı haqda tam və özü də illüstrasiyalı hesabat verib. Silah nomenklaturası haqda artıq xarici mətbuat da yazır. Söhbət xüsusən də “Xrizantem-S” tank əleyhinə idarəolunan raket kompleksi, yardımçı texnika və raketlərdən gedir.

Ermənistan Müdafiə Nazirliyi başçısı Vigen Sərkisyana görə, Azərbaycana istənilən silah tədarükü yalnız mənfi müstəvidə nəzərdən keçirilə bilər, çünki “bu ölkə gözlənilməzdir və orada demokartik nəzarət mexanizmləri yoxdur”.

Onun iddiasına görə, Azərbaycan siyasi məsələləri hərbi yolla həll edə bilməz, çünki müharibə ölkə iqtisadiyyatına ödənilməz itki gətirəcək. O, Rusiya “ikiüzlülüyündən” qəzəblənmiş həmvətənlərinə təsəlli verib ki, Rusiya Ermənistana silahı “daxili qiymətlərlə” satır.

Xarici işlər naziri müavini Şavarş Köçəryan isə bildirib ki, Ermənistan təhlükəsizlik məsələlərində birinci növbədə özünə güvənməlidir və “gərəksiz gözləntilər lazım deyil”.

Bu, diplomatik dildən tərcümədə ona işarədir ki, Azərbaycanla müharibə halında RF-yə xüsusi güvənməynə dəyməz. O deyib: “Biz Rusiya və digər tərəfdaşlarla xarici siyasətimizi mövcud gerçəkliklərdən çıxış etməklə qurmalıyıq”.

Jurnalistlərin Qarabağ münaqişəsi zonasında genişmiqyaslı hərbi əməliyyatların mümkünlüyü haqda sualına Köçəryan bildirib ki, Ermənistan “buna həmişə hazır olmalıdır”. Onun sözlərinə görə, Azərbaycan “istənilən addımı ata bilər”.

“Armenian Report” Rusiya silahının Azərbaycana tədarükünü şərh edərək yazıb: “Sağ ol, müttəfiqcik!

“Новости – Армения” agentliyi öz növbəsində publisist Denis Dvornikovun sözlərini misal gətirir: “Raxmaninovun adı verilmiş gəmidə öz müttəfiqinin düşmənlərinə silah göndərmək – necə də incə həyasızlıqdır. Barı özlərinin hansısa “Комсомольeц”, ya da “Дзержински”lərində göndərəydilər”.

Media eksperti Arman Abovyan sual edir: “Bakılılar üçün daha nə qədər gəmi və “gül” planlaşdırılıb?”

Siyasi icmalçı Arman Abovyan isə yazır ki, rus siyasətçiləri anlamırlar ki, “bu rus silahı gec, ya da tez rus əsgərlərinə də atəş açacaq”, çünki Azərbaycan uzun müddət “qardaş-qardaş” oynaya bilməz”.

Onun fikrincə, Rusiyanın Ermənistanın düşmənləri tərəfindən oynamağının sərfəli olmayacağı dövlətlərarası münasibətlər formatı lazımdır: “Əslində, məsələni ancaq bu cür həll etmək olar”.

Ermənistan ekspertləri deyirlər ki, Azərbaycan Rusiyadan hələ 100 ədəd T-90 tankı almağa ümid edir və İsrailin “Spayk” çoxfunksiyalı tank əleyhinə raket komplekslərini inadla əldə edir. Və bu, Azərbaycanın silahlanma qovğasının yalnız bir seqmentidir. Ermənistan ekspert cəmiyyətinin önəmli hissəsi təkid edir ki, ölkə hakimiyyəti Rusiya ilə münasibətləri yenidən nəzərdən keşirtsin, çünki əks halda onu Ermənistana “düşmən” adlandırmaq çətindir.

Hazırda İrəvanda az adamın dili deməyə dönür ki, Rusiya Azərbaycana hərbi tədarükləri ilə yaxşı iş görür – bölgədə qüvvələr tarazlığını saxlamağa cəhd edir. Nəticə – elə bir müttəfiq axtarmaq lazım gəlir ki, Azərbaycana öldürücü silah tədarük etməsin və erməniləri öz müdafiəsi altına götürsün. Lakin bu halda sual yaranır: Ermənistana “İskəndər” və “Qasırğa” tipli nəyisə Rusiyadan başqa kim satacaq? Həm də “daxili qiymətlərlə”.  Burada qeyd edək ki, “İskəndər” təkcə Rusiya və Ermənistanın silahlanmasında var. Bir növ, “ekskülziv”.

Ermənistanda bəzi siyasi dairələr hesab edir ki, “Qərb ölkəyə yardım edər” və buna görə də onunla, xüsusən də Avropa Birliyi ilə tərəfdaşlıq haqda sazişi imzalamağı sürətləndirmək lazımdır. Lakin gerçəklikdə təxmin edilən “əməkdaşlıq” – Ermənistan və Dağlıq Qarabağın Azərbaycanla probleminin həll edilməsi baxımından tam bir avamlıqdır. Ermənistan uğrunda heç kim, hətta KTMT də vuruşmayacaq – hansı ki ölkəyə – bu qurumun üzvünə hücum halında bu addım atılmalıdır. Ancaq burası da var ki, Azərbaycan uğrunda da heç kim vuruşmayacaq. Təkcə Türkiyə. O da hərbi texnika və təlimatçılar yardımı səıviyyəsində (uyğun zəmində RF ilə maraların münaqişəsizliyi halında).

Praktik olaraq müharibə vəziyyətində olan hər iki ölkəyə Rusiya hərbi tədarükləri kontekstində ən “yumşaq” variant nəzərdən keçirilsə, guya, Moskva kommersiya təsəvvürlərini və qüvvələr tarazlığının saxlanmasını əsas götürür, onda Azərbaycan haqda nə demək olar? Ya Ermənistanın bu yaxınlarda öz “İskəndər”lərini Bakıya nümayiş etdirərkən etdiyi kimi onun da ölüm gətirən “Xrizantem”lərlə Ermənistanı qorxutduğunu, ya da onun, yəni Azərbaycanın ciddi şəkildə müharibəyə hazırlaşdığını. Özü də Rusiyanın sanksiyası olmadan. Sonuncu hələlik nə daxili, nə də sanksiyaların uzadılması daxil olmaqla Suriya, Ukrayna, NATO tərəfdən “artan təhlükə” və s. xarici problemlərin öhdəsindən heç cür gələ bilmir. Belə ki, onun Cənub Qafqazda müharibəlik halı heç yoxdur.

Ermənistanın “Qərb bizə yardım edər” inamına gəlincə. Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT Minsk Qrupu indiyədək heç nə edə bilməyib, çünki Bakı da, İrəvan da açıq şəkildə güzəştlərə getmir. Sanki dördgünlük aprel müharibəsi onlara hansısa dərs verib, lakin əməldə tənzimləmənin ümumi fəlsəfəsinə gətirib çıxarmayıb. Və göründüyü kimi, burada Rusiya da gücsüzdür: o, ancaq düşmən tərəfləri silahlandırmaqla “yamaq vurur”, böyük pullar qazanır, amma onları tənzimləmənin mərhələli həllinə məcbur edə bilmir.

Rusiya XİN başçısı Sergey Lavrovun Minsk Qrupu həmsədrləri ilə görüşdən öncə dediyi kimi, “Qarabağ münaqişəsinin tənzimlənməsinə nisbətdə sazişlər müxtəlif formatlarda dəfələrlə razılaşma həddində olub, lakin gah bu, gah da o bir tərəfin inamsızlıq instinkti meydana çıxıb… Lakin işləməyi davam etdirmək lazımdır”.

Əlbəttə, lazımdır, lakin azğın silahlanma fonunda deyil. Divardan asılmış silah atəş açmağa qabildir – hələ “İskəndər”ləri, “Qasırğa”ları, “Xrizantem”ləri və ölüm gətirən digər “flora”nı demirik. Rusiyanın “qüvvələr balansı üçün belə lazımdır” təlqinlərinə baxmayaraq, əslində, dinc tənzimləmə siyasi məntiqinin ardıcıl inkişafını öldürür və ermənilərin gözündə Moskvanın nüfuzunu tam qəbuledilməzliyə qədər sarsıdır.

Ciddi danışsaq, Rusiya silahının gəlişi şərəfinə “ura!”ya baxmayaraq, bu nüfuz Azərbaycanda da möhkəmlənmir. Çünki Bakı Rusiyadan, demək olar, istədiyini daşımağa nail olur. Bu, hörmətin artmasına səbəb olmur, amma zahirən dinc və ədəbli görünür: Rusiya “dost, qonşu, tərəfdaşdır”.

Bu, rəsmən şübhəyə məruz qalmır: RF-də Azərbaycan dasporu hədsiz dərəcədə böyükdür və Moskvanın bölgə siyasəti hədsiz dərəcədə gözlənilməzdir.

Ümumiyyətlə, Rusiya Azərbaycana son silah tədarükləri ilə Ermınistanı özündən heç vaxt olmadığı qədər kənarlaşdırıb. Özü də cari siyasi məqamın tələb etdiyindən daha uzağa. Təbii ki, İrəvan vurnuxur və özünə dostlar “ələ almağa” cəhd edir, amma hədərcəsinə. Bu mənada Rusiya düzgün hesab aparıb: Ermənistan hələlik ondan heç hara gizlənə bilməz.

Amma budur, Moskvanın Ermənistandan fərqli olaraq “çoxyönlü” deyilən siyasət yürütməyi qadağan edə bilmədiyi Azərbaycan perspektivdə Rusiya silah bazarından da çıxmağı tam bacarar. İlham Əliyevgenetikaca” ağıllı adamdır. Perspektivdə məsələ “rəngli çevriliş”ə qədər gedib çıxsa, o öz ölkəsini hələ mövcud Rusiya təsirindən də çıxardar.

Əlbəttə, bu, Şimal Qafqazda bəzi kataklizmlərə səbəb olacaq, lakin Rusiyanın üsyankar bölgəni ram etməyi birinci dəfə deyil. Ermənistan üçün isə hələlik aşkar şəkildə əlverişsiz durum biçimlənir.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə