Alan Foyer
“New York Times”
İsraildən Birləşmiş Ərəb Əmirliklərinə, sənət və sənət əsərlərinin satıcısı olan “Hobby Lobby”yə məxsus pərakəndə satış yerlərinə göndərilən paketlərdə gil lövhələr aşkarlanıb.
Vətəndaşların çərşənbə günü Bruklindəki federal prokurorlara etdiyi şikayətə əsasən, paketlərdə çox nadir və qiymətli əşyalar aşkarlanıb – İraqdan ABŞ-a qaçaqmalçılıqla gətirilmiş, üzərində mixi yazılar olan qədim gil lövhələr.
Prokurorlar şikayətlərə əsaslanaraq bildiriblər ki, xristian-yevangelist sahibləri olan “Hobby Lobby” Yaxın Şərqə Bibliyanı təbliğ etmək adı altında 2009-cu ildən etibarən “Məhsuldar Hilal”dan mədəni əsərlər kolleksiyasını toplamağa başlayıblar.
Şirkət bu işdə o qədər uzağa gedib ki, hətta bundan minlərlə il əvvəl Mesopotamiyada meydana gələn mixi xarakterli yazı ənənəsini əks etdirən gil lövhələri – çox sayda nadir tarixi eksponatı yoxlamaq üçün öz prezidentini və antik dövr üzrə məsləhətçisini Birləşmiş Ərəb Əmirliklərinə göndərib.
2010-cu ildə “Hobby Lobby” tərəfindən muzdla işə götürülmüş mədəni mülkiyyət hüququ üzrə ekspert, şirkət rəhbərlərini xəbərdar edib ki, ola bilsin, bu əsərlər İraqdakı tarixi yerlərdən qənimət kimi götürülüb və onların qanuni varisliyinin müəyyən edilməməsi qanun pozuntusudur.
Bu xəbərdarlığa baxmayaraq, “Hobby Lobby” 2010-cu ilin dekabr ayında adı açıqlanmayan dilerdən 1,6 mln. $ dəyərində 5.500-dən çox artefakt – gil lövhə və gil tilsim və silindr formalı möhürlər satın alıb.
Şikayətə əlavə olaraq, çərşənbə günü prokurorlar “Hobby Lobby” ilə müqavilə bağlayıblar ki, şirkət bütün artefaktları geri qaytaracaq və mülki hərəkətləri həll edərək hökumətə 3 milyon dollar cərimə ödəyəcək.
Məhkəmədən verilən məlumatına görə, “Hobby Lobby”nin sövdələşdiyi adı açıqlanmayan diler ABŞ-da, Nyu-Yorkun Şərq dairəsində qeydiyyatdan keçib.
Hökumət artefakt sahiblərinin öz iddialarını təqdim etməsi üçün 60 gün müddətində onlayn bildiriş yayacaq. Bundan sonra, İraq hökuməti öz iddiasını təqdim edə bilər.
Tarixi eksponatların kimə məxsus olması barədə son qərarı isə ABŞ-ın Ədliyyə Nazirliyi verəcək.
Müqavilə, həmçinin “Hobby Lobby”dən mədəni əşyaların idxalını daha yaxşı idarə etməsi, ixtisaslı gömrük brokerlərinin və məsləhətçilərinin işə götürülməsi üçün daxili siyasət qəbul etməsini və növbəti 18 ay ərzində hər hansı bir antik dövr əşyasının satınalmalarını ətraflı təsvir edən rüblük hesabatların Birləşmiş Ştatlar Prokurorluğunun Bruklindəki ofisinə təqdim olunmasını tələb edir.
“Hobby Lobby” şirkətinin prezidenti Stiv Qrin öz açıqlamasında bildirib ki, tarixi əsərlərə dair istintaqda şirkət federal müstəntiqlərlə tam əməkdaşlıq edib.
Prokurorların sözlərinə görə, 2010-cu ilin dekabrında “Hobby Lobby”in əldə etdiyi əsərlər "qırmızı xətlər"i adlamaq idi. Şikayətə əsasən, şirkət artefaktların mənşəyi barədə ziddiyyətli məlumatlar əldə edib, əşyaların ona məxsus olduğunu iddia edən dilerlə birbaşa görüşməyib.
Bunun əvəzinə, ikinci dilerin təlimatı ilə “Hobby Lobby” yeddi fərdi şəxsi bank hesabına ödənişlər edib. Birinci diler daha sonra gil və ya keramik lövhələr kimi qeyd olunan əşyaları “Hobby Lobby”nin Oklahoma ştatındakı üç ofisinə göndərib.
Prokurorların dediyinə görə, paketlərin hamısı üzərində Türkiyə mənşəli etiketlər olub.
Neçə-neçə illərdir ki, “Hobby Lobby” yevangelist xristianlığı təbliğ etmək, Müqəddəs Kitab mövzularında filmlər çəkmək, xristian kitab mağazaları şəbəkəsi yaratmaq və xristian xeyriyyə təşkilatlarından ianə toplamaq üçün çoxsaylı səylər göstərir.
2014-cü ildə şirkət Ali Məhkəmədə icraata görülən bir işdə cavabdeh olub. Həmin işdə ailə mülkiyyətində olan korporasiyaların məcburi sığorta ödənişləri etməsi də daxil olmaqla, vicdan (din) azadlığını qoruyan federal qanunun pozulması halı nəzərdən keçirilirdi.
Cənab Qrin bildirib ki, “Hobby Lobby” kitabxanalarının mixi yazılı gil lövhələr kolleksiyası “şirkətin Bibliyaya maraq yaratma missiyasına uyğun” idi. O əlavə edib ki, şirkət müxtəlif muzeylərdən və ictimai qurumlardan satın aldığı əşyaları göstərməyi planlaşdırırdı.
Qaçaqmalçılıq iddialarına gəldikdə isə, cənab Qrin bildirib ki, “Hobby Lobby” "artefaktlar alqı-satqısı dünyasına yeni iştirakçı idi və satınalma prosesinin çətinliyini tam olaraq qiymətləndirməmişdi.
"Kədərli səhvlərə yol verilib və mən bu işə daha çox nəzarət etməli idim”, – o deyib.
Tərcümə: Strateq.az