XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

07 İyul 2017 - 11:35

“Fərat qalxanı-2” əməliyyatı:Hədəf yalnız YPG-dirsə, bəs müttəfiqlər kimdir? - Təhlil

Fehim Taştekin

“Al-Monitor”

 

“Fərat qalxanı” əməliyyatını martın 29-da Milli Təhlükəsizlik Şurasının bəyanatı ilə bitirən, amma əsgərləri geri çəkməyib, Aazez-Əl-Bab arasındakı sahədə saxlayan Türkiyə, Suriyadakı mühüm proseslərə paralel olaraq, bölgədə yeni əməliyyata başladı.

Keçən həftə çox sayda tank, top və zirehli nəqliyyat vasitəsilə Kilisdən Suriyaya daxil olaraq Aazez, Mare və Tel-Rifat tərəfə cəmləşdi. Türk Silahlı Qüvvələrinin (TSK) olduğu bölgələrdə hərəkətlilik başladı.

TSK “Fərat qalxanı” əsnasında Mare, Tuveys, Kel-Cəbrail və Dabi kimi yerlərdə baza qurmuşdu. Ankara bu dəfə “İstiqamət İdlibdir” deyərkən sahədəki strategiyası ilə ikili bir oyuna işarə edir.

Ümumi çərçivədə İŞİD-in məğlub olduğu sahələrdə təsir dairəsi bölgüsü gedərkən, Türkiyənin də nəzarətindəki ərazini böyütməyə çalışdığı deyilə bilər. Bu çərçivədə Ankaranın etmək istədiyi iki şey var:

– birincisi, Astana danışıqları çərçivəsində yaradılacaq “hərbisizləşdirilən zonalar”da hərbi gücü ilə var olmaq;

– ikincisi və ən önəmlisi, Fəratın qərbində, bir tərəfdə – ABŞ və kürdlər, digər tərəfdə – Rusiya, İran və Suriya ordusunun iştirak etdiyi rəqib koalisiyalar arasında yaşanan rəqabətdən faydalanaraq “Xalq Müdafiə Birlikləri”nin (YPG) meydana gətirdiyi dəhlizə müdaxilə etmək.

Məlumdur ki, Türkiyə, “kürd dəhlizi” kimi səciyyələndirilən YPG-nin nəzarət xəttini milli təhlükəsizliyinə təhdid olaraq görür. Ankaranın rəsmi açıqlamalara baxdıqda, “Əhrar-üş Şam” ilə “Heyət Təhrir-üş-Şam” arasında bölünən İdlibin Türkiyənin nəzarət sahəsinə daxil edilməsi yönlü əməliyyatın başlamasına düymə basılıb.

Prezidentin sözçüsü İbrahim Kalın, Rusiya və Türkiyənin İdlibə dair bir planından söz açdı: "İdlib bölgəsində biz və ruslar, Şam ətrafında Rusiya-İran, cənubdakı Dara bölgəsində İordaniya və amerikalıların iştirak edəcəyi mexanizm üzərində çalışırıq. Hətta rusların bir təklifi var, bəlkə qırğızlar, qazaxlar müəyyən sayda güc göndərsin".

Hökumət mənbələrinin mediaya sızdırdığı məlumatlara görə, "Üç ayrı nöqtədən Suriyaya keçəcək olan TSK birlikləri 85 km uzunluğu və 35 km eni olan sahənin idarəsini təmin edəcək. Şərqdə Dar Əl-İzzə-Kala Samandan başlayacaq dəhliz, qərbdə Ubin-Hirbet Əl-Cuz bölgəsinə çatacaq. Hatay sərhəd xəttindən cənubda, Sahil Əl-Qapa çatacaq 35 km-lik sahə də TSK-nın nəzarətində olacaq. TSK liderliyindəki İdlib “hərbisizləşdirilən zonası”nda “Azad Suriya Ordusu” (ASO) da vəzifə alacaq. Bu çərçivədə min beş yüz-iki min ASO əsgərinə “hazır olun” təlimatı verildi".

Türk mediası iki bölüyün Marenin qərbində, yəni Tel-Rifatın şərqində cəmləşməsi, beləcə, Afrininin mühasirəsinin tamamlanacağı proqnozu verdi.

TSK-nın Aazez-Mare xəttinə başladığı nəql ilk başda fərqli bir səbəbə dayaqlanırdı: "YPG və müttəfiqlərinin nəzarətindəki bölgələrdən “Fərat qalxanı”na qarşı hücumlar var". İddia bu idi ki, Tel-Rifat, Mena hərbi bazası və Horbüldən, Maredəki TSK birliklərinə yaxın nöqtələrə “Qrad” mərmisi, topu mərmisi atılıb. Buna görə həm TSK, həm də “Azad Suriya Ordusu” əks-hücuma keçdi”.

“Al-Monitor”a danışan bir YPG komandiri isə bildirdi: "Fəratın qərbində Türkiyənin himayəsindəki hrbi qruplar öz aralarında didişir. Türkiyə bunun çarəsi kimi onları yenidən kürdlərə qarşı yönəltdi. Bir neçə gündür TSK və himayəsindəki qruplar Tel-Rifat və Afrinə istiqamətli hücumları artırdı. YPG bu hücumları dəf etdi".

Kürd mediası isə ABŞ-ın Tabkada “Suriya Demokratik Qüvvələri”ni (SDQ) qoruma adı altında Suriya təyyarəsini vurmasından sonra Rusiyanın göz yummasıyla Türkiyənin Tel-Rifat və Afrinə ortaq əməliyyat başlayacağını iddia etdi.

Prezident Tayyib Ərdoğan isə dedi: "PYD, YPG eyni səydədir. Arxanızda kim olursa-olsun, bilin ki, Türkiyə bütün imkanlarıyla Şimali Suriyada dövlət qurulmasına əsla icazə etməyəcək".

Hərbi vasitələrin Aazezə bağlı Dodyan, Kere Mezra və Sava kəndlərinə də yerləşdirilməsi Afrinə hücumun yaxın planda olduğu mənasını verir. Apocu kürd hərəkatının 1990-cı illərdən bəri çox güclü olduğu Afrin əvvəllər də dəfələrlə Türkiyənin istiqamətləndirdiyi qrupların hücumlarına məruz qalıb. Türkiyə də çoxdandır Afrini top atəşinə tutur.

İstənilən halda ortaya qoyulan plan onun İdlib əməliyyatı olmadığına işarə edir. Bir dəfə yaradılacaq dəhliz Afrinədək uzanacaq. Amma Aazez-Mare xəttində YPG və müttəfiqlərinin nəzarət etdiyi Tel-Rifat, Şeyx İsa və Kafr Naya yerləşir. YPG-nin nəzarət sahəsinin kənarında isə Suriya ordusu, Hələbdən şiə diyarları Nubl və Zəhraya doğru dəhliz açılır. Suriya ordusunun nəzarətindən kənarda, qərbdə yenə YPG-nin qala kimi qoruduğu Afrin sərhədləri başlayır. Son hədəf İdlib olsun, ya da olmasın bu istehkam qarşısında duran yeganə güc YPG-dir.

Sadə bir məntiqlə Kobani və Mənbicdən Afrinə doğru “kürd dəhlizi”ni kəsmə niyyətilə yola çıxan TSK-nın “Fərat qalxanı”yla yarımçıq qoyduğu işi bu dəfə "Hədəf İdlib" deyərək başa çatdırmaq istədiyi deyilə bilər.

Keçən səfər Əl-Babdan sonra TSK, Fəratın qərbindəki Mənbicə yönəlmişdi, ancaq Amerikan güclərinin qırmızı bayraq qaldırması ilə əməliyyat yarımçıq qaldı. Afrinə yönələn təzyiqlər qarşısında da ruslar atəşkəsi müşahidə etmə adı altında bölgəyə kiçik hərbi missiya göndərmişdi. Tel-Rifatla əlaqədar də Amerikan gücləri keçən səfər kürdlərə zəmanət verməmişdi. Bu mərhələdə Rusiya və ABŞ-ın verəcəyi təpki naməlumdur.

SDQ-nin Fəratın qərbinə keçib Tabka bazasını ələ keçirməsi, Amerikan güclərinin buraya yerləşmək istəməsi, SDQ-nin Raqqa və Deyr əz-Zura doğru irəliləyən Suriya ordusunun qarşısını kəsməyə çalışması və nəhayət, ABŞ-ın Suriya təyyarəsini vurması ilə artan gərginlik Türkiyənin şimalda əlini rahatlaşdırdı.

Bu görə də, Rusiyanın Türkiyəyə Tel-Rifat və Afrinə yaşıl işıq yandıraraq, kürdləri itaətə gətirmək istədiyi iddiaları var.

Kürdlər bu əməliyyatda Suriya ordusunun da Türkiyə ilə birlikdə olduğunda israr edir. Lakin mövcud məlumatlar işığında nə rusların, nə də Suriya ordusunun kürdlərin əzilməsinə dəstək verdiyinə dair işarə yoxdur. Əksinə, Dəməşqdən əks yönlü şərhlər gəlir.

 

Tərcümə: Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə