Andrey Nikolayev
rosbalt.ru, 12.07.2017
Erməni mənşəli Rusiya sakinlərinə uzun illərdir Azərbaycan ərazisinə giriş qadağan edilib. Hətta Bakı aeroportundan tranzitlə keçən ermənilər son təyinat nöqtəsinə çatmaya da bilər. Çünki onları tez-tez “geri döndərir” və elə onların da hesabına gəldikləri yerə göndərirlər.
Quru sərhədindən danışmaq isə ümumən artıqdır: həbsxanaya da düşmək olar. Lakin Rusiya nədənsə bu cür özbaşınalığa iyirmi ildən çoxdur heç bir reaksiya verməyib və ümumiyyətlə, belə bir rüsvaylıq haqda susub.
Lakin görünür, bəzi səbəblərə görə, bu mövzunun tam ucadan səslənmək və ardınca səs-küylü qalmaqala səbəb varmış. Deməli, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycandan “iki ölkə arasındakı dostluq münasibətlərinə uyuşmayan biabırçı ayrı-seçkilik praktikasının dayandırılmasını” tələb etdiyi məlumat yayıb.
Əlbəttə, qeyd olunur ki, Rusiya tərəfi “yaranmış durumdan nəticələr çıxaracaq”.
Məlumatda həmçinin vurğulanır ki, Bakı ilin əvvəlindən 25 Rusiya ermənisinin girişinə imtina cavabı verib, onları bir neçə saat Bakı aeroportunda saxlayıb, sonra isə elə onların hesabına da zorla sürgün ediblər.
Rusiya XİN-də hesab edirlər ki, bütün bunlar “təəccüblü” görünür, insan haqlarını birbaşa pozur və dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqda 1997-ci il 3 iyul tarixli Rusiya-Azərbaycan Müqaviləsinə, vətəndaşların vizasız səfəri haqda hökumətlərarası sazişlərə, həmçinin Rusiya ilə Azərbaycan arasındakı 2008-ci il 3 iyul tarixli dostluq və strateji tərəfdaşlıq haqda Bəyannaməyə ziddir.
Rusiya XİN həmçinin qeyd edir ki, erməni millətindən RF vətəndaşlarına münasibətdə mövcud praktikanı dayandırmaq, Heydər Əliyev adına beynəlxalq aeroportdakı durumu araşdırmaq, məsul şəxslərin hərəkətlərinə qiymət vermək tələbilə Azərbaycan tərəfinə dəfələrlə rəsmən müraciət edib, lakin heç bir iş görülməyib. RF xarici siyasət idarəsində qeyd olunduğu kimi, Azərbaycana gələn Rusiya vətəndaşları əvvəlki kimi özbaşınalığın qurbanı olmaq riskinə gedirlər.
Burada qeyd edək ki, arzuedilməz “beşinci sütun”dan Rusiya vətəndaşlarını Bakı aeroportunda olduqları “qapalı” müddətdə sürgün gözləntisi ilə saatlarla ac saxlayırlar – ümumiyyətlə, “yanlış” millət fərdlərinin saxlanma şəraiti haqda ancaq mənfi yöndə danışmaq olar. “Yanlış”, əslində, aşkar “düşmən” millətə bəzən, aeroport əməkdaşlarının fikrincə, şübhəli soyadla başqa mənşəli təmsilçilər düşür, lakin bu adamların erməni etnosuna heç bir yöndən dəxli olmur. Azərbaycan XİN milli əlamətlərə görə Rusiya vətəndaşlarına ayrı-seçkiliyə münasibətdə Moskvanın reaksiyasına cavab verib ki, bu məsələ tərəflər arasında diplomatik münasibətlərin bütün 25 ili ərzində Rusiya tərəfindən heç vaxt qaldırılmayıb. Azərbaycan XİN-in yaydığı məlumatda deyilir: “Rusiya tərəfinin bu məsələdə məhz indi bu cür fəallığı bizə aydın deyil”.
Sənəddə həmçinin deyilir ki, Azərbaycan tərəfi erməni mənşəli Rusiya vətəndaşlarının ilkin bildiriş və xəbərdarlıq əsasında ölkəyə gəlişi üçün bütün şəraiti yaradıb və əvvəllər heç bir problem olmayıb. Moskvanın ermənilərin ölkəyə gəlişi məsələsində indi sərgilədiyi “qeyri-dostluq” münasibəti isə, Bakının fikrincə, Azərbaycan və Rusiya arasındakı strateji tərəfdaşlığa uyğun deyil. Və açıqlamada deyilir ki, ümumiyyətlə, Azərbaycan özəl milli maraqlar və təhlükəsizlik təsəvvürlərindən çıxış etməklə başqa dövlətlərin vətəndaşlarının ərazisinə gəlməsi haqda qərarı müstəqil şəkildə qəbul edir.
Bundan başqa, rəsmi Bakı Qarabağ münaqişəsi zonasında nəticədə dinc sakinlərin həlak olduğu son hadisələri xatırladır. Buna görə də “Bakıya erməni mənşəli vətəndaşların buraxılmaması məsələsinə xüsusən bu cür kövrək dövrdə Rusiyanın həddindən artıq diqqəti bizdə ciddi suallar doğurur”.
Rusiyanın erməni “dosye”sinə “hədsiz diqqəti” üzündən məhz hansı sualların doğduğu rəsmi səviyyədə dəqiqləşdirilmir. Lakin Azərbaycanda xalq son dərəcə həyəcana gələrək Azərbaycan ərazisinin, az qala, 20%-i işğal etmiş Ermənistanın maraqlarını lobbiləşdirməkdə Moskvadan şübhələnir. Əslində, ermənilər də Rusiyanı Azərbaycanın maraqlarını lobbiləşdirməkdə ittiham edirlər və düşmənlik edən tərəflər burada kvitdir.
Əlbəttə, azərbaycanlıların erməniləri trapın yanında duz-çörəklə qarşılayacağını təsəvvür etmək çətindir – tərəflər faktiki olaraq müharibə durumundadır, Qarabağ münaqişəsi zonasında hey atırlar və nisbi “remissiya” dövrləri insanları həlak edən təcavüzkar həmlələrlə əvəzlənir. Lakin hələ bu, dinc sərnişinləri masqaraya qoymaq, Rusiyanın reaksiyasından qəzəblənmək və antirusiya dalğasını qaldırmaq üçün əsas deyil. Hazırda Azərbaycanda məhz bu, baş verir. Hətta bəziləri RF ilə diplomatik münasibətləri kəsməyi tələb edirlər. Və hamısı da onun, nəhayət, Azərbaycana “irad” tutması üzündən. O isə Rusiya tərəfdən buna alışmayıb. İnsan haqlarının pozulmasına görə Bakını durmadan tənqid edən Qərb başqa məsələdir. O, Qərbin bağırtılarına yetərincə kəskin cavab verir – bu evin yiyəsi sən deyilsən, bizik.
Lakin Rusiyanın “iradı” ermənilərin mövqelərinə raket zərbələrinə “cavab tədbiri” kimi Azərbaycan tərəfini atəşə tutması nəticəsində ikiyaşlı qızın həlakı fonunda səslənib. Buna görə də RF XİN bəyanatı “əxlaqsızlıq” kimi görünə bilər – hər bir halda bunu yubada və yaxud Azərbaycan tərəfi ilə, necə deyərlər, “pərdəarxası” danışa bilərdilər.
Lakin Moskva bunu etməyib və evin sirrini faş edib. Niyə? Müstəqil xarici siyasətə görə Azərbaycanı cəzalandırır? Qarabağ münaqişəsinin Rusiya ssenarisinə uyğun tənzimlənməsindən imtinaya görə? Lakin Moskvanın öyüdlərindən sonra Bakı soyuyanda nə olacaq? Axı o onsuz da ən böyük Azərbaycan diasporunun yaşadığı, varlı azərbaycanlıların Bakı və Moskvanın münasibətlərinin korlanmasında maraqlı olmadığı və bizneslərini itirəcəkləri Rusiyadan hələlik heç hara gizlənə bilməz. Onlar Rusiyanın KTMT üzrə “dostu”, özü də Rusiyanın birləşmiş qoşun qruplaşması yaratdığı Ermənistana açıq dəstəyində də maraqlı deyillər. Ümumiyyətlə, Rusiya XİN-in Bakı aeroportundakı duruma reaksiyası sadəcə erməni vətəndaşlarının müdafiəsi üçün deyil, ehtimal ki, Moskva ilə razılaşdırılmamış davranışı üzündən “Bakını yerində oturtmaq” səbəbindən səsləndirilib.
Digər tərəfdən, Azərbaycan, həqiqətən, ümumiyyətlə, insan haqlarını cəzasızcasına pozmağa və xüsusən də uyğun Avropa konvensiyasına etinasızlığa aludə olub və ziyan çəkənlər onun tam şəkildə məhkəməyə verə bilər.
…Lakin hələlik bir şey aydındır: Rusiya Azərbaycana münasibətdə siyasəti sərtləşdirir və çox güman ki, bu, Azərbaycanın tərsliyi ilə bağlıdır.
Rusiya və Azərbaycan arasında hazırda hər şey qaydasında olmadığından Rusiya Ali Məhkəməsinin RF ərazisində Ümumrusiya Azərbaycan Konqresinin (RAK/mətndə bu cürdür-tərc.) fəaliyyətinə bu yaxınlardakı qadağası da xəbər verir. Azərbaycan hökumətinə yaxın bu təşkilat 16 il işləyib və buyurun, ləğv ediblər.
Faktı misilsiz saymaq mümkündür: Rusiyadakı Azərbaycan diasporu tam 2 milyon nəfərdir. Onun ləğvi motivləri olduqca dumanlı qalır: gah hansısa texniki normaları pozur, gah (birdən!) ictimai təşkilatların xarici dövlət tərəfindən maliyyələşdirilməsinə yol verməyən Rusiya qanunvericiliyini yada salırlar. Lakin axı indiki halda söhbət, belə desək, eksklüzivdən – ən yaxın tərəfdaşdan, Rusiyanın 5 milyard dollarlıq silah satmağa kirələdiyi və ermənilərin hiddətinə baxmayaraq icra etdiyi “qardaş” Azərbaycandan gedir.
Ümumiyyətlə, Moskva və Bakı arasında nəsə korlanıb. Burada Rusiya XİN-in ahəngi və RAK-ın səs-küylü ləğvi. Yəqin ki, yuxarıdan sanksiya olmasaydı, ona toxunmazdılar. Ola bilsin, Moskva qəzəblənib ki, Azərbaycan Türkiyə üzərindən Avropaya təbii qaz tədarükü üçün Cənub Qafqaz dəhlizini genişləndirmək layihəsi ilə “Qazprom”un mövqelərini zəiflətməyə başlayıb. Özü də bu, Qərbin himayəsi altında baş verir.
Ya məsələ bundadır ki, özünü blokdankənar ölkə kimi göstərən Azərbaycan cari ilin mayında NATO üzvü Türkiyə və alyansla sıx əməkdaşlıq edən Gürcüstanla əməkdaşlığın dərinləşdirilməsi, bölgəsəl və beynəlxalq səviyyədə sülh və sabitliyin təminatında birgə səylər haqda sənəd imzalayıb? “Rosbalt” o vaxt yazmışdı ki, Bakı, Tiflis və Ankara paralel olaraq yeni formatın yaradılması – üç ölkənin Silahlı qüvvələrinin baş qərargahlarının qarşılqılı fəaliyyəti haqda razılığa gəlib. Artıq yayda Türkiyədə birgə hərbi manevrlər, sentyabrda isə qərargah kompüter təlimləri baş tutacaq. Və bütün bunlar arzu edilən nüfuz zonasında istənilən hərbi təlimə kəskin reaksiya verən Rusiyanın iştirakı olmadan baş verir. Xüsusən də NATO buna birbaşa və yaxud dolayısı ilə qatılarkən – indiki halda söhbət Türkiyədən və alyansa yaxın Gürcüstandan gedir. Bundan savayı, heç kimə sirr deyil ki, Türkiyə Cənub Qafqazda üstünlük uğrunda Rusiya ilə rəqabətdədir. Amma eyni zamanda Ankaranın qaz habı (ingiliscə: qovşaq-tərc.) statusuna iddialarından çıxış edilsə, bölgədəki sülh onu qane etməlidir. Bu isə yoxdur. Ola bilsin, planlaşdırılmış hərbi təlimlər uyğun infrastrukturun müdafiəsinə və Ermənistanın Gümri şəhərindəki RF hərbi bazasının genişləndirilməsi ilə bağlı Rusiya-Ermənistan hərbi əməkdaşlığına tarazlığa yönəlib.
Lakin bütün bunlar Rusiyaya minus gətirir – xüsusən də Türkiyənin Azərbaycanda hərbi bazalar açmaq niyyəti haqda şayiələr fonunda. Və Bakının bütün bunlarda əli var: Rusiyanı qıcıqlandırmaq və Azərbaycanın hərəkətini “düşmənlik” kimi qiymətləndirməkdə tamamilə yetərli “səbəbdir”. Deməli, prezident Əliyev nə haqda düşünür? Qarabağ münaqişəsinin həll edilmədiyi şəraitdə Rusiya ilə münasibətləri radikal şəkildə korlamağa gedərmi?
Tamamilə mümkündür ki, Rusiya ermənilərinin hüquqlarının “müdafiəsi” ilə bağlı əhvalat, vur-tut, Rusiya üçün Azərbaycana xatırlatmaq bəhanəsidir ki, ondan narazıdırlar; bu narazılıq genişlənə və başqa sahələri də bürüyüə bilər – məsələn, Rusiyada yaşayan azərbaycanlılara təsir edər. Və yaxud Qarabağ münaqişəsi zonasında qüvvələr tərtibini Azərbaycanın ziyanına dəyişə bilər.
Bir sözlə, geopolitik durumun qəlizliyi, bölgə və dünya dövlətləri liderlərinin dəyişən əhvalı nəzərə alınmaqla bu, “və yaxudlar” xeyli ola bilər. Xəyali və yaxud gerçək – o qədər önəmli deyil. Başlıcası, Moskva və Bakı “erməni məsələsi” zəminində dalaşa girişməklə indi hansı hədəfi güdür? Və bu, yekunda nə ilə qurtaracaq?
Tərcümə Strateq.az-ındır.