XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

15 İyul 2017 - 17:08

Türkiyə, Britaniya və ABŞ “energetik İpək Yolu” qurur:Rusiya prosesdən kənarda qalır – Təhlil

Sərkis Saturyan

regnum.ru,  14.07.2017

 

Prezident Rəcəb Ərdoğan bu il iyulun 10-da İstanbulda Ümumdünya Neft Konqresində çıxış edərkən bildirib ki, Türkiyənin geopolitik durumu onu “energetik İpək Yolu”nun episentrinə çevirir. Bunda qalmaqal yoxdur. Axı Transanadolu qaz kəmərinin (TANAP), artıq 2018-ci ildə təhvili planlaşdırılan “Cənub qaz dəhlizi” Avropa qanadının (“Bakı-Tiflis-Ərzurum” qaz kəməri və “Bakı-Tiflis-Ceyhan” neft kəməri ilə yanaşı) baş əməliyyatçısı məhz Türkiyədir.

“Cənub qaz dəhlizinin əsas hissələrindən biri olan Transanadolu qaz kəməri ilə başlanğıc mərhələdə Türkiyəyə 6 milyard, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazı ixrac olunacaq. Növbəti ilin ortalarında TANAP boru kəmərinin işə düşməsiylə ölkəmizə və Avropaya təkcə Azərbaycandan deyil, həm də Xəzərdən, gələcəkdə isə Orta Şərq bölgəsindən təbii qaz nəqli imkanı meydana çıxacaq”, – deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, 2020-ci ilə doğru isə Transadriatik (TAP) qaz kəməri istismara veriləcək.

Azərbaycan başçısı İlham Əliyev türk həmkarını dəstəkləyərək dəqiqləşdirir ki, hazırda layihə 77 % hazırlıq təşkil edir. Əliyev məmnundur və özünə əmindir: “Cənub qaz dəhlizi layihəsinin gerçəkləşməsinə yeddi dövlət, o cümlədən Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya qatılıb. Ən yaxın illərdə üç Balkan ölkəsi də Cənub qaz dəhlizinə qoşula bilər. Bu istiqamətdə uyğun iş aparılır. Yəni biz layihənin coğrafiyasını genişləndiririk və gələcəkdə bu genişlənməni davam etdirməyi bacaracağıq, çünki bu təşəbbüs hər bir ölkəyə fayda gətirir”.

Londonun iştirakı sətirlərin arasından oxunur: Ərdoğan və Əliyevin AB ölkələrinin enerji təchizatı haqda mülahizə yürütdüyü meydança (Ümumdünya neft konqresi) Britaniyanın qeyri-hökumət təşkilatına – uzaq 1933-cü ildə o vaxta qədər Səudiyyə Ərəbistanında böyük neft yataqları kəşf etmiş Ruzvelt Amerikasına tarazlıq kimi Londonda əsası qoyulmuş Neft üzrə ümumdünya şurasına (World Petroleum Council, WPC) məxsusdur.

 

Amerikalılar yardıma gəlirlər

 

Ankara və Bakının sanballı beynəlxalq dəstəyi var. ABŞ dövlət katibi Reks Tillerson Cənub qaz dəhlizinin irəlilədilməsində bundan sonra da Əliyevə yardım vəd edir. Amerikalılar köməyi bacarırlar. Özü də bunu bir qayda kimi Rusiya maraqları hesabına edirlər. Təsadüfi deyil ki, ABŞ Senatı bu il iyunun 15-də Rusiyaya qarşı yeni sanksiyalar haqda qanun layihəsi qəbul edərək sənədi Təmsilçilər Palatasına göndərib. Konqres sənədi qəbul etsə və sonra prezident Donald Tramp tərəfindən bəyənilsə, onda Ağ Ev “Rusiya ilə ixracat boru kəmərlərinin inşasına birdəfəlik 1 milyon $ və yaxud il ərzində 5 milyon $-dan çox yatırım qoyan şəxslər və şirkətlərə nisbətdə sanksiyalar tətbiq etmək, həmçinin bu cür layihələr üçün avadanlıq, texnologiya və xidmətlər təqdimini yasaqlamaq hüququ” əldə edir.

Diqqətçəkəndir ki, Moskvanın ünvanına Amerika basqısından yalnız bu qayda ilə Kremllə münasibətlərdə danışıqlar mövqeyini gücləndirən  Ankara udur.

Epopeya 2008-ci ildə dünya maliyyə-iqtisadi böhranı dalğasında Brüssel “AB-nin energetika təhlükəsizliyi sahəsində fəaliyyət planı”nı (An EU Energy Security and Solidarity Action Plan) elan edəndə və Türkiyə, Azərbaycan, Gürcüstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, İraq, İran və Misirin tərəfdaş kimi göstərildiyi və ta əvvəldən Rusiyadan yan keçəcəyi planlaşdırılan layihədən başlanıb. Bundan on il qabaq isə 1998-ci il oktyabrın 28-də Heydər Əliyev (Azərbaycan), Eduard Şevardnadze (Gürcüstan), Nursultan Nazarbayev (Qazaxıstan), Süleyman Dəmirəl (Türkiyə) və İslam Kərimov (Özbəkistan) Ankarada “Bakı-Tiflis-Ceyhan” neft kəmərinin inşasını işə salan bəyannamə imzalayıblar. ABŞ energetika naziri Bill Riçardson əməliyyatçısı bu gün də Britaniyann BP şirkəti olan bu yeni “neft-qaz Antantası”nın yeganə və ən nüfuzlu şahidi idi. Sonra isə 2006-cı ildə istismara buraxılmış “Bakı-Tiflis-Ərzurum” qaz kəmərinin növbəsi çatdı. Tarixin kinayəsi bundan ibarət idi ki, Qorbaçov “yenidənqurma”sının dan yerində SSRİ-nin milli respublikalarında hakimiyyətə gəlmiş keçmiş sovet (partiya) nomenklaturası ABŞ və Türkiyə ilə ittifaqda Rusiyanı Avropa Birliyi enerji bazarlarında devalvasiyaya cəhd edib. Və bu, demək olar, baş tutub.

Rusiya 2012-ci ildə “Qazprom”un Bolqarıstan üzərindən “Cənub axını”nı təklif etməklə ABŞ məngənəsindən çıxmağa cəhd edib. Amma prezident Vladimir Putin 2014-cü ilin dekabrında etiraf etməyə məcbur olub ki, Brüssel qeyri-konstruktiv mövqe tutub, yəni faktiki olaraq Moskvanı Ankara ilə danışıqlara getməyə məcbur edib. “Cənub axını” lövhəni bu cür dəyişməyə məcbur olaraq “Türk axını” olub. Amma bu, ziddiyyətlərinn məğzini dəyişməyib. Əksinə, Türkiyənin SƏR səmasında Rusiya ordusuna qarşı noyabr (2015-ci il) təcavüzü yenidən layihəni təxirə salıb. Nə Ankara, nə də onun NATO üzrə müttəfiqləri AB-yə fassiləsiz qaz tədarükü üçün “Qazprom”a cənubdan dəhliz açmağa hazırlaşırdı. Üzərində yenidən “Damokl qılıncı” – Amerikanın yeni sanksiyalarının asıldığı layihənin inşası yalnız 2017-ci il iyunun axırında başlanıb.

 

İsrail və İran Türkiyə üzərindən Avropaya gedir?

 

Təl-Əviv Türkiyə üzərindən “energetik İpək Yolu”na ümidlə baxır. İsrail energetika naziri Yuval Ştaynits iyulun 12-də Ümumdünya neft konqresində bildirib ki, həmkarı Bərat Albayrak (Ərdoğanın kürəkəni) Türkiyəyə qaz kəməri inşası üzrə sazişi imzalamaq üçün  2017-ci ilin sonunadək yəhudi dövlətinə səfər edəcək. “Ümid edirəm ki, cənab Albayrak bu il İsrailə səfər edəcək. Bu, qaz sazişinin hazırlanması prosesini sürətləndirməyə kömək edəcək. Biz Türkiyə və Avropa ölkələrinə təbii qaz ixrac etməkdən ötrü İsraildən boru kəməri inşa etmək istəyirik”, – deyə Ştaynits qeyd edib. Yəni israilliləri Transanadolu qaz kəməri maraqlandırır, İsrailin AB-dəki keçmiş səfiri Oded Eran da bunu birmənalı bildirir. Ekspert qeyd edir ki, ilk dövrlərdə Türkiyə yeganə istehlakçı kimi çıxış edə bilər, amma vaxt keçdikcə İsrail qazının Transadriatik qaz kəmərinə vurulması da planlaşdırılır. Doktor Eran xatırladır ki, lakin bu cür məsələlərdə siyasət tez-tez iqtisadiyyata təsir göstərir: “Ən məqsəduyğun iqtisadi marşrut siyasi baxımdan mütləq həyata keçirilən deyil, çünki boru kəməri Kipr, Suriya və Livanın sərhədyanı zonalarından keçməli olacaq”.

İsraillilərin gizlənməyə yeri yoxdur.Türkiyənin Çin-Britaniya “İpək Yolu” çərçivəsində güclənməsi onları özgə qaydalar üzrə oynamağa məcbur edir. Amma təkcə onları deyil, hazırda türklərlə azad ticarət haqda saziş hazırlayan iranlıları da. İİR neft naziri Əmir Hüseyn Zəmaniniya iyulun 12-də İstanbulda Ümumdünya neft konqresində çıxış edərrkən bəyan edib: “Biz neft hasilatı və emalı üzrə İran layihələrində Türkiyə şirkətlərinin daha fəal iştirakını alqışlayırıq”.

Tehran və Ankara öz fəaliyyətlərində qaz alqı-satqısı haqda 1996-cı il sazişindən çıxış edir. “Anadolu” agentliyi Türkiyə XİN-ə isnadən xəbər verir: “Bu sazişə əsasən, İran 2001-ci ildə Türkiyəyə ildə 3 milyard kubmetr qaz tədarük etməyə başlayıb. Gözlənilir ki, qaz tədarükü tez bir zamanda ildə 10 milyard kubmetrə çatacaq”.

İranın Transanadolu qaz kəmərinə çoxdankı marağı nəzərə alınmaqla Ərdoğan artıq yaxın perspektivdə əlində böyük səlahiyyətlər cəmləyəcək. Və o zaman “Cənub axını” Rusiyanın Köhnə Dünyadakı iştirakına ciddi alternativ olacaq. Moskvanın üzərində düşünməli nəyisə  var.

 

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə