Andrey Nikolayev
rosbalt.ru, 16.07.2017
Qismən tanınmış Abxaziyanın qalmaqalsız günü olmur. Və elə bil, xüsusən səs-küylü hadisələr – siyasi, kriminal və başqaları – yay mövsümünə düşür – abxazlara turizm sayəsində pul qazanmaq imkanı verən yeganə fəsilə.
Abxazlar özlərinin tolerantlıqlarından danışmağı çox sevirlər, hətta bundan qürrələnirlər, amma gürcüləri qovublar, “Qəlb ölkəsi”nə turist axınının böyük hissəsini təmin edən rusiyalılara, yuimşaq desək, “hörmət etmirlər” və onlara mülk satılmasına qarşı qəti şəkildə çıxış edirlər. Qeyd edək ki, Abxaziyada respublikanı “Gürcüstan işğalı”ndan qoruyan Rusiya hərbi bazaları yerləşir, lakin əhalinin böyük qisminin fikrincə, özləri Qara dənizin bu “mirvari”sini “işğal edənlərdir”.
Lakin budur, Gürcüstan-Abxaziya müharibəsi zamanı əldə silah Abxaziyanın tərəfində vuruşan yerli ermənilər – buna görə onları Gürcüstanda qeyri-rəsmi səviyyədə tez-tez danlayırlar – nə qəbahət ediblər? 90-cı illərin əvvəlində müharibə vaxtı abxaz batalyonları ilə yanaşı ümumi sayı 700 nəfər olan iki erməni batalyonu vuruşub. Onların, haradasa, 250-i həlak olub, iyirmisinə Abxaziya Qəhrəmanı adı verilib.
Və budur, 25 ildən çox vaxt keçəndən sonra ermənilər Abxaziyada gözdən düşüblər – xeyr, rəsmi səviyyədə deyil, tarixin göstərdiyi kimi, yekunda dövlətin və yaxud cəmiyyətin tənqidə qabil hissəsinin bu və ya digər millətə, irqə, dinə və s.-ə siyasətini müəyyən edən şərti məişət səviyyəsində.
Cini isə şüşədən Qaqrada keçmiş döyüşçülərlə görüşdə müharibə veteranı və əlili Camal Bartsis buraxıb. Onun çıxışının mətni internetə qoyulub və bütün Abxaziya cəmiyyətini hərfi mənada partladıb. Bartsis yaxasını kənara çəkmir: iddia edir ki, 1992-1993-cü illərdə erməni batalyonu döyüşçüləri Abxaziyanın müstəqilliyi uğrunda deyil, “əyri yollarla varlanmaq” qəsdilə vuruşublar. “Ermənistandan gəlmələr”in də vuruşduğu “Baqramyan batalyonu” üzvləri xüsusi tənbeh olunub. Veteranın sözlərinə görə, Abxaziyada qalanların “əla evləri” var, respublikadan gedənlər isə “əliboş getməyiblər”.
Bartsis bildirib: “Onlar (ermənilər) müharibəyə öz təşəbbüsləri ilə girişiblər və mən bilirəm ki, gürcülər qədər abxaz hərbçilər və dinc əhaliyə qəddarlıqla divan tutublar”.
Veteran gileylənib ki, son zamanlar abxazlar özlərini öz ölkələrində gərəksiz hiss etdikləri duruma düşüblər, onlarda yalnız “xidmət heyəti” funksiyası qalıb. Onun fikrincə, ermənilər isə özlərini “ən qədim sakinlər” sayırlar.
“Gürcülərin sıxışdırılmasına yardım etmiş və indi onlara borclu olduğumuz” kazak və adıgeylər də paylarını alıblar. Titullu millətin təmsilçisi sarsılır ki, nəticədə Abxaziya “qeyri-titullu” adamlar üçün narkotiklərə qədər hər şeyin alınıb-satıldığının mümkün olduğu biznes gəliri mənbəyinə çevrilib.
“Yoxsul ermənilərin əksəriyyəti Abxaziyada milyoner olub və buradan Ermənistanın dövlət büdcəsinə böyük məbləğlər ödəyirlər. Ölkəmizdə onların sayı günbəgün çoxalır, amma Ermənistan hökuməti Gürcüstanı accıqlandırmamaq üçün Abxaziyaya siyasi dəstəkdən yayınır”, – deyə Bartsis bildirib.
O, sözarası hədə-qorxu gəlib: Ermənistan Abxaziyanın müstəqilliyini tanımasa, ermənilər “qəlb ölkəsi”ni tərk etməli olacaqlar.
Bu qədər “səmimi” çıxış Abxaziyada emosiya tufanı doğurub – çünki buxarın bir hissəsi sosial şəbəkələrdə əsasən son dərəcə təhqiramiz formada buraxılıb. Erməni icması erməni batalyonları döyüşçülərinin nüfuzdan salınması və millətlərarası nifaqı dayandırmaq tələbi ilə Abxaziya rəhbərliyinə müraciət edib. Yeri gəlmişkən, ermənilərə münasibətdə bədxahlıq Bartsisin səs-küylü çıxışına qədər də yetişmişdi, amma “dedi-qodu” səviyyəsində. Lakin bu, həmişəki kimi aşkar şovinist çıxışlara keçir. Yada salaq ki, bu, Abxaziyada nadir hadisə deyil.
…Ümumiyyətlə, belə çıxır ki, Gürcüstanın keçmiş muxtariyyətindən “gürcü millətindən olan şəxslər” qovulana qədər əhalinin ümumi sayının 18%-i təşkil edən abxazların əksəriyyətinə sakitcə yaşamağa həmişə kimsə, ya nəsə mane olur. Maraqlıdır, indi ermənilərlə hadisənin işığında burada qalmış bir ovuc yunan, eston və başqaları özlərini necə “hiss etməlidirlər”? Və digər millətlərin təmsilçiləri nəhs günlərin birində əşyalarını yığıb onlara məxsus mülkü ataraq yerlərindən tərpənsələr, abxazlara necə olacaq?
Hadisələrin bu cür yekunu isə heç də istisna deyil. Və o zaman Rusiya hərbi bazalarının geniş kontingenti ilə təkbətək qalmış “məğrur abxazlar” onların “ənənə üzrə çoxmillətli respublikası tamamilə ruslaşdırılmasa” da, əsim-əsim əsəcəklər? Burası da var ki, abxazların əksəriyyəti bundan indi də qorxurlar, bununla belə, hansısa qaşınma onlara ermənilərlə dinc yaşamağa imkan vermir.
Gürcülər Abxaziyadan qovularkən öz həyatlarına görə çəkinən digər millətlərin təmsilçiləri də doğma diyarı tərk ediblər, onların tərk etdikləri evlərin axırına çıxılıb və yaxud orada qalmış abxazlar və yaxud onların Gürcüstana qarşı vuruşmağa yardım etmiş “şimali qafqazlı” qardaşları evlərdə məskunlaşıblar. Amma “gürcü müdaxiləsi” təhlükəsi sovuşandan sonra onları da geri – “doğma yurdlarına” qaytarıblar. Və bu gün mülk satışı haqda bildirşləri oxuyarkən “qənimət deyil” izahatıyla rastlaşmaq hələ də mümkündür. Doğrudanmı, Abxaziyada bu cür “haşiyələr” iyirmi il əvvəlki tək sərasər adiləşərək çoxalacaq? İndi artıq “qəlb ölkəsi”ndən qaçan ermənilərin hesabına.
Abxaziyanın daha bir bəlasını da xatırlatmamaq olmaz – cinayətkarlığın çox yüksək səviyyəsini. Respublika rəhbərliyi bundan son dərəcə “qayğılıdır”, lakin göründüyü kimi, bunu yumşaltmaq durumunda deyil. Kriminal statistika baxımından – abxazların özləri də bunu açıqca deyirlər – indiki iyul artıq çox pis alınıb. Qarətlər, quldur basqınları və hətta rusiyalı turistin qətlə yetirilməsi. Bunun ksenofobiyaya dəxli yoxdur, şübhəli saxlanılıb, lakin Moskva Suxumidəki səfiri Semyon Qriqoryev vasitəsilə bildirməyə məcbur olub ki, Abxaziyada turistlər müdafiə olunmasa, “Rusiya əlavə addımlar düşünəcək”.
“Sputnik” internet portalının sitat gətirdiyi səfirin sözlərinə görə, o, Abxaziya rəhbərliyinə dəfərlələ deyib ki, rusiyalı turistlərin güvənliyinin təminatı onların prioritet vəzifəsidir. Qriqoryev hələlik isə səfirliyin saytı vasitəsilə rusiyalı istirahətçilərə xəbərdarlıq edib ki, “Abxaziya Respublikasında olarkən özlərini ehtiyatlı və ayıq aparsınlar”.
“İndiki mərhələdə edə biləcəyim hər şey budur,- o deyib. – Bu təhlükəli tendensiya saxlansa, onda Rusiya tərəfi növbəti mərhələlərdə əlavə addımlar haqda düşünəcək”.
Ümumiyyətlə, hətta o həddə çatıb ki, Abxaziya parlamenti “bu cür hadisələrin yol verilməməsi üzrə uyğun tədbirlərin görülməsi üçün DİN, DTX və prokurorluğun bütün heyətini küçələrə çıxarmağın” gərəkdiyini bildirib və ölkə rəhbərliyindən cinayətkarlıqla mübarizə kontekstində “kadr və təşkialti qərarlar” tələb edib.
Bir sözlə, parlament açıqca etiraf edib: “qəlb ölkəsi” əyləşdiyi budağı baltalayır. Burada əlavə etməyinə dəyər ki, Abxaziyanın “budağı” turizmdirsə, onda “bel sütunu” hələ də çoxmillətlilik, təəssüf ki, yox olan etnik və dini müxtəliflikdir.
Abxazlar həm “budağı”, həm də “bel sütunu”nu qoruya biləcəklərmi?
Tərcümə Strateq.az-ındır.