XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

20 İyul 2017 - 19:46

ABŞ Səudiyyə Ərəbistanının gələcək başçısından niyə ehtiyatlanır? –Şahzadənin gecəyarısı varislikdən imtinaya məcbur edildiyinin üstü açılır - ARAŞDIRMA

Pyotr Akopov

vz.ru,19.07.2017

 

Yaxın Şərqdəki fasiləsiz böhranda əsas krizislərdən biri Səudiyyə Ərəbistanında – bölgənin ən önəmli və varlı ölkəsində hakimiyyət məsələsidir. Krallıqda bir ay əvvəl baş vermiş varis dəyişikliyi bütün dünya dövlətlərinin diqqət mərkəzində qalır və hakimiyyət məsələsinin yetərincə qəddar şəkildə həll olunduğu haqda sübutlar meydana çıxır.

Səudiyyə Ərəbistanı kralı Salman bir ay qabaq taxtın varisini dəyişdirib – qardaşı oğlu Muhəmməd Naif bin Naifin əvəzinə kralın oğlu Muhəmməd bin Salman varis olub.

31 yaşlı şahzadə 81 yaşlı atasının bütün idarəçiliyi dönəmində (yəni son 2,5 ildə) onsuz da karllığın faktiki başçısı idi – varis müavini və müdafiə naziri postunu tutmaqla. Lakin Muhəmməd birinci varis olmaqla, əslində, öz vəziyyətini leqallaşdırıb. O, indi istənilən an dövlət başçısı ola bilər.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı az-az mütləq monarxiyalardan biri olsa da, Muhəmmədin karyera inkişafı üçün bütün ailənin razılığı lazım gəlib. Daha dəqiqi, ən azı, kralın yanındakı, krallığın qurucusu Əbdüləzizin övladları və nəvələrinin bir qisminin daxil olduğu And Şurası məşvərət qurumunun.

Qeyri-rəsmi məlumatlara görə, 34 şura üzvündən 31-i şahzadəyə səs verib. Həm də keçmiş varisin yeni varisə necə and içdiyi Səudiyyə televiziyası ilə göstərilib. Yəni hakimiyyətin ötürülməsi sanki sakitliklə baş verib. Amma indi aydınlaşdığı kimi, əslində, daxili çevriliş olub, ya da uduzanlar və onların amerikalı müttəfiqləri durumu belə təqdim etmək istəyirlər.

New York Times”-ın bu gün yazdığı kimi, Muhəmməd bin Naif təzyiq altında kralın oğlunun xeyrinə olaraq taxt varisliyindən imtinaya məcbur olub. Qəzet baş verənlərin bəzi təfərrüatlarını açaraq qeyd edir ki, hakimiyyətin Muhəmməd bin Salmanın əlində cəmləşməsi “təhlükəsizlik sahəsində ABŞ-la qarşılıqlı münasdibətləri təhlükəyə atır”, yəni baş verənlərə narazılıqla bağlı açıq siqnal verir.

Qeyd etmək lazımdır ki, varisin əvəzlənməsi Donald Trampın Səudiyyə Ərəbistanına səfərindən bir ay və Səudiyyə Ərəbistanı ilə Qətər arasında münaqişə başlayandan iki həftə sonra baş verib.

Budur, “New York Times” ABŞ-ın adı çəkilməyən rəsmiləri və kral ailəsinə yaxın səudiyyəlilərə istinadən hakimiyyətin dəyişilməsini bu cür təsvir edir. Rəsmi versiyaya görə, 57 yaşlı Muhəmməd bin Naifin istefası sağlamlıq problemlərindən (bu, həqiqətən də, var – şəkər, üstəgəl ağrıkəsiciyə güclü düşkünlük) törəsə də, gerçəklikdə onu imtinaya məcbur ediblər.

Gecəyarısına yaxın şahzadəni kralla görüş bəhanəsi ilə saraya gətiriblər. Amma onu başqa otağa aparıblar və kral məhkəməsi təmsilçiləri telefonunu əlindən alaraq varis şahzadə rütbəsindən və daxili işlər naziri postundan imtinaya vadar etməyə başlayıblar. O, əvvəlcə imtina edib, amma səhərə yaxın təslim olub və şərtləri qəbul edib. Kral məhkəməsi təmsilçiləri dərhal And Şurasının – Səudiyyə kral ailəsinin taxt varisliyi xəttində dəyişikliklərə məsul olan baş məşvərət qurumunun üzvlərini çağırıblar. "NYT"nin bildirdiyinə görə, kral iradəsinə qarşı çıxmağa qorxan şura varis şahzadə rütbəsinin Muhəmməd bin Salmana keçdiyi haqda qərar qəbul edib. Bin Naif bundan sonra yeni şahzadəyə and içib və çıxışı qadağan edildiyi sarayına yollanıb.

Bu versiya həqiqətə yaxındırsa, onda bu, bir neçə qəbilənin daxil olduğu, ümumən minlərlə şahzadənin olduğu kral ailəsində gərginlik səviyyəsinin artımını ifadə edir. Və bu, doğrudan da, təhlükəlidir. Səudiyyə Ərəbistanındakı sülalə məsələləri qalan dünya üçün niyə bu qədər mühümdür? Çünki bu krallığı hansı gələcəyin gözlədiyindən Yaxın Şərqdə və deməli, bütün dünyada çox şey asılıdır. Əgər Səudiyyə Ərəbistanındakı hakimiyyət dəyişikliyi qaçılmaz yaxın gələcəkdə fırtına qoparsa, kral ailəsinin bir qismi yeni kralı qəbul etməsə, krallıq vətəndaş müharibəsi hərc-mərcliyinə qərq ola və yaxud tamamilə dağıla bilər. Bəli, Ər-Riyadda hakimuiyyətin ötürülməsi ilə də bir neçə dəfə problemlər meydana çıxıb – monarxın növbəti dəyişikliyi isə istənilən halda qeyri-standart çıxır.

Birlişmiş krallığın ilk kralı Əbdüləziz ibn-Səud – sülalənin və ölkənin özünün qurucusu olub. O, yarımadanın knyazlıqlarını bir yerə yığıb. 1902-ci ildə Nəca paytaxtını ələ keçirməkdən başlayaraq 1926-cı ildə Məhəmməd peyğəmbərin törəmələri, islam dünyasında ən sayğılı sülalələrdən biri olan haşimiləri Hicazdan (müsəlmanların əsas müqəddəs ocaqları Məkkə və Mədinə bu ərazidə yerləşir) qovaraq növbəti onilliklərdə bütün yarımadanı işğal edib. Qovulmuş kral Hüseynin övladları qonşu İordaniya və İraqın kralı olublar, ibn-Səud isə tutulmuş bütün əraziləri 1932-ci ildə öz adı altında birləşdirib: Səudiyyə Ərəbistanı.

Ona bu işdə ingilislər yardım edib, təbii ki, qonşu tayfa və dövlətlərin (təkcə İordaniya və İraqın deyil, həm də Yəmən, Oman və s.-nin) hakimləri isə özünü “iki müqəddəs ocağın mühafizi” elan etmiş ailədən xeyli inciyiblər. Əbdüləziz 30-cu illərdə Moskva ilə yaxşı münasibətlər saxlayırdısa, 40-cı illərdə hər şey müəyyənləşdi – krallıq ABŞ-ın Yaxın Şərqdə əsas müttəfiqi oldu.

Ata qurucunun ölüm anına yaxın 1953-cü ildə SSRİ-nin bölgədə praktik olaraq heç bir mövqeyi yox idi. Amma Moskva 1956-cı ildən Yaxın Şərqdə böyük oyun başlayır. Bizim müttəfiqlərimiz qüvvə toplayan millətçi ərəb sosialistləri olub – onlar Misir və İraqda monarxiyaları devirib, Suriya və Yəməndə hakimiyyəti götürüblər. Onlar sovet oyuncağı deyildilər, lakin amerikalıların sədəqəsi ilə Moskva səudlar üçün şər təcəssümü, islam və taxtın düşməni oldu. Bölgədə ABŞ və SSRİ arasında geopolitik rəqabət isə artıq Səudiyyə Ərəbistanını bizə düşmən etdi – ölkələrimiz arasında heç bir münasibət yox idi.

Krallıqda hakimiyyət Əbdüləzizin övladlarına keçib və onlar orada indiyədək hökm edirlər. Altı kralın altısı da onun oğludur. Lakin illər öz işini görür – 45 qanuni oğuldan (12 arvaddan) hazırda cəmi 10-u yaşayır. Böyüyün – Bəndərin 94, kiçiyin – Muqrinin 71 yaşı var. 2015-ci ildən isə 81 yaşlı Salman başçılıq edir.

Onun qisməti nə qədərdir, heç kimə məlum deyil, lakin onun beş sələf qardaşından ikisi hakimiyyətdən uzaqlaşdırılıb. Əvvəlcə 1964-cü ildə atasının varisi Səudu deviriblər, 11 ildən sonra isə onun xələfi Feysəli qətlə yetiriblər (onun qardaşoğlulardan biri güllələyib). Lakin krallar cəmi üç dəfə dəyişilsə də, 1982-ci ildə kral Xalidin ölümündən sonra hakimiyyətin ötürülməsi dinc yolla baş verir. Xalidi uzun müddət, lakin əksər vaxtlarda formal başçılıq etmiş Fəhd əvəzləyib. 2005-ci ildə onun ölümünə doğru bütün səalhiyyətlər artıq çoxdan varis şahzadə və elə özü də kral olan Abdullanın əlində idi.

Abdullanın onillik idarəçiliyində üç varisi dəyişilib – əvvəlcə şahzadə Sultan (ehtimal ki, müdafiə naziri postunda olmaq müddətinin dünya rekordu ona məxsusdur – 49 il), ölümündən sonra 2011-ci ildə kreslo qardaşı Naifə, 2012-ci ildə onun vəfatından sonra isə şahzadə Salmana keçib və 2015-ci ildə kral da olub.

Prinsipcə önəmli olan budur: varislərin hər üçü atabir, anaayrı qardaş  idi. Sultan, Naif və Salman “Sudayri yeddiliyi”nə – Əbdüləzizin Həssa bin Əhməd əs-Sudayridən olan övladlarına aiddir. Bu qadın sülalənin banisinin səkkizinci arvadı olsa da, Nəcada olduqca hörmətli, Əbdüləzizin anasının da çıxdığı bir ailədəndir. Sudayri qəbiləsi bu qayda ilə böyük kral ailəsinin tərkibində ən güclü qəbilə olub və yeddi qardaşdan böyüyünün kral olduğu 1982-ci ildən nüfuzu artmağa başlayıb. Sonra Salman taxta əyləşənə qədər Fəhd Abdullanın varisi qismində daha üçü bir-birini əvəz edib.

Salman kral olduqdan sonra ənənəni dərhal qırmağa başlamayıb – hər halda onun bir neçə ögey qardaşı hələ yaşayırdı, hakimiyyətin ötürülməsinin övlad nəslindən nəvə nəslinə keçməsi faktı isə özlüyündə hamı tərəfindən təşvişlə gözlənilirdi. Buna görə də o, əvvəlcə mərhum kral qardaşı Abdullanın oğlu Mukrini öz varisi, qardaşı oğlu Muhəmməd bin Naifi isə varis müavini qoydu. Amma Mukrin artıq bir-iki aydan sonra hüququndan imtina etdi, 57 yaşlı Naif varis oldu, ona müavin isə 29 yaşlı Muhəmməd bin Sultanı, yəni kralın oğlunu təyin etdilər. Beləliklə, krallıqda ilk üç postun hamısı “Sudayri qəbiləsi”nin əlinə keçib, yəni istənilən halda hakimiyyət ailəyə qalacaqdı. Lakin keçən ay hadisələrinin göstərdiyi kimi, kiçik şahzadəyə bu başdan yolu təmizləməyi qət ediblər.

Muhəmməd bin Salman rəsmi varis olaraq sanki atasının ölümündən sonra kral taxtını yüz faiz özü üçün zəmanətə alıb. Lakin əslində həm ölkə daxilində, həm də kənarda onun bir neçə problemi var.

Aydındır ki, “Sudayri ailəsi”ndən kənardakı qüdrətli qəbilələr hakimiyyətin bir qəbilənin, həm də hələ gənc və təcrübəsiz şahzadənin əlində cəmləşməsindən çox da məmnun deyil. Şahzadə isə özünü olduqca coşğun başçı kimi göstərib – o, həm daxili, həm də xarici siyasətlə məşğul olur, krallığın 30 milyon əhalisinin həyatında çox ciddi islahatlar hazırlayır. Ancaq burası da var ki, onu son illərin bütün uğursuzluqlarına – Yəməndə artıq üçüncü il gedən müharibədən tutmuş Suriyada iflasa, İranla münasibətlərin kəskinləşməsindən Qətərlə səudların açıqca geri çəkilməli olduğu bu yaxınlardakı münaqişəyə görə cavabdeh də sayırlar.

Trampla danışıqlarda məhz Muhəmmədin əsas fiqur olduğuna baxmayaraq, ABŞ-da heç də hamı ondan məmnun deyil. Ola bilsin, hədsiz dərəcədə müstəqil və güclü oyunçu xoş gəlmir, ola bilsin, Vaşinqtonla güclü bağlılığı olan qəbilələrin narazılığı da öz təsirini göstərir. Bəlkə də, Yaxın Şərqdə mövqelərini itirən ABŞ-ın ümumi təşvişi də sözünü deyir. Lakin, budur, varis dəyişikliyindən danışan “New York Times” yazır: “Bin Naif Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsinə, həmçinin Qətərə qarşı bin Salmanın fəal şəkildə lobbilik etdiyi emobarqonun əleyhinə idi. Eyni zamanda köhnə şahzadə yenisindən fərqli olaraq xalq arasında xüsusi populyarlığa malik deyildi, lakin ABŞ-ın və Qərbin başqa ölkələrinin, həmçinin ərəb dövlətlərinin geniş dəstəyinə sahib idi. ABŞ-da hakimiyyətin böyük şəkildə Muhəmməd bin Salmanın əlində cəmləşməsindən təşviş ifadə edirlər. Bundan savayı, Bin Naifin istefası təhlükəsizlik sahəsində Vaşinqton və Ər-Riyadın qarşılıqlı münasibətlərinə mənfi təsir edə bilər. Xüsusən də MKİ narahatdır ki, bu, iki ölkə arasında kəşfiyyat məlumatları mübadiləsini poza bilər”.

Bütün bunlar Muhəməd bin Salmana təsir rıçaqlarının olmadığından narazılığa çox oxşayır ki, ABŞ da səudlarla münasibətlərin 70 ili ərzində buna alışmayıb.

Lakin Vaşinqtonla Ər-Riyad arasında artıq çoxdan qığılcım qopub. Səudiyyə Ərəbistanı 2013-cü ildə hətta BMT TŞ-dakı yerdən nümayişkaranə şəkildə imtina edərək bununla da ABŞ-ın Suriya və İran üzrə siyasətindən narazılığını bildirib. Nə o zaman hazırlanan nüvə sazişi, nə də Obamanın Suriyaya zərbə endirməkdən imtinası Ər-Riyada xoş gəlib. Səudlar strateji tərəfdaş sarıdan sarsılmağa başlayıblar, lakin İran qarşısında xof və Suriyada müharibə üzündən bölgədəki strategiyanı heç cür müəyyən edə bilmirlər.

Ər-Riyad baş olmaq istəyir, amma başa düşür ki, bunun üçün gücü yoxdur. O, müstəqil siyasət qurmaq istəyir, amma başa düşür ki, hərbi planda tam şəkildə ABŞ-dan asılıdır.

Şahzadə Muhəmməd krallığı gəlcəyə aparmağa, bütövlüyünü və ərəb dünyasının baş ölkəsi roluna iddialarını saxlamağa imkan verəcək yolu yoxlayır və hələlik bu yolda xeyli səhv buraxır…

 

Tərcümə Strateq.az-ındır.