XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

21 İyul 2017 - 08:10

İraqın yenidən inşasında Türkiyə yer alacaqmı? –Rəsmi Ankaranın siyasi səhvləri onu oyundan kənar durumda qoyur

Fehim Taştekin

“Al-Monitor”

 

Mosulun İŞİD-dən azad edilməsindən sonra Türkiyə şəhərin gələcəyində özünə yer almağa çalışır. Ancaq son bir neçə ildə Ankara-Bağdad xəttində yaşanan gərginliklər iqtisadi və siyasi baxımdan Mosulun yenidən inşasına dair proseslərdə Türkiyənin önünü bağlayır.

Türkiyədəki iqtidar dairələri keçən əsrin başlanğıcında baş verən savaşda Mosulun milli sərhədlər içində qalması fikrindədir və onun itirilməsini tarixi səhv sayır. Ona görə də post-İŞİD dövründə şəhərin gələcəyinə dair yanaşmalar xiffətli tondadır.

Mosula olan maraq uzun müddət türkmən bağı və Osmanlı dövründə saraya sadiq bəzi sünni ailələrin varisləri vasitəsilə üzə vuruldu. İŞİD-lə birlikdə məzhəbi düşmənçiliyə yuvarlanan türkmənlər Türkiyə üçün artıq rahat bir kart deyil.

Sünnilərə himayəçilik iddiası türkmənlərin üzlərini Türkiyədən çevirmələrinə səbəb oldu. Türkmənlər Kürdüstan rəhbərliyi ilə əlaqələri dərinləşdirərək itkiləri kompensasiya etmək yönlü strategiyanın da uğur gətirmədiyini düşünür.

Mosulun İŞİD-inəlinə düşməsini "inqilab" kimi alqışlayan bəzi sünni islamçı aktyorların Türkiyədən himayə görməsi də onları çəkindirir. Terror təşkilatının yüksəlişini "Şiə iqtidara qarşı sünnilər nəfinə azadlıq" kimi dərk edən yanaşma Türkiyəni öz dostları arasında belə çətin mövqeyə saldı.

Bağdadın etirazlarına baxmayaraq, türk əsgərlərini Başika hərbi bazasına yerləşdirməsi, köhnə vali Əsil Nuceyfinin yığdığı sünni güclər (“Haşd əl-Vətəni”) gərginliyi artırdı.

Prezident Tayyib Ərdoğanın İŞİD-ə qarşı döyüşdə “Haşd əl-Şəabi”ni "terrorist"tək xarakterizə edən çıxışları və Mosulda yalnız sünniərəblər, sünni türkmənlər və sünni kürdlərin qalmasına dair ifadələri də bu qəbildəndir.

Bütün bunlar İraqın yenidən inşası prosesində Türkiyənin üzərinə götürəcəyi rolların önünə baryer olaraq çıxır. İraqdakı tenderlərdə ciddi təcrübə əldə edən türk şirkətləri isə İŞİD-dən qurtarılan bölgələrdəki layihələrdən və ortaya çıxacaq yeni fürsətlərdən pay almaq istəyir.

Xarici İqtisadi Münasibətlər Heyəti (DEİK) nəzdindəki Türkiyə-İraq İş Şurası iyulun 11-də İstanbulda bir yığıncaq təşkil edib vəziyyət qiymətləndirdi. Yığıncağa 150 firmanın nümayəndəsi qatıldı. Türkiyə-İraq İş Şurasının sədri Emin Taha inşaatdan tekstilə qədər geniş sahədə əhəmiyyətli fürsətlərin yarandığını və bunları qiymətləndirmək istədiklərini qeyd etdi.

“Al-Monitor”a danışan qaynaqlara görə, Başika hərbi bazası Türkiyənin İraqda yeni bir səhifə açmasını maneə törədir. Baş nazir Binəli Yıldırımın yanvarın 7-də Bağdad səfərindən bu yana ikitərəfli əlaqələrdəki gərginliyin azaldılması istiqamətində səylər göstərilir. Ancaq hər cəhddə Başika məsələsi gündəmə gəlir.

İraqlıların bu mövzudakı təpkisi yalnız siyasi-diplomatik təmaslarda deyil, iqtisadi əlaqələrə də əks olunur.

Fərqli qaynaqların “Al-Monitor”la paylaşdığı bəzi dəyərləndirmələr belədir:

– Keçmişin səhvləri, ya da siyasi seçimlərdən qaynaqlanan pis hissləri silmək asan deyil. Lakin Türkiyə keçmişin gərginliklərinə fikir vermədən diplomatik kanallarla dialoq səylərini davam etdirir. Başika mövzusu davamlı gündəmdə gəlsə də, Türkiyə hər təmasda Mosulun inşasında əlindən gələn töhfəni təqdim etməyə hazır olması mesajı verir.

– Türkiyənin dəstəyinə əhəmiyyət verən bəzi sünni ailələr Mosulda hələ də güclüdür. Bunlar şəhərin gələcəyində mütləq təsirli amil olacaq. Bağdad rəhbərliyinin, Əsil Nuceyfinin liderliyindəki birliyin "Ninova Gözətçiləri" adıyla Mosul əməliyyatına qatılmasına icazə verməsi müsbət başlanğıc idi. Bu güc Mosul ətrafında əhəmiyyətli oldu. Bu qatqı da nəzərə alınacaq.

– Türk inşaat firmalarının sahə təcrübəsi qulaqardına vurula bilməz. Bağdadın etirazlarına baxmayaraq, türk firmalarına iştirak hüququ veriləcək.

– İraq hökuməti ayırdığı büdcədə, şübhəsiz, qənaət səlahiyyətini istədiyi kimi istifadə edəcək. Ancaq beynəlxalq birlikdən gələn dəstək və maliyyənin istifadəsində Bağdad rəhbərliyinin etirazları işə çox yaramayacaq. Çünki ianəçi ölkələr resursların istifadəsində şəffaflıq və fəaliyyət baxımından İraq rəhbərliyinin səyini kafi görmür. Bu ölkələr yardımı İraq hökumətinə nağd şəkildə verməyəcək. Bu məsələdə fərqli bir mexanizm inkişaf etdiriləcək. Bu da türk firmalarının lehinədir (İraq Beynəlxalq Şəffaflıq Təşkilatının siyahısında 176 ölkə arasında 166-cı pillədədir).

– Layihələri xarici şirkətlər icra etsə, onların türk firmaları ilə əməkdaşlığına maneə yoxdur. Tenderləri udan İraq firmaları da öz təcrübə və tutumlarının məhdud olması səbəbi ilə türk şirkətləri işləyə bilər.

– Bu mərhələdə "Türkiyə kənarlıaşdırılır" nəticəsinə gəlmək çox tezdir. Hələ proses müzakirə mərhələsindədir. İnkişaf etdiriləcək mexanizmlər müzakirə olunur. Ölkələr və aktyorlar bir-birini gözdən keçirir. Beynəlxalq ianə konfransından sonra tablo dəqiqləşəcək.

– Türkiyə İraqın yenidən inşası üçün öz planını açıqlayacaq. Bunlar ianə və kredit alternativləri şəklində ola bilər. Bəlkə də milyard dollarlarla ifadə edilən məbləğ olmayacaq, amma qonşunun qonşuya maliyyə dəstəyi qəbilində yardım müsbət atmosfer yaradacaq.

– Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) də tarixi mirasın təmiri mövzusunda bir neçə layihə təqdim etməyə hazırlaşır.

Yeni layihələrə dair gözləntilərin yanında keçmişdən qalan hesablar və yarımçıq qalmış bəzi layihələr də həllini gözləyir. İŞİD-dən əvvəl Mosulda mərkəzi hökumətdən tender alan türk firmaları yarımçıq qalan işlərinə dönməyə ümid edir. Üstəlik türk şirkətlərinin icra etdikləri layihələrə görə İraq hökumətindən alacaqları var.

6 milyard dollarlıq layihəni boynuna götürmüş olan türk şirkətlərinin alacaqları 2017-ci ildən 3 milyard dollar səviyyəsindədir. Baş nazir Binəli Yıldırımın Bağdad səfərində ödənişlərin ediləcəyi müjdəsi verilsə də, böyük çox irəliləyiş yoxdur.

İraqın yenidən inşasına istiqamətli işlərdə nəzərlər Küveytin ev sahibi olmaq istədiyi beynəlxalq ianə konfransındadır. Bu konfrans 2018-ci ildə baş tutmalıdır.

İraq hökuməti 10 illik milli plan üçün 100 milyard dollara ehtiyacı olduğundan danışır.

Xarici işlər naziri İbrahim Cəfəri daha əvvəl İkinci Dünya müharibəsindən sonra Şərq Avropanın yenidən inşası üçün tətbiq olunan "Marşall Planı"na bənzər yardım proqramına ehtiyacları olduğunu söyləmişdi.

Çin də daxil olmaqla, bir çox ölkə İraqın yenidən inşa edilməsinə yaxından maraq göstərir. Çinin Bağdad səfiri Çen Veyşenq dövlət başçısı Şi Cinpinqin İraq hökumətinə 80 milyon yuan (11.7 milyon dollar) maliyyə yardım vəd edən məktubunu iyulun 12-də İraq prezidenti Fuad Məsuma çatdırdı.

Britaniya da xüsusi alt quruluş layihələri üçün “UK Export Finance” vasitəsilə 12 milyard dollar kredit ayrılmaq vədini verdi. Bu mövzuda tərəflər arasında razılaşma imzalandı.

İŞİD-ə qarşı döyüşdə İraq hökumətinə və “Haşd əl-Səab”i güclərinə əhəmiyyətli ölçüdə dəstək təqdim edən İran da ölkənin yenidən inşasında geridə qalmaq niyyətində deyil.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə