XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

21 İyul 2017 - 16:37

Qətərə dəstəyin nəticəsi:Ərdoğan Körfəz turundan necə dönəcək? - TƏHLİL

Zülfüqar Doğan

“Al-Monitor”

 

Son bir neçə ildə yürütdüyü xarici siyasətlə Misir, Liviya, Suriya, İraq kimi qonşu ölkələrdə və yaxın bazarlarda ağır iqtisadi zərbələr alan Türkiyə 2015-ci ildə rus döyüş təyyarəsinin vurulmasından sonra Rusiyanın da sanksiyaları ilə qarşılaşmışdı.

İndi də Ankara Səudiyyə Ərəbistanı liderliyindəki Körfəz ölkələri və Misirin Qətərə qarşı blokadasında Dohanın yanında yer alıb və yeni itkilər qapıda durur.

Rusiya böhranının ixracat, turizm və s. kimi əhəmiyyətli valyuta gəlirlərində ortaya çıxardığı ağır ziyanlar hələ aradan qalxmamış, Qətər böhranında "problemin tərəfi" halına gələn Türkiyənin iqtisadi itki riskləri daha da böyüyüb.

Türkiyə İxracatçılar Məclisinin (TİM) iyulun 1-də açıqladığı (iyun, 2017) statistika (1,8%-lik artımla 12,1 milyard dollar) Körfəzdə narahatlıq yaradıb.

May ayında 277 milyon dollar olan Səudiyyə Ərəbistanına ixrac 36,4% azalma ilə iyunda 188 milyon dollara enib. Birləşmiş Ərəb Əmirliklərinə ixracat 20,5% geriləyib və 316,5 milyon dollardan 234,6 milyon dollara düşüb. Bəhreynə ixracat 24% azalıb və may ayındakı 20,7 milyon dollarlıq məbləğ indi 15,6 milyon dollardır.

Böhranın yarandığı iyun ayında Qətərə ixracat 49% artım yaşayıb və 35,8 milyon dollardan 53,4 milyon dollara çıxıb. Qətər böhranının yaxınlaşdırdığı Türkiyə-İran ticarətindəki müsbət inkişaf da iyun məlumatlarına əks olunub. İrana ixrac 8,5% atımla 233 milyon dollardan 250 milyon dollara yüksəlib.

Qəti nəticəyə çatmaq üçün bir aylıq məlumatlar kafi olmasa da, iş dünyasından edilən qiymətləndirmələr narahatlıqla birlikdə bu sualı gündəmə gətirir: Türkiyə vasitəçi olmaqla Qətərin tərəfini tutub, digər Körfəz ölkələri əleyhdarı olmalı idimi?

Türkiyə Podratçılar Birliyi (TMB) sədri Mithat Yenigün bu narahatlığı paylaşanlardan biridir. Yenigün “Al-Monitor”a etdiyi şərhdə belə deyib: "Prosesi narahatlıqla izləyirik. Üzv şirkətlərin Qətər, Səudiyyə Ərəbistanı və böhranda tərəf olan bütün ölkələrdə podratı var. Kaş bu böhranda vasitəçi, hər iki tərəfə qarşı balanslı ola biləydik".

Türkiyə-Qətər münasibətlərində prezidentinin xüsusi cəhdlərilə son illərdə sürətli inkişaflar yaşandığını dilə gətirən Yenigün deyib: "Körfəz bölgəsində podratçılarımızın fəaliyyət göstərdiyi ölkələr arasında Səudiyyə Ərəbistanı ilk sıradadır. Qətər ikinci mövqedədir. Bu dövlətdə bu ana qədər alınan işlərin məbləği 19 milyard dollar səviyyəsindədir. Küveyt üçüncü sırada durur. BƏƏ və Bəhreyndə də əhəmiyyətli layihələr icra edilir. Körfəz ölkələrinin xarici podrat xidmətlərimizin payı 40%-ə yaxınlaşır. Bu anda problem iqtisadi olmaqdan çox siyasi ağırlıqlıdır. Hələ konkret bir əks olunma yoxdur, amma proseslər itki əndişəmizi böyüdür”.

TMB-nin mart hesabatına görə, bu ilin ilk rübündə türk şirkətləri Körfəz ölkələrində 2,9 milyard dollarlıq müqavilə imzalayıb. Bu günə qədər bölgədə alınan işlərdə, 310 layihə və 18 milyard dollarlıq məbləğ ilə, Səudiyyə Ərəbistanı ilk sıradadır. Qətərdə – 128, BƏƏ-də – 108, Küveytdə – 34 layihə icra olunur. Digər bir deyimlə, Qətər istisna olmaqla, Körfəz ölkələrindəki layihələr Qətərin 3,5 qatı səviyyəsindədir. Bu, Qətərın yanında tərəf olmanın Türkiyəyə iqtisadi ziyan vuracağını göstərir.

Bölgəyə ən böyük ixracatı edən sektorlardan İnşaat Məmulatları Sənayeçiləri Dərnəyi (İMSAD) iyun ayı hesabatında Qətərlə digər ölkələr arasında ortaya çıxan və Türkiyəni də bilavasitə olaraq içinə alan böhranın Türkiyənin bu ölkələrə istiqamətli inşaat vəsaiti ixracatını mənfi təsir edəcəyi ifadə edilir.

İqtisadiyyat naziri Nihat Zeybəkçi iyulun 12-də Qətərin iqtisadiyyat və ticarət naziri Əhməd Bin Casim Bin Məhəmməd əl-Sani ilə Ankarada bir araya gəlib. Zeybəkçi: “Qətərə bu günə qədər 197 yük təyyarəsi, 16 TİR və bir də gəmi ilə lazımi mallar göndərilib”, – deyib.

Qətərli nazir isə blokadanın ilk günündən etibarən yanlarında olduğuna görə Türkiyəyə və prezident Ərdoğana təşəkkür edib.

Qətərə dəstək, başda Səudiyyə Ərəbistanı olmaqla, digər Körfəz ölkələrində türk ixrac məhsullarına qarşı müqavimət meydana gətirərkən, ictimai media vasitəsilə türk mallarına kampaniyaları başladılıb.

Türk-Səudiyyə İş Şurasının sədri Yusuf Cevahir boykotun vəziyyətə hələ əks etmədiyi, ancaq siyasi gedişatın yeni sərmayələrə təsir edəcəyini söyləyir. Türkiyə-BƏƏ Biznes Şurasının sədri Mehmet Habbab isə BƏƏ-nin Səudiyyə Ərəbistanının siyasətini izləyəcəyini söyləyərkən Əbu Dabi ilə Dubayın böhran səbəbiylə "ayrışa biləcəyi" fikirini dilə gətirir.

Qətər böhranı son dövrdə əlaqələrdə gərginlik Türkiyə ilə İranı yaxınlaşdırıb. Prezident Ərdoğanın fevral ayındakı Körfəz ölkələri turunda "Şiə məzhəbçiliyi, Fars milliyyətçiliyi"ndə günahlandırdığı İrandan sərt şərhlər gəlmişdi. İqtisadiyyat naziri Zeybəkcinin fevral ayındakı Tehran səfəri və Tehrandakı Türk Ticarət Mərkəzinin açılışı ilə bu gərginlik ləğv edilib.

Kiçik ərəb dövlətini dəstəklədikdə ikitərəfli əlaqələr də sürətlənib. İqtisadiyyat naziri Zeybəkçi iyulun 10-da özü çox sayda sənayeçi, iş adamı, podratçı və ixracatçı ilə Tehrana gedib.

Türkiyənin xaricindəki bazarlarda açmağı planlaşdırdığı 20 TTM-nin ilki Tehranda açılıb. Daha əvvəl 30 milyard dollar olan ikitərəfli ticarət həcmində hədəf 50 milyard dollara yüksəldilib. 2015-ci ildə tətbiq olunan Tərcihli Ticarət Müqaviləsinə (TTA) qarşı Türkiyə-İran ticarətinin tamamilə sərbəstləşdirilməsi məqsədi açıqlanıb.

Prezident Ərdoğanın Qətər rəhbərliyiylə fərdi yaxınlığı ilə son dövrdə Türkiyəyə axan Qətər sərmayəsinin sürətlənməsi, türk ixrac məhsullarına qapılarını sona qədər açması digər Körfəz ölkələri ilə yaşanacaq itkilərini kompensasiya etmir.

İran variantını canlandırmağa çalışan Türkiyə hələ 30 milyard dollarlıq ticarət həcmi hədəfindən belə çox uzaqda ikən 50 milyard dollarlıq yeni hədəf iqtisadi gerçəklərlə üst-üstə düşmür.

Ərdoğanın indi Körfəz ölkələri turuna çıxmağı planlaşdırır. Amma onun Qətər tərəfində olması ucbatından Körfəz turundan əliboş dönməsi ehtimalı yüksəkdir.

 

Tərcümə: Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə