XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2017 - 14:22

Qırğızıstan vəhhabilərinin lideri:“Prezidentin dörd, nazirin üç arvadı olmalıdır ki, ölkəni ədalətlə idarə etsin”

Uluqbek Babakulov

Fergananews (Özbəkistan), 22.07.2017

 

Qırğızıstanda keçən həftə məhkəmənin “Yəqin İnkar” dini cərəyanının fəaliyyətinin qadağası və ekstremist kimi tanınması haqda qərarı qanuni qüvvəyə minib. Qərar iyunun ortalarında qəbul edilib. Femida təmsilçiləri hökmü Baş prokurorluğun müraciəti əsasında çıxarıblar.

Bu arada bu cərəyan fəalları hesab edirlər ki, məhkəmə qadağası onlar üçün heç bir rol oynamır, çünki dünyəvi qanunları tanımırlar. Bununla yanaşı, sosial şəbəkələrin qırğız seqmentində qırğız dilində İŞİD-in konstitusiya layihəsi fəal şəkildə yayılır. Ən dəhşətlisi – bu ideya öz ardıcıllarını tapır və onlar əleyhinə danışan hər kəsin xirtdəyindən yapışmağa hazırdırlar.

Yəqin İnkar” dini cərəyanı son 3-4 ildə populyarlıq qazanmağa başlayıb. Onları adi dindarlardan fərqləndirmək çətin deyil – uzunsaç və uzunsaqqalı kişilər pakistansayağı uzun libas və şalvar, qadınlar qara ləbbadə geyinir, gözlərini qara dəsmalla bağlayırlar. Bu cür “əsil möminlər”in sayı son illərdə dəfələrlə çoxalıb, küçə və bazarlarda,  xüsusən də cümə günləri yerli müsəlmanların camaat namazı üçün toplaşdığı məscidlərin yan-yörəsində onlarla tez-tez rastlaşmaq olur. “Yəqinçilər” bununla ad çıxarıb ki, məktəblərdə oğlan və qızların ayrı-ayrı təhsil alması uğrunda çıxış edirlər. Bu səbəbdən əksəriyyəti öz övladlarına təhsil müəssisələrinə getməyi yasaqlayıblar. Onlar telefon, televizor, rəsmi təbabət və s.-dən istifadə etməyin əleyhinədirlər.

Yəqin İnkar” ərəb dilindən tərcümədə “Allahdan başqa hər şeyin inkarı” deməkdir. Qırğızıstanın cənub paytaxtından ekspert Əzəmət Əsətulla hesab edir ki, “onlar vətəndaşları mürtədlik yoluna  yönəldirlər. “İnkarçılar” deyirlər ki, peyğəmbərin dövründəki kimi yaşamaq lazımdır və adamları yanlışlığa uğradırlar”, – deyə ekspet hiddətlənir.

“Fergana” artıq nağıl edib ki, “yəqinçilər” hərəkatı heç də az fəal olmayan başqa bir “Təbliği-Camaat” dini cərəyanından törəyib. “Təbliğçilər” praktik olaraq MDB-nin bütün ölkələrində yasaqlanıb və dövlət başçısının yüngül əli sayəsində təkcə Qırğızıstanda  leqalcasına fəaliyyətdədirlər.

Yəqin İnkar”ın tərəfdarları öz sıralarına getdikcə daha çox sayda adam cəlb edirlər, çünki zəmin, yəni “təbliğçilər”in içindən seçdikləri ardıcılların beyinləri son dərəcə faydalıdır. Məlum olduğu kimi, Müftilik sonuncuları missioner fəaliyyəti üçün “xalq içinə” dəstə-dəstə göndərir.

 

Arvad olsa, vəzifə də olacaq?

 

Ölkədə əhalinin görünməmiş dindarlığı birdən-birə haradan başlanıb? İzahat sadədir. Dövlətin əhalinin beynini məşğul edəcək öz ideologiyası yoxdur. Müqəddəs yer boş qalmır: adamların beynini dini xadimlər işğal ediblər. Məsələn, məşhur ilahiyyatçı Çubak Cəlilovun moizələri müsəlman mühitində böyük populyarlığa malikdir. Sosial şəbəkələrdə onun kanallarına abunəçilərin sayı 300 minə çatır. Keçmiş müfti Çubak ajı (Məkkəyə həccə gedənin çini, yəni Hacı Çubak-tərc.) bununla tanınıb ki, ilahiyyat təhsilini Səudiyyə Ərəbistanında alıb və sələfilik (vəhhabilik) ideyalarının qatı ardıcılıdır. Çubak Cəlilov və həmkarı Ozubek ajı bir neçə ay qabaq çoxarvadlılıq institutunun rəsmi tətbiqi ideyasını irəli sürüblər. Guya, bu cür praktika ölkədə fahişəlik probleminin kökünü kəsməyə imkan verəcək.

"Qırğızıstanda ərsiz qadınlar kişilərdən 58 min nəfər çoxdur, – Cəlilov haradan götürüldüyü bilinməyən rəqəmi misal gətirir. – Onların seçimi var: çinliyə ərə getmək, ərsiz qalmaq və yaxud ikinci arvad olmaq. Bu isə bildirir ki, 58 min kişi ikinci arvad almalıdır. Əlbəttə, əsas qanunumuza görə buna icazə verilmir. Ancaq bu qanun işləmir. İşləməyən bu cür qanunlar olur. İkiarvadlılığı yasaqlayan və buna görə məsuliyyət nəzərdə tutan qanunlar var. Amma baxın, Arstanbek Mıktıbekin (Qırğızıstanda məşhur teleaparıcı-tərc.) ikinci arvadı var, Ozubekin (Qırğızıstanda populyar ruhani-tərc.) ikinci arvadı var, qaçaq Bakıyevin (Qırğızıstanın keçmiş prezidenti-tərc.) iki arvadı var, mərhum yazıçı Aytmatovun iki xanımı var idi, Tursunbay Bəkir uulunun (keçmiş ombudsman və ölkə parlamentinin keçmiş deputatı-tərc.) arvadlarının ümumiyyətlə sayı-hesabı yoxdur".  

Çubak ajının fikrincə, ikinci arvad almaq üçün insan “əsil kişi” olmalıdır: "Yoxsa birinci arvad səni qaragün edəcək: “ay dad, ay aman” və kişi arvad dalınca qaçaraq ikinci arvada talaq verəcək… Kişinin iki arvad saxlamağa, onların söz və əməllərinə dözməyə hünəri çatırsa, arvadlarına tay olmaycaqsa, özünü ləyaqətlə aparacaqsa, qoy ikinci arvad alsın. Bacarmayacaqsa, ona biri də çoxdur və qoy arvadının ətəyindən yapışıb tuflisini təmizləsin…"

İslam avtoritetinin fikrincə, yüksəkçinli siyasi vəzifələrə arvadların sayından çıxış etməklə təyin etmək lazımdır: "Hesab edirəm ki, yalnız iki arvadı olan deputat olmalıdır. Onlara qarşı ədalətli olmağı bacaracaqsa və hər ikisini saxlamağa gücü varsa, onda bir başqasını da bəsləyə bilər. Bizdə deputatlar indi asan yem dalınca qaçırlar… Özündən başqa iki arvadı da saxlamağı bacarırsansa, deməli, xalqın işlərini həll etməyə qadirsən… Nazirlərin hökmən üç arvadı olmalıdır, yoxdursa, deməli, bu vəzifəyə yaraşmırsan. Prezidentin dörd arvadı olmalıdır. Həm də bütün arvadlarına eyni cür yanaşırsa, onda xalqı da idarə edə bilər. Biz artıq kişilərin əvəzinə qadınların bizi necə idarə etdiyini görmüşük. Buna görə də arvadlarını idarə edə bilənləri seçmək lazımdır. Ya da ona deyilməlidir: get, öz işinlə məşğul ol".

Sosial şəbəkə istifadəçilərindən bəziləri çoxarvadlılıq ideyasının təşəbbüskarlarından nümunə göstərmək və “sevgi kahinələrinə” evlənmək xahişi ediblər… Sezmək çətin olmadığı kimi, cavab gəlməyib. İslam aliminin başqa bir moizəsi də çoxarvadlılıq mövzusu ilə həmahəngdir. Qadın canlı efirdə ona sual edib: ərim ikinci dəfə evlənmək istəyirmiş, mən əleyhinəyəmsə, buna razılığım lazımdırmı?

Çubak ajı cavab verib ki, birinci arvad razılaşmaya və qarşı çıxa bilər, lakin mahiyyətcə onun rəyi heç nəyi həll etmir:"Sizin narazılığınız tam anlaşılandır. Ancaq donuz qısqanmaz. Amma siz Allahın iradəsinə qarşı çıxmamalısınız. Deyə bilərsiniz ki, qısqanırsınız, lakin bununla belə Uca Tanrının iradəsinə əməl edin. Ərinizin ikinci arvad alması üçün nə sizin razılığınız, nə də icazəniz lazımdır. Arvadın razılığı məcburi olsaydı, onda biz kişilərdən heç biri daha bir arvad ala bilməzdi. Özü də o vaxt ərsiz qadınlar, bacılarımız ikinci, üçüncü və yaxud dördüncü arvad ola bilməzlər… Hətta siz razı deyilsinizsə də, əriniz ikinci, üçüncü arvad ala bilər və bununla da savab əməlləri davam etdirə bilər. Qoy Allah ərinizə daha bir arvad almağa kömək olsun ki, hər ikinizə ədalətlə yanaşsın və övladlarınızı tərbiyə edə bilsin. Qoy Uca Allah sizi həqiqi yola dəvət etsin ki, ərinizin təzə arvad haqda qərarını düzgün qəbul edə biləsiniz".

Razılaşın ki, nüfuzlu ilahiyyatçının ağzından çıxan bu cür ifadələr əhalinin aşağı savad səviyyəsinin artırdığı cahil çoxluğa xoş gələr.

Görünür, hələ bir il əvvəl “Təbliği-Camaat” ideyalarının yayılmasını müdafiə edən prezident Atambayev də bunu başa düşüb. Almazbek Şarşenoviç iyulun 12-də dövlət mükafatları mərasimi zamanı adamları təhsil almağa çağırıb və Məhəmməd peyğəmbərin sözlərini yada salıb ki, bir saatlıq elmi məşğuliyyət bir gecənin ibadətini əvəz edir. Atambayev “Alnınızı ibadətlə zədələməyin, ən yaxşısı, təhsillə məşğul olun” deyərək əlavə edib ki, bu, islam dinini ərəb mədəniyyəti ilə qarışdırmamağa yardım edər.

 

İŞİD şəbəkələrdə tüğyan edir

 

Lakin, deyəsən, Qırğızıstan rəhbərinin çağırışı əməlli-başlı gecikib. Sosial şəbəkələrin qırğız seqmentində İŞİD laiyhəsininn məqalələri təqdim edilən kliplər fəal şəkildə yayılır. Bu cür layihənin bəndlərindən biri deyir ki, müsəlman ölkələrində əsas dil ərəb dili olmalıdır, çünki “müqəddəs Quran kitabı bu dildə yazılıb”.

Bu sözlər namazın niyə ərəb dilində qılınmalı olduğu sualına “Quranı qırğız dilində oxumaqdansa ərəbcə oxumağa görə Ucas Allahdan on qat əcr alırsınız” cavabını verən Çubak ajı Cəlilovun sözlərilə təəccüblü şəkildə səsləşir.

Başqa bir məqalədə deyilir ki, “dövlət quruculuğunun təməlləri islam prinsiplərinə uyğun olmalıdır. Ölkədə dövləti idarə edən və yaxud hər hansı rəhbər vəzifəni ancaq azad kişi (yəni kölə olmayan) olmalıı, həddi-buluğa çatmalı, sağlam düşüncəsi, ədaləti və üzərinə qoyulan vəzifələri yerinə yetirməyə qabil adam olmalıdır. Həmçinin vacibdir ki, o, müsəlman olsun”.

Mən daha bu çarxlardan sitat gətirməyəcək və yada salmayacağam ki, aşkar ittihamdan yayınım – indi artıq dinlərarası nifaqı qızışdırmaq ittihamından (xatırladım ki, xüsusi xidmətlər mənə qarşı təfsilatı burada oxuya biləcəyiniz cinayət işi qaldırıb).

Xüsusi xidmətlər bu cür təbliğat çarxlarından xəbərdardırmı? Axı bu kliplər “dizüstə” deyil, professional avadanlıqda və olduqca keyfiyyətlə hazırlanıb. Bu cür təbliğat sənayesi böyük pullara başa gəlir və pulu dəqiq şəkildə kiminsə tərəfindən ödənilir. Kimin?

Bu gün Qırğızıstanda fəaliyyəti ekstremist və terrorçu elan edilmiş 19 təşkilat var. Respublika Ali Məhkəməsi “Yəqin İnkar”ın fəaliyyətinin qadağan edildiyi haqda aşağı instansiyanın qərarını təsdiqləsə, onda bu cərəyan yasaqlanmış təşkilatlar siyahısında hesabla iyirminci olacaq. Amma fərqi yoxdur, güman etmirəm ki, bu, ölkəni tədricən yuxulu dini fanatizmə doğru sürünməkdən xilas edər.

 Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə