Corco Kafiero
“Al-Monitor”
ABŞ-ın dövlət katibi Reks Tillersonun Vaşinqtonda Yusuf bin Ələviyə ev sahibliyi etməsinə üç gün qalmış Sultan Qabus, ABŞ prezidenti Donald Trampla birbaşa danışmış Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) son dövlət başçısı oldu.
Tehranın nüvə sazişinə (JCPOA) sadiqliyini təsdiqləməsinə baxmayaraq, Tramp administrasiyası İran rəsmiləri və şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq etdikdən sonra İranın yüksəlişinə qarşı mübarizənin aktuallığını vurğuladı. Bu çağırış Tillersonla Qətər və Yəmən barədə telefonla danışdıqdan sonra, Ələvinin Qətər böhranını müzakirə etmək üçün Tehrana səfərindən bir həftə sonra səsləndi.
Tramp administrasiyası və rəsmi Məsqətin bir sıra regional məsələlər üzrə eyni mövqedə olmadığı sirr deyil. JCPOA ilə bağlı Obama administrasiyası və İranın danışıqlar aparmasına yardım etmiş Oman bu məsələdə aparıcı rol oynayıb. Tramp prezidentliyə namizəd olarkən, sazişi "ən pis müqavilə" adlandırıb və tarixi razılaşmanı ləğv etməyə söz verib.
Apreldə hər bir KƏŞ üzvü, Oman istisna olmaqla, Trampın Suriya rejiminin Hums yaxınlığındakı hərbi infrastruktura raket zərbələri qərarını qəti şəkildə dəstəklədi. Yəmən cəbhəsində Tramp administrasiyasının dəstək verdiyi Səudiyyə Ərəbistanı / Birləşmiş Ərəb Əmirliklərinin hərbi kampaniyası Omanı qıcıqlandırır. Həm də Trampın müsəlman dünyasındakı ABŞ müttəfiqlərinin Vaşinqtona kömək etmək çağırışı Məsqət və Tehrana münasibətlərini davam etdirməyə maneə törətmir. Hörmüz boğazı ilə qonşu olan iki ölkə ortaq müttəfiqi kimi, yaxın müdafiə əlaqələrini genişləndirirlər.
Oman və Tramp administrasiyasının regional təhlükəsizlik məsələsini nəzərdən keçirmədən Məsqətin Tehranla əməkdaşlığı çox unikaldır. Tramp administrasiyası İranı terrorizm və regional qeyri-sabitliyin inkişafında ən çox məsuliyyətli daşıyan Yaxın Şərq dövləti kimi görsə də, Məsqət İranı müxtəlif sahələr üzrə mühüm strateji tərəfdaş kimi görür. Bundan əlavə, Qətər böhranı şəraitində KƏŞ çərçivəsində davam edən proseslər, İranın da daxil olduğu Səudiyyə Ərəbistanının strateji münaqişə dərinliyini qiymətləndirmədə bir sıra çəkinmələr meydana gətirir. Oman kimi kiçik üzv ölkələrə bu sərf etmir.
Oman-İran əlaqələri Məsqətin xarici siyasəti ilə bağlıdır və o, Yaxın Şərqdəki dövlət və qeyri-dövlət aktyorları ilə olduqca interaktivdir. Bu da Omanı KƏŞ-də unikal edir. Məsələn, Oman son 6 il yarımda Suriya rejimi ilə rəsmi münasibətləri davam etdirən yeganə KƏŞ dövlətidir. Bu ilin əvvəlində Məsqət, Dəməşqdə çox sayda adamın ölümünə və yaralanmasına səbəb olan intihar hücumlarına cavab verərək, Bəşər Əsəd rejiminə başsağlığı mesajı göndərdi. Həmçinin, omanlılar husilər də daxil olmaqla, bütün Yəmən icmaları ilə tarixi əlaqələri ilə bağlı güclü hisslərə malikdir. Səudiyyə Ərəbistanı və BƏƏ rəhbərliyinin Yəməndəki hərbi kampaniyaya dair qəti qarşılıqlı anlaşması mövcuddur. Oman bu əməliyyatın başladığı vaxtdan onda iştirak etmir.
Tramp iki ay əvvəl Riyadda Ərəb-İslam Sammitində çıxışını başa çatdırarkən, Birləşmiş Ştatlarla qarşılıqlı əməkdaşlıq etdikləri üçün, Omanı istisna olmaqla, bütün KƏŞ ölkələrini təriflədi. Səudiyyə Ərəbistanında olarkən, o, Oman baş nazirinin müavini Səid Fəhd bin Mahmud Əl-Səidlə görüşməli idi. Tillersonun Ələvi ilə görüşü kimi, bu, planlaşdırılmamış görüş idi. Amma mübhəm səbəblərdən baş tutmadı.
Hazırda administrasiyanın növbəti maliyyə ili üçün hazırladığı büdcə planında Omana ABŞ-ın hərbi yardımının 35% azaldılması göstərilir.
Bəlkə də Tramp və Qabusun ilk söhbəti Qətər böhranına görə baş tutdu və bu, Vaşinqton və KƏŞ dövlətləri arasında Məsqəti regional vasitəçiyə çevirə bilər. Əlbəttə, Oman deyil, Küveyt bu il münaqişəni həll etmək üçün KƏŞ üzvü kimi diplomatik səylər aparır. Vaşinqton Küveyt əmirini tam şəkildə dəstəkləyir. Ancaq Tramp administrasiyası böhranı aradan qaldırmaq üçün Omanı öz rolunu artırmağa təşviq edə bilər.
Şübhəsiz, ABŞ-ın sünni-ərəb müttəfiqləri bölündüyü üçün KƏŞ-in müxtəlif üzvləri arasında, ərəb dünyasında Tehranın öz siyasi gündəmini inkişaf etdirmək üçün daha çox yararlanma potensialı var.
Ötən ay Ağ Ev Qabusa bildirdi ki, sultanlıqdan İranla iqtisadi əlaqələrini dayandırmasını gözləyir. Bu mesaj CIA (Mərkəzi Kəşfiyyat İdarəsi) direktoru Mayk Pompeo və Trampın milli təhlükəsizlik məsləhətçisi, ordu generalı Riki Uodellin Qabusla gizli görüşündə çatdırıldı. Pompeo və Uoddell omanlı lideri İranın istifadə etdiyi Yəmən limanları və Yəmən-Oman sərhədində husi döyüşçülərin qaçaqmalçılıq yollarını bağlamağa çağırdı. Omanın silahların husilərə çatmasına dair qəti sübutlar olmasa da, Tramp administrasiyası və digər KƏŞ dövlətləri omanlı rəsmiləri birmənalı şəkildə bunda ittiham edir, Yəməndəki vətəndaş müharibəsində Məsqətin rolu olduğuna inanırlar.
Çox güman ki, Tramp administrasiyası Omanın müstəqil xarici siyasətinə və İranla nadir əlaqələrinə tamamilə zidd mövqedədir. Oman üçün narahatlıq doğuran sual isə budur: husi döyüşçülər Yəməndən Riyadı vurmağa qadir olan uzunməsafəli raketlər əldə edirsə, Tramp administrasiyası bunda Məsqəti günahkar bilir?
Hər halda, Qətər böhranı KƏŞ-i parçalamaq üçün təhlükə törətdiyindən Tramp administrasiyası, Amerika ilə əlaqəsi 1790-cı başlayan Omana vasitəçilik köməyi istəyə bilər.
İllər ərzində Məsqət çətin dövrlərdə ABŞ-ın faydalı müttəfiqi olub. İndi Vaşinqton KƏŞ-in gələcəyindən dərin narahatlıq keçirirsə, Ağ Ev yavaş-yavaş olsa da, bu administrasiyanın Yaxın Şərqdə möhkəmlənməsinə kömək edə biləcək yeganə müttəfiq olaraq Omanın dəyərini bilməyə başlayır.
Tərcümə: Strateq.az