XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

26 İyul 2017 - 08:00

Prezident qardaşının həbsi:Siyasətin bir parçası olan qohumbazlıq və "inqilab ailələri"nin nüfuz savaşı - TƏHLİL

Səlim Cəlal

“Anadolu News Agency

 

İyulun 15-də İranda prezidenti Həsən Ruhaninin qardaşı və eyni zamanda, xüsusi məsləhətçisi olan Həsən Firudun həbs edildi. Firudun maliyyə fırıldaqlarında ittiham olunur.

O, səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirildi və daha sonra sərbəst buraxıldı. Bütün bu hadisə iyirmi dörd saat içində olub-bitdi.

Firudunun dərhal sərbəst buraxılması üçün Ruhani qurulmuş nizamı təhdid etdimi, yoxsa onunla gizli bir razılaşmaya gəldi, – bunu təsbit edə bilmək hələ çox tezdir. Lakin mövcud vəziyyətdə bu qənaətə gəlmək olar: Firudun səhhətinə görə sərbəst buraxılmayıb. Çünki siyasi və siyasi olmayan səbəblərlə həbsdə olanlar arasında çox ciddi sağlamlıq problemləri olanlar var və İran məhkəmə sistemi onların heç birinə ən kiçik bir müalicə haqqı vermir.

Buna görə də, vəkilinin zəmanət haqqı ödəməsindən sonra Firudunun azad edilməsi iddiası məntiqli deyil. İran bürokratiyası belə bir əməliyyatın bu qədər qısa müddətdə tamamlanmasına imkan tanımayacaq dərəcədə kobuddur.

Firudunun əleyhinə olan iddialarla bağlı bunu soruşmaq lazımdır: İranda vəzifəsindən sui-istifadə etməyən varmı?

Beynəlxalq Şəffaflıq Təşkilatı tərəfindən araşdırılan 176 ölkə arasında İranın qlobal indeksi 131-dir. Korrupsiya iddialarından çox-çox əvvəl Firudun nüvə müzakirələri əsnasında da KİV-lərin manşeti olmuşdu. Müzakirə qrupunun rəsmi üzvü olmasa da, az qala, hər müzakirə toplantısında o, iştirak etmişdi.

Həsən Firudunun müzakirə heyəti ilə prezident Ruhani arasında fərdi bir elçi vəzifə tutduğu iddia edilirdi. Ancaq Firidunun son illərdə tutduğu prezidentə xüsusi məsləhətçilik vəzifəsi müxalifləri tərəfindən prezidentə qarşı tayfabazlıq və qohumluqdan sui-istifadə etməklə hökumət işlərinə müdaxilə etmə suçlanmasına yol açdı.

Maraqlıdır ki, dini lider yaxın qohumların eyni hökumətdə vəzifə tutmasına etiraz etmir. Sabiq prezident Məhəmməd Xatəmi və kabinet üzvləri ilə 2001-ci ildəki görüşündə Ayətullah Xamnei, hz. Musanın qardaşı hz. Harunu özünə naib təyin etdirməsi niyazına dair "Quran" ayələrini oxumuşdu. Bu ayələrin işığında, o belə demişdi: "Bu xüsusu Ayətullah Rəfsəncaninin prezidentliyi dövründə dilə gətirdiyim kimi, prezident Xatəmiyə də söylədim. Ona qardaşı Əli Xatəmini istintaq orqanına rəhbər təyin etməsini tapşırdım. O da onu təyin etdi, çox da gözəl oldu!"

İran xalqının da qohumbazlıq mövzusunda problemi olmadığını ifadə etmək gərəkdir. Məsələn, Məhəmməd Xatəminin 1997-ci ildə qazandığı seçki zəfərindən sonra o zamana qədər tanınmayan qardaşı Məhəmməd Rza Xatəmi 2000-ci ildəki Məclis seçkilərində Tehranda ən yüksək səs payını aldı. Bənzər şəkildə mərhum Rəfsəncaninin qızı Faizə Rəfsəncani atasının mövqeyi sayəsində Məclis seçkilərində iştirak etdi.

Buna görə də, qohumbazlıq İran siyasi mədəniyyətinin bir parçasıdır.

Bu nümunələrdən sonra Ruhaninin önümüzdəki həftələrdə kabinet üzvlərini açıqlayacağını xatırladaq. Düzü, Ruhani iqtidarı digər qruplarla paylaşma mövzusunda təzyiq altındadır.

İslahatçı cinahın liderlərindən Məhəmməd Rza Arif iyulun 18-də Ruhani ilə görüşdən sonra belə dedi: "Bəzi insanlar qələbədən sonra onlar üçün mübarizə aparanları unudur". Bu şərh Ruhani ilə digər siyasi qüvvələr arasında vəzifə bölgüsü mövzusunda davam edən gərginliyin açıq göstəriciləridir.

Budur Firudun da bu müddətdə günah keçisi halına gətirilir. Ancaq bu gərginliyin Ruhaninin müxaliflərinin sahib olduğu qəbilə zehniyyəti ilə əlaqəsi var. Bu vəziyyət isə bir çox təhlilçi tərəfindən az qala nəzərə alınmayan amildir.

Son qırx ildə iranlı rəsmilərin çoxu bir-biri ilə qohumlaşıb. Buna “inqilabi evliliklər” deyilməsi təsadüfi deyil. İranda qurulmuş nizam eyni ictimai qruplar arasında evliliklərlə meydana gəlmiş kompleksi təşkil edir.

Məsələn, sabiq prezident Məhəmməd Xatəminin qardaşı Ayətullah Xomeyninin nəvəsiylə evlidir. Məclis sədri Əli Laricani Əli Mütəhhərinin bacısı ilə. Dini liderin oğlu Müctəba Xamnei sabiq Məclis başçısı Həddad Ədalətin kürəkənidir. Dini liderin digər oğlu Məsud Xamnei isə İranın sabiq xarici işlər naziri Kamal Xərrazinin qardaşı qızı ilə ailə qurub. Kamal Xərrazinin oğlu Məhəmməd Xatəminin qızıyla evlidir. Dini liderin qızı, dini liderin ofisinin başçısı Ayətullah Gülpayeqaninin oğluna ərə gedib. İslam İnqilab Keşikçilərinin sabiq komandiri Möhsün Rezainin oğlu Ayətullah Xomeyninin nəvəsiylə ailə qurub. Tehranın böyük gücə sahib mövcud bələdiyyə başçısı Qalibaf dini liderin xanımının qardaşı oğludur…

Bu siyahı səhifələrlə uzana bilər. Qısa nəticə budur: bu evliliklər nəticəsində yaranan qohumluqlar bu insanlarda tipik bir qəbilə zehniyyətini inkişaf etdirib.

İndi, bu inqilab evlilikləri ilə meydana baxdıqda, Həsən Ruhaninin güclü ailə bağlarına malik olmadığını görürük. Bu dezavantaj üzündən prezidentliyinin ilk günlərindən bəri Ruhani öz adamlarını sistemə salmağa çalışır. Son dörd ildə Ruhaninin onlarla yaxın qohumu hökumət vəzifələrinə gətirilib.

Bir neçə nümunə vermək lazım olsa, məsələn, Ruhaninin qardaşı oğlu Əbdülhüseyn Firudun – Elm, Tədqiqat və Texnologiya Nazirliyinin katibi vəzifəsindədir. Digər qardaşı oğlu İsmayıl Səmavi prezidentə məsləhətçilik edən qrupdadır, gənclər heyətinin başçısıdır. Qardaşı oğlu Əli Munisa Kiş azad ticarət zonasının direktorluğunu edir. Ruhaninin qardaşı qızı Tahirə Qəyyumə isə prezident sarayının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəridir.

Buna görə də İran İslam Respublikasının siyasi üfüqündə bir-birilə yan-yana irəliləyən və bir-birilə əlaqəli iki gərginlik var: bir tərəfdən, Ruhani yeni hökumətdə qurulmuş nizamın seçmə fərdlərinə qarşı daha səxavətlə davranmaq mövzusunda təzyiq altındadır; digər tərəfdən, qurulmuş nizamın seçmə fərdləri, qəbilə zehniyyətinə görə, İranın iqtidar quruluşu içində yeni bir ailənin yaranmasına müqavimət göstərir.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə