XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

27 İyul 2017 - 14:32

Yumurtasatan, musiqiçi, missioner, 7 uşaqlı diplomat…- Tramp Rusiyaya səfir postuna kimi göndərir?

Donald Tramp Rusiyada ABŞ-ı kimin təmsil etməsinə qərar verib. Bu, Cənub-şərqi Asiya üzrə ekspert, Çin dilində səlist  danışan, rus dilini isə qətiyyən bilməyən 57 yaşlı Con Hantsmandır. Trampın fikrincə, Rusiyada Birləşmiş Ştatların maraqlarını məhz bu cür mütəxəssis təmsil edə bilər.
Hantsman təklifi qəbul edib. Lakin namizədliyinin təsdiqlənməsi üçün Senatın qərarını gözləməli olacaq və bu prosedur hələ bir neçə ay çəkə bilər.

Strateq.az xarici mətbuata istinadən Trampın Rusiyada səfir postunu niyə rus dilini bilməyən Hantsmana həvalə etmək istədiyinə və diplomatın maraqlı bioqrafiyasına aydınlıq gətirməyə çalışacaq.

Respublikaçı Con Hantsman Ronald Reyqandan üzü bəri bütün ABŞ prezidentləri ilə işləyən, iki dəfə səfir postunu tutan mühafizəkar-texnokrat kimi tanınır. Namizədliyi Senatda təsdiqlənəcəyi təqdirdə, Hantsman Tramp administrasiyasında ən mürəkkəb diplomatik vəzifəni daşımalı olacaq. O, Rusiya ilə Ukrayna və Suriya məsələsində əməkdaşlığın yollarını axtarmalı, eləcə də Trampın rəqiblərinin irad və tənqidlərinə duruş gətirə bilməlidir.

Musiqiçi,  missioner…

Con Hantsman 1960-cı ildə Kaliforniyada mormonlar (dini cərəyan) ailəsində dünyaya gəlib. O, doqquz uşaqlı ailənin ən böyük övladıdır. Quşçuluq müəssisəsi işlədən atası Hantsmanı hələ kiçik yaşlarından zəhmətə öyrədib. Balaca Hantsman atası ilə birlikdə ərzaq dükanlarına zəng edərək yumurta təklif edirmiş.

Ata Hantsman olduqca ağıllı adam idi və başa düşürdü ki, şirkəti keyfiyyətsiz qablaşdırma ucbatından xeyli pul itirir. İtkiyə yol verməmək üçün Hantsman dünyada ilkə imza atır və yumurtaları yerləşdirmək üçün plastik konteynri ərsəyə gətirir. Ardınca da qablaşdırma üçün nəzərdə tutulan plastik qabların istehsalına başlayır. Bu gün bütün dünyada geniş istifadə olunan birdəfəlik plastik boşqablar, qaşıq-çəngəl dəstləri ideyası məhz Hantsmanın beyninin məhsuludur. 

Bizneslə paralel olaraq ata Hantsman o vaxtkı prezident Riçard Niksonun administrasiyasında katibliyin rəisi vəzifəsində də çalışır. Vəzifədən gedəndən sonra ailəsi ilə birlikdə Yuta ştatına köçür.

Balaca Hantsman orada orta məktəbə başlayır və lakin musiqiçi olmaq həvəsi onu məktəbdən ayrılmağa vadar edir. Hantsman "Wizard" rok qrupunda musişi alətində ifa etməyə başlayır. Lakin sonradan yenə təhsilini davam etdirir və imtahan verərək Yutadakı universitetə daxil olur. Ali təhsil aldığı dövrdə iki illik Tayvana – mormon missionerlərinin yanına gedir. Çin dilini də elə orada öyrənir.

Vətənə qayıdandan sonra Hantsman ali təhsilini nüfuzlu Pensilvaniya universitetində davam etdirir və beynəlxalq münasibətlər ixtisası üzrə bakalvr dərəcəsinə sahib olur.

ABŞ diplomatiyasının gənc siması

Təhsilini başa vurandan sonra bir müddət prezident Reyqanın administrasiyasında katib-referent kimi çalışır. Atası qərara gəlir ki, oğlunun biliklərindən ailə biznesini genişləndirmək üçün istifadə etmək lazımdır. Və onu növbəti dəfə Tayvana göndəririr. Lakin bu dəfə "Huntsman Pacific Chemical"ın vitse-prezidenti statusunda.

Çox keçmədən Con Hantsman ABŞ-ın digər prezidentinin – ata Corc Buşun diqqətini çəkir. Buş Hantsmana Ticarət Nazirliyində idarəetmə işlərini həvalə edir. Bir il sonra isə onu nazir müavinin köməkçisi təyin edir. 

1992-ci ilin iyununda Buş Hantsmanı ABŞ-ın Sinqapurdakı diplomatik missiyasına rəhbər təyin edir. Senat prezidentin namizədini yekdilliklə dəstəkləyir və Hantsman Birləşmiş Ştatların son 100 ildə ən gənc səfiri olur. 

Hantsman səfir postunda cəmi 9 ay çalışır və yeni prezidentin – Bill Klintonun hakimiyyətə gəlişindən sonra vəzifədən getməli olur.

Növbəti prezidentin – oğul Buşun iqtidara gəlişi ilə Hantsman yenidən dövlət qulluğuna qayıdır. Oğul Buş ona İndoneziyada səfir postunu təklif edir. Hantsman təklifdən imtina edir və Buş ona ABŞ-ın Ticarət Nümayəndəliyində müavin vəzifəsini həvalə edir.

2005-ci ildə Hantsman Yuta ştatına qubernator seçilir. Bu vəzifədə də uğur qazanır və reytinqi 90 faizə qədər yüksəlir. Hantsman tipik respublikaçı idi – vergiləri azaltdı, abortu qadağan etdi. 

Opponentləri ilə də özünü çox təmkinli və hörmətlə aparırdı. O, hətta siyasilər və sadə insanlar arasında qarşılıqlı hörməti təbliğ edən "No Labels" qeyri-kommersiya təşkilatı da qurmuşdu.

Hantsman hesab edirdi ki, demokratlar və respublikaçılar saysız-hesabsız mübahisələrdə boğazlarını yormamalıdılar.

Bunun əvəzinə bir-birlərini dinləməli və ölkəyə fayda vermək üçün çalışmalıdılar.

Demokrat Obama da onu seçdi


Demokrat Barak Obama ona Çində səfir postunu təklif edəndə respublikaçı Hantsman razılıq vermişdi.

"Əgər Birləşmiş Ştatların prezidenti sənin belə bir vəzifədə xidmət etməyini istəyirsə, deməli, söhbət bitib. Mən bu çağırışı qəbul etməliyəm", – deyə Hantsman bildirmişdi.

Hantsman Çində iki ildən bir az artıq işlədi. Lakin hamının yadında qalmağı bacardı. 

2011-ci ildə Pekində "ərəb baharı" olayları ilə bağlı nümayiş təşkil olunmuşdu. Nümayişə çox adam qatılmasa da, səfir Hantsmanın orada iştirakı aksiyanı yaddaqalan etdi. 

ABŞ səfirinin hökumətin təşkil etmədiyi aksiyaya gəlməyi Çindəki millətçi-bloggerlərin qəzəbinə səbəb olmuşdu. Sonradan ABŞ səfirliyi məlumat yaydı ki, Hantsman ailəsi ilə nümayişin olduğu yerdən təsadüfən keçirmiş və nə baş verdiyini bilən kimi oradan uzaqlaşıb.

Lakin çoxu bu deyilənə inanmayaraq belə şeylərin təsadüf ola bilməyəcəyini bəyan etmişdi.

"Düzdür, bu, Maydanda nümayişçilərə peçenye paylayan Viktoriya Nuland deyil. Bununla belə, bu, ABŞ-ın etirazın dinc yolla ifadə edilməsinə göstərdiyi diqqətdir, jestdir", – deyə Human Rights Watch-un Çin üzrə rəhbəri Sofi Riçardson məlum hadisəni şərh edərkən bildirmişdi.

5 övlad, 2 övladlıq…

Hantsman tez-tez Pekin küçələrində görünür, velosipeddə gəzir, sadə vətəndaşlarla söhbət edir, qoyun ətindən kabab yeyirdi. Səfir yerli sakinlərin ABŞ-ın siyasətinə dair bütün iradlarını diqqətlə dinləyir və Çin dilində onlara olduqca nəzakətlə cavab verirdi.

Hantsmanın bioqrafiyasındakı maraqlı detallardan biri də onun 1999-cu ildə Çindən olan azyaşlı qızı övladlığa götürməsidir. Qreysi Mey adlı bu Çin qızı Hantsmanın sevimlisidir. O, müsahibələrinin birində "Qızım məndən daha vacib səfirdir" deyə bildirmişdi.

Maraqlıdır ki, Hantsmanın övladlığa götürdüyü daha bir qızı var. Bu qızcığaz əslən Hindistandandır. Və bu iki qızldan savayı Hantsmanın özünün doğma 5 övladı var. 

Hantsman 2012-ci ildə prezidentliyə namizədliyini verərək bu sahədə də gücünü sınadı. Lakin bu dəfə uğur onun üzünə gülmədi. Hantsman rəqiblərini qara yaxmaq istəmədi. Ən ağır iradı isə namizəd Mitt Romniyə oldu. Hantsman onu fikrini tez-tez dəyişməkdə ittiham etmişdi. 

Hantsmanın proqramı Trampın proqramı ilə təxminən eyni idi.  Onların hər ikisi seçkiyə "Hər şeydən əvvəl Amerika!" şüarı ilə getmişdi. 

Debatların birində Hantsman Trampı sərt tənqid etmişdi. Bildirmişdi ki, Tramp beynəlxalq ticarəti məhdudlaşdırmağa çalışır: "Trampın beynəlxalq ticarət məktəbi xoşuma gəlmir. Mən ticarət savaşı istəmirəm".

Tramp "Twitter"dən bu irada belə cavab vermişdi: «Çin Con Hantsmanın dövründən bizi barmağına dolayır. O (Hantsman) zəif adam çıxdı".
Lakin son prezident seçkilərinə namizədliyini irəli sürəndə Hantsman Trampı dəstəklədi. 

Düzdür, Hantsman rus dilini bilmir və çətin ki, Moskva küçələrində velosipedlə gəzib insanlara söhbət edəcək. Lakin ABŞ-Rusiya münasibətləri bu gün məhz nəticəyə hesablanan səliqəli dialoqa ehtiyac duyur. Ola bilsin ki, məhz Hantsmanın təmkini və prinsipiallığı bu dialoqa nail olmağa kömək edəcək, Trampın üzərindən Rusiya ilə bağlı şübhələri götürəcək və ikitərəfli münasibətləri qaydaya salacaq.
 
Yeri gəlmişkən, Atlantika Şurası Hantsmanı qlobal düşünən birinci dərəcəli  mütəxəssis, həmçinin dövlət qulluqçusu və biznesmen statusunu bir simada mükəmməl cəmləyən insan kimi xarakterizə etmişdi.

Strateq.az
 




Yuxarı Əvvələ Ana Səhifə