pravda.ru, 27.07.2017
Mosulun azad edilməsindən sonra İraqda nə baş verir və terrorizmlə mübarizə necə aparılır? İŞİD yaraqlılarının yeni taktikasının üstü necə açılıb? İraq Kürdüstanında referendumun keçirilməsi nəyi mürəkkəbləşdirə bilər?
İraq Kürdüstanının Rusiyadakı rəsmi təmsilçsi Aso Tələbaninin bu yöndə Rusiya nəşrinə müsahibəsini Strateq.az oxucularına təqdim edirik.
– Cənab Aso, Rusiya təmsilçiliyiniz nə ilə məşğul olur? Hansı vəzifələri həll edirsiniz?
– İraq Kürdüstanı rəsmi təmsilçiliyi artıq beş ildir ki, mövcuddur. Bizim Rusiya XİN-lə yaxın münasibətimiz var. Biz ən müxtəlif məsələlərlə, o cümlədən siyasi, iqtisadi və mədəni işlərlə məşğul oluruq. İraq Kürdüstanına gedənlərin və yaxud əksinə, oradan Rusiyaya gələnlərin hamısı bizdən keçirlər. Biz İraq Kürdüstanı ilə RF arasında nəsə bir körpüyük.
– Vizanı siz verirsiniz?
– Bəli, viza veririk.
– Yəni belə çıxır ki, İraq Kürdüstanına getmək üçün İraqın deyil, məhz sizin viza lazımdır? Sanki dövlət birdir, amma belə çıxır ki, bu məsələdə sistemləriniz müxtəlifdir.
– Bəli, hazırda İraq Kürdüstanlında ayrıca viza sistemi var. Biz təkcə Rusiya vətəndaşlarına deyil, həm də keçmiş sovet respublikalarının vətəndaşlarına viza veririk. Bu gün Kürdüstanın müxtəlif ölkələrdə 13 təmsilçiliyi var, onların sayca artırılması planlaşdırılır.
– Son zamanlar İŞİD-ə qarşı fəal döyüşən peşmərgənin bir çox yaralanmış döyüşçüləri Rusiyaya müalicə olunmağa gəlirlər. Rusiyanın Kürdüstan paytaxtı Ərbildəki konsulluğu buna necə yanaşır?
– Bəli, biz həqiqətən də bir çox yaralıları müalicə və bərpa üçün Rusiyaya gətiririk. Hesab edirəm ki, ən çevik reaksiya və dəstək məhz RF baş konsulluğu tərəfindən gəlir. Təəssüf ki, hətta Kürdüstanda və İraqda çoxları bunu bilmir.
– Mosulun xilasından sonra İraqda nə baş verir? Bundan sonra nə olacaq? Hər halda Mosul tam azad edilib?
– Demək olar ki. Terrorizmə qarşı mübarizə hələ bitməyib. Orada xeyli, o cümlədən xarici terrorçuların yerləşdiyi iki şəhər qalır. Növbəti fəaliyyət mərhələsinin hansı olacağı, bu şəhərlərdən hansının birinci azad ediləcəyi haqda İraq hökuməti hələlik bir qərara gəlməyib. Əlbəttə, Mosul azad edildikdən sonra xeyli yaxşı olub, amma yenə də terrorçuların hamısı məhv edilməyib, kimlərsə qaçmağa nail olub. Çox güman ki, hətta bu iki şəhər azad edildikdən sonra da müharibə qurtarmayacaq.
– Terrorçuların yeni taktikası olacaq? Hansısa bir partizan müharibəsi?
– Bəli. Bizdə məlumat var ki, Mosuldan və başqa şəhərlərdən qaçmış terrorçular Cəbəli-Həmrin tərəfdə Bağdada ən yaxın və İraq Kürdüstanının coğrafiyaca ən mürəkkəb ərazisində toplaşıb. Hazırda bu qruplaşmaların yenidən təşkili gedir. Amma düşünmürəm ki, orada Mosuldakı qədər yaraqlıların cəmlənməsi getsin. Bu ərazinin özəllikləri və landşaftın çətinliklərindən çıxış etsək, onlara daha çətin olacaq. Kiçik dəstələr fəaliyyət taktikalarını dəyişməyə başlayacaq, İraq ordusu və kürd peşmərgə dəstələrinə qarşı yeni mübarizə üsulları axtaracaqlar.
– İraqda İŞİD-lə mübarizədə kürdlərin, həmçinin Rusiyanın bütün bölgədəki rolunu necə dəyərləndirirsiniz?
– Kürdlər İraq və Suriyada bütün dünyaya sübut ediblər ki, ciddi qüvvədirlər: onlar terrorçulara heç bir şans verməyib və onları şəhər və kəndlərdə sıxışdırıb və vurub çıxarıblar. Rusiya terrorizmə qarşı fəal mübarizə aparıb – xüsusən də Suriya ərazisində; İŞİD və digər qruplaşmalar onun sayəsində olduqca ciddi itkiyə məruz qalıb. Lakin təəssüf ki, hansısa səbəblərdən Rusiya bu bölgədə terrorzimə qarşı mübarizəyə qatılmağı davam etdirmək üçün İraq hökuməti ilə sazişə gəlməyə müvəffəq olmayıb. Çünki hamımız Rusiya aviasiyasının Suriya ərazisində İŞİD obyektlərinə zərbələrinin güclü effekti görmüşük. RF İraqın daxili həyatında daha fəal iştirak etsəydi, indi başqa bir mərhələdə olardıq.
– Amma axı Rusiya ora hərbi və humanitar yardım göndərib?
– Bəli, o həm Bağdada, həm də kürdlərə humanitar yardım və hərbi texnika göndərib. Rusiya bizə həmişə yaxşı yanaşıb; məsələn, indi Rusiya ərazisində 100 mindən çox kürd yaşayır. Ümid edirəm ki, Rusiya hökuməti və vətəndaşları bizə dəstəyi davam etdirəcək.
Söhbətləşdi: İqbal Dürrə
Tərcümə Strateq.az-ındır.