XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2017 - 14:27

İsrailin əndişəsi:ABŞ kəşfiyyatının Suriya üsyançılarına dair proqramı bitdikdən sonra nə olacaq? - Təhlil

Conatan Spayer

“Jerusalem Post”

 

ABŞ prezidenti Donald Tramp bu həftə ABŞ-ın uzun müddət gizli saxlanılan CIA proqramını – Suriyadakı üsyançıları silahla təmin etmə və təlim verməni dayandırması barədə xəbəri təsdiqləyib.

Trampın "Twitter"lə açıqladığı bu qərarla bağlı şadyanalıq vardı. Amma bu şərhlər ciddi deyildi. Proqramın mövcudluğu məlum idi, onun detalları bilinməsə də, sadəcə artıq gizliliyini itirib.

Buna baxmayaraq, ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının rəhbəri general Raymond A. Tomas tərəfindən də təsdiqlənmiş CIA proqramını dayandırmaq qərarı əhəmiyyətli idi.

Bu nə məna verir: ABŞ Suriya sahəsindən çıxır və bölgəni tamamilə Rusiyanın təsir zonasına verir? Suriya üçün bu nə deməkdir? Əsədin əleyhinə olan qüvvələrdən bütövlükdə imtina olunur və Suriyadakı uzun müddətli vətəndaş müharibəsində diktator zəfər qazanır?

Mövcud faktların təhlili o qədər də sadə deyil. 2013-cü ilin əvvəlində hazırlanan və "Timber Sycamore" adlandırılan CIA proqramı “islamçı” və “cihadçı” qüvvələrin çoxaldığı dönəmdə Suriyadakı sünni üsyançılar arasındakı "mötədil" birliklərə dəstək verməyi nəzərdə tutub.

“Timber Sycamore”a əsasən silahlandırılmış ilk döyüş qrupları 2013-cü ilin sentyabr ayında, Suriyanın cənubunda görünməyə başlayıb. İordaniya və Türkiyədəki hərbi əməliyyat mərkəzlərindən həyata keçirilən proqram ABŞ hərbçiləri tərəfindən suriyalı üsyançıların təlim almasına, 2014-cü ildən isə ölümcül silahlar əldə etməsinə kömək edib.

Məsələn, “TOW” tank əleyhinə raketlər barədə ilk məlumatlar 2014-cü ilin aprelində ortaya çıxıb. Media xəbərlərə görə, Səudiyyə Ərəbistanı da bu layihədə iştirak edib. Rəsmi Riyad – pulu, amerikalılar – silah və təlim verirdi.

Təqdim olunan silahların dəqiq sayı, dəstəklənən qrupların siyahısı, təklif olunan təlim növü və təlimdə iştirak edən ABŞ personalı gizli saxlanılıb. Bununla birlikdə, proqramın təsirləri yerdəki nəticələrə əsasən qiymətləndirilə bilər.

Suriyanın şimalında ABŞ tərəfindən dəstəklənən qruplar Qətər və Türkiyənin dəstəyi ilə başlayan, dominant sələfi qrupların sıxışdırılmasını nəzərdə tutub, ən əsası isə “Əhrar əl-Şam” qrupu və “əl-Qaidə” bağlı “Cəbhət əl-Nusra” (sonradan “Həyat Təhrir əl-Şam”) arasında savaşı ehtiva edib. “Əhrar” sonuncunun öhdəsindən gələ bilməyib.

ABŞ-ın dəstəklədiyi qrupların çoxu sonradan şimalda sələfilərin tərəfdaşına çevrilib. Cənubda isə əksinə, cihadçılar zəif olub.

Əslində, “Azad Suriya Ordusu”nun təliminə məsul olan ABŞ personalı ilə ABŞ-ın dəstəklədiyi qüvvələr (həmçinin İordaniya və İsrail tərəfindən dəstəklənir) Əsəd rejimi və müttəfiqlərinin Dəraa və Quneytra vilayətlərinə girişinə mane ola bilməyib.

CIA proqramına paralel olaraq, Pentaqon da İŞİD əleyhinə müharibə üçün öz əməliyyatını davam etdirir. Bu layihə ləng olsa da, onun sayəsində İŞİD-çilər “paytaxt" Raqqa şəhərinədək sıxışdırılıb.

Pentaqon proqramının uğurun başlanğıcı ABŞ-ın sünni-ərəb üsyançılarla deyil, kürd YPG ilə əməkdaşlığa başlaması ilə üst-üstə düşür.

2014-cü ilin oktyabrında başlayan bu tərəfdaşlıq ABŞ-a hazır hərbi qüvvə ilə işləmək imkanı verib. Bundan sonra kürd nüvəsi bir sıra əlavə ərəb qüvvələri ilə birləşib və indi “Suriya Demokratik Qüvvələri” kimi tanınan çoxmillətli gücdür.

Əlavə olaraq, bu proqram İŞİD-ə qarşı mübarizə aparmaq istəyən cənub-şərqdəki üsyançı qüvvələrə təlim və dəstək təklif edir. Hazırda iki ərəb üsyançı dəstəsi – “Maqavir əl-Tavra” və “Şuhəda əl-Qunartayn” cənub-şərq Suriyadakı çöldə ABŞ və müttəfiq (ingilis və norveçli) qüvvələrdən təlim və yardım alırlar.

Bu təlim proqramı tamamlanmayıb. Yəni ABŞ Suriyadan çəkilmir. Əksinə, müəyyən bir layihə ləğv edilir.

Beləliklə, bu, proseslərə necə təsir göstərə bilər?

Aşkar səbəblərə görə Pentaqonun təlim-tədris proqramı Fəratın şərq hissəsində, “Timber Sycamore”un dayandırılması ilə təsirini itirməyəcək.

Şimal-qərbdə ABŞ tərəfindən dəstəklənən qruplar çox əhəmiyyətsizdir. İdlib əyalətində bu həftə 31 kənd itirən “Əhrar əl-Şam” “Həyat Təhrir əl-Şam”a təslim olub.

“Timber Sycamore”un sonu ilə ən çox təsirə məruz qalacaq sahə Suriyanın Colan təpələri və İordaniya ilə sərhəddəki bölgədir.

7 iyul tarixli atəşkəsdən sonra Rusiya hərbi polisinin (yəni rus əsgərlərinin) bu əraziyə yerləşdirilməsi cənub-qərbdə İran, “Hizbullah” və şiə milislərin iştirakını təmin edib.

“Timber Sycamore”un sona çatması və hərbisizləşdirilən zona müqaviləsi sahədəki balansı pozacaq.

Ancaq birincisi, CIA proqramının ləğvi ilə yaranan boşluqda cənub-qərbdəki üsyançıların ABŞ-ın digər dəstəyi ilə əvəz edilməsi mümkündür.

İkincisi, İsrail, İordaniya və Körfəz ölkələri üsyançılara dəstəyi davam etdirəcək.

Beləliklə, "Timber Sycamore" layihəsinin “ölümü”nün təsiri az ola bilər. Suriyaya dair əsas sual – rejimin (həm də İran və “Hizbullah”ın) Rusiyanın dəstəyi ilə strateji ərazidə nəzarət sahəsini genişləndirməyə davam edə bilib-bilməyəcəyidir?

 

Tərcümə: Strateq.az