Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində İslam aləminin ən müqəddəs məkanı sayılan Məkkə şəhərində yerləşən Kəbə evini ziyarət etməsi ilə bağlı məlumat vermişdik. İnteraz.-ın yazdığına görə, məlumatla birgə yayılan fotolar arasında ən diqqət çəkən məqamlardan biri də ölkə başçısının ailəsi ilə birlikdə “Əhli-Beyt” düşmənlərinin daima pərdələməyə çalışdığı “Rukn əl-Yəmani” məqamını ziyarət etməsi ilə bağlı olub.
“Rukn əl-Yəmani” məqamı müqəddəs Kəbə evinin dörd küncündən birində yerləşir. Bu məqam Fatimə bint Əsədin İmam Əli (ə)-ni dünyaya gətirmək üçün müqəddəs Kəbə evinə daxil olduğu yerdir. Mötəbər tarixi mənbələrdə qeyd edilib ki, Həzrət Əli (ə)-nin anası Fatimə bint Əsəd o həzrəti dünyaya gətirmək istədiyi ərəfədə Kəbə evinin ətrafına gəlib və sözügedən məqamdan ora daxil olub. Bir neçə müddətdən sonra isə dünyaya gətirdiyi İmam Əli (ə)-la birgə oradan çıxıb. Həmin məqam o vaxtdan etibarən bu cür çat vəziyyətində qalıb. Tarixən mənfur Əhli-Beyt düşmənləri, xüsusilə vəhhabilər həmin məqamı müxtəlif vasitələrlə örtərək aradan aparmaq istəmələrinə baxmayaraq, heç bir şeyə nail ola bilməyiblər. Belə ki, “Rukn əl-Yəmani” məqamının üzəri hər dəfə müxtəlif vasitələrlə örtülsə də (üzləmə) yenidən əvvəlki vəziyyətinə qayıdıb.
Hər il Həcc mərasimi ərəfəsində sünni və şiəliyindən asılı olmayaraq, bütün dünya müsəlmanları “Rukn əl-Yəmani” məqamın ziyarət edərək Həzrət Əli(ə)-yə öz sevgilərini və məhəbbətlərini izhar edirlər.