XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Avqust 2017 - 15:48

Kolumbiya Universitetinin professorundan xəbərdarlıq:Tramp Səudiyyə-İran qarşıdurmasında tərəf tutmamalıdır - Təhlil

Cefri Saks

“Syndicate Project”

 

Son həftələrdə ABŞ prezidenti Donald Tramp və onun məsləhətçiləri İranı Yaxın Şərq terrorunun episentri olmada günahlandıraraq Səudiyyə Ərəbistanına qoşulublar. Bununla yanaşı, ABŞ Konqresi İrana qarşı yeni sanksiyalar hazırlayır.

Səudiyyə kral Salmanın sözlərinə görə, İran "nizəsi"nin ucu yastılanmalıdır, çünki son dərəcə təhlükəlidir və Yaxın Şərqdə daha bir müharibəyə gətirib çıxara bilər.

Əslində, bu, rəsmi Tehranın İŞİD-ə qarşı ABŞ-la eyni səfdə olmasına baxmayaraq, bəzi amerikalı dəliqanlıların məqsədi kimi görünür. Halbuki regional opponentlərinin əksəriyyətindən fərqli olaraq, İranda fəaliyyət göstərən demokratiya var.

Taleyin işinə bax ki, ABŞ və Səudiyyə ritorikasının artması İranın 19 May seçkilərindən iki gün sonra başlayıb. Bu seçkilərdə mötədil prezident Həsən Ruhani müxaliflərini üstələyib.

Yəqin ki, Tramp üçün İran əleyhinə Səudiyyə Ərəbistanını bağrına basmaq biznes təklifidir. Səudiyyə Ərəbistanı ilə razılaşmanı "iş, iş, iş yeri" kimi səciyyələndirən Tramp 110 milyard dollarlıq yeni silah sazişi bağlayıb.

Administrasiyanın İrana qarşı həmləsi, əlbəttə, müəyyən mənada mövcud kursa paraleldir.

ABŞ-ın xarici siyasəti, – rəsmi təbliğatındakı bəzi digər səhvlər istisna olmaqla, – heç bir real məqsədə xidmət etməyən absurd, faciəli və həddindən artıq dağıdıcı xarici müharibələrlə doludur. Vyetnam, Əfqanıstan, İraq, Suriya, Liviya, Yəmən və bir çox digər münaqişələrdə Amerikanın yararsız və ifrat xərclərinin səbəbini necə izah etmək olar?

Amerikanın anti-İran ehtirası 1979-cu il İslam İnqilabından qaynaqlanır. ABŞ ictimaiyyəti radikal iranlı tələbələr tərəfindən ABŞ səfirliyi əməkdaşlarının girov götürülməsi və 444 günlük sınaqdan yaranan psixoloji şoku adlaya bilməyib. Girov draması ABŞ mediasında başdan sona qədər hakimdir, nəticədə, 9/11 hücumunun ictimai travmasına oxşar post-travmatik stress meydana gəlib.

Əksər amerikalılar üçün indi və indiyədək girov böhranı – və həqiqətən də İran inqilabının özü – gözlənilməz olub. Bir çox amerikalılar İran inqilabından 25 il əvvəl CIA-nın (İngiltərənin MI 6-sı ilə birgə) həyata keçirdiyi və ölkənin demokratik yolla seçilmiş hökumətini devirmə əməliyyatının səbəblərini bilir. Onlar dərk edirlər ki, bu, İran nefti üzərində anqlo-Amerikan nəzarətinin qorunması üçün idi. O zamanlar neft sənayesi milliləşdirmə ilə təhdid olunurdu.

Bundan başqa, əksər amerikalılar girov böhranının səbəbindən də agahdır: ABŞ-ın müalicə adı ilə şahı qəbul etməsi.

Reyqan administrasiyası dövründə ABŞ, İrana qarşı təcavüzkar müharibədə İraqa kimyəvi silahlardan istifadə imkanı verib. 1988-ci ildən, müharibə başa çatdıqdan bu yana ABŞ İrana qarşı maliyyə və ticarət sanksiyaları siyasətini izləyib. 1953-79-cu illərdə isə gizli fəaliyyət, avtoritar rejimə və düşmənlərinə hərbi dəstək və onilliklərlə sürən sanksiyalar vasitəsilə İran iqtisadiyyatının inkişafına maneə törədilib.

Amerikanın anti-İran ehtirasının digər bir səbəbi də İranın “Hizbullah” və “Həmas”a – İsrailin iki hərbi antaqonistinə verdiyi dəstəkdir. Burada da tarixi konteksti anlamaq vacibdir.

1982-ci ildə İsrail Livandakı davakar fələstinliləri əzmək üçün Livanı işğal edib. Həmin müharibədə İsrailin işğalçı qüvvələri qətliamlar törədib.

İran Livanın cənubunda işğala müqavimət göstərmək üçün “Hizbullah”ın formalaşmasını dəstəkləyib. İsrail 2000-ci ildə, işğaldan təxminən 20 il sonra Livandan çəkildikdə, “Hizbullah” Livandakı qüdrətli hərbi, siyasi və sosial qüvvəyə və İsrailin yanına batmış tikana çevrilib.

İran, həmçinin İsrailin varlığına dair hüququ rədd edən sünni qrupu “Həmas”ı dəstəkləyir. 1967-ci il müharibəsində ələ keçirilən Fələstin torpaqlarının işğalı onilliklərlə davam edir. Fələstin Parlamentinə 2006-cı il seçkilərində “Həmas” “Fəth”i üstələyib.

“Həmas”la dialoqa girmək əvəzinə, ABŞ və İsrail 2014-cü ildə Qəzzada qəddar müharibə ilə, onu əzilməyə çalışıb. Nəticədə kütləvi qırğınla bərabər, Qəzzada infrastruktur dağıdılıb.

İsrail İranın nüvə proqramını da mövcud təhlükə kimi görür. İsraillilər dəfələrlə ABŞ-ı İranın nüvə obyektlərinə hücum etməyə razı salmağa çalışıb və ya ən azından İsrailin bunu etməsinə icazə istəyiblər. Xoşbəxtlikdən prezident Barak Obama müqavimət göstərib və bunun əvəzinə, BMT Təhlükəsizlik Şurasının (üstəgəl Almaniya) beş daimi üzvü İranla nüvə silahına qarşı müqavilə imzalayıb, inam yaratma tədbirləri üçün meydan yaradıb. Halbuki Tramp və səudilər bu əhəmiyyətli və perspektivli razılaşmanın yaratdığı əlaqələrin normallaşdırılması imkanını məhv etmək niyyətindədirlər.

Ötən əsrdə İngiltərə, Fransa, ABŞ və Rusiya Yaxın Şərqdəki güc oyununda çox səhvlər buraxıb. Onların hamısı xeyli insan canı, pul və nüfuzu bada verib. İndi şər qüvvə elan etmə, silahlanma və fəlakət deyil, diplomatiya dövrünə daha böyük ehtiyacımız var.

 

Tərcümə: Strateq.az