XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Avqust 2017 - 14:32

Berlin “böyük qardaş”a qarşı sanksiyalar təhdidi ilə qiyama qalxıb:“Amerika alman şirkətlərini cəzalandıra bilməz” – Təhlil

Sergey Manukov

Expert Online, 02.08.2017

 

Angela Merkel kabinetinin iqtisadiyyat naziri Brijit Zipris ABŞ sanksiyalarının beynəlxalq hüququ pozduğu və rəqabət silahı olduğu haqda olduqca dəqiq və birmənalı bəyanat verib. Eyni xətti Brüssel də aparır.

Deyəsən, Berlin gerçəkdən “böyük qardaş”a qarşı qiyama qalxıb. AFR paytaxtından yüksəkçinli alman siyasətçilərinin Rusiyaya qarşı yeni Amerika sanksiyalarının qanunsuzluğu haqda bəyanatlar dalbadal gəlir. Almaniyanın Avropadakı çəkisi nəzərə alınmaqla Vaşinqtonun avropalı müttəfiqlərinin fikrini dinləməyi və xarici siyasətdə nəzərə almağı lazım idi.

Alman siyasi elitasının hamının eşidəcəyi şəkildə ABŞ Konqresinin bəyəndiyi antirusiya sanksiyalarına qarşı çıxış edən növbəti təmsilçisi, daha doğrusu, rəqibi AFR iqtisadiyyat və energetika naziri Brijit Zipris olub. O, “Local” qəzetinə müsahibədə sanksiyaları “qanunazidd” adlandırıb və Brüsseli birləşmiş Avropanın daha təcavüzkar siyasətini yürütməyə çağırıb. “Bizim heç bir şübhəmiz yoxdur ki, bu sanksiyalar beynəlxalq hüququ pozur, – Zipris xanım bildirib. – Alman şirkətlərinin başqa ölkələrdə işgüzar maraqları olduğuna görə amerikalılar onları cəzalandıra bilməz”.

Rusiyaya qarşı yönəlik yeni tədbirlər zərfi keçən həftə ABŞ Konqresinin hər iki palatasında qəbul edilib və indi prezident Tramp tərəfindən imzalanacağı gözlənilir. Bundan sonra icrası məcburi rəsmi qanun olacaq. O, bütün hər şeylə yanaşı Amerikaya energetika sahəsində Moskva ilə bütünlüklə və yaxud qismən əməkdaşlıq edən şirkətlərə qarşı sanksiyalar tətbiqi imkanı verir.

 

Sanksiyalardan qaz iyi gəlir

 

Söhbət Rusiyadan düşəndə Avropa biznesmenləri ilə siyasətçiləri arasında son illərdəki nadir həmrəylik diqqəti cəlb edir. Hansı sanksiyaların həyata keçiriləcəyinə nisbətdə hələlik heç bir təfərrüatın məlum olmadığına baxmayaraq Köhnə Dünyanın biznesi əsaslı olaraq əndişələnir ki, müxtəlif ölkələrdən Avropa şirkətlərinin qatıldığı böyük bir energetika layihəsinə – Rusiya qazının Baltik dənizinin dibi ilə Almaniyaya gedəcəyi “Şimal axını-2” qaz kəmərinin ikinci növbəsinin inşasına ziyan vura bilərlər.

Avropada çoxları haqlı olaraq hesab edirlər ki, yeni sanksiyaların əsas vəzifəsi sübut edilməmiş haker hücumları və keçən ilki prezident seçkilərinə müdaxiləyə görə Rusiyanın cəzalandırılması deyil. Son zamanların münaqişəli durumlarının əksəriyyətində olduğu kimi hər şeyin günahkarı “energetika”dır. İndiki sanksiyalarla bağlı söhbət “Qazprom”un Avropadan sıxışdırılıb çıxardılması və Rusiya qazının Amerikanın sıxılmış qazı ilə əvəzlənməsindən gedir. Vaşinqtonda ümid edirlər ki, antirusiya əhvali-ruhiyyəsindən kor olmuş Şərq Avropa dövlətləri Amerikanın daha baha qazını alacaq və yeganə bir məqsədlə – mənfur Rusiyaya “pislik etmək” üçün milyardlarla ziyan qoyacaq.  Almaniya XİN mətbuat katibi Martin Şefer iki həftə qabaq bildirib ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları gücləndirmək üzrə fəaliyyəti Almaniyanı getdikcə daha çox narahat edir. O, hesab edir ki, sanksiyalardan  iqtisadiyyatın müəyyən sektorlarında nüfuzu gücləndirmək aləti kimi istifadə edilə bilməz.

 

Antiamerika sanksiyaları

 

Brijit Zipris düşünür ki, Avropa Birliyi Vaşinqtonun antirusiya sanksiyalarına qarşı əks-tədbirlər görməlidir. Söhbət, ən azı, nə az, nə çox, formal olaraq Avropanın antiamerika sanksiyalarından gedir. AFR iqtisadiyyat naziri iddia edir ki, Almaniya dəfələrlə Vaşinqtondan antirusiya sanksiyaları siyasətində ortaq xətdən uzaqlaşmamağı xahiş edib.

Bədbəxtlikdən, o, indi bunu da edir, – frau Zipris xəbərdarlıq edib. – Bu bildirir ki, Avropa komissiyasının əks-tədbir görməyə tam haqqı var… Avropa planetin başqa bölgələrində də qısamüddətli əks-tədbirlər görməyə hazırdır”.  

Təbii, alman biznesmenlərinin əksəriyyəti mühüm nazirliyin başçısını dəstəkləyir. Almaniya Ticarət-sənaye palatası xarici iqtisadi münasibətlər üzrə şöbəsinin rəisi Folker Trayer hesab edir: “Güclü bir duyum yaranır ki, Birləşmiş Ştatlar öz iqtisadi maraqlarını qoruyur”.

Almanları Brüsseldə də dəstəkləyirlər. “Bizim təşvişimiz lazımi şəkildə diqqətə alınmasa, – Avropa komissiyası prezidenti Jan-Klod Yunker keçən çərşənbə bildirib, – biz artıq bir neçə gündən sonra uyğun tədbirlər görməyə hazırıq. “İlk yerdə Amerikadır” doktrinası ifadə edə bilməz ki, Avropanın maraqları ikinci yerə keçir”.

 

Tərcümə Strateq.az-ındır.