XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

08 Avqust 2017 - 20:00

“Avtobus sürücüsü”nün idarə etdiyi ölkə –Venesuela hərbi çevrilişin astanasındadır - Təhlil

Mehmet Özkan

“Anadolu News Agency”

 

Venesuelada Uqo Çavesin ölümündən bəri ciddi böhran yaşanır və bu böhran yavaş-yavaş qloballaşır. Bütün dünyanın diqqətlə izlədiyi qarşıdurma necə izah olunmalıdır? O, problemlər, aktyorlar və həlledilməzliyi ilə nəyi ifadə edir?

 

Böhranın əsas səbəbləri

 

Əvvəlcə bunu ifadə etmək lazımdır ki, böhranın mənşəyi 2013-cü ildə Uqo Çavesin ölümü ilə sol iqtidar partiyasının öz içindəki anlaşılmazlıqlardır. Hazırkı prezident Nikolas Maduro (eks-lider onu "avtobus sürücüsü" adlandırırdı) partiyanın bəzi güclü xadimləri ilə müqayisədə Çavesə çox yaxın idi, lakin nə intellektual, nə də möhtərəmlik baxımından onun kimi ola bilib. İlk vaxtlardan Maduroya qismən çəpəki baxıblar.

Zamanla Maduro partiya içində güclənsə də, əsla tam nəzarət və möhtərəmlik qazana bilməyib. Daxili siyasətdə yaşanan rəqabət ölkənin pis idarə edilməsinə səbəb olub və neft qiymətlərindəki sürətli eniş, təbii ki, ölkəni iqtisadi böhranla qarşılaşdırıb. Sui-istifadələr daha çox önə çıxmağa başlayıb. Elit sinif arasında rəqabət xüsusilə rant paylaşması üzərindən dərinləşib. Daxili siyasətdəki böhran isə idarəetmə probleminə çevrilib. Yavaş-yavaş inflyasiya da artıb.

Eyni dövrdə Latın Amerikasında yaşanan solçu siyasətdən sağçı siyasətə dönüş dalğası Venesuelaya mənfi təsir edib. Kubanın belə dəyişmə meyli artır. Qitədə dostlarını itirən Venesuelaya təzyiqlər çoxalıb.

 

İran, Rusiya və Çinin dəstəyinin azalması

 

Venesuelaya kənardan dəstək verən İran, Rusiya və Çin kimi aktyorların Maduro ilə əlaqələri heç bir zaman Çavezlə olduğu səviyyəyə çatmayıb. Bu vəziyyət Venesuelanın xarici dəstəyinin yavaş-yavaş azalması mənasına gəlir. Qərblə Venesuelanın getdikcə artan yaxınlaşmasından sonra İran artıq “normal” davranmağa başlayıb. Rusiya öz bölgəsində yaşanan və birbaşa Qərblə əlaqələrinə təsir edən açar problemlərə görə daha çox öz yaxın coğrafiyasına üz çevirib. Çin isə qitədə Ekvadora daha çox yönəlib və Latın Amerikasına Kito pəncərəsindən baxır.

2015-ci ildə keçirilən parlament seçkilərində müxalifət əksəriyyəti ələ keçirib. Simvolik olaraq müxalifətin nəzarətində olan parlament rəhbərlikdə söz haqqı istəyir, lakin bütün güc prezidentin əlində toplanıb. Seçkinin keçirilməsi üçün yetərli imza toplansa da, qanuni maneə törətmək üçün Maduro hər cür yolu əl atıb.

Bu müddətdə xalq başlıca ehtiyaclarını ödəməkdə çətinlik çəkməyə başlayıb, buna görə də ölkədən köçlər çoxalıb. Təxminən 800 min venesuelalı Kolumbiyaya, çox sayda adam da Argentina, Braziliya, Ekvador və digər ölkələrə miqrasiya edib.

Latın Amerikası ölkələri problemə həll tapmaq üçün təkliflər verib, lakin Venesuela onları davamlı rədd edib.

Venesuela pulu – “Bolivar” inflyasiyaya görə son dərəcə dəyərsizləşib. Maaşlar artmadığı üçün xalqın alıcılıq qabiliyyəti çox düşüb. Nəticədə ölkədəki ictimai və iqtisadi vəziyyət daha da pisləşib.

 

Müxalifət problemi

 

İqtidara gəldikdə Çavesin ən böyük üstünlüklərindən biri müxalifətin parçalanması idi. 2008-ci ildə yalnız seçkidə bir araya gələn MUD – “Demokratik Münasibətlər Masası” Çavesin harizması qarşısında çox böyük uğur əldə edə bilməyib. 2015-ci ildəki parlament seçkilərində isə MUD mandatların dörddə üçünü alıb. Lakin MUD əslində, Maduronun gedəcəyinin hiss edən fərqli liderlərin eqo döyüşü meydanıdır.

2017-ci ildə Maduronun ciddi seçici itkisinə baxmayaraq, hələ də gücünü itirməməsi müxalifəti, insanları küçəyə tökərək nəticə almağa sövq edib. Ölüm hallarının olduğu nümayişlər, gözlənilənin əksinə, Venesuela xalqını müxalifətə yaxınlaşdırmayıb.

Təxminən 20 siyasi partiyadan ibarət müxalifət bloku fərqli harizmatik liderlərə sahibdir. İdeoloji mənada sosial-demokratlardan neo-liberallara, Çavez əleyhdarı olan radikallardan mötədillərə qədər geniş spektri var. Lakin bu rəngarənglik və müxtəliflik fayda vermir. Bununla belə, müxalifət rəqabət və qarşıdurmaya zəmin hazırlayır.

 

Qlobal aktyorların mövqeyi və çevriliş ehtimalı

 

Son illərdə həmişə müdafiə mövqeyində qalan Maduro, normal şərtlərdə 2018-ci ilin oktyabrına nəzərdə tutulan seçkilərdə iqtidarını itirəcəyini son dərəcə yaxşı bilir. Müdafiədən çıxıb yeni parlament heyəti meydana gətirərək, yeni konstitusiya hazırlamaq məqsədi ilə o, ölkəni seçkiyə aparıb. Bu seçkilərin nəticələrini bir çox ölkə tanınmayıb.

Kolumbiyadakı sülh prosesinə görə Venesuela məsələsini səssiz şəkildə həll etməyə çalışan regional və qlobal güclər artıq birlikdə addım atmağı düşünür. Ya Suriyada olduğu kimi, haqqında çox danışılan, amma heç bir işin görülmədiyi münaqişəni, yəni gözümüzün qarşısında bir ölkənin iflasını görəcəyik, ya da Qərbin daxil olduğu və yenə həllin olmadığı İraq təcrübəsinə şahid olacağıq.

Bu ana qədər bu mübarizəni Maduronun udduğu görünür. Müxalifətin kənardan dəstək tələb etməsi və hətta çevriliş istəyi onları xalqdan və reallıqda uzaqlaşdırır.

Bir sözlə, Venesuelada ciddi rəhbərlik böhranı yaşanır. Nəticəni zaman göstərəcək. Lakin unudulmamalıdır ki, Venesuelada ordu hələ çox güclüdür, onun işə qarışma ehtimalı yüksəkdir.

 

Tərcümə: Strateq.az