XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

11 Avqust 2017 - 19:31

Kremlin “məxfi obyekti”:KQB-nin nəzarətində olan aşpazlar...

Rusiya Prezident Administrasiyasında əməkdaşların qidalanması, protokolda yer alan tədbir, qəbul və ziyafətlərdə xidmətin təşkili ilə Kremlin Qida Kombinatı məşğul olur. Kombinat paytaxtdakı Köhnə Meydanda yerləşir. Orada sovet dövründə inşa olunmuş 1000 nəfərlik yemək otağı var. Kremlin özündə isə yeməklər 200-250 nəfərlik hazırlanır. Və deyilənlərə görə, bu yeməklər həddən artıq dadlı olur…

Strateq.az xəbər verir ki, bu barədə Vladimir Şevçenko prezidentlərin gündəlik həyatından bəhs edən kitabında yazıb.

Şevçenko Nikolayeviçi müasir Kreml protokolunun atası adlandırırlar. Mixail Qorbaçovla, Boris Yeltsinlə işləyib, Vladimir Putinin məsləhətçisi olub. Onun kitabında Kremlin mətbəxi, yeməkləri, aşpazları ilə bağlı xeyli maraqlı məlumatlar yer alıb.

Yazılanlardan məlum olur ki, Stalin dövründən üzü bəri Kremlin özünəməxsus mətbəxi olub. Bu mətbəx həmişə məxfi obyekt sayılıb və bu gün də Federal Mühafizə Xidmətinin birbaşa nəzarətindədir. Sovet dövründə burada işləyənlərin hamısı – aşpazından tutmuş, xidmət göstərənlərinə qədər dövlət təlükəsizlik xidmətinin əməkdaşları olublar. Mətbəxə yalnız mükəmməl tərcümeyi-halı olanlar düşə bilib. Onların bioqrafiyası diqqətlə öyrənilib, harada işlədiklərini demək qadağan olunub.

Kremlin aşpazları bütün yeməkləri hazırlamaq bacarığına sahib olmalıdılar. Onların hər birinin öz nömrəsi var və hansı nömrənin nə işlə məşğul olduğu məsul şəxslərə məlumdur.

Vaxtilə Brejnev ova gedəndə onun üçün iki briqada səfərbər olurmuş. Briqadalardan biri mühafizəçilərin və müşayiət edənlərin,  digəri isə təkcə Leonid İliçin yeməyini hazırlayırmış.

Brejnevin qayıdışı üçün isə içərisində donuz sümükləri, kök və kartof olan şorba hazırlanıb. Deyilənə görə, Brejnev mətbəxə aşpazlara təşəkkür etmək üçün girərmiş. Hətta bəzən onları öpərmiş də. 

Mətbəxdə işləyən heyət iş zamanı yemək yeyə bilər. Lakin onlara ərzaqların saxlanıldığı xüsusi bazaya girməyə icazə verilmir.

Kremldə rus mətbəxini yeni formatda canlandıran aşpaz Konstantin Makridin olub. Məhz o, ördək və maral ətinin, "blinçiklərin", həmçinin giləmeyvənin süfrəyə yenidən qayıtmasının təşəbbüskarı olub.

Kremlin 30 illik aşpazlarından olan Yuriy Qubennikov deyir ki, əvvəllər ziyafət və qəbullarda "blinçiklərdən" istifadə olunmurdu. Kremldə hesab edirmişlər ki, bununla qonaqları təəccübləndirmək olmaz. Lakin Makridinin gəlişindən sonra "blinçik" süfrənin əsas təamlarından birinə çevrilib.

Aşpaz Makridinin dediyinə görə, qadağan olunan qidalardan biri də göbələkdir. Göbələk Rusiyada çox sevilsə də, Kremldəki heç bir qəbulda onu menyuya daxil etmirlər. Səbəb isə radiasiya, konserogen maddənin ola bilmə ehtimalı və s.-dir

Makridin bildirir ki, rəsmi qəbulların hamısında ərzaqlar bir-bir yoxlamadan keçir. Ziyafətə iki gün qalmış balıq və ət, bir gün qalmış isə meyvə-tərəvəz sifariş olunur. Hər belə qonaqlıqdan əvvəl Federal Mühafizə Xidmətinin həkimləri yoxlanışa gəlir, hər bir ərzaqdan analiz üçün nümunə götürürlər. 
Baş aşpaz yeməyi hazırlayıb qurtarana qədər onlar mətbəxdə oturub müşahidə aparırlar.

Əcnəbi vip-qonaqlar üçün milli mətbəxin daxil edildiyi xüsusi menyu hazırlanır. Bu zaman işə texnoloqlar, həkimlər də qoşulur. 

Kremlin yeni il axşamı üçün bayram menyusu da xüsusi olur. 1963-cü ildən bu yana hər bayram axşamı masada ikra, balıq, ilanbalığı, təbii krab, donuz əti, quş ətindən assorti, kələm salatı, ağ şərabda forel, maral ətindən kabab, qəhvə, pirojnalar və meyvlər olur. Həmçinin də spirtli içki və çaxır. Əvvəllər İtaliya, Fransa və Çilidən gələn çaxırlara üstünlük verilirdisə, indi əsasən yerli istehsal daha öndə olur.

Sovetlərdən üzü bu yana rəhbərlərin hamısı yeməyi sevib. Stalin, Xruşşov və Brejnev yemək masasında xeyli vaxt keçirərmiş. Qorbaçov da bu məsələdə heç vaxt problem yaşamayıb. Yeltsin isə o qədər də iddialı olmayıb və sadə yeməklərə üstünlük verib. 

Maraqlıdır ki, Stalinə gürcü mətbəxinin də yeməkləri hazırlansa da, rus yeməklərini daha çox sevib. Sevimli içikisi isə konyak və çaxır olub. 

Brejnev qat-qat xəmirin arasında düyü, göbələk, göyərti, yumurta olan kökəni çox sevirmiş. Bundan başqa, üzərinə yumurta vurulan qızardılmış sala dilimlərini…

Şevçenko kitabında yazır ki, Rusiyanın birinci prezidenti Boris Yeltsin qaban və maral ətini, dana ətindən hazırlanan kolbasanı çox sevir, xaricdə ona təklif edilən ekzotik yeməklərdən isə imtina edirmiş. İçkilərdən isə araq və konyaka üstünlük verirmiş.

Kremlin keçmiş aşpazlarından olan Mixail Jukov deyir ki, Rusiyanın hazırkı prezidenti Vladimir Putin dadlı və gözəl hazırlanmış yeməkləri sevir. 

Ətlə balıq arasında seçmək lazım gələndə balığı seçir. Ətlərdən isə qoyun ətini daha çox bəyənir.

Şirin təamlarla o qədər də arası olmayan Putin yalnız dondurmaya "yox" demir. Milli mətbəxi çox sevən Rusiya prezidenti içkilərdən yaşıl çaya üstünlük verir. 

2012-ci ildə Putin NTV-nin çəkiliş qrupunu mətbəxinə dəvət etmişdi. Həmin vaxt məlum olmuşdu ki, Putin səhər idmanından sonra sıyıq və balla kəsmik yeyir və üstündən də çiy yumurta. Xüsusi reseptlə (çuğundur və xardal tərkibli) hazırlanan kokteyl də Putinin səhər yeməyinin ayrılmaz parçasıdır.

Putinin osetin piroqlarını da çox sevdiyi bildirilir.

Kremlin şirniyyatlar üzrə baş kulinarlarından olan Denis Mitroxin deyir ki, son dövrlər birinci şəxslərin seçimləri dəyişib. Dəbdə olan yox, klassik şirniyyatlara tələbat artıb. Onlardan biri də çar dövründən gələn almalı, ballı və qozlu piroqdur…

Strateq.az
 




Yuxarı Əvvələ Ana Səhifə