XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

14 Avqust 2017 - 21:00

“Türkmənistanın Rembosu”…- 1,7 milyonluq maşın sürən, 14 yaşlı nəvəsini taxta hazırlayan prezident (FOTO, VİDEO)

Özünəməxsus qadağaları ilə tanınan, 20 kitab yazan, generallarına güllə atmağı, qılınc oynatmağı öyrədən, gitarada və pianoda ifa edən, həm at belində, həm avtomobildə gəzməyi sevən, ad günlərinə Cenifer Lopes kimi dünya məşhurlarını dəvət edən Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov… Maraqlı məziyyətlərinə görə yerli mətbuat onu "Türkmənistanın Rembosu" da adlandırır.

Strateq.az xarici mətbuata istinadən Türkmənistan liderinin rəngarəng bioqrafiyasına, ölkə vətəndaşlarına qoyduğu qadağaların səbəblərinə aydınlıq gətirməyə çalışacaq.

Bioqrafiya

Prezident ailəsi ilə

Qurbanqulu Berdiməhəmmədov 29 iyun 1957-ci ildə Aşqabad rayonunun Babarap kəndindən anadan olub. 1979-cu ildə Türkmənistan Tibb Universitetinin stomatologiya fakültəsini bitirib. 80-82-ci illərdə Aşqabadda həkim-stomatoloq işləyib. 85-ci ildə Aşqabad rayonunun ştatdankənar baş stomatoloqu, 1990-1995-ci illərdə Türkmənistan Tibb Universitetinin dekanı olub. 1995-1997-ci illərdə Səhiyyə Nazirliyinin nəzdindəki Stomatologiya Mərkəzinin direktoru vəzifəsini tutub. Paralel olaraq universitet rektorunun vəzifəsini müvəqqəti icra edib. Və ölkənin Səhiyyə Fondunun direktoru olub. 

2001-ci ilin aprelindən Türkmənistan Nazirlər Kabinetində sədrin müavini vəzifəni tutub. 21 dekabr 2006-cı ildən Türkmənistan Təhlükəsizlik Şurasının və Nazirlər Kabinetinin qərarı ilə ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti icra etməyə başlayıb. Tibb elmləri namizədi, iqtisadi elmlər doktoru, akademik, ordu generalı Qurbanqulu Berdiməhəmmədov 2011-ci ildə Türkmənistanın qəhrəmanı adını alıb.

Ailə və 14 yaşlı varis…

Berdiməhəmmədov və nəvəsi Kərimqulu

Bütün qapalı rejimlərdə olduğu kimi, Türkmənistanda da birinci şəxsin ailəsi haqda məlumatlar sirr hesab olunur. Bununla belə, məlumdur ki, prezident Berdiməhəmmədovun iki qızı, bir oğlu var.

Oğlu Sərdar Moskvada beynəlxalq münasibətlər fakültəsini bitirib. Və bir vaxtlar Xarici İşlər Nazirliyində işləyib. Böyük qızı Gülcahan Türkmənistanın kömür ehtiyatları üzrə agentliyinin Londondakı təmsilçisi İxlasgəldi Amanovla ailə qurub.

Deyilənlərə görə, Berdiməhəmmədovun Marina adlı rus sevgilisi və ondan da 19-20 yaşlı bir qızı var. Marinanın bir vaxtlar Qurbanqulu ilə eyni stomatoloji klinikada işlədiyi deyilir.

Türkmənistan prezidentinin 5 nəvəsi var ki, onlardan ən məşhuru 14 yaşlı Kərimquludur. Məhz Kərimqulunun varis kimi hazırlandığı bildirilir. Prezident bir çox tədbirlərə onu özü ilə aparır. Kərimqulu isə babasının bütün ad günlərində onun şəninə mahnılar oxuyur. 

Türkmənistan ikinci Qətər ola bilərdi…

Türkmənistan potensial olaraq dünyanın ən zəngin ölkələrindən biridir. Bu ölkə dünyanın həcmcə ikinci ən böyük qaz yatağına sahibdir. Təbii qaz ehtiyatlarına görə isə dünya dördüncüsüdür.

Bu zənginliyi ilə Türkmənistan ikinci Qətər və ya Birləşmiş Ərəb Əmirlikləri ola bilərdi. Sadəcə olaraq ölkəyə rəhbərlik edənlər diqqəti sosial-iqtisadi inkişafa yox, heykəllərə, öz qüdrətlərini nümayiş etdirən kitabların yazılmasına yönəltdilər.

Bu ilin iyununda Qurbanqulu Berdiməhəmmədov hökumətə əhalinin bütün güzəştlərini ləğv etmək göstərişi verdi. 2016-cı ilin yanvarından isə hökumət xarici valyutaların əhaliyə satışına qadağa qoydu. 

"Transparency International"ın 2016-cı il üzrə hesabatında Türkmənistan 176 ölkənin yer aldığı siyahıda 154-cü yerdə qərarlaşmışdı. "Sərhədsiz Reportyorlar" isə ötən il Türkmənistanı azadlıq indeksinə görə 180 ölkə arasında 178-ci yerə qoymuşdu. 

"Human Rights Watch" ötən il Türkmənistanı repressiv, qapalı ölkələr sırasına daxil etdi. Qurumun hesabatında o da bildirilirdi ki, Türkmənistan hökuməti söz, ifadə və etiqad azadlığını kəskin şəkildə məhdudlaşdırır.

Həqiqətən də Türkmənistan dünyanın qapalı ölkələrindən biridir. Bu ölkədə bir çox internet-saytlara, həmçinin sosial şəbəkələrə giriş bloklanıb. Türkmənistana viza almaq olduqca çətindir. 

Qəribəliklərdən biri də ölkədə qara rəngli avtomobillərin qadağan edilməsidir. Ötən ildən başlayaraq prezident Berdiməhəmmədov dövlətin balansında olan qara avtomobilləri ağ rəngli maşınlarla əvəz etdi. Lakin bununla kifayətlənməyən ölkə başçısı qara avtomobillərin ölkəyə gətirilməsinə də qadağa qoydu. 

Berdiməhəmmədov bunu belə izah edir ki, qara rəngdən fərqli olaraq ağ rəng uğur gətirir. Qara rəng qadağası da bununla bağlıdır. Türkmənistan gömrüyündəki mənbə də təsdiqləyib ki, məsələn, bir müddət əvvəl Dubaydan gətirilən qara rəngli iki avtomobilin – "Toyota Corolla" və "Lexus RX330"un rəsmiləşdirilməsini aparmaqdan imtina ediblər.

Bütün dünya üçün təəccüblü görünən bu qadağalara yerli əhali çoxdan öyrəncəlidir. Bundan əvvəl də mühərriki böyük olan avtomobillərlə bağlı analoji qadağa tətbiq olunmuşdu. Bundan başqa 1 ildən köhnə olan avtomobillərin də Türkmənistana gətirilməsi qadağandır.

Yerli sakinlər deyir ki, ötən il də prezidentin göstərişi ilə Aşqabaddakı evlərin fasadlarına kondinsioner qoyulması qadağan edilib. Ölkənin iqlimini nəzərə alsaq, bu, sakinlərə qarşı olduqca qəddar qadağadır. Qurbanqulu Berdiməhəmmədov isə hesab edir ki, bu yolla şəhər təmiz və bəyaz görkəm alacaq. 

Bütün bunların fonunda ölkə rəhbəri özü istirahətindən və əyləncəsindən geri qalmır. Qurbanqulu Berdiməhəmmədov avtomobil alüdəçisi kimi də ad çıxarıb. 2012-ci ildə o özünün ikinəfərlik, dəyəri 1,7 milyon dollar olan "Bugatti Veyron"u ilə "master klass" göstərmişdi.

"Bugatti" ilə "master klass"

Avqustun 2-də Berdiməhəmmədov Türkmənistanın generallarına atışın müasir metodlarını nümayiş etdirdi və qılınc oynatdı. Yüksəkrütbəli zabitlər də bu nümayişi alqışlarla qarşıladılar.  

Prezident hərbi təlimdə

Bu ilin yanvarında seçicilərlə görüşündə prezident özünün bəstələdiyi musiqini gitarada ifa etdi. Türkmənistanın rəmzlərindən biri Ahaltəkə at cinsidir. Berdiməhəmmədov kitablarından birini bu atlara həsr edib. Üstəlik bu atları necə sürdüyünü də nümayiş etdirib. 

2013-cü ildə at yarışlarında iştirak edən prezident qəfildən yerə yıxılmışdı. Dərhal təhlükəsizlik xidmətinin onlarla əməkdaşı prezidenti yerdən götürərək təcili yardım maşınına aparmışdılar.

At yarışında 

Türkmənistan lideri kitablarını ən müxtəlif mövzularda yazır. Çaya həsr olunan kitabına o, hökumətin iclasındaca təqdimat keçirmişdi. Maraqlıdır ki, kitabı alan məmurların hamısı onun alnına qoymuşdu və güman ki, bununla prezidentin rəğbətini qazanmaq istəmişdilər.

Kitab təqdimatında

Berdiməhəmmədov siyasətdə də istedadlıdır. Yəqin elə buna görədir ki, ötən il ölkə parlamenti Konstitusiyaya dəyişiklik edərək Berdiməhəmmədovun prezident postunu müddətsiz tuta biləcəyinə qərar verdi.

Strateq.az
 




Yuxarı Əvvələ Ana Səhifə