XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 August 2017 - 17:45

Saraydan çıxan dissidentlər…- Avropaya qaçan səudiyyəli şahzadələri kim aradan götürür?

Son iki ildə Avropada yaşayan 3 Səudiyyə şahzadəsi – Sultan bin Turki Əbdül-Əziz, Turki bin Bandar və Səud bin Saif əl-Nəsr itkin düşüb. Və bugünədək onların ölüsü və ya dirisi barədə heç kim dəqiq məlumat vermir. Məlum olan yalnız odur ki, şahzadələr Avropadan oğurlanaraq krallığa aparılıblar. Və bundan sonra onlardan xəbər çıxmayıb…

Strateq.az xarici mətbuata istinadən 3 səudiyyəli şahzadənin müəmmalı aqibətinə və onların kimin qəzəbinə tuş gəldiyinə aydınlıq gətirməyə çalışacaq. 

Əvvəla, ondan başlayaq ki, bu şahzadələrin hər üçü Səudiyyə hökumətinə müxalif olub. Və Avropaya yerləşəndən sonra krallıqdakı üsul-idarəni, insan haqlarının vəziyyətini sərt tənqid ediblər.

2003-cü ilin 12 iyunu… Səudiyyə şahzadəsi Sultan bin Turki Əbdül-Əzizin olduğu avtomobil Cenevrədəki saraya yaxınlaşır. Saray şahzadənin dayısı, keçmiş kral Faxda məxsus olur. Sultan bin Turkini saraya səhər yeməyinə dayısı oğlu Əbdül-Əziz bin Faxd dəvət edir.

Söhbət zamanı Faxd Sultandan Səudiyyə Ərəbistanına geri dönməyi xahiş edir və onu əmin etməyə çalışır ki, məlum tənqidlərə görə Sultanla krallıq arasında yaranmış böhran həllini tapacaq.  

Sultan imtina edir və bunu eşidən kimi, Faxd telefonla danışmalı olduğunu deyərək, icazə istəyib otaqdan çıxır. Otaqda olan digər şəxs – krallığın İslam məsələləri üzrə naziri şeyx Salih Əl aş-Şeyx də oranı tərk edir. Cəmi bir neçə dəqiqə sonra saraya maskalı şəxslər daxil olur. Onlar Sultana zərbələr endirərək əllərini bağlayır, qandallayır, boynuna iynə vurub yatızdırırlar.

Huşunu itirən Sultan Cenevrə aeroportuna gətirilir. Orada onu uçuşa hazır olan təyyarə gözləyir və bu təyyarə birbaşa krallığa yollanır…

Hadisə günü Sultanın saraydan otelə qayıdışını gözləyənlərdən biri onun mətbuat katibi Eddi Ferreyra olub. Fereyra deyir ki, Sultanın mühafizəçiləri ilə əlaqə yarada bilmədikləri üçün narahat olmağa başlayıblar: "Bu, təşviş üçün ilk real siqnal idi. Şahzadənin özü ilə də əlaqə qurmağa çalışdıq, yenə cavab gəlmədi. Günün ikinci yarısında otelə çağırılmamış iki qonaq gəldi. Səudiyyə krallığının İsveçrədəki səfiri otelin baş menecerinin müşayiəti ilə içəri daxil oldu. Hamıdan məkanı tərk etmək, cəhənnəm olub getmək tələb olundu. Dedilər ki, şahzadə Ər-Riyaddadır və bizə artıq ehtiyacı yoxdur. Ona görə də biz azadıq".

Sultan bin Turki Əbdül-Əziz

 

Ər-Riyadda Sultanı evlə həbsxana arasında saxlayırlar. Səhhətinin pisləşdiyini görəndə isə kral ailəsi qərara gəlir ki, onu ABŞ-a müalicəyə göndərsin.

Birləşmiş Ştatlara yollanan Sultan hərəkəti ilə Səudiyyə rəhbərliyini şoka salır. O, İsveçrə məhkəməsində dayısı oğlu – şahzadə Faxda və şeyx Salihə qarşı iddia qaldırır. Və onların hər ikisini onun oğurlanmasında iştirakda ittiham edir. 

Amerikalı vəkil Sultanın xəsarət aldığını təsdiqləyən sübutlar əldə edir. Sübutların bir qismi Sultanın 2003-cü ilin 13 iyununda yerləşdirildiyi Ər-Riyad xəstəxanasından toplanır. 

Və beləliklə, tarixdə ilk dəfə olaraq kral ailəsinin bir üzvü ailənin başqa bir üzvünün cinayət məsuliyyətinə cəlb edilməsini tələb etmiş olur. Lakin sonradan Səudiyyəyə qaytarılan şahzadənin aqibəti qeyri-müəyyən qalır. Və böyük ehtimalla, onu birdəfəlik susdururlar…

Şahzadəyə qarşı bu cür qəddar davranmağa doğmalarını nə vadar etmişdi? 

Məlum olur ki, Sultan Avropaya oğurlanmazdan bir il əvvəl – müalicə adı ilə gəlib. Gələn kimi də Səudiyyə hökumətini tənqid edən açıqlama və müsahibələr verməyə başlayıb.

Bu müsahibələrdə krallıqda insan hüquq və azadlıqlarının boğulduğunu, şahzadələr və hökumət rəsmiləri arasında korrupsiyanın yayıldığını, ciddi islahatlara ehtiyac olduğunu bildirib. 

Yeri gəlmişkən, Əbdül-Əziz İbn-Səud tərəfindən əsası qoyulduğu vaxtdan (1932-ci ildən) bu yana Səudiyyədə mütləq monarxiya hökm sürür.

 

"Ya oğurlanacam, ya da öldürüləcəm"

Turki bin Bandar

 

Eyni aqibətlə üzləşən digər şahzadə – Turki bin Bandar bir vaxtlar Səudiyyədə polis mayoru idi və birbaşa kral ailəsinin mühafizəsinə cavabdehlik daşıyırdı.

Varislə bağlı çıxan ailədaxili fikir ayrılıqları fonunda şahzadə Bandar həbsxanaya düşmüş, oradan çıxandan sonra da Parisə qaçmışdı. Avropaya gələndən sonra o da Səudiyyə rəsmilərini tənqid etmiş, "YouTube"da videomüraciət yayaraq krallığı islahatlara çağırmışdı. 

Hər şey təxminən eyni ssenari üzrə davam edirdi. Şahzadə Sultan nümunəsində olduğu kimi, bin Turki Bandardan da ağlını başına yığması tələb olunur. Bu dəfə vasitəçilik edən krallığın daxili işlər nazirinin müavini del Əhməd əl-Salem olur. Şahzadə nazir müavini ilə telefon söhbətini internetə yerləşdirərək ictimailəşdirir. 

Nazir müavini: "Hamı səbirsizliklə sənin qayıdışını gözləyir. Allah səni qorusun".

Şahzadə: "Səbirsizliklə gözləyirlər? Bəs, sənin əməkdaşlarının mənə yazdıqları məktublar?! "Əxlaqsızın oğlu, səni Sultan bin Turki kimi geri gətirəcəyik" hədələri…?!".

Nazir müavini şahzadəni sakitləşdirməyə çalışır: "Onlar sənə toxunmayacaqlar. Axı mən sənin qardaşınam". Lakin şahzadə yenə onun istədiyi cavabı vermir: "Yox, o məktubları sən yazmışdın. Onları mənə Daxili İşlər Nazirliyi göndərib".

Turki 2015-ci ilin iyul ayına qədər internetdə videolar yerləşdirməyə davam edir. Və həmin ilin sonlarında qəfildən yoxa çıxır…

Dostu, gənc fəal və bloqçu Vael əl-Xələf deyir ki, Turki ona hər iki aydan bir zəng edirdi. Sonra 5 ay ərzində ondan bir xəbər ala bilməyəndə şübhələnməyə başlayıb. Və çox keçmədən krallıqdakı məmurlardan öyrənib ki, şahzadə Turki onların əlindədir: "Göründüyü kimi, onlar Turkini oğurlayaraq krallığa aparıblar. Sonradan Mərakeş qəzetlərinin birində oxudum ki, Turki bu ölkədən Fransaya geri qayıdarkən həbs edilib. Və Səudiyyə hökumətinin tələbi ilə deportasiya olunub".

Deyilənə görə, oğurlanmazdan əvvəl o, yazdığı kitabın bir surətini dostu Vaelə göndərib. Və orada onun öz xətti ilə belə bir qeyd var: "Əziz Vael. Burada yazılanları mən oğurlanmadan və ya öldürülmədən heç kimlə bölüşmək olmaz. Onlar mənim də, Səudiyyə xalqının da haqqını tapdayırlar". 

 

Üçüncü qurban…

Səud bin Saif əl-Nəsr

 

Təxminən eyni dövrdə daha bir şahzadə – Səud bin Saif əl-Nəsr yoxa çıxır. Kral ailəsinin üzvü olan Nəsr Avropa kazinolarının və bahalı otellərinin alüdəçisi kimi tanınırdı.

2014-cü ildə o, Səudiyyə hökumətinin əleyhinə tvitlər yazmağa başlayır.  

Şahzadə Nəsr Misir prezidenti Məhəmməd Mursinin devrilməsini dəstəkləyən Səudiyyə rəsmilərinin mühakimə olunmasını tələb edirdi. 

2015-ci ilin sentyabrında isə şahzadə bir qədər də irəli gedərək anonim məktublar yazır, krallıqda çevriliş etməyə və Səudiyyə kralı Salmanı devirməyə çağırır.

Bu, qarşı tərəf üçün dövlətə xəyanət demək idi və şahzadə bununla öz aqibətini müəyyən etmişdi…

 

Növbəti hədəf…

Xaled ben Fərhan

 

2013-cü ildə Almaniyaya qaçan daha bir şahzadə-dissident Xaled ben Fərhan deyir ki, Səud Nəsri iş görüşməsi adı ilə aldadaraq Milandan Romaya uçmasını təmin ediblər və elə orada da ələ keçiriblər. Guya, şahzadə Rusiya ilə İtaliyanın müştərək şirkətinin Fars körfəzində filialının yaradılması ilə bağlı görüşə qatılmalı idi. Şirkətin şəxsi təyyarəsi şahzadəni Milandan götürüb. Lakin təyyarə deyildiyi kimi, Romada yox, Ər-Riyadda eniş edib…

Xaled bildirir ki, bütün bu əməliyyatı Səudiyyə kəşfiyyatı hazırlayıbmış. 

Şahzadə Xaled hələ də ehtiyat edir ki, bir gün onu da zorla Ər-Riyada qaytaracaqlar: "Avropada kral ailəsinin 4 üzvü olub. Hər dördümüz ailəni və Səudiyyə hökumətini tənqid edirdik. Bizdən üçü oğurlandı. İndi təkcə mən qalmışam. Növbəti qurban mən ola bilərəm. Buna əminəm. Əllərində imkan olsaydı, bunu dərhal edərdilər. Mən olduqca ehtiyatlı davranıram. Azadlığımın müqabilində bunu etməyə məhkumam…".

Strateq.az