XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Avqust 2017 - 16:44

Tacikistan uğrunda Rusiya-İran savaşı, yoxsa… –Bir filmin üzərində qurulan siyasi oyunlar - TƏHLİL

euarasianet.org (ABŞ), 16.08.2017

 

Tacikistanın İranla sıx mədəni bağlarına baxmayaraq, görünür, Düşənbə Tehrana münasibətdə bütün diplomatik körpüləri yandırmaq niyyətindədir.  

Tacikistan dövlət televiziyası avqustun əvvəlində qəfil düşmənlik addımı çərçivəsində ölkə DİN-nin hazırladığı və İranın 1990-cı illərdə vətəndaş müharibəsi zamanı və sonrası Tacikistan ərazisində görkəmli ictimai xadimlərin qətlinin təşkilində ittiham edildiyi 45 dəqiqəlik sənədli film göstərib. Tacikistan, demək olar, sənədli filmin yayımı ilə eyni anda bildirib ki, İran qarşısında bütün borclarını bağlayıb və Tehranın barışıq cəhdlərini nümayişkaranə şəkildə rədd edib.

DİN-in buraxdığı, həmçinin You Tube-da yayılmış filmin böyük hissəsi üç nəfərin – 1990-cı illərdə İranın əmrlərini yerinə yetirdikərini iddia edən Əbdukodir Abdulloyev, Taqoymurod Aşrapov və Saymuhriddin Kudratovun ifadələrinə əsaslanıb. Aşrapov filmdə sübut etməyə çalışır: “Mən 1995-ci ildə təxribat xarakterli təlim keçmək üçün Aşqabad üzərindən İrana göndərildim. Çalışmalarımız 200 adamlıq heyətlə Qurgan və Qumda keçirildi. Orada avtomat, tapança, qranat, pulemyot və qranatatandan necə istifadə etmək çalışmaları keçirdik. Təlimdən sonra 1997-ci ildə Tacikistana döndüm. Xoca Halim (Əbduhalim Nazarzoda) vasitəsilə İranın tapşırığı ilə Tacikistanda düşünərlər və özgə cür düşünənlərin məhvilə məşğul olmağa başladım”.

Onların ehtimal edilən fəaliyyətinin ciddiliyinə baxmayaraq, üç kişinin heç biri filmin yayımına qədər geniş ictimaiyyətə tanış deyildi. Sənədli filmdəki iddialara əsasən, Tehran guya müdafiə nazirininn keçmiş müavini, hakimiyyətin 2015-ci ilin sentyabrında dövlət çevrilişi cəhdində ittiham etdiyi Əbduhalim Nazarzoda vasitəsilə sifarişli qətlləri əlaqələndirib.

Tacikistan hökuməti əvvəllər irəli sürülmüş bu ittihamları təkrarlayaraq, Nazarzoda və onun  ehtimal edilən ortaqlarını Tacikistan İslam Dirçəliş Partiyasının (TİDP) üzvləri adlandırmaqla Tacikistan hökumətini devirmək qəsdilə sünni və şiə radikalların işbirliyi haqda versiya göstərib.

İranın Tacikistan müxalifətinə dəstəyi haqda söz-söhbət Tacikistanda artıq uzun illər boyu gedib, amma indi açıq ittihama keçib. İran 2015-ci ilin dekabrında TİDP lideri Muhiddin Kəbirini Tehrana dini konfransa qatılmağa dəvət edərək, Düşənbənin qəzəbini doğurub. TİDP üç ay qabaq Taciksitanda qanundankənar elan edilmişdi.  

Tacikistanın Din İşləri Üzrə Dövlət Komitəsi təmsilçisi Əbduqafor Yusupov 2016-cı ilin əvvəlində deyib: “İran Tacikcistan haqda həmişə ümumi inanc və mədəniyyətli qardaş millət kimi danışıb. Bəs onda terrorçunu necə salamlamaq olardı?”

Dustaqlar DİN-in hazırladığı sənədli filmdə təəssüf ifadə edir ki, TİDP üzvü olublar və gəncləri bu partiyanın təbliğatına uymamağa çağırırlar. TİDP rəhbərliyinin bəzi üzvləri həbsxanaya düşüb, amma çoxları xaricə qaçmağa nail olub və xarici hökumətləri insan haqları pozuntusuna görə Taciksitanı cəzalandrmağa çağırırlar.

Filmdə həmçinin xatırladılır ki, İranın əlaqələndirdiyi əməliyyatçılar Rusiyanın bu günədək Tacikistanda yerləşən 201-ci motoatıcı diviziyasının əsgərlərini öldürməyə görə məsuliyyət daşıyırlar. Guya, bu, Rusiyanı ölkədən sıxışdırmaq üçün edilib.

Abdulloyev filmdə bəyan edib: “İranın qəsdi 201-ci diviziyanın nümayəndələrini aradan götürüb yerinə öz ordusunu gətirmək idi. Onlar dövlətimizi islam dövlətinə çevirmək istəyirdilər”.

Dustaqlar həm də boyunlarına alıblar ki, 1999-cu ilin martında Əbduhalim Nazarzodanın tapşırığı ilə parlamentin keçmiş spikeri Səfərəli Kencayevi öldürüb, buna görə hərəsi 2 min dollar alıb.

Onların öldürdüyü digər şəxslərin siyahısına məşhur jurnalist və siyasətçi Otaxon Lətifi, ünlü alimlər Muhəmməd Osimi, Yusuf İshaqi və Minxoca Qulamov, siyasətçi Kərim Yuldoşev, məşhur yazıçı və rejissor Səyf Rahim Afərdi və BBC jurnalisti və fotoqraf Muhiddin Olimpur daxildirlər.

Lakin DİN versiyasında bir neçə zəif yer var. Məsələn, Əbduhalim Nazarzodanın geniş tanınmış bioqrafiyasına əsasən, o, vətəndaş müharibəsinin xeyli müddəti ərzində Qazaxıstanda bizneslə uğraşıb və Tacikistana yalnız barışıq müqaviləsi imzalandıqdan sonra – 1997-ci ilin sentyabrında qayıdıb.

Bundan başqa, Taciksitan hökuməti ən səs-küylü qətllərdən bəzilərinə görə məsuliyyəti əvvəllər görkəmli din xadimi Xoca Əkbər Turaconzodanın cangüdəni Yusuf Cəlilovun üzərinə qoyub. Cəlilov digərləri ilə yanaşı Olimpur və 15-ə yaxın Rusiya hərbçisinin qətlində təqsirli bilinib. O, 1997-ci il barışıq müqaviləsinə uyğun olaraq bu cinayətlərə görə əfv olunub, amma sonradan müharibədən sonra etdiyi digər cinayətlərə görə həbsə salınıb.

Amma əvvəllər məlumat verildiyinə görə, Tacikistan hökuməti hesab edir ki, ola bilsin, Cəlilov Əfqanıstan və İranda hazırlıq keçib. Tehranı qətllərə təkan verməkdə heç vaxt ittiham etməyiblər. Bu məqalənin dərci anına qədər Cəlilovun olduğu yeri müəyyən etmək mümkün olmayıb.

Məlumatlara görə, Tehran Düşənbədəki səfirliyi vasitəsilə bu filmə dair rəsmi izahat tələb edib. Tacikistan Maliyyə Nazirliyi sanki Tehranla üzülüşdüyünü bir daha vurğulamaq üçün avqustun əvvəlində bildirib ki, 2015-2017-ci illərdə İrana, həmçinin Özbəkistan və Qazaxıstana bütün borclarını ödəyib. Konkret rəqəm göstərilməyib, amma “Азия-Плюс” informasiya agentliyinin 2016-cı ilin iyununa olan vəziyyətə görə məlumatlara isnadən xəbər verdiyi kimi, bu məbləğ nisbətən kiçik olub – təxminən, 1,5 milyon dollar.

Tacikistanın İrana münasibətdə ədavət artımı Düşənbənin İranın qəvi düşməni Səudiyyə Ərəbistanı kimi ölkələrlə yaxın münasibətlər qurmaq cəhdləri fonunda baş verir. Tacikistan hökumətinin aşkar hədəfi yatırım və maliyyə yardımı cəlb etməkdir.

Diqqətçəkəndir ki, Tacikistan prezidenti İmomali Rahmon iyulun 22-də Səudiyyə kralı Əbdüləziz əl-Səudla telefonda danışıb. Danışığın rəsmi nəticələri üzrə açıqlamada İranın adı çəkilməsə də, Tacikistan tərəfinin bildirişində sətirlərin arasından oxumaq mümkündür ki, Tacikistan-İran münasibətləri mövzusuna hər halda toxunulub. Taciksitan prezidentinin saytındakı məlumatda deyilir: “Hər iki tərəf Yaxın Şərqdəki həyəcanlı durum, o cümlədən Fars körfəzi bölgəsindəki məsələlərin dönüşümü haqda fikir mübadiləsi edib”.

Səudiyyə Ərəbistanı indiki anda Tacikistana təhsil layihələrinə vəsait təqdim edir, amma Düşənbə aşkarca daha böyük məbləğlərə, o cümlədən onun üçün son dərəcə mühüm layihələrin maliyyələşəcəyinə ümidvardır. Aşağı palata təmsilçisi Şükürcon Zuhurov yanvarada Səudiyyə Ərəbistanını inşası planlaşdırılan nəhəng Roqun SES-ə vəsait yatırmağa çağırmaqla hökumətin rəsmi mövqeyini ifadə edib. O, Səudiyyə Ərəbistanı maliyyə naziri müavini ilə görüşdən sonra bu çıxışı edib.

Roqun elektrik enerjisi ixracatı sayəsində potensialca Taciksitana xeyli gəlir təmin edə bilər, lakin əcnəbi yatırımçılar olmadığı və Düşənbənin müflisləşməyə xroniki yaxınlığı üzündən layihə havadan asılı qalmaqdadır.

Düşənbəli politoloq Əbduqəni Madazimov güman edir ki, İranla qəti üzülüşmə, ola bilsin, lap bu yaxınlarda baş verib. Məsələn, Tacikistan avqustun 5-də İran prezidenti Həsən Ruhaninin andiçmə mərasiminə qatılmaq üçün statusuna görə olduqca uyğunsuz bir adamı – energetika və su ehtiyatları naziri Usmonali Usmonzodanı göndərib.

Madazimov deyir: “Düşünürəm ki, bu film nazirin andiçmə mərasiminə qatılmaq üçün İrana səfərindən sonra göstərilib. Bu, ondan xəbər verir ki, tərəflər razılığa gələ bilməyib”.

Hər şeyə əsasən, Tacikistan indi Roqun SES-in inşasında bütün ümidlərini Ər-Riyada bağlayıb. Səudiyyə Ərəbistanı hər halda bu layihəyə yatırım qoymağı qət edərsə – hərçənd ki, o qədər ağlabatan görünmür – İranla ənənə üzrə çətin münasibətlərin qırılması bu cür hədiyyəyə görə çox kiçik qiymətdir.

Tərcümə Strateq.az-ındır.