XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Avqust 2017 - 17:00

İşsiz milyoner…- Putinin mətbuat katibinin milyonlara və kriminal keçmişə sahib 27 yaşlı oğlu (FOTO, VİDEO)

Bahalı mülkləri, avtomobilləri, 38 milyon rublluq qol saatı ilə adı tez-tez qalmaqallara qarışan Dmitri Peskov yenə  mətbuatın gündəminə gəlib. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibini bu dəfə hədəfə gətirən onun birinci xanımı Anastasiyadan olan böyük oğlu Nikolay Çoulzdur.

Səs-küylü araşdırmanın müəllifi Rusiyanın məşhur müxalifətçisi Aleksey Navalnıdır. 

Navalnı əvvəlcə Nikolayın soyıdının niyə fərqli olduğuna aydınlıq gətirib. Sən demə, gənc oğlan ögey atasının soyadını daşıyır. Bunun isə sahib olduğu varidatın mənbəyini gizlətmək üçün vasitə olduğu istisna deyil.

Peskovdan ayrılandan sonra əcnəbi ilə ailə quran Anastasiya əri və oğlu ilə birgə Britaniyada yaşayıb.  

Nikolayın Peskovun oğlu olduğuna dair rəsmi təsdiq olmasa da, Navalnı bütün izlərin mətbuat katibinə gedib çıxdığını üzə çıxarıb. BBC məsələ ilə bağlı Peskova sorğu göndərsə də, qarşı tərəf suala cavab verməkdən imtina edib.

Peskov və Nikolay

Peskovun Nikolay adında oğlunun olduğu dəqiqdir. Üstəlik Rusiyanın RBK saytına danışan mənbə onların ata-bala olduğunu təsdiqləyib və əlavə edib ki, onlar bir-birləri ilə demək olar ki, əlaqə saxlamırlar. 

Bunlarla yanaşı, Çoulzun "Facebook" səhifəsində Peskovun qızı Yelizvata ilə birlikdə xeyli fotoları var. Və bu fotolarda o, Yelizavetanı "sister" (bacı) deyə təqdim edib.

Bir vaxtlar "Russia Today" telekanalında işləyən Nikolay orada çox davam gətirə bilməyib. Belə ki, rus və ingilis dilində material hazırlamaqda xeyli çətinlik çəkən gənc milyoner tezliklə işini tərk etməli olub.

Çoulz bahalı daşınmaz əmlaka, avtomobillərə sahib olsa da, rəsmən işsizdir. "İnstaqram" səhifəsində paylaşdığı şəkillərdən məlum olur ki, işsiz Çoulzun dəyəri 10 milyon rubl olan "Tesla" markalı avtomobili var. Bundan başqa o, "Range Rover", "Ferrari", "Mercedes CLA" kimi bahalı maşınlara, "Harley-Davidson" markalı motosiktetə də sahibdir.

Navalnı deyir ki, "brilyant atanın qızıl oğlu" Çoulz mütəmadi olaraq şəxsi təyyarələrdə uçur, bahalı yaxtalarda səyahət edir. Onun mülklərindən biri də Moskvanın düz mərkəzində yerləşir. 

"Facebook" hesabında Nikolay keçmiş iş yeri kimi "Fight Nights" şirkətini də göstərib və bu şirkətin direktoru olduğunu qeyd edib. Navalnıy araşdırıb ki, şirkətin sponsoru Peskovun dostu, iş adamı Ziyavudin Maqomedovdur.

Araşdırmalarının birində Navalnı məhz bu biznesmeni Peskova rüşvət verməkdə ittiham etmişdi. Dediyinə görə, Maqomedov Peskovun "Maltese Falcon" yaxtasında bir neçə milyonluq istirahətini maliyyələşdirib. Maqomedovun rəhbərlik etdiyi şirkət isə bu iddaları rədd etmişdi.

Yeri gəlmişkən, bir vaxtlar Nikolayın işlədiyi "Russia Today" kanalı da Maqomedova məxsusdur.

Araşdırma zamanı ortaya çıxıb ki, Çoulz bir il ərzində 116 dəfə yol hərəkət qaydalarını pozub. Və heç birinin cəriməsini ödəməyib. 

Sənədlər üzə çıxarıb ki, təxminən on il Britaniyada yaşayan Nikolay orada orta məktəbi belə, başa vura bilməyib. Üstəlik iki adama fiziki zor tətbiq etdiyinə görə, Britaniyada 15 ay həbsdə olub. 

Vəkilin verdiyi xasiyyətnamədə Nikolayın zora meylli biri olduğu qeyd olunur. Deyilənə görə, bir dəfə o,  Moskvada yaşayan ana nənəsini də döyübmüş. 

"Heç yerdə işləmir, amma Rublovkada əmlak alır, "Range Rover"də, "Ferrari"də gəzir. Üstəlik də bahalı saatlar, səyahətlər…", – deyə Navalnı bildirir.

Mətbuat iddialarla bağlı Nikolay Çoulzun özünü də danışdırıb. Onun cavabı qısa olub: "Təxribatdır. Başqa nə ad vermək olar? Dəhşət!".

27 yaşlı Nikolay Çoulzun bir dəfə ailəli olduğu və xanımından boşandığı deyilir. O da bildirilir ki, bir övladı olmasına baxmayaraq, Nikolay xanımı Yevgeniya Çerdakovaya aliment ödəmir.

Bu, Navalnının Peskov ailəsi haqda ilk araşdırması deyil. Bundan əvvəlki yazıda qeyd olunurdu ki, Peskov Sardiniya adasında bahalı yaxtada istirahət edir. Bu yaxtanın da icarə haqqı 385 min avrodur. 

Peskov və Navka

Üçüncü toyunda – Olimpiya çempionu Tatyana Navka ilə evlənəndə Peskovun qolunda "Richard Mille RM 52-01" markalı saat var idi. Saatın dəyəri nə az nə çox 38 milyon rubldur (620 min dollar). Sonradan Navka bildirmişdi ki, saatı Peskova o bağışlayıb.
 
Rəsmi deklarasiyada göstərilir ki, ötən il Dmitri Peskov və xanımı Tatyana Navka ilə 133,6 milyon rublluq gəlir əldə ediblər. Daha dəqiqi, ötən il xanımının gəliri Peskovun qazandıqlarından 10 dəfə artıq olub – 120,8 milyon rubl. 

Ailə həmin dövr ərzində özünə 353,3 kvadratmetrlik yeni mənzil alıb. Buna qədər isə onların adına iki torpaq sahəsi, daha bir mülk, 4 mənzil və 4 parklama yeri olub. Maraqlıdır ki, Aleksey Navalnı hələ 2015-ci ildə bu torpaq sahəsi və mülk barədə məlumat vermişdi.

Navalnı bildirmişdi ki, ailənin 90 sotluq ərazisi, elit qəsəbədə 779,2 kvadratmetrlik kotteci var ki, bunların da ümumi dəyəri 1 milyard rubldur (15,6 milyon dollar).

Reyetsr sənədlərindən məlum olub ki, bu əmlak Navkanın adına hələ Peskovla toylarından yarım il əvvəl rəsmiləşdirilib. 

Navalnı iddia edir ki, Peskov cinayət yolu ilə əldə etdiyi gəlirləri bu cür leqallaşdırırmış. Çünki onun rəsmi gəlirləri belə əmlaka sahib olmağa imkan vermirdi.

Araşdırma müəllifi bildirir ki, Peskovun rəsmi gəlirləri nə özünə, nə də oğlu Çoulza belə dəbdəbəli həyat sürməyə imkan verir.


Strateq.az