XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

23 Avqust 2017 - 02:22

ABŞ və Rusiya:Köhnə hamam, köhnə tas... - TƏHLİL

 

Angela Stent,

"The National Interest", ABŞ 

 

1992-ci ildən sonra hər bir Amerika prezidenti öz idarəçiliyinə, sələfindən fərqli olaraq, Rusiya ilə dayanıqlı və məhsuldar münasibətlərə nail olacağına tam inamla başladı. Axı SSRİ, nəhayət ki, dağılmışdı, yeni rus rəhbərliyi isə marksizm-leninizmdən imtina etmiş və bəyan etmişdi ki, o, “ mədəni ölkələr birliyi”nə daxil olmaq istəyir.

Görünüşə görə, iki böyük nüvə dövlətinin yaxınlaşmasına mane olan heç bir amil daha qalmamalı idi. Bununla belə, bütün yenidənyükləmələr nədənsə yalnız qarşılıqlı məyusluğa gətirib çıxarırdı. Bu il Trampın Rusiya ilə, heç şübhəsiz, səmimi “sözləşmə” bağlamaq və bu ölkə ilə münasibətləri yeni səviyyəyə çıxarmaq cəhdlərinə, guya ki, “Russoqeyt” mane oldu. Ancaq əslində amerikan-rus münasibətlərinin yaxşılaşması qarşısındakı real maneələr struktur xarakteri daşıyır. Onların səbəbləri ruslarla Trampın ətrafı arasında ehtimal olunan əlaqələrlə məhdudlaşmır. Onlar daha dərindir.

Vaşinqtonda və Moskvada məhsuldar münasibətlərin necə görünməsi haqqındakı təsəvvürlər çox fərqlidir. Dünya arenasında Rusiyanın mövqeyini bərpa etməyə və 1990-cı illərin zərərli hesab etdiyi irsini silib yox etməyə səy göstərən prezident Putin üçün ABŞ-ın Rusiya ilə Sovet İttifaqı ilə olan kimi davranması mühümdür. Bu o deməkdir ki, birincisi, Vaşinqton onu tamamilə suveren böyük dövlət kimi qəbul etməli, nisbətən zəif qonşular isə yalnız məhdud suverenlikdən yararlana bilər; ikincisi, Amerika onu legitim maraqlarına hörmət edilməli olan, tam bərabərhüquqlu ölkə kimi tanımalıdı.

Putin idealda, çərçivəsi daxilində ABŞ, Rusiya və Çinin dünyanı təsir sferalarına bölməsinə imkan verən, yeni üçtərəfli Yalta sistemini yaratmaq istərdi. Bu, həmçinin o deməkdir ki, ABŞ Rusiyada gedən proseslərə bütün təsir göstərmə cəhdlərindən imtina etməlidi. Tramp administrasiyasında və prezidentin tərəfdarları arasında bu dünyagörüşü bölüşənlərin olması tamamilə mümkün olsa da, nə müdafiə naziri, nə dövlət katibi, nə də milli təhlükəsizlik məsələləri üzrə müşavir onlara aid deyildir. Bundan əlavə, bu istiqamətdə hərəkət etmək istəyən istənilən administrasiya ABŞ-ın öz xarici siyasətində artıq 25 ildir rəhbər tutduğu ilkin təməl şərtləri rədd etməli olacaq.

ABŞ və Rusiyanın hansı ümumi maraqları vardır? Bu ölkələrin hər ikisi nüvə superdövləti kimi xüsusi məsuliyyət daşıyır. Onların hər ikisi kütləvi qırğın silahlarının yayılmasının qarşısını almağa səy göstərir, lakin bunun praktikada konkret olaraq nə anlama gəlməsi məsələsində heç də həmişə eyni fikirdə olmurlar. Amerikalılar da, ruslar da terrorizmi ümumi təhdid hesab edir, ancaq tez-tez "kimi terrorist hesab etməli" deyə, mübahisə edirlər. Buna görə onlara Suriyada İŞİD-ə qarşı mübarizə məsələsində əməkdaşlıq etmək çətin idi.

Bundan savayı, ABŞ-ın Rusiya ilə, deyək ki, Çindən fərqli olaraq, ümumi iqtisadi maraqları azdır. Müvafiq olaraq ABŞ-da onunla dayanıqlı və sıx münasibətlər üçün mübarizə aparmağa hazır olan təsirli oyunçular da azdır. Rusiya ixracatının əsas predmetləri karbohidrogenlər və silahdır. ABŞ-ın nə ona, nə də o birinə ehtiyacı var. Bu halda amerikan investisiyasının rus iqtisadiyyatına axınını yalnız tətbiq edilən sanksiyalar deyil, mürəkkəb rus investisiya mühitinin Rusiyada qanunçuluğun aşağı səviyyəsi ilə birləşməsi də tormozlayır.

Lakin ümumi maraqların çatışmazlığına baxmayaraq, ABŞ və Rusiyanın bir-birilə əməkdaşlıq edə biləcəyi və etməli olduğu mövzular vardır. Birinci növbədə söhbət Suriyada çoxlu can alan müharibədən gedir. Vaşinqton və Moskva əldə edilən atəşkəslə məhdudlaşmamalıdı. Onlar hava əməliyyatları ilə bağlı ziddiyyətləri həll etməyə, həmçinin humanitar yardım göstərməyə davam etməlidi. Amerikan və rus hərbçilərinin ikitərəfli təmasları bərpa etməsi faktı ümidverici əlamət kimi görünür. Şimali Koreyadakı vəziyyət də həmçinin, Rusiya Kim Çen Ina təzyiqi artırmağa qarşı çıxsa da, əməkdaşlıq üçün perspektivlər açır. Əlavə olaraq kibersferada oyun qaydaları haqqında danışıqlar həddindən artıq arzuolunan olardı.

Daha bir ciddi maneə kimi Ukrayna qalır. Səfir Kurt Volkerin Ukrayna üzrə xüsusi nümayəndə təyin edilməsi, şübhəsiz, alqışlanmalıdı. Ancaq Minsk razılaşmalarının yerinə yetirilmə perspektivləri hələ də real görünmür. Dövlət katibi Tillerson işarə edib ki, bu razılaşmalar çərçivəsindən kənar da irəliləyiş mümkündür, lakin hadisələrin belə inkişafı bütün tərəflərin yaradıcı yanaşmasını və münaqişəni tənzimləməyə səy göstərməsini tələb edir.

Beləliklə, tərəflər arasında çox müxtəlif məsələlər üzrə fundamental fikir ayrılıqları və qarşılıqlı etibarsızlıq üzündən amerikan-rus münasibətləri, ən yaxşı halda, qarşılıqlı maraq kəsb edən məsələlərdə və ziddiyyət və ya rəqabət olan bir sıra digər məsələlərdə əməkdaşlığı nəzərdə tutan məhdud tərəfdaşlıq səviyyəsində qalmağa məhkumdur.

Buna uyğun olaraq, vəziyyətin Tramp administrasiyası dönəmində Obama administrasiyası dönəmi ilə müqayisədə köklü surətdə dəyişməsi ehtimalı, əgər, təbii ki, rusların keçənilki seçki kampaniyası dövründə fəaliyyəti haqqında kardinal olaraq yeni məlumatlar üzə çıxmazsa, ağlabatan deyil. Bu, bütövlükdə təəccüblü deyil, belə ki, Rusiya və Birləşmiş Ştatalar qarşısında duran əsas problemlər son onilliklər ərzində çox da güclü dəyişikliyə məruz qalmayıb. Bütün bu reallıqları nəzərə almaqla görünən gələcəkdə ən uzağı nəyi gözləmək olar- bu, mürəkkəb münasibətlərlə, onların daha da aşağı düşməsindən qaçınmağa imkan verən, ustalıqla görülən işdir.

 

Qeyd: Ancela Stent Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa tədqiqatları mərkəzinin rəhbəri, “Tərəfdaşlığın hüdudları: ABŞ-Rusiya münasibətləri XXI əsrdə” (“The Limits of Partnership: U.S-Russian Relations in the Twenty-First Century”) kitabının müəllifidir.

 

Tərcümə Strateq.az-ındır​




Yuxarı Əvvələ Ana Səhifə