XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Avqust 2017 - 17:31

Taciklərlə farsların arasını vuran kimdir? –Mərkəzi Asiyada "ərəb barmağı"... - TƏHLİL

Həmidrza Əzizi

“Al-Monitor”

 

Dünyada bir çox müşahidəçini təəccübləndirərək, avqustun 8-də Tacikistanın dövlət televiziyasında bir sənədli film göstərilib. Həmin filmdə İran 1990-cı illərdə Tacikistanda baş vermiş vətəndaş müharibəsi, habelə bir sıra tacik ictimai və siyasi xadiminin, 20 Rusiya əsgər və zabitinin öldürülməsində ittiham edilib.

Sənədli filmdə İranın "tacik alimləri və ziyalılarını qətlə yetirməsi" iddia olunub.

Rəsmi Tehran tərəfindən qəti olaraq rədd edilən bu ittihamlar Tacikistan hökumətinin İslam Respublikasına qarşı ən son və ən açıq addımıdır.

Hələ iyunun 30-da Tacikistan hökuməti elan edib ki, ölkənin şimal şəhəri Xocənddə İranın iqtisadi və mədəni mərkəzləri bağlanıb.

Rəsmi olmayan xəbərlər göstərir ki, Rusiya və Çin İranın Şanxay Əməkdaşlıq Təşkilatının tam üzvü olmasına çalışsa da, Tacikistanın müxalifliyi bu işə əsas maneədir.

Tacikistan hökumətinin rəsmi bəyanatına əsasən, son zamanlardakı gərginliyin əsas səbəbi İranın rəsmi Düşənbəni hədəfə alan "terror təşkilatları" və Tacikistanda "İslam radikalizmini" təşviq etməsidir. Əslində, bu iddialar 2015-ci ilin dekabrından etibarən Tacikistanın rəsmi Tehrana qarşı irəli sürülən ittihamlarının mərkəzi olub. Həmin vaxt tacik müxalifətçisi və Tacikistan İslam İnqilabı Partiyasının (TİİP) lideri Mühiddin Kəbiri İranda keçirilən Beynəlxalq İslam Vəhdəti Konfransında iştirak edib. Konfrans çərçivəsində Kəbiri İranın ali lideri Ayətullah Əli Xamnei ilə görüşüb.

20 ildən çox müddətdə Tacikistanın ən mühüm müxalif partiyası olmuş TİİP 2015-ci ilin ortalarında hökumət tərəfindən "terror təşkilatı" kimi təyin olunduğundan, Kəbirinin Tehrana səfəri Düşənbədə sərt şəkildə qarşılanıb.

Lakin Tehran-Düşənbə münasibətlərini daha geniş bir tarixi perspektivdə təhlil edilərsə, Kəbiri iddiası sadəcə çoxdankı gərginliyin dərin köklərinə əsaslanır. Vəziyyəti daha yaxşı başa düşmək üçün Tacikistanın iqtisadi vəziyyətini və onun iqtisadiyyatına xarici sərmayələri nəzərdən keçirmək lazımdır.

Ümumiyyətlə, Tacikistan iqtisadi cəhətdən keçmiş Sovet İttifaqının ən zəif respublikalarından biridir və bu, mühüm mənfi ticarət balansı və adambaşına düşən ümumdaxili məhsulda (ÜDM) daha aydın görünür. Müstəqilliyin ilk günlərindən etibarən o, xarici iqtisadi mənbələrə çıxış axtarıb.

Vətəndaş müharibəsi dövründə İranın fəal rolu – 1995-ci ildə atəşkəsə vasitəçilik etmə və sülhün ilk addımlarını atmağa köməkliklə, – Tehrana müharibədən sonra Tacikistanın iqtisadiyyat imkanlarından istifadə etmə fürsəti qazandırıb. Nəticədə, iki ölkə arasında ticarət və iqtisadi əlaqələr artıb. Mərkəzi Asiya respublikasında İranın iqtisadi rolunun ən əhəmiyyətli simvolu Xatlon əyalətindəki Sanqtuda-2 su elektrik stansiyasıdır.

Dövlət tərəfindən dəstəklənən böyük infrastruktur layihələri ilə yanaşı, İranın özəl müəssisələri də Tacikistanda aktivləşib. İranlı iş adamı Babək Zəncaninin iqtisadi imperiyası – özəl bank, aviaşirkət, taksi firması, avtovağzal – İranın Tacikistanda fəaliyyət göstərən özəl sektorunun ən görkəmli nümunəsidir.

2013-cü ildə Həsən Ruhani İranın prezidentliyini qəbul etdikdən sonra ikitərəfli münasibətlərdə problemin yaranması üçün iki əsas hadisə ortaya çıxıb. Birincisi, İran əvvəllər razılığa gəlinmiş, xüsusilə də böyük borcların ödənməsində Tacikistana təzyiq göstərməyə başlayıb. İkincisi, Zəncani İranda saxtakarlıqda ittiham olunub, bu, onun Tacikistanda fəaliyyət göstərən müəssisələrinin taleyinə dair müzakirələrə gətirib çıxarıb. Taciklər Zəncani ilə əlaqə qurduqlarını inkar edib və aktivlərini ələ keçirməklə, iki ölkə arasındakı boşluğu daha da genişləndirən bir hərəkət ediblər.

İranla olan qarşıdurmaların artması ilə Tacikistan yeni maliyyə dəstəkçisi – Səudiyyə Ərəbistanı ilə daha sıx əlaqələr qurmağa çalışıb. Həqiqətən, Tacikistan iqtisadiyyatına daxil olmaq səudilərin imtina etməyəcəyi bir təklif idi, çünki onlar İranın Orta Asiyada nüfuzuna qarşı təsir göstərə bilər.

Əslində, səudilər Tacikistanın ən həssas infrastruktur layihələrinin, məsələn, Roqun su elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsinə hazır olduqlarını bildiriblər. Eyni zamanda, Səudiyyə İnkişaf Fondu təhsil sahəsi və sosial rifah layihələrini dəstəkləyib. Bundan əlavə, Səudiyyə İslam İnkişaf Bankı ölkənin şərq hissəsində yeni avtomobil yolu qurmaq üçün resursları təmin edib.

Təxmin edildiyi kimi, Səudiyyə Ərəbistanının Tacikistanda artan təsiri siyasi sahəyə də sızmağa başlayıb. 2015-ci ilin dekabrında Səudiyyə diplomatları Düşənbəni Riyadın "terrorla mübarizədə ittifaqı”na qoşulmaq üçün razı salmağa çalışıb. Əsas hədəf, təbii ki, İran idi.

Tacikistan-Səudiyyə əlaqələri elə bir nöqtəyə gəlib ki, Səudiyyə kralı Salman bin Əbdüləziz Əl-Səud Tacikistanı bölgədəki "mühüm tərəfdaş" adlandırıb.

Eyni zamanda, Səudiyyə Ərəbistanı mətbuatı İranın təhdidedici obrazını yaradaraq, tacikləri Tehranın motivlərindən şübhələnməyə vadar edib. Məsələn, digər Səudiyyə Ərəbistanı mətbuat orqanları tərəfindən yenidən çap olunmuş "Əl-Vatan" qəzetindəki məqalədə İran Tacikistanda "dövlət terrorizmi" ilə məşğul olmaqda ittiham olunub.

Beynəlxalq əlaqələr üzrə rusiyalı mütəxəssis Aleksandr Knyazev anti-İran sənədli filminin nümayişində “Səudiyyə barmağı” olması iddiasını irəli sürüb.

Ümumiyyətlə, ideoloji amillər Tehran-Düşənbə münasibətlərinin pozulmasında, Riyadın Tacikistanda təsir qazanmasında az rol oynayıb. Həqiqətən də, fars dilində danışan taciklərin əksəriyyəti sünnidir və bu, Səudiyyə Ərəbistanı üçün üstünlük qazandırır. Amma Riyadın ideyası deyil, onun pulları siyasi tənlikdə ən əhəmiyyətli rol oynayıb.

Belə olduğu təqdirdə, İranın Tacikistanda nüfuzunu artırmağın yeganə yolu ölkənin iqtisadi sahəsinə geri dönmə və davam edən mübahisələrin həll edilməsidir. Əks təqdirdə, hazırkı vəziyyət Mərkəzi Asiyada İrana qarşı Səudiyyə liderliyində aparılan kampaniyada ilk böyük irəliləyiş ola bilər.

 

Tərcümə: Strateq.az