XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 August 2017 - 11:43

Ağ Evin baş strateqi və boz kardinalı –Özünü prezidentindən ağıllı sayan köməkçi mütləq qovulmalıydı... - TƏHLİL

Elizabet Dryu

“Project Syndicate”

 

Əksər olmasa da, bir çox ABŞ administrasiyalarında, medianı özü olmadan prezidentin fəaliyyət göstərə bilməyəcəyinə əmin edən fiqurlar peyda olur.

Əvəzsiz yardımçı, həqiqətən, müasir prezidentliyin ən yaxşı kölgəsidir. Karl Rouv "Buşun beyni" idi; Harri Hopkins Franklin Delano Ruzveltlə birlikdə məhsuldar Ağ Ev komandasını təşkil etdi; Bill Moyers bir jurnalın qapağında "Consonun xeyirxah mələyi" kimi görünüb… Bir sözlə, bu fiqurlar olmadan hekayət maraqsız, administrasiya vecsiz, hətta fəlakətlidir.

Tez-tez olmadığı halda belə, bu cür əvəzsiz fiqurlar icad və ya təşviq edilir. Jurnalistlər, adətən, nə qədər təmənnasız olsalar da, hekayətlər düşünürlər: onlar hər şeyi aydınlaşdırır və haqqında yazmaq üçün bir fiqur uydururlar.

Əvəzsiz yardımçı dramatik hekayətlər nəql etməklə çox xoşbəxtdir. Guya, o, xilasedici mələkdir, hansısa dahiyanə fikrə gəlib və ya bağışlanmaz səhvin qarşısını alıb…

Lakin mühüm fiqurlar öz səylərində tez-tez ifrata varırlar. Reyqan, Ağ Evdə özünü baş nazir kimi hiss edən Ceyms Beykeri qərargahdan uzaqlaşdırdı. Beyker sovet lideri Mixail Qorbaçovun Reyqanla çəkdirdiyi fotoşəkillərə özünü də dürtmüşdü, (jurnalistlər daxil olmaqla) “rəiyyət”ə qarşı kobud idi və işini Ronniyə baxmağa həsr edən Nensi Reyqanla bağlı ölümcül səhvə yol verdi. Reyqan tezliklə onu yanından qovdu.

Prezidentlərin özləri, bəzi super-ağıllı köməkçiləri olmasa, işin öhdəsindən gələ bilmirlər. Əlbəttə, bütün prezidentlərin sağlam eqoları var. Amma əgər başqaları bu qədər ağıllıdırsa, niyə prezident deyillər?

Müdrik prezidentlər seçiləndən bəri tovuzquşu kimi hərəkət edir və lələklərini qoltuq altında gizlədə bilirlər.

Barak Obama özündən kifayət qədər razı idi, ancaq onun prezidentliyi dönəmində heç bir super yardımçı üzə çıxmadı, – buna prezidentin ləyaqəti yol vermirdi. Onun məsləhətçiləri Obamanı kölgədə qoymağa çalışmırdı. Odur ki, bu, baş vermədi.

Ağ Evin köməkçisi kimi Stiv Bennon elə də müdrik deyildi, amma içindəki tovuzquşunu ram edə bilmədi. Donald Trampın eqosu isə kövrəkdir.

Hər ikisi öz rolunda səhvə yol verdi. Tramp işgüzar həyatını ailəsi və xidmətçilərinin əhatəsində keçirib – öz ambisiyaları olan heç bir səhmdar və ya vitse-prezident olmadan. Ağ Evin cəhənnəmində bu iki adama yer yoxudu.

Namizəd olarkən, Tramp instinktləri ilə hərəkət etdi və 2016-cı il prezident seçkisində onun instinkti deyirdi ki, fəhlələr və öz iqtisadi gələcəyindən qorxan digər təbəqələrin rəğbətini qazanmalıdır. Meksikalı immiqrantları və milyarder bankirləri qurban verməklə. “Divar” – fantasmaqorik və əksinə olursa-olsun – "pis insanlar"ın önünü kəsən sədd, “Meksika” – şər məkanı kimi təqdim olundu. Trampın ətrafında bütün insanlarla müqayisədə məhz Bennon bu fikirlərin anası idi. Bennon kimi – özünü elmi fiqurtək təqdim edən və öz nişanəsini təsdiq edən – bir şəxs Trampla çiyin-çiyinə durmaq istəyirdi.

Tramp, əslində, "yorğa at" idi. Seçildikdən sonra kabinetinə milyarderləri gətirdi və bu günə qədər tərəfdarlarına, həqiqətən, ölkəni zəngin insanların idarə etməli olduğunu söyləyərək özünü itirdi.

Digər tərəfdən, Bennon öz fəlsəfəsinə yad olan adamların gəlişindən qəzəblənmişdi. Lakin onun populizmi saxta idi: Bennon siyasi cəhətdən “mavi yaxalıqlı” işçiləri dəstəkləyərkən, özü milyonlar içində üzürdü. O, “Goldman Sachs”da uğur qazanmış və "Seinfeld" komik serialına sərmayə qoymaqla varlanmışdı.

O, həmçinin milyarder Merser ailəsinin dəstəyi ilə varlanırdı. Yüksək texnologiya dahisi olan və öz hedcinq fondu vasitəsilə yüksələn Robert Merserin sayəsində xoşbəxtlik açarını tapmış digər Merser, Bennonun ifrat ağ millətçi və ağların hökmranlıq tərəfdarı, antisemit “Breitbart News” saytını maliyyələşdirir.

Görünür, Bennonun radikal fikirləri, məsələn, ticarət və immiqrasiya məsələlərində, Trampın (daha liberal) siyasi opportunizminə haradasa uyğun gəlib.

Bennonu, bir növ, Ağ Evin Rasputini kimi görmək səhv idi. O, milliyyətçi meyli gücləndirdi, nəticədə Tramp qızı İvanka və onun iqtisadi məsləhətçilərini Parisə göndərməyə və iqlim sazişindən geri çəkməyə vadar oldu. Bennon özünü bir müddət Milli Təhlükəsizlik Şurasına soxmaqla, xarici siyasətə girişdi. Ta ki Tramp administrasiyasının iki generalı – Milli Təhlükəsizlik məsləhətçisi H. R. MakMaster və (indi baş qərargah rəisi) Con Kelli Bennonu oradan sıxışdırana qədər (Bennon MakMasteri "İsrail əleyhdarı” adlandırmışdı).

Amma portfelsiz dahi kimi Bennonun əsas rolu – Tramp ona göz yumana və Kellinin gəlişinədək – onun məhv edilməsi idi.

Heç bir müəyyən məsuliyyət olmadan, o istədiyi yerə girir və bu, çoxlu düşmən qazanmaqla sona çatırdı. O, Ağ Evdəki rəqibləri haqqında jurnalistlərə xəbər verməklə daxili döyüşlərdə mübarizəyə xeyli vaxt sərf etdi. Hətta bir rəqibini (məsələn, köhnə qərargah rəhbəri Rins Priebus) dosta çevirə bildi.

Bennon sakitlik pozucusu idi və siyasətçi kimi üzərinə iki rol götürmüşdü. Tramp da Bennonu "bəsirətçi" olaraq görməyə başladı. Amma Ağ Evdən xəbərlər sızırdı, orada işləyənlərin bir çoxu jurnalistlərə başa salmaq istəyirdi ki, qarışıq duyğulara sahibdirlər, amma ölkəni liderlərdən qorumaq naminə administrasiyada qalıblar.

Stiv Bennonun Trampın seçki qələbəsində əhəmiyyətli rol oynaması fikri həlledici oldu. Buna görə bu bəxtsiz adam Ağ Evdən, nəhayət, getmək məcburiyyətində qaldı.

Amma indi, Bennon getdikdən və “Breitbart”daki köhnə işinə qayıdandan sonra belə, Tramp yenə də Tramp kimi qalacaq.

 

Tərcümə: Strateq.az