XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

24 Avqust 2017 - 18:33

Yəməndə müharibə niyə bitmir? –Səudiyyə dünyanın ən böyük humanitar böhranının yaşandığı ölkədən çəkilmir - TƏHLİL

Fərəh Nəccar və Xalid əl-Kərimi

“Al-Jazeera”

 

Analitiklər deyirlər ki, Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsi "strateji uğursuzluq" idi, lakin həmin ölkədən tam və rəsmi geri çəkilmə mümkün olmayacaq.

Ötən həftə elektron poçtlardan sızmalarla Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi və müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz əl-Səudun ABŞ-ın sabiq rəsmiləri ilə danışıqlar zamanı Yəməndə müharibəyə son qoymaq barədə etirafı üzə çıxıb.

Elektron məktublarda Məhəmməd bin Salmanın Yəməndəki ikiillik müharibəni "bitirmək istəyin"dən başqa, ABŞ-ın İranla yaxınlaşmasına qarşı olmadığı qeyd olunur.

Analitik Adam Baron deyir ki, Səudiyyə Ərəbistanının bu ölkədən çıxması "tam" olmayacaq, çünki krallığın təhlükəsizliyi Yəməndən asılıdır. 

"Bəli, səudlar müharibəni bitirmək istəyirlər, ancaq öz şərtləri ilə. Bu, Yəməndə Səudiyyə maraqlarının qorunması, ağır silahların təhvil verilməsi, sərhəd hücumlarının sona çatması və İranın hər hansı təsirinin davamlılıq qazanmasına imkan verməmə deməkdir, – A.Baron “Əl-Cəzirə”yə deyib. – Yəmənin xaotik uçuruma daha da sürüklənməsinin qarşısını almaqda səltənətin öz maraqları var".

Münaqişədə 10 mindən çox insan öldürülüb və bu günə qədər 40 mindən çox adam yaralanıb.

Çərşənbə günü Yəmənin paytaxtı Səna yaxınlığındakı bir otelə hava hücumunda ən az 35 adamın öldüyü bildirilir.

Yəmən uzun müddət Ərəbistan bölgəsinin ən kasıb ölkəsi olub, əvvəllər ABŞ və qonşularının köməyi ilə ayaq üstə qalıb. 2011-ci ildə baş verən toqquşmadan əvvəl inflyasiya pisləşib və işsizlik səviyyəsi xeyli yüksəlib.

Ölkənin azalmış neft ehtiyatları ucbatından və ya korrupsiyaya görə, sabiq prezident Əli Abdullah Salehin 33 illik hakimiyyəti dövründə xəzinə tam talanıb. 2015-ci ilə aid BMT hesabatında, Salehin korrupsiya, qəsb və mənimsəmə hallarından 60 milyard dollara qədər sərvət topladığı qeyd olunur.

Salehin devrilməsindən sonra husi üsyançıları və Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin tərəfdarları arasında qanlı vətəndaş müharibəsi baş verib. 2014-cü ilin sentyabr ayında husilər paytaxt Sənanı nəzarətə alıb və onlar Yəmənin ən böyük şəhəri Ədənə doğru irəliləyib. Buna cavab olaraq, Səudiyyə Ərəbistanı rəhbərliyi ilə ərəb dövlətlərinin koalisiyası 2015-ci ilin mart ayında husilərə qarşı hərbi kampaniyaya başlayıb.

Müharibə müxtəlif yerlərdən humanitar yardıma böyük ehtiyac doğurub və təhlükəsizlik vakuumunda “Əl-Qaidə”nin böyüməsini təmin edib.

27 milyondan çox insana məskən olan Yəmən qıtlığın kənarında və "görünməmiş" vəba epidemiyasının ortasındadır. Yəməndə başlayan Səudiyyə müharibəsinə toxunan BMT hesabatında ölkənin "total dağılma"nın astanasında olduğuna dair xəbərdarlıq var.

Hazırda sərhəd pozuntuları və illərcə davam edən müharibə ucbatından 7 milyondan çox insan aclıq şəraitində yaşayır, əhalinin təxminən 80 faizi humanitar yardımlardan asılı durumdadır. BMT-nin məlumatına görə, dünyanın ən böyük humanitar böhranı hazırda Yəməndədir.

Qətər Universitetinin Körfəz siyasəti üzrə mütəxəssisi Luçiano Zaccara deyir ki, Səudiyyə Ərəbistanının müharibədə iştirakı, Yəmənin humanitar böhranı Məhəmməd bin Salmanın şəxsi imicinə həm beynəlxalq, həm də regional səviyyəyə zərər vurub.

"Dünyada koalisiya hücumlarına qarşı artan tənqidlər, minlərlə dinc sakinləri öldürən vəba epidemiyasının arxasındakı əsas səbəb Səna hava limanı və Hudayda limanının blokadasıdır. Husilərin nəzarətində olan bölgələr bu müharibəni çox populyar hala gətirir", – Zakkara “Əl-Cəzirə”yə bildirib.

Səudiyyə rəhbərliyi müharibənin əsas məqsədlərindən birinin  11 ay əvvəl sürgün edilmiş, beynəlxalq səviyyədə tanınmış prezident Mansur Hadinin hakimiyyətinin bərpa edilməsi olduğunu deyir. Lakin Hadinin tərəfdarları bölünüb və bəziləri indi legitimlik üçün mübarizə aparır. Ölkənin cənubunda isə "müstəqil Cənubi Yəmən”in "siyasi şurası” yaradılıb.

Sənalı siyasi təhlilçi Yasin əl Təmimi deyir ki, hətta Səudiyyə tərəfinin Yəməndən çıxma ehtimalı "təhlükəli"dir və o, koalisiyanın Yəməndən geri çəkiləcəyini düşünmür.

Tamimi deyir ki, "geri çəkilmə məğlubiyyət deməkdir".

"Həm də koalisiyanın Yəməndəki məqsədlərinin dağılması. Koalisiyanın geri çəkilməsi Səudiyyə Ərəbistanı üçün təhlükəsiz sərhədlərin saxlanmasına kömək etməyəcək".

"Hətta koalisiya tərəfindən azad olan bölgələrdə də vəziyyət qeyri-sabitdir… Bu, müvəffəqiyyət deyil, koalisiyanın uğursuzluğudur”, – deyə analitik Hala Mansur əlavə edib.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə