XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Avqust 2017 - 15:48

Rusiya və Çin Suriyanı iqtisadi müstəvidə necə bölüşdürür? –Təhlil

Həda əl-Hüseyni

Asharq Al-Awsat (Böyük Britaniya), 24.08.2017

 

Rusiya neft şirkətləri Suriyada neft və qaz yataqlarına yatırımlar üzrə sazişlər bağlamağa başlayıb, “Стройтрансгаз” isə fosfat hasilatı haqda müqavilə imzalayıb.

Bu sazişlərin bağlanması silahlı güclər İŞİD nəzarətindəki əraziləri azad etdikdən sonra mümkün olub. Sazişləri bağlayan böyük şirkətlər “Evro Polis” neft şirkəti və “Стройтрансгаз”dır.

Suriya hökuməti Rusiya şirkətləri üçün stimuldur və Suriyada durumun sabitləşməsinə şərait yaradır. Strateji konyunkturalar Mərkəzinin direktoru İvan Konovalov avqustun 5-də “New York Times” qəzetinə müsahibədə bildirib ki, sazişlər hələ dekabrda bağlanıb, amma bu haqda xəbər yalnız indi məlum olub. O, izah edib ki, şirkətlər təhlükəsizliyi təmin edirsə, onda dövlət bu xidmətin haqqını ödəməlidir. Yeni yaradılmış “Evro Polis” neft sazişində İŞİD nəzarətindən azad edilmiş  Palmira yaxınlığındakı rayonlarda hasil ediləcək Suriya neft və qazının istehsalında 25%-lik pay əldə edir.

Konovalov iddia edir ki, bu sazişlərin xarakteri Frensis Dreyk və Sesil Rodsun  – Britaniya tarixində həyatlarını müharibə və gəlir əldə etməyə sərf etmiş iki fiqurun dövrünə gedib çıxır (Frensis Deyk – ingilis dənizçi, İngiltərə XVI əsrdə onun sayəsində İspaniya müstəmləkələri ərazisində bir sıra uğurlu əməliyyatlar keçirib; Sesil Rods – XIX əsrdə Cənub Afrikada ingilis müstəmləkə ekspansiyasını təşkil edənlərdən biri-tərc.).

Şirkət Birləşmiş Ştatların sanksiya tətbiq etdiyi “Wagner” adlı müəmmalı hərbi şirkətlə işləyir. Mərkəz Suriyada fosfat hasilatına “Стройтрансгаз” şirkətinin udduğu  yatırıma aid sazişə gəlincə, sonuncu bunun əvəzində fosfat yataqlarının müdafiəsini təmin etməyi öhdəsinə götürüb. Şirkət səhmlərinin böyük hissəsi adı ABŞ-ın sanksiyalar siyahısında keçən Gennadi Timçenkoya məxsusdur. O, Suriyanın şərq şaxtalarında fosfat hasilatının təzələnməsi üçün Suriya hökuməti ilə saziş bağlayıb.

Çin bu arada Holan təpələrində neft olduğu haqda hesabatları diqqətlə öyrənir ki, bu da Çin rəhbərliyini  problemli bölgədə özü üçün sülhün müdafiəçisi statusunu möhkəmləndirmək və “Bir qurşaq, bir yol” təşəbbüsünü gerçəkləşdirməyə təhrik edir. Çin bölgədə sabitliyin bərqərar edilməsi yollarını arayır ki, layihəsini yeritsin və Yaxın Şərqdən enerji daşıyıcıları tədarükünün fasiləsizliyini təmin etsin. Xəbər verilir ki, nəticə kimi Pekin Suriya böhranı və Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi üzrə səylərini gücləndirir. Ölkə Çin, İsrail və Fələstin hökumətləri arasında üçtərəfli dialoq ideyasını irəli sürərək Suriyada siyasi tənzimləmə prosesini fəal dəstəkləməyə başlayıb. Bundan savayı, Çin Suriya, İordaniya və İsraildə gerçəkləşdirilməsi üçün 20 min fəhlə gətirməyi planlaşdırdığı infrasrtuktur layihələri irəlilədir.

Çin Yaxın Şərqə gerçək maraq göstərən oyunçu olub. O özünün aktivlər portfeli və vətəndaşlarını müdafiə etmək üçün resurs həcmini artırır. Çin Cənub Sudanda sülhməramlı qüvvələrdə iştirakını artırmaq üçün iyulda qoşunlarının ilk qrupunu Cibutidə inşa edilmiş hərbi-dəniz bazasına göndərib (Çin birləşdirilmiş və bölünmüş Sudanda uzun bir tarixçəyə malikdir). Pekin həmçinin münaqişəli bölgələrdə daimi iştirak və gələcəkdə Holanda hərbi əməliyyatkların dayandırlmasını müşahidə üzrə  BMT qüvvələrinə birləşmək üçün səkkiz min sülhməramlı təqdim etmək təklifi verib.

Amerikanın “Genie Energy” şirkətinin İsraildəki törəmə “Afec Oil&Gas” neft-qaz şirkəti 2015-ci ilin noyabrında Holan təpələrində bir milyard barrel həcmində neft ehtiyatları aşkarlayıb. Şirkətin baş geoloqu Yuval Bartov xəbər verib: “Layların qalınlığı 350 m-ə çatır ki, bu da dünyadakı neft laylarının orta qalınlığını on dəfə üstələyir”.

Ekoloji və digər təşkilatlar tərəfindən müqavimətə baxmayaraq “Genie Energy” hasilat lisenziyası almağa nail olub. Bu təşkilatlar qazma işlərinin İsraili içməli su ilə təchiz edən əsas qaynaqlardan biri – Tiveriad gölünü çirkləndirə biləcəyindən narahatdır. Nəticə kimi, İsraildə ölkə üçün məhz nəyin – içməli suya çıxış və yaxud enerji istehsalının daha böyük önəm kəsb etdiyinə nisbətdə mübahisələr aparılır. Bundan başqa, kəşfiyyatın və neft hasilatının keyfiyyət və dəyəri hələlik məlum deyil və gözlənilir ki, layihənin gerçəkləşməsi hüquqi xarakterli maneələrlə üzləşəcək.

Amma ən böyük problem suverenlikdən ibarətdir. İsrail 1981-ci ildə Holan təpələrinin xeyli hissəsini ilhaq edib, lakin bu ərazi beynəlxalq səviyyədə əvvəlki kimi Suriyanın qeyri-qanunui işğal edilmiş ərazisi sayılır. Hətta İsrail də 1967-ci ildə işğal etdiyi Holan təpələrindən Suriya ilə əhatəli sülh sazişi əvəzinə imtina təklifi verərkən bunu etiraf edib. Amma Tiveriad gölünün sahillərində məğlubiyyətə düçar olmuş keçmiş prezident Hafiz Əsədin dövründə buna nail olunmayıb. 2011-ci ildə Suriyanın dağılması və Holan təpələrinin daxil olmadığı rayonlara bölünməsi müzakirələrinin başlanması ilə İsrail istənilən sövdələşməyə qarşı çıxış etməyə başlayıb və hətta Holanda işğal edilmiş 1200 kv.km üzərində nəzarəti tanımağı tələb edib. İyunda Suriya ordusu bölgədəki müxalif qüvvələrə atəş açarkən İsrail Suriyaya hərbi müdaxilə edib. İsrail özünü “Holan cəngavərləri” adlandıran üsyançı qruplaşmanı dəstəkləyir və onu Suriya ordusu və İranın dəstəklədiyi “Hizbullah”ın qabağını almalı olan bufer qüvvə sayır. Bu hadisələr Holan təpələri təbii sərvətlərinin hasilatı üzrə “Genie Energy”-nin planlarını çətinləşdirir. İsraildə Texasın “Zion Oil” adlı şirkətinin araşdırma apardığı daha bir potensial neft qaynağı var. Bu şirkət 2005-ci ildən Hayfa yaxınlığında 484 milyon barrel neft hasil edərək quyular qazır. Geoloqlar 2004-cü ildə orada neft və qaz yataqlarının varlığını təsdiqləyiblər. Şirkətin “Genie Energy” şirkətinin Holanda “Leviafan” və “Tamar” dəniz qaz yataqlarına əlavə olaraq aşkarladığı yataqlardan 42 km cənubda yerləşən 40 hektar ərazidə kəşfiyyat işlərinə lisenziyası var. Bütün bunlar İsraili gələcəkdə təkcə bölgədə və ya Avropada deyil, həm də Asiya bazarlarında, məsələn, Çin və Hindistan üçün mühüm enerji qaynağına çevirir. Biz Hindistan baş naziri Modinin İsrailə uğurlu səfəri və bir sıra ikitərəfli sazişlərin imzalandığının şahidi olmuşuq. Bundan başqa, Çin-İsrail əməkdaşlığının genişləndiyini müşahdə edə biərik.

Digər tərəfdən, Suriya-İsrail münasibətlərində qeyd edə bilərik ki, ola bilsin, Holan təpələrində BMT sülhməramlı qüvvələri yerləşdiriləcək – xüsusən də Pekin 2006-cı ildə sərhədlərində ərəb qüvvələrinin  yerləşməsini istəməyən  İsrailin xahişi ilə Livana 1000 əsgər göndərəndən sonra. Hindistan, Cənub Koreya və Filippin də qüvvə göndərib.

Uyğun olaraq Çinin BMT sülhməramlı qüvvələrdə iştirakının möhkəmləndirilməsinə marağı inamın güclənməsinə vasitə ola bilər. Pekin həmçinin hər iki ölkə ilə yaxşı münasibətlər sayəsində Holan təpələrində İsraillə Suriya arasında effektli bufer qüvvə olmağa can atır. Bu bölgə ABŞ-la Çin arasında yaxşı münasibətlərin qurulması üçün sınaq poliqonuna çevrilə bilər. Şübhəsiz, Holan təpələrində yeni neft yataqlarında işləməyə ümumi maraq buna şərait yaradır.

Qaldı Rusiyanın neft şirkətlərinə, Suriya hökuməti onlarla “təbii resursların hasilatı əvəzinə təhlükəsizlik” formatında saziş bağlamağa hazırdır. İndi məlumdur ki, Rusiyanın Yaxın Şərq müharibələrində iştirakı o cümlədən neft hasilatı müqavilələri qazanmağa hədəflənib. Rusiya şirkətləri sazişlər bağlamağq və enerji daşıyıcıları hasil etməyə başlayınca Rusiyanın məqsədləri məlum olur. Pekin həmişəki kimi öz strategiyasından yayınmır, Çində altyı sənaye adası inşa edərək Amerikanı yuxudan oyanmağa və sahil xətti üzərində nəzarət qurmağa vadar edib. Başqa ölkələr müharibə aparınca Çin iqtisadi, ticari layihələr gerçəkləşdirir və buna minlərlə Çin fəhləsi cəlb olunub. Çinin “İpək yolu”nun gerçəkləşməsi nəticəsində İran artıq onların axınından ziyan çəkməyə başlayıb. Neft iyi xeyli ölkəni cəlb edərək neft sazişlərini qorumaq üçün sülhməramlılar göndərməyə vadar edir, israil isə öz növbəsində Aralıq dənizi, Hayfa və Holan təpələri üzərindən boru kəmərləri vasitəsilə Çinə çatmağa cəhd edir.

Tərcümə Strateq.az-ındır.