XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

25 Avqust 2017 - 18:54

Türkiyə-İran hərbi ittifaqı:Ankaranın "B" və "C" planında daha nələr var? - TƏHLİL

Surac Şarma

“Middle East Eye”

 

Bu hadisənin rəmziliyi böyük idi: təxminən 40 il ərzində türk və İran hərbi komandanları arasında ilk ən yüksək səviyyəli danışıqlar, daha sonra Türkiyə prezidentinin elan etdiyi yeni "ittifaq"…

Hülusi AkarMəhəmməd Hüseyn Baqiri ötən həftə bir araya gəldikdən sonra, İran rəhbərliyini daim xaricə məzhəbi müdaxilədə ittiham edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hərbi əməkdaşlıq üçün vaxt yetişib.

Yaxın Şərqdə iki böyük oyunçunun bir-birinə üz tutması bölgəyə böyük təsir göstərə bilər.

Belə bir ittifaq nə dərəcədə mümkündür?

Ankaradakı Yaxın Şərq Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Hüseyn Bağçı “MEE”-yə bildirib ki, inkişaf etməkdə olan münasibətlər "kürd təhlükəsinə" qarşı yönəlib.

"Hazırda PKK-ya və onun qollarına qarşı əməkdaşlıq müqaviləsi var və bu, xüsusilə Suriya və İraqdakı proseslərə tam müvafiqdir", – o bildirib.

İran tədqiqatları ilə tanınan İRAM düşüncə quruluşunun direktor müavini Hakkı Uyğur isə deyib ki, iki ölkənin xarici siyasəti arasında bərabərlik yaranır: "İndi PKK, YPG ilə mübarizə və müəyyən dərəcədə Şimali İraqdakı referendum məsələsi ilə bağlı çox qısamüddətli və çox xüsusi bir ittifaq mövcuddur… Küveyt böhranı da daxil olmaqla, regional proseslər nəzərə alınarsa da, bu ittifaqın genişləndirilməsi potensialı güclüdür".

 

Kürd məsələsi

 

Ankara Suriyanın şimalındakı proseslər, Kürd Demokratik Birlik Partiyası (PYD) və onun silahlı qanadı YPG tərəfindən qazanılan uğurlar, xüsusilə kantonları birləşdirərək Türkiyə sərhədində dəhliz yaratma ehtimalından narahatdır.

Türkiyə, PYD və YPG-ni 30 ildən çoxdur onunla mübarizə aparan PKK-nın qolları və terrorçu qruplar kimi qiymətləndirir.

İbrahim Karagül hökumətyönlü "Yeni Şafak" qəzetində yazıb ki, Ankara keçmiş unudub Şamda Bəşər Əsəd hökuməti ilə əməkdaşlıq etməyə başlamalı və Suriyada kürd təhdidini həll etməlidir.

YPG-yə davam edən ABŞ hərbi dəstəyi, köhnə müttəfiqinin hərəkətindən doğan ekzistensial təhlükədən narahatlığı ilə əlaqədar olaraq, artıq Ankara hökuməti Vaşinqton ilə ittifaqı və NATO-dakı varlığı ilə bağlı şübhələr duyur.

Türkiyə Suriyada ruslar və iranlılar ilə birgə işləyərək müharibə təhlükəsini azaldıb.

Suriyanın İdlib əyalətində, Türkiyə sərhədində gərginlik də Ankaraya aid başqa bir qayğı mənbəyidirdir. ABŞ bu bölgənin “Əl-Qaidə”yə meyilli qüvvələrdən təmizlənməsini istəyir, eyni zamanda, həm Rusiya, həm də Türkiyə ilə danışıqlar aparır.

Bağçının sözlərinə görə, Binəli Yıldırım baş nazir olduqdan sonra Türkiyə öz Suriya siyasətində dəyişikliyə imza atıb. Analitik deyir ki, bu siyasət dəyişiklik və Astanada sülh prosesi nəticəsində İranla daha yaxın əməkdaşlıq imkanı yaranıb: "Türkiyə və İran bir-birini heç vaxt düşmən kimi tanımayıb, həmişə istifadə edilən “düşmən” sözü əvəzinə, onlar sadəcə rəqibdir, ərazi bütövlüyü məsələsi istər İraq və ya Suriya olsun, hər iki ölkə üçün açar sözlər halına gəlib və bu, onları daha da yaxınlaşdıracaq”.

 

Bərzani ən babat variantdır?

 

Ən son gərginlik, qonşu İraqda Məsud Bərzaninin hakim olduğu Kürdüstan Regional Hökumətinin sentyabr ayında keçiriləcək müstəqillik referendumu elanı ilə başlayıb.

Bərzani klanı Ərdoğan hökuməti üçün kürd siyasi hərəkatında ən babat seçənəkdir.

Geniş ticarət əlaqələri və islamçı-mühafizəkar təbiəti ilə Kürdüstan Demokratik Partiyası (KDP) referendum elanından sonra da Ankaradan nisbətən daha etirazlar eşidir.

Ancaq bu, Türkiyənin müstəqil kürd dövləti düşüncəsinə qucaq açması anlamına gəlmir, çünki o, içindəki böyük kürd əhalisinə bunun potensial təsirini nəzərə alır.

Burada da, Şimali Suriyada olduğu kimi, Ankara ABŞ-a qarşı qıcıq duyur. Bu günə qədər yeganə müdaxilə ABŞ dövlət katibi Reks Tillerson tərəfindən Bərzaniyə telefon zəngi ilə olub.

Bərzani Bağdaddakı mərkəzi hökumətlə daha çox ünsiyyət qurmağı vəd etdiyini söyləyərək, referendumla bağlı Tillersonla söhbətin dərinliyinə varmaqdan uzaqlaşıb.

ABŞ-ın müdafiə naziri Ceyms Mattis isə avqustun 22-də regional səfər çərçivəsində Bərzani ilə bir araya gəlib.

İran üçün Bərzani və KDP daha böyük kürd təhdidini təmsil edir. Bərzaninin atası Mustafa 1946-cı ildə İran ərazisində qısa müddətli Kürd-Mahabad Respublikasını KDP-nin silahlı qanadla idarə edib. Tehran KDP-nin ABŞ-la sıx əlaqələrindən, təbii ki, sevinmir.

"Bu referendumla Türkiyə və İran heç bir şey edə bilməz, o, bütünlüklə Bərzaninin əlindədir, – Bağçı deyir. – İran və Türkiyə nə edəcək ki? Müharibə elanı?"

İranlı general Məhəmməd Hüseyn Baqiri ilə görüşən Ərdoğan bildirib ki, Tehran və Ankara Şimali İraqda PKK və PJAK ittifaqına qarşı öz sərhədləri boyunca birgə hərbi əməliyyatları müzakirə ediblər.

Bu, gələcəkdə artan hərbi əməkdaşlıq üçün yumşaq bir başlanğıc nöqtəsi deməkdir. Keçmişdə İran və Türkiyənin PKK və PJAK əleyhinə əməliyyatlarda əməkdaşlığı olmasa da, məhdud koordinasiya mövcud idi.

 

Açıq nöqtələr

 

ABŞ, NATO-nun ikinci ən böyük ordusunun düşmən hesab etdiyi rejimlə işləməsini görməkdən çox da məmnun deyil. 

1979-cu ildəki inqilabdan sonra İran Baş Qərargah rəisinin ilk səfəri Tehranla Ankara arasındakı artan əlaqələrin yeganə əlamətidir.

Avqustun 15-də Türkiyə, İran və Rusiya şirkətləri arasında əsas enerji razılaşması elan edilib.

Hakkı Uyğur bildirib ki, Tehran və Ankara regional böhranlar mövzusunda razılaşsalar da, daxili tənqiddən uzaqlaşmayıblar.

Türkiyə hökuməti 2009-cu ildə İrandakı etiraz aksiyalarına səssiz qalıb. Keçən ilin iyul ayında çevriliş cəhdi zamanı Ərdoğan hökumətinə dəstək verən ilk hökumətlərdən biri rəsmi Tehran olub. Halbuki altı ay sonra Ərdoğan İranı "fars millətçiliyi" və məzhəbçi siyasətdə ittiham edib.

Tehran öz növbəsində Ankaraya bu cür ittihamlara bağlı səbirinin sonsuz olmadığına dair xəbərdarlıq verib.

Şimali İraqdakı referendum Ankaranı və Tehranı təcili şəkildə bir araya gətirən səbəb ola bilər, amma İraq da hər ikisi ilə ittifaqa son verə bilər.

Ankara Tehranın İraqdakı artan təsirini bəyənmir. Bərzaninin regional hökuməti etnik cəhətdən kürd, amma məzhəbcə sünnidir. O, Türkiyənin İraqda təsirini davam etdirə biləcəyi yoldur.

Ankara üçün ideal vəziyyət Tehran və ya Vaşinqtonun referendum prosesini dayandırması, yəni Türkiyənin Bərzani ilə səmimi əlaqələr saxlamaq imkanı verməsidir.

"İranla ittifaq Türkiyənin “B” və “C” planıdır, – Uyğur bildirib. – ABŞ YPG-ni dəstəkləməyə başladıqdan sonra Ankara bu seçimə müraciət etdi. Vaşinqtonun siyasətində dəyişiklik olsaydı, Türkiyə həm İraqda, həm də Suriyadakı NATO ilə bərabər olacaqdı”.

"Ankaranın NATO ilə uzun və mənalı bir əlaqəsi var və bunu bitirmək üçün hazırda o, bəhanə axtarır", deyə Uyğur əlavə edib.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə