XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2015 - 18:49

Naxçıvan MTN-i ilə bağlı müəmma: Nazir Vəli Ələsgərov vəzifəsindən niyə alınıb?

veliesgerov-1.png

Milli Təhlükəsizlik Nazirliyi sistemində daha 2 yüksək vəzifəli şəxs tutduğu vəzifədən azad olunub.

"Qafqazinfo"ya daxil olan məlumata görə, onlardan biri Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərovdur. Digər şəxs isə sabiq MTN şefi Eldar Mahmudov işdən qovulandan sonra haqqında dəfələrlə "işdən çıxarılıb" xəbərləri yayılan MTN nazirinin müavini, general-leytenant Hilal Əsədovdur.

Xəbərdə bildirilir ki, hər iki şəxs məhz bu gün tutduqları vəzifədən azad ediliblər.

Qeyd edək ki, prezdent İlham Əliyevin imzaladığı sonuncu sərəncamla MTN ləğv edilib, onun əsasında Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətləri yaradılıb.

AzPolitika.info xatırladır ki, MTN-in ləğv olunmasından sonra avtomatik olaraq, onun bütün şəxsi heyəti, həmçinin rəhbərliyi sərəncama götürülüb. Yeni qurumların ştat vahidi təsdiq olunduqdan sonra yeni təyinatlar başlayacaq. Bu baxımdan, Hilal Əsədov faktiki olaraq, MTN ləğv olunan gün işdən çıxarılmış sayılırdı. çox güman ki, bu gün ona yenidən vəzifəyə təyin olunmayacağı haqda məlumat verilib.

Naxçıvan MR Milli Təhlükəsizlik naziri Vəli Ələsgərovun işdən çıxarılması ətrafında isə bir qədər qeyri-müəyyənlik var. Şübhəsiz ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunması və onun bazası əsasında Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat Xidmətlərinin yaradılması barədə Prezident Sərəncamı Naxçıvanı da əhatə edir və Naxçıvan MR MTN-i də ləğv olunmuş sayılır. Belə olduğu halda Vəli Ələsgərovun Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin olunması haqda yeni sərəncam olmalı idi. Lakin belə bir sərəncam hələ ki, elan olunmayıb.

Ola bilsin ki, bu, DTX-nın struktur bölmələrinin yaradılması işinin davam etməsi ilə bağlıdır. çünki DTX-nın strukturunun keçmiş MTN strukturundan ciddi şəkildə fərqlənəcəyi haqda məlumat verilib. Məsələn, artıq məlumdur ki, DTX-nın rayon şöbələri olmayacaq, əvəzində regional bölmələr yaradılacaq. Naxçıvanda indiyədək olduğu kimi, ayrıca Dövlət Təhlükəsizliyi Xidməti yaradılacaq, yoxsa Azərbaycan DTX-nın regional bölməsi fəaliyyət göstərəcək, bu, hələ məlum deyil. Lakin istənilən halda Vəli Ələsgərovun vəzifəsindən uzaqlaşdırılması maraqlı hadisədir. (AzPolitika.info)

Strateq.az-a daxil olan məlumatlara görə isə, Naxçıvan Milli Təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərovun vəzifəsindən uzaqlaşdırılmasının səbəbləri ilə bağlı hazırda 3 ciddi versiya sadalanır ki, onlardan birincisi sabiq nazirin hansısa başqa bir mühüm posta təyinatının gözlənməsi ilə bağlıdır.

Bildirildiyinə görə, Vəli Ələsgərov uzun illər ərzində 3 ölkənin – Türkiyə, İran və Ermənistanın əhatəsində olan Naxçıvanın xarici kəşfiyyatın təsirlərindən qorunmasında müstəsna xidmətləri olan, eyni zamanda kifayət qədər yüksək siyasi hazırlığa və region barədə məlumatlılığa malik şəxs kimi tanınıb. Hətta o səviyyədə ki, Eldar Mahmudovun nazir vəzifəsindən alınmasından sonra onun yerinə təyin ediləcək ən real namizədlərdən biri kimi, məhz general-leytenant Vəli Ələsgərovun da adı hallandırılırdı.

Onu da qeyd edək ki, Vəli Ələsgərov uzun illər Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun ən etibarlı kadrlarından biri kimi tanınmaqla yanaşı, həm də daim öz adını korrupsiya qalmaqallarından uzaqda saxlamağı bacaran azsaylı nazirlərdən sayılıb. 

Onun Bakıdakı MTN rəhbərliyi – Eldar Mahmudov və dəstəsi ilə münasibətlərinin daim sərin olması və bu dəstənin müxtəlif yollarla Naxçıvana girməsinə, orada möhkəmlənməsinə imkan verməməsi isə Ali Məclis sədri yanında etibarını xüsusilə gücləndirmişdi… Görünür, bütün bunları nəzərə alaraq, çoxları fəaliyyətində ciddi nöqsan buraxmayan belə bir kadrın indi kənarda qoyulacağına inanmır…

İkinci versiyaya görəsə, MTN-in ləğvindən və gözlənilməz təyinatlardan sonra yaranmış yeni situasiyanı, hakimiyyətiçi münasibətləri hesablayaraq, Vəli Ələsgərov öz arzusu ilə postundan uzaqlaşıb, siyasi rəhbərlik də keçmiş xidmətlərini nəzərə alaraq onun bu arzusuna hörmətlə yanaşıb.

Hazırda Naxçıvanda yayılmış başqa bir ehtimal isə məsələdə xarici faktorların təsirinin olmasıyla bağlıdır: deyilənə görə, Vəli Ələsgərov həm İran, həm də Türkiyənin bəzi dairələri üçün arzuolunmaz fiqur sayılırmış və ölkənin xüsus xidmət sferasında köklü dəyişikliklərə və yeni münasibətlərə keçidə qərar vermiş Azərbaycan rəhbərliyi geopolitik təhdidlərə açıq bölgə sayılan Naxçıvanda indiki həssas şəritdə daha adekvat fiqurun bu postda olmasında maraqlıdır…

Hər bir halda, bütün bunlar ehtimallardır və yəqin ki, çox yaxın günlərdə Vəli Ələsgərovun nazir vəzifəsindən ayrılmasının gerçək səbəbləri aydınlaşacaq…

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə