Gözde Naz Uysal
"Hürriyet", Türkiyə
Şimali Koreya rejimi dünən (03 sentyabrda – tərc.) bu ana qədərki ən yüksək dağıdıcı gücü olan nüvə sınağını reallaşdıraraq, özünü “termonüvə dövləti” elan edib. Cənubi Koreyalı və Yaponiyalı mütəxəssislər son sınağın səbəb olduğu sarsıntının öncəkindən on qat daha şiddətli olduğunu açıqlayıblar.
Sınağa sərt reaksiya verən ABŞ prezidenti Tramp isə bu ölkənin ABŞ-a təhdid olmağa davam etdiyini söyləyərək, “Şimali Koreya quldur bir dövlətdir” deyib.
Koreya yarımadası Şimali Koreyanın dünən yer altında reallaşdırdığı nüvə testi ilə yenidən tikan üstündədir… Pxenyan rejimi dünən altıncı sınağını həyata keçirib. Cənubi Koreya Meteorologiya Agentliyi və Baş Qərargahı yerli vaxtla saat 12.29-da Hamjonq vilayətinin şimalındakı Kilju bölgəsində sınağın keçirildiyini xəbər verib. ABŞ Geologiya Araşdırmaları qurumu sınağın keçirildiyi bölgədə 6.3 bal böyüklüyündə zəlzələ qeydə alıb. İlk ölçmələrə görə, radiasiya sızıntısı yoxdur, ancaq detallı ölçmələrə də başlanılıb.
Şimalın iddiası doğrudursa…
Şimali Koreya hökuməti nüvə sınağında bir hidrogen bombası partlayışı həyata keçirdiklərini və sınağın uğurla nəticələndiyini açıqlayıb. Pxenyan rejimi bu sınaqla özünü “termonüvə dövləti” elan edərkən, ayrıca nüvə bombasını bir ballistik raketə yerləşdirəcək texnologiyaya sahib olduğunu da yeniləyib. Sınağın Şimali Koreyanın iddia etdiyi kimi, istilik-nüvə sınağı olub-olmadığı məsələsində yekdil fikir yoxdur. İngilis "Reuters" xəbər agentliyinə danışan bir ABŞ səlahiyyətli nümayəndəsi sınağın istilik-nüvə sınağı olması məsələsində çox erkən nəticəyə gəlinməməsinin gərəkliliyini söyləyib.
Digər tərəfdən, Cənubi Koreyadakı Seul Milli Universitetindən olan nüvə mühəndisliyi professoru Kune Y. Suh isə “Ortaya öncəkilərdən on və ya iyirmi qat daha artıq enerji çıxdı” – deyib.
Nyu-Yorku buxarlandıracaq güc
Pxenyan rejimi son sınaqla birlikdə bu günə qədər altı nüvə sınağı keçirib. Pxenyan tərəfindən 2006-2013-cü illər arasında keçirilən ilk üç nüvə sınağı Xirosima və Naqasakiyə atılan və 200. 000 adamın ölümünə səbəb olan bombalarla, təxminən, eyni gücdə olub. Ancaq bazar günü 100 kiloton enerji verdiyi təxmin edilən sınağın keçən il 5.3 böyüklüyündə zəlzələ yaradan sınaqdan on qat daha güclü olduğu düşünülür.
Seuldakı Kookmin Universitetinin professoru Andrey Lankov belə bir bomba ilə Nyu-Yorkun tamamən “buxarlanacağını” və heç kimin həyatda qalmayacağını söyləyib.
Şimali Koreya 06 yanvar 2016-cı ildə keçirdiyi nüvə sınağının da istilik-nüvə sınağı olduğunu önə sürmüş, lakin bu iddia beynəlxalq birlik tərəfindən şübhə ilə qarşılanmışdı.
Termonüvə bomba nədir?
Termonüvə və ya istilik-nüvə bombası olaraq da adlandırılan hidrogen bombası nisbətən bəsit olan atom bombalarından daha güclüdür. II Dünya Müharibəsinin son günlərində ABŞ tərəfindən Yaponiyaya atılan atom bombasından min qat güclü olduğu ifadə edilə bilər.
Hidrogen bombaları partlayış enerjisi yaratmaq üçün nüvə sintezinə və ya atom nüvələrinin bir araya gəlməsinə əsaslanır, bu zaman çox böyük miqdarda enerji ortaya çıxır.
İlk uğurlu istilik-nüvə sınağı 1952-ci ildə ABŞ-da həyata keçirilib. 10.400 kiloton enerji meydana gəlib. Ən böyük enerjinin meydana gəldiyi istilik-nüvə sınağını isə 1961-ci ildə Sovet İttifaqı həyata keçirib. Bu sınaqda təxminən 50 000 kiloton enerji meydana gəlib. Bu da Xirosimaya atılan atom bombasının çıxardığı enerjinin ən azı 3000 qatıdır.
Bəzi mütəxəssislər Şimali Koreyanın son sınaqda, ənənəvi uran və ya plutonium yanacağı ilə birlikdə bir hissə nüvə sintezi yanacağının da istifadə edildiyi, “gücləndirilmiş” bir fizyon (ing. Fission – parçalanma, tərc.) bombası sınağı keçirmiş ola biləcəyini düşünür.
“Hava istiliyi düşər”
İstanbul Texnik Universiteti Yer Elmləri İnstitutunun professoru Nüsrət Dalfes hidrogen bombasının ətraf mühitə təsirlərini anladıb: “Partlayışın təsirilə çıxan yanğınların istisi atmosferin alt və orta təbəqəsində yığışır, günəş şüalarının keçməsini əngəlləyir və havada soyumaya səbəb olur. Şimali Koreyanın sınaq üçün partlatdığı bomba bu tip silahların ən miniatür olanıdır. Geniş sahələrə təsir etməz".
Xatırladaq ki, Şimali Koreya 29 avqustda Yaponiyanın üzərindən keçən bir ballistik raket sınağı keçirmişdi. Son nüvə sınağı ilə altıncı sınağını keçirən ölkə regionda gərginliyin artmasına yol açıb. Pxenyan 09 avqustda da həmin ayın ortalarında ABŞ bazalarının olduğu Sakit okeandakı Quam adasına yönəlik raket sınaqları keçirməyə hazırlaşdığını bəyan etmiş, lakin daha sonra geri addım atmışdı…
Tərcümə Strateq.az-ındır
Hidrogen bombasının daha əvvəlki sınağının videosu: