XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

08 Sentyabr 2017 - 21:30

Pakistana arxa çevirmənin nəticələri:Trampın yeni doktrinası qaranlıq tuneli xatırladır - TƏHLİL

Uilyam Roberts

“Al-Jazeera” (Qətər)

 

Prezident Donald Trampın əmri ilə yeni Amerika qoşunları Əfqanıstana gəlməyə başlayandan, daha böyük strateji sual, "Domokl qılıncı" kimi, onların başı üzərində dayanır: Kabildəki Əfqanıstan hökuməti ilə “Taliban” üsyançıları arasında siyasi razılaşma yaratmaq üçün ABŞ, Pakistan və bölgədəki əsas aktyorlarla kifayət qədər əməkdaşlıq edə biləcəkmi?

Tramp və onun məsləhətçilərinin cavabı hələ ki "yox"dur və dörd illik prezidentlik dövrünün səkkiz ayını arxada qoymuş şəxs Əfqanıstandan çəkilmək vədini belə unudub. Bunun əvəzinə, Tramp artıq 11 min ABŞ əsgərini gücləndirmək üçün ora təxminən 3.900 nəfərlik əlavə qoşun göndərir və Pakistana xəbərdarlıq edib.

"Əgər “Taliban”a təzyiq etmək və onu sülh masasına oturdacaq perspektivləri maksimum dərəcədə artıran işlər etmək istəyirsinizsə, həqiqətən də Pakistana daxil olmalı və “Taliban” rəhbərliyi ilə üz-üzə gəlməlisiniz", – Vaşinqtondakı müstəqil düşüncə mərkəzi olan Uilson Mərkəzində Cənubi Asiya üzrə baş elmi işçi Maykl Kuqelman deyir.

Kuqelman "Əl-Cəzirə"yə verdiyi açıqlamada bildirib: "Əgər “Taliban”ın köksünə zərbə endirmək istəyirsinizsə, onların müqəddəs yerlərinə getməyiniz lazımdır və bu, çox həssas məsələdir”.

Tramp ABŞ-da, Fort Mayerdəki hərbi auditoriya qarşısında Əfqanıstana dair irəliləyiş olduğunu elan edib. Bu, ABŞ prezidenti Barak Obamanın geri çəkilmək planının əksinə, "yeni şərtlərə əsaslanacaq" ABŞ-ın Əfqanıstanda daha dörd il qalması deməkdir.

Prezident Tramp amerikalı hərbçilərə hərbi hava qüvvələri və xüsusi qüvvələrin istifadəsi ilə əfqan ordusunu dəstəkləmək üçün daha geniş imkanlar verir. 

Müdafiə naziri Ceyms Mattis avqustun 31-də yeni əmrlər imzalayıb və bu həftə ABŞ Konqresinin üzvlərini təfərrüatlarla tanış edəcək. Ağ Ev də Pakistana 300 milyon dollarlıq təhlükəsizlik yardımını dayandıracağını elan edib. Pakistan administrasiyanı razı qalana qədər. Pakistan artıq “Taliban”a qarşı tədbirlər görür.

"Prezidentin müəyyən hərbi yardımın dayandırılması da daxil olmaqla, Pakistana təzyiq göstərmək qərarını əvvəlki ABŞ hökumətlərindən də eşitmişik", – Amerika Tərəqqi Mərkəzi və Obama administrasiyasında dövlət katibinin köməkçinin müavini Maykl Fuks bildirir.

Fuks “Əl Cəzirə”yə deyib ki, “ABŞ Əfqanıstandakı səylərə dəstək verməkdə Pakistanın rolunu anlayır və Pakistandan ehtiyatlanır”.

"Amma bu günə qədər bu administrasiyadan məni heyrətləndirəcək heç bir addım görməmişəm”, – deyə o əlavə edir.

Obama rəhbərliyi dönəmində Abbottabad şəhərində, Üsamə bin Ladenin evinə basqından sonra ABŞ-ın Pakistan hökuməti ilə əlaqələri pisləşdi, lakin 2016-cı ilin mayında “Taliban” lideri Molla Əxtar Mansur Belucistanda öldürülənə qədər əlaqələr yaxınlaşmaq yolu ilə inkişaf edirdi.

ABŞ analitikləri hesab edir ki, Pakistanın “Taliban”“Haqqani Şəbəkəsi” kimi digər qruplara dəstək verməsi daha böyük strateji kökləri olan Pakistan-Hindistan qarşıdurmasından qaynaqlanır və ABŞ-ın buna təsiri azdır. Hindistan Əfqanıstandakı hərbçilərin təlimləri ilə məşğul olur və Tramp rəsmi Dehlini orada böyük iqtisadi rol oynamağa da dəvət edib.

Pakistanın Trampın yeni siyasətinə təpkisi mənfidir. Baş nazir Şahid Xaqan Abbasi Əfqanıstanda hərbi birliyin artmasının siyasi həll olmadan uğursuzluğa məhkum olacağını söyləyib. Xarici işlər naziri Xavaca Asif dövlət katibi Reks Tillersonla görüşmək üçün Vaşinqtona planlaşdırılan səfərini təxirə salıb, Moskva və Pekinə səfər edib. Pakistandakı siyasətçilər ABŞ köməyini rədd etməyə və infrastruktur layihələrinə sərmayə qoyan Çinlə daha yaxın əlaqələrə çağırırlar.

"Pakistan ABŞ-la Əfqanıstana dair bütün diplomatik əlaqələri ləğv etdi və indi Çindən dəstək axtarır", – Nyu-York Universitetinin Beynəlxalq Əməkdaşlıq Mərkəzində Əfqanıstan və Pakistan üzrə ekspert Barnett Rubin bildirib.

"Trampdan başqa heç kim iddia etmir ki, bu qoşunların Əfqanıstanda varlığı sabitləşmə üçün kifayət qədərdir. Buna görə regional yanaşma lazımdır və bunu təkcə Tramp qəbul etməməlidir", o, “Əl-Cəzirə”yə deyib.

Nə Əfqanıstan hökuməti, nə də “Taliban” ciddi sülh danışıqlarında iştirak etməyə hazır deyil. ABŞ qoşunlarının geri keçirilməsi ilə “Taliban” daha aqressiv hücumlar edib və hazırda ölkənin təxminən 40 faizinə nəzarət edir.

"Taliban”ın özü təcili sülh prosesinin başlamasında maraqlı deyil, sadəcə hücumda olduğu üçün. Onu söhbətə vadar etmək üçün döyüş meydanında üstünlük olmalıdır. “Taliban”ın zehniyyəti, yəqin ki, qabaqda olduğuna görə sülh danışıqlarına yer verməyəcək", – Kuqelman deyib.

ABŞ qoşunlarına əlavə olaraq, NATO üzrə tərəfdaşlar 6.500-dən çox əsgərə sahibdir. Əfqanıstan Milli Ordusu, hərbi hava qüvvələri daxil olmaqla, təxminən 175 min nəfər təşkil edir.

Müdafiə Nazirliyinin məlumatına görə, Əfqanıstanın hökumət qüvvələri bəzi ərazilərdə zəif rəhbərliyə malikdir, yaralılar və ya öldürülmüş şəxslərin ailələrinə qayğı yoxdur, gecikən ödəniş, pis təlim və qeyri-adekvat yaşayış şəraiti də bu tabloya əlavə edilməlidir.

Prezident Əşrəf Qəni merika yardımı ilə genişləndirəcək Əfqanıstan ordusuna dair dördillik plana razılıq verib. Bu plan 2020-ci ilədək “Taliban”la döyüşlə bərabər, böyük miqyaslı manevrləri nəzərdə tutur.

Tramp hesab edir ki, Əfqanıstanı, İraq kimi, vətəndaş müharibəsinə sürüklənmədən saxlaya bilirsə, bunu siyasi ödənişsiz etməyə qadirdir. Merilend Universitetinin professoru, sosioloq Şibli Telaminin sözlərinə görə, ABŞ-ın təxminən 17 illik müharibəsinin hazırkı mərhələsində itkilər çoxala bilər: "Bu, Trampın cəzalandırılmasına səbəb olacaq".

"Pakistana dair ritorika prezident üçün artıq problem olub. Ağ Evin pakistanlılarla olan əlaqəsi Əfqanıstandakı yeni siyasətin uğursuzluq ehtimalını artırır", Telami əlavə edib.

 

Tərcümə: Strateq.az