XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2017 - 18:45

Rusiyada Azərbaycansayağı seçki:Aşağı seçici fəallığı, büdcə təşkilatlarına bəslənən ümidlər, hakim partiyanın üstünlüyü...

10 sentyabr 2017-ci il, bazar günü Rusiya Federasiyasında vahid səsvermə günüdür. Həmin gün RF-də, federasiya subyektləri başçılarının, Rusiya subyektlərinin qanunverici orqanları deputatlarının seçkiləri və Dövlət Dumasına birmandatlı dairələr üzrə əlavə seçkilər daxil olmaqla, müxtəlif səviyyəli seçki kampaniyaları keçiriləcək. Lakin bütün müşahidəçilər, səsvermə gününün çatmasına rəğmən, bu seçki kampaniyalarının çox sönük keçdiyini qeyd edirlər.

07 sentyabr 2017-ci ildə “Nezavisimaya qazeta”da (NQ) çap edilən və paytaxt Moskvada bələdiyyə seçkilərinə həsr edilən bu məqalə də Rusiyada keçirilməsi nəzərdə tutulan seçkilərin, xüsusən də yerli seçkilərin necə sönük keçdiyini əyani şəkildə göstərməkdədir.

Strateq.az “Nezavisimaya qazeta”nın əməkdaşı Darya Qarmonenkonun hazırladığı həmin materialı oxuclara təqdim edir:

Mərkəzi Seçki Komissiyasının sədri Ella Panfilova və PF prezidenti Vladimir Putin

 

Bazar günü paytaxtda rayon məclislərinə deputatların seçilməsi üçün seçki məntəqələri açılacaq. Moskvalıların əksəriyyətinə keçirilən kampaniya haqqında çox az şey məlumdur, hətta MSK sədri Ella Panfilova buna görə "Mosqorizbirkom"a (Moskva Şəhər Seçki Komissiyası – tərc.) irad tutub. “NQ”, namizədlərin şəhər sakinlərini seçkilərə çağırması üçün yeganə imkan olan, seçkiqabağı təşviqatın xüsusiyyətlərini öyrənib. Məlum olub ki, partiyalar bu sxemə çox dolayı olaraq cəlb edilib, əsas rolu müstəsna olaraq namizədlər oynayır.

Builki bələdiyyə kampaniyalarının spesifik cəhəti iştirakın aşağı səviyyədə olmasıdı, görünür, hakimiyyət də buna stavka edir. Nəticədə 10 sentyabrda seçki məntəqələrinə gedəcək azsaylı vətəndaşları onlarla adamın adı olacaq nəhəng bülletenlər gözləyəcək.

Təbii ki, onların əksəriyyətini seçici tanımır, axı bu il seçki komissiyaları praktiki olaraq bütün namizədləri qeydə alıb. Bununla bərabər, səsvermə üçün ayrılan yerlərdəki informasiya lövhələrində namizədlərin şəkli olmayacaq.

Binaların giriş qapılarında da yaxınlaşan seçkilər haqqında informasiya, demək olar ki, yoxdur. "NQ"-nin bir sıra rayonlardan olan müsahibləri məlumat veriblər ki, hətta komissiyaların ünvanları olan vərəqələrin varlığı indi nadir hadisədir. Bu faktı rəsmi olaraq Pamfilova da, seçicilərin lazımı səviyyədə məlumatlandırılmamasına görə "Mosqorizbirkom"un başçısı Valentina Qorbunovanı tənqid edərək, təsdiqləyib. Burası da var ki, belə informasiya boşluğu seçiciləri özlərinə səsverməyə təşviq etmək üçün ən uyğun vaxtın olduğunu düşünən aktiv partiya üzvləri üçün böyük imkanlar yaradıb.

Məhz partiya brendinin ən aktiv təbliğat və təşviqatını aparanlar “Vahid Rusiya”dan (VR) olan namizədlərdi. Partiya öz təşviqat materiallarının yayılmasında kifayət qədər aktivdir. Və ötən seçkilərdən fərqli olaraq partiya mənsubiyyəti gizlədilmir, əksinə nümayiş etdirilir. "NQ"-nin tanış olduğu VR təşviqat materialları kifayət qədər yaradıcılıqla hazırlanıb. Misal üçün, bu ya beş resept – beş namizəd, ya da namizədlərin sifət şəkillərinin hissələri prinsipi ilə tərtib edilib, yəni “komandanı seç”. Qeyd edək ki, dairələrin əksəriyyəti beşmandatlıdır, yəni seçici eyni zamanda beş seçim etməlidi.

VR-in seçiciyə hər hansı bir konkret məsajı, həqiqətən, yoxdur, təşviqat materiallarında hər şeydən çox rast gəlinən namizədlərin soy adları və iş yerləridir. Bu, qismən anlaşılandır, axı bu dəfə geniş kütlələrdən gələn əks-əlaqəyə xüsusi ehtiyac yoxdu. Təşviqat “özününkülər” –  lazım olan beş adı yadda saxlayanlar, mütləq seçkiyə gələcək və partiyanı müdafiə edəcək şəxslər üçün edilib.

Voykovsk rayon Məclisinin deputatı Aleksandr Zakondırin "NQ"-yə deyib ki, poçt qutusuna atılan, tanınmayan soy adlarının olduğu vərəqlər siyasi dividend gətirməsə də, məqsəd bu deyil, bu kağızlar seçkilərdə mütləq iştirak edəcək olanlarabüdcə təşkilatlarında, kommunal təsərrüfat və sosial xidmət sistemində çalışanlara, sosial yardım alanlara paylanır.

Moskva seçkilərində özünü aktiv göstərən ikinci partiya Rusiya Federasiyası Kommunist Partiyasıdır (RFKP). Namizədlərin gündəliyində konkret ümumi siyasi şüarlar, bir qayda olaraq, yoxdur. Hər şey rayondan asılı olsa da, məsələn, müxalif İlya Yaşinin aktiv kampaniya apardığı Krasnoselsk rayonunda, kommunistlər şəhər hakimiyyətinə qarşı sərt şüarlarla çıxış edirlər. Digər rayonlarda söhbət, bir qayda olaraq, ancaq yerli gündəlikdən, bəzən “qırmızı” tonla – “Bütün hakimiyyət sovetlərə!” tipində gedir. RFKP-dən bələdiyyə deputatlığına namizəd olan Andrey Klyukin əmindir ki, seçkilərdə VR-dən başqa, yalnız kommunistlər üstünlük əldə edəcəklər, çünki onların elektoratı nizam-intizamla seçkiyə gəlir. Klyukin izah edir ki, kampaniyada qırmızı bayraq altında iştirak etsə də, əsas vurğunu vətəndaş fəalı olmasına edir: “Yerli deputatları partiya mənsubiyyətindən asılı olmayaraq seçmək lazımdı”.

Yerli seçkilərdə “Yabloko”dan olan namizədlər də kifayət qədər aktivdir. Belə ki, partiya Dövlət Dumasının sabiq deputatı Dmitri Qudkovla birlikdə təxminən min adamı seçkilərə mobilizasiya edə bilib. Yekun olaraq demək olar ki, Moskvanın bütün rayonlarında partiya bayrağı altında komandalar irəli sürülüb. Onlar əhali arasına “100 demokrat birləşib və seçkilərə birgə gedir” şüarı ilə çıxır. Təşviqatda partiya olaraq “Yabloko” az hallanır. Orada söhbət əsasən şəhərdə ümumdemokratik dəyişiklikdən gedir, hətta hər hansı bir konkret rayonun adı çəkilmir. Yəni, bu vərəqələr məhz liberal partiyadan olan istənilən namizədi dəstəkləməyə hazır olan təmiz demokratik elektoratın rəyinə yönəlib.

Yeri gəlmişkən, Qudkov layihəsilə gələnlər deyil, birbaşa partiyaya aidiyyəti olanlar kampaniyanı federal səviyyəyə qaldırmağa da cəhd edirlər. Məsələn, Suriyada müharibənin başa çatdırılması haqqında olan vərəqələr vasitəsilə. Belə təşviqat aparan “Yabloko”dan olan namizəd Daniil Aqnevski "NQ" ilə müsahibəsində izah edib ki, reaksiyalar əsasən iki cürdür – ya maraq və təmasa keçmə cəhdi, ya da tam laqeydlik: “İnsanlar digər siyasətçilərin sonsuz vədlərindən elə yorulublar ki, çoxları artıq hər hansı bir şeyi dəyişməyin mümkünlüyünə sadəcə olaraq inanmır. Mən, hamısında olmasa da, insanların əksəriyyətində seçkilərin mühümlüyünün dərk edilməsini, açıq desəm, görmürəm. Və bu, məni çox məyus edir”.

Moskvada LDPR-in də partiya üçün ənənəvi olan şüarlarla fəaliyyət göstərən təşviqat klubları vardır. Namizəd Anton Umnikovun “Sokol” metro stansiyası yanında olan klubundakı şüarda deyilir: “Kömək etdik, kömək edirik, kömək edəcəyik!”. Ancaq qarşıdan gələn seçkilərdə LDPR-in nə nəticə göstərəcəyi bəlli deyil, axı onun əsas elektoratı seçkilərə getməyən gənclərdi. Partiyada bunu anlayırlar və bu gün şəhər sakinlərini, deyək ki, LDPR-in “avtoqatarı”nın qarşılanmasına çağırırlar. Yaşlılar üçün idman əyləncəsi və estrada ulduzlarının çıxışı olacaq.

"NQ"-nin Moskvada yaşayan muxbirlərinə görə, “Ədalətli Rusiya”nın (ƏR) təşviqatı çox zəifdir. Hərçənd hardasa, yəqin ki, var, axı partiya 700 namizəd irəli sürüb. Eserlərdən olan ən məşhur bələdiyyə namizədi İlya Sviridov Taqansk rayonunda geniş miqyaslı kampaniya aparır, onun təşkil etdiyi mitinqdə hətta ƏR-in lideri Sergey Mironov iştirak edib. Bütövlükdə isə belə təəssürat yaranır ki, Moskva seçkiləri partiya üçün öncəlik təşkil etmir. Bir neçə rayonda isə partiya ümumiyyətlə əhali arasında kifayət qədər tanınan deputatları da, məsələn, Brateyevadan olan Darya Sorokina kimi, irəli sürməkdən imtina edib.

PARNAS (Xalq Azadlıq Partiyası) isə paytaxt seçkiləri üçün öz fəallarını mobilizasiya edə bilməyib. "NQ" mənbələri müəyyən edib ki, yalnız 50 nəfərə yaxın namizəd irəli sürülüb, bu isə o deməkdir ki, gündəlikdəki məsələləri vətəndaşların geniş dairəsinə çatdırmaq alınmayacaq.

Sistemxarici müxalifətçilər, hər şeyə rəğmən, bir neçə rayonda namizədlərdən ibarət, əhali ilə ünsiyyətdə özünü tamamilə aktiv göstərən yığcam komandalar formalaşdırmağa nail olublar. Məsələn, İlya Yaşinin rəhbərliyilə “Həmrəylik”dən olan komandaların “qapıdan qapıya” prinsipi ilə apardığı təbliğatı çoxları uğurlu hesab edir. Ekspertlərin rəyinə görə, sonda rayon məclislərinə düşə biləcək azsaylı müxalifətçilərdən biri də o ola bilər.

Bir sıra digər siyasi qurumlar da komanda və lokal aktivlik prinsipilə hərəkət edir. "NQ" müəyyən edib ki, “Yaşıllar Alyansı” partiyasına rəhbərlik edən elə həmin Zakondırin, onun həmkarları müstəqil namizədlərlə əməkdaşlıq etməklə paytaxtın bir sıra rayonlarında yerlərdə kampaniya aparır: “Beləliklə, biz əhalini qarşıdan gələn seçkilərlə bağlı olaraq məlumatlandırmaq üçün maksimal imkanlar axtarırıq. Görüşlər keçirir, qəzetlər, kublar (kub formasında olan təşviqat materialları- tərc.) yayırıq, axı hakimiyyət səsvermə günü haqqında məlumat vermir”.

Zakondırinin sözlərinə görə, bu kampaniyalar zamanı partiyaların kiçik rol oynamasının sadə izahı vardır: “Axı partiyaları deyil, konkret adamları seçirlər. Böyük bülletendə kiçik şriftlə yazılan adlara hamı baxmayacaq. Ona görə də indi mühüm olan adlar və sifətlərdir”.

Xartırladaq ki, “Dojd” televiziya kanalının təsdiq etdiyinə görə, Vladimir Putin də bələdiyyə seçkilərində səsverməyə getməyə hazırlaşır. Düzdür, prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib ki, onda bu barədə dəqiq informasiya yoxdur.

 

Darya Qarmonenko,

“Nezavisimaya qazeta”, Rusiya