XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

11 Sentyabr 2017 - 16:30

İngilis mətbuatından maraqlı iddia:"Suriyada müharibə bitib, Əsəd qalibdir, İsrail onun ayağına gedəcək" - Təhlil

Robert Fisk

“İndependent” (Böyük Britaniya)

 

Hamı Trampın üçüncü dünya savaşını necə başlayacağını gözləyincə hiss etmədik ki, Yaxın Şərqin hərbi xəritəsi əsaslı şəkildə dəyişilib və bu dəyişikliklər qanla cızılıb. Suriya və İraq (həmçinin Yəmən) bərpa edilincə illər keçəcək, lakin, ehtimal ki, israillilər düşdükləri bu hərc-mərcliyi aradan qaldırmaqda yardım üçün Putinə müraciət etməli olacaqlar.

Keçən həftə mobil telefonuma Suriyadan məlumat gəldi. Oxudum: “General Hadur vədini yerinə yetirdi”. Bunun nə demək olduğu mənə aydın idi.

Mən beş il əvvəl İŞİD döyüşçülərinin daim atəşə tutduqları Hələbdən şərqdəki şəhərcikdə Suriya ordusunun kiçik bölməsinə komandanlıq edən Məhəmməd Hadurla tanış olmuşam. O, öz xəritəsini o zaman mənə göstərdi və dedi ki, bu küçəni 11 gündən sonra azad edəcək.

Bu ilin iyulunda bu dəfə Suriya səhrasının şərqində Hadurla yenidən görüşdüm. O dedi ki, avqustun axırınadək mühasirəyə alınmış Deyr-əz-Zor şəhərinə girəcək. Ona bir az kəskin şəkildə xatırlatdım ki, keçən dəfə Hələbi 11 günə azad etməyə söz vermişdi, amma Suriya ordusunun buna 4 ildən çox vaxtı gedib. Hadir izah etdi ki, bu, çoxdan olub. Ordu o illərdə partizan müharibəsi aparmağı hələ bacarmırdı. Ona Holan təpələrini ələ keçirmək və Dəməşqi müdafiə etməyi öyrədiblər. Amma indi öyrənib.

Ordu, doğrudan da, öyrənib. Hadur səhrada mənə danışdı ki, Suhnə yayayış məntəqəsini bombalayacaq (bunu əsasən ruslar etdilər), sonra isə ordusu oradan artıq üç ildir 80 min dinc sakin və 10 min hərbçini dövrələmiş İŞİD yaraqlılarının mühasirəyə aldığı Deyr-əz-Zora gedəcək. Hadur dedi ki, Deyr-əz-Zora avqustun 23-də çatacaq. O, demək olar, səhv etməmişdi. General indi şəhərin qalan rayonlarını azad edir, bundan sonra öz ordusunu Suriya-İraq sərhədinə aparacaq.

Hadur şəhəri tam şəkildə nəzarətə götürəndə sərhədə sarı irəliləyəcək və Suriyanın o biri başına çatacaq. Hələb bu gün tamamilə hökumət qoşunlarının əlindədir. Və təkcə İdlib əyaləti üsyançıların müqavimət ocağı kimi qalır. Onların əksəriyyəti islamçı, o cümlədən “əl-Qaidə”nin döyüşçüləridir və əksəriyyətinə Suriyanın bir neçə şəhərini verməyin əvəzində ora keçməyə icazə veriblər. Deyəsən, hazırda ağlasığmaz iş baş verir: Bəşər Əsədin qoşunları bu müharibədə qələbə çalır.

Xeyr, “deyəsən” deyil, dəqiqdir. Suriya ordusunun sevimli zabiti və Rusiya müdafiə nazirinin iki dəfə qeyd etdiyi “Pələng” ayamalı Həsən Saleh Deyr-əz-Zorda 137-ci ordu briqadasınnn möhkəmləndirilmiş rayonunda özünə yol açıb və oradakı əsgərləri mühasirədən çıxarıb. Hadur isə (onlar dostdurlar) şəhərdə yerləşmiş aviabazanı azad etməyə yaxındır.

Amerikalıların həmin bazanın yaxınlığındakı Suriya hərbçilərinə raket zərbəsi endirib 60-dan çox adamı məhv etdikləri, İŞİD-ə onu şəhərin qalan hissəsindən təcrid etmək imkanı verdiyi günü kim xatırlayır? Suriyalılar amerikalıların bunun səhvən baş verdiyi iddiasına inanmadılar. Ruslar amerikalılara demişdilər ki, siz Suriya qoşunlarına zərbə endiribsiniz.

Görünür, britaniyalılar eyhamı artıq başa düşüblər. Onlar keçən həftə öz hərbi təlimatçılarını – Devid Kemeronun 70 min mifik üsyançı hazırlamalı olan həmin adamları ölkədən oğruncasına çıxarıblar. Güman olunurdu ki, bu üsyançılar sonra Əsəd hökumətini devirəcəklər. Hətta rejimin bu yay kimyəvi silah işlətməklə zərbələrin gedişində 80-dən çox mülki şəxsi məhv etdiyini bəyan edən BMT-nin məlumatı Suriyadakı hərbi cinayətlər haqda əvvəllər ucadan bağıran və Trampın Suriya aviabazasına mənasız raket zərbəsini dəstəkləyən Avropa siyasətçilərinin xüsusi diqqətini cəlb etməyib.

Bəs İsrail necə olacaq? Bu ölkə Əsəd rejiminin sonuna möhkəm güvənir və hətta hökumət qoşunlarına, “Hizbullah” dəstələrinə və iranlı müttəfiqlərinə aviazərbələr endirib və eyni zamanda İsrailin şəhərlərində suriyalı islam yaraqlılarına tibbi yardım göstərib. Təəccüblü deyil ki, Benyamin Netanyahu Soçidə Putinlə görüşəndə o cür “həyəcanlanmış” və “duyğusal” idi (Rusiyanın sözlərinə görə). Putin İranı Rusiyanın Yaxın Şərq bölgəsində “strateji müttəfiqi” adlandırıb. İsrail isə onun üçün “önəmli tərəfdaş”dır. Bunlar eyni şey deyil. Və Netanyahu açıq şəkldə başqa sözlər eşitmək istəyirdi.

Suriya qoşunlarının müntəzəm qələbələri göstərir ki, Suriya ordusu bölgədə “döyüşlərdə bərkimiş” ən güclü ordudur. Onun əsgərləri həyat deyil, ölüm uğrunda vuruşublar və indi Suriya qoşunlarında sabit qarşılıqlı fəaliyyət, həmçinin kəşfiyyat yoluna qoyulub, idarəçilik isə vahid komanda mərkəzindən həyata keçirilir.

Müqəddəs Antoni kollecinin elmi əməkdaşı Şarmin Narvaninin bu həftə dediyi kimi, indi bu alyansın BMT TŞ-nın iki daimi üzvü – Rusiya və Çin tərəfindən siyasi himayəsi var.

İsrail bəs indi nə etməlidir? Netanyahu İranın nüvə proqramına həddindən artıq pərçimləndi və hətta təsəvvür də edə bilməzdi ki (özü də təkcə o deyil, Obama, Hillari Klinton, Tramp, Kemeron, Mey, Olland və Qərb siyasi elitasının digər üzvləri də), Əsəd qalib gələr və Mosulun xarabalıqları üzərində daha güclü İraq ordusu yarana bilər.

Netanyahu əvvəlkitək kürdləri dəstəkləyir. Amma nə Suriya, nə Türkiyə, nə İran, nə də İraq onların milli cəhdlərini dəstəkləməkdə maraqlıdır. Amerikalılar isə Suriya Demokratik Qüvvələri deyilən qurumdakı kürd könüllülərdən fəal şəkildə istifadə ediblər. (Onlar, əslində, suriyalı deyil, kürdlərdir və əsla “demokartik” deyillər. Bir də Amerikanın aviasiya dəstəyi olmadan onları “qüvvə” adlandırmaq da olmaz).

Beləliklə, hamı Trampın üçüncü dünya savaşını necə başlayacağını gözləyəndə hiss etmədik ki, Yaxın Şərqin hərbi xəritəsi önəmli şəkildə dəyişilib və bu dəyişikliklər qanla cızılıb. Suriya və İraq (həmçinin Yəmən) bərpa olununca illər keçəcək, lakin Vaşinqtonu imdada çağırmağa alışmış israillilər indi yardım üçün mütləq Putinə müraciət etməli olacaqlar.

İsraildə Əsədin İŞİD-dən xeyli təhlükəli olduğunu iddia edən sağçı siyasi qüvvələr indi düşünməli olacaqlar. Bu, birinci növbədə ondan irəli gəlir ki, şimal sərhədlərini təhlükəsizləşdirmək üçün məhz onunla danışıqlar aparmalı olacaqlar.

Tərcümə Strateq.az-ındır.