İrina Naqornıx
Kommersant, Rusiya
Kremlin siyasi blokunda hazırlanan prezident kampaniyasının strategiyası, demək olar ki, hazırdır. PA-da “Kommersant”a təsdiq ediblər ki, Vladimir Putinin prezidentliyə namizədliyinin irəli sürülməsi prosesinin iki mərhələli olması planlaşdırılır.
Həm də nəzərə almaq lazımdır ki, dövlət başçısının yeni müddətə namizədliyini irəli sürməsinə öz razılığını açıq elan edəcəyi birinci mərhələ noyabr ayına nəzərdə tutulub, buna qədərsə Vladimir Putinin iştirakı ilə bir neçə tədbir planlaşdırılır.
PA-ya yaxın iki mənbə “Kommersant”a danışıb ki, keçən həftə Kremlin siyasi blokunda qapalı keçirilən iclaslarda prezident kampaniyasının strategiyası müzakirə olunub. Həmsöhbətlər təsdiq edir ki, “çox şeyi planlaşdırıblar”.
PA-da olan mənbə “Kommersant”a təsdiq edib ki, Vladimir Putinin prezident postuna irəli sürülməsi prosedurası iki mərhələdə olacaq. Kremlin planına görə, birinci mərhələ noyabra planlaşdırılıb: dövlət başçısı öz namizədliyinin yeni müddətə irəli sürülməsi üçün prinsipial razılıq verəcək.
“Kommersant”ın həmsöhbəti izah edib ki, “Bu məsələni dekabra qədər uzatmaq olmaz, əks təqdirdə qeyri-təbii qəbul ediləcək”.
Onun sözlərinə görə, hadisələrin formatı nə iləsə “prezidentin açıq xətti”ni – vətəndaşlarla namizədliyin irəli sürülməsi xahişinin formalaşdırıldığı ünsiyyəti, keyfiyyətli televiziya mənzərəsini xatırlatmalıdı.
Payızda prezident bütün bir daxili siyasi tədbirlər seriyasının iştirakçısı ola bilər. Belə ki, 30 oktyabrda "Siyasi repressiya qurbanlarının xatirə günü" qeyd edilir. Bu tarixə hazırlığı hələ Dövlət Dumasının indiki spikeri Vyaçeslav Volodinin rəhbərliyilə PA-nın keçmiş siyasi bloku başlamışdı. Qurbanlara abidə heykəltəraş Georgi Franqulyana sifariş edilib, onun qoyulma yeri olaraq isə Saxarov prospekti müəyyən edilib. Yayda cənab Volodin “Kommersant”a məlumat vermişdi ki, abidəyə baxmaq üçün cənab Franqulyanı ziyarət edib və ona İnsan Haqları Şurasının sədri Mixail Fedotovla birgə bir daha baxmaq niyyətindədir. Dövlət Dumasının spikeri qeyd etmişdi ki, onun üçün bu, vacib layihədir, onun repressiyalardan əziyyət çəkən qohumları vardır.
PA başçısının I müavini Sergey Kiriyenkonun rəhbərlik etdiyi siyasi blok 30 oktyabra hazırlığa nəzarəti davam etdirir. Cənab Kiriyenkonun çevrəsində qeyd ediblər ki, siyasi repressiya qurbanlarına həsr edilən abidənin açılması cəmiyyətin birləşməsinə xidmət edir və ən yüksək səviyyədə keçiriləcəkdir.
Ənənəvi olaraq İctimai Palatanın (İP) təşkil etdiyi “Cəmiyyət” forumu (yekun iclası 2-3 noyabra nəzərdə tutulub), Xalq Birliyi Günü (4 noyabr) və inqilabın yüzilliyi (7 noyabr) bu məqsədlərə xidmət etməlidir.
İP-nin yeni çağırışı könüllülüyü, vətəndaş aktivliyini, prezident qrantlarının yardımı ilə Qeyri-Kommersiya Təşkilatlarının dəstəklənməsini müzakirə etmək niyyətindədir. Sergey Kiriyenko iyulda gənclər üçün oxuduğu açıq mühazirəsində vətəndaş cəmiyyəti ilə aparılan işi ölkənin inkişafının “drayveri” adlandırıb.
İP-də “Kommersant”a deyiblər ki, forumda prezidentin iştirakını gözləyirlər.
Prezident seçkiləri günü isə Krımın birləşdirilməsi haqqında müqavilənin imzalanması tarixinə – 18 marta keçirilə bilər.
Politoloq Sergey Markelov hesab edir ki, “Bu hadisələr ətalətlə baş verir, onların qavrayışında yenilik yoxdur. Onlar təşkilatçılara, aparata və prezidentin özünə öncədən aydındır, ancaq böyük Rusiyada belə əks-səda yaratmayacaq, ona görə ki, bu mövzular rusiyalıların əksəriyyətinə, “əlləri ilə toxuna biləcəkləri qədər” yaxın deyil. Düşünmürəm ki, onların ətrafında birləşmə təşkil etmək mümkündür, xüsusən ona görə ki, bütün bu hadisələrə hətta maraqlı vətəndaşlarda belə vahid baxış yoxdur”.
İkinci mərhələ özü öz namizədliyini irəli sürən Vladimir Putinin namizədliyinin, – namizədin dəstəklənməsi üçün imzaların ən gec müddətə yığılması ilə, – hüquqi cəhətdən irəli sürülməsini nəzərdə tutur ki, rəsmi seçki kampaniyası maksimum qısamüddətli olsun.
“Prezident seçkiləri haqqında” qanuna əsasən, seçkilər dekabrın 7-dən 17-dək təyin olunmalıdı və 20 gündən gec olmayaraq, yəni 6 yanvaradək təşəbbüs qrupları MSK-da qeydiyyatdan keçməlidi.
Sentyabrın əvvəlində Vladimir Putin özü, “Niyə o, indiyədək özünün yeni müddətə namizədliyinin irəli sürülməsi haqqında danışmır?”– sualına cavab verərkən, izah etdi ki, seçkiöncəsi kampaniya elan edilən kimi, hamı “həmən işləməyi dayandırır”.
Versiyaların birinə görə, imzaların toplanmasına “Vahid Rusiya” partiyasının fəalları kömək edəcək, ancaq bu halda hər bir fəal şəxs qərargah üzvü kimi iştirak edəcək. Politoloq Konstantin Kalaçev hesab edir ki, “Söhbət partiyanın antireytinqində deyil, o, federal prezident seçkilərində prezident fiquruna mənfi təsir etmir. Bu, daha çox siyasi qüvvələr nisbətindən – prezidentin seçki kampaniyasına kimin və hansı keyfiyyətdə buraxılmasından asılıdır”.
Tərcümə Strateq.az-ındır