XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

15 Sentyabr 2017 - 09:30

ABŞ Əfqanıstan uğursuzluğunu Pakistanın üzərinə yıxır –Trampın yeni "qarışıq müharibə strategiyası" necə önlənəcək? - TƏHLİL

Abdullah Zerrar

"Anadolu" agentliyi, Türkiyə
 

21 avqust 2017-ci ildə yeni Əfqanıstan strategiyasını açıqlayan ABŞ prezidenti Donald Tramp “Qələbə qazanmadan davam edən Əfqanıstan müharibəsilə əlaqədar olaraq ABŞ xalqının yaşadığı məyusluğu bölüşdüyünü” dilə gətirmişdi. ABŞ Xarici işlər naziri Reks Tillersonun və Trampın “Son illərdə ABŞ və Pakistan arasında inam problemi var”, “Pakistan terror təşkilatları üçün təhlükəsiz liman halına gəlib”, “Bu durum Əfqanıstandakı sülhə mane olur” və “Pakistan siyasətini dəyişdirməzsə hər şeyi itirəcək” kimi açıqlamaları və ABŞ-ın 60 illik müttəfiqi olan Pakistanı Əfqanıstandakı uğursuzluğunun “günah keçisi” seçməsi Pakistanda böyük bir məyusluq yaradıb.

Pakistan, “Dünyanın heç bir ölkəsi terrorizmə qarşı Pakistandan daha artıq mübarizə etməmiş və sərhədləri xaricindəki terror üzündən Pakistandan daha artıq zərər görməmişdir” deyərək, Tramp və Tillersonun “terroristlərə təhlükəsiz liman” təminetmə iddialarını rədd edib, eyni zamanda “Pakistanın və millətinin terrorla mübarizədə göstərdiyi böyük səylərin və fədakarlıqların inkar edilməsilə əlaqədar olaraq” yaşadığı bu məyusluğu da açıqca ifadə edib.

Əfqanıstan məcarasında ətəkləri od tutan supergücün, İraqda olduğu kimi, bir “günah keçisi” axtardığını meydana çıxaran bu açıqlama, xüsusən də “Pakistanın sivilizasiyaya və sülhə bağlılığını göstərməsinin zamanı gəlib” sözləri Pakistan parlamenti tərəfindən, Tramp və administrasiyasının diplomatik nəzakətsizliyi bir yana, “Ölkənin suverenliyinə və bütövlüyünə birbaşa təhdid” olaraq qəbul edilib.

Pakistanın ABŞ hakimiyyəti tərəfindən günahlandırılması çox ciddi və arxası kəsilməyəcək bir durum kimi görünür. NATO-nun Əfqanıstandakı birliklərinin komandanı Con Nikolsonun (John Nicholson) “Əfqanıstan Talibanının Peşavər və Kettada yuvalanması” iddiası, təhdidin haralara gedib çata biləcəyini də gözlər önünə sərir.

 

Pakistan birləşib

 

Pakistan hökuməti və siyasi partiyaları ABŞ-ın bu mövqeyi qarşısında ölkənin suverenliyi və müdafiəsi məsələsində birləşərək heç bir siyasi ayrılıq nümayiş etdirməyən birlik bəyanatı veriblər.

Pakistanın Baş naziri Şahid Hakan Abbasi bu iddialara cavab olaraq, Trampın da özündən öncəkilər kimi uğursuzluq taleyini bölüşəcəyini, Əfqanıstanda başından bəri hərbi strategiyanın işə yaramadığını, siyasi həll yolu tapılmasının lazım olduğunu və hökumətinin terrorla mübarizəni dəstəklərkən, müharibənin Pakistana sıçramasına əsla izin verməyəcəyini açıqlayıb.

Pakistanın Baş qərargah rəisi Kamer Cavid Bajva, Düşənbə Terrorla Mübarizə Koordinasiya Mexanizminin toplantısında Trampın iddialarını rədd edərək terrorun beynəlxalq bir təhdid olduğunu və Pakistanın öz torpaqlarını, heç bir fərq qoymadan bütün terror təşkilatları üçün təhlükəsiz liman olmaqdan çıxardığını, Əfqanıstanda əməkdaşlığı təmin etdiklərini və əfqan müharibəsini Pakistana gətirməməkdə qərarlı olduqlarını ifadə edib. Bajva Pakistan Baş qərargahında isə ABŞ böyük elçisinə “ABŞ-dan maliyyə və təchizat yardımı deyil, bizi anlayıb güvənməsini və terrorla mübarizədə verdiyimiz töhfələri görməsini istəyirik”– deyib.

Trampın açıqlamasından sonra ABŞ ziyarətini təxirə salan Pakistan Xarici işlər naziri Havace Məhəmməd Asif isə “Pakistan ABŞ-ın 60 illik etibarlı müttəfiqidir. Bu  ittifaq dolayı və birbaşa olaraq Pakistana çox zərər vermişdir. Əfqanıstanda sülh Pakistan üçün də önəmlidir. ABŞ-dan Əfqanıstandan yönləndirilən və hələ davam edən, insansız hava vasitələrilə həyata keçirilən hücumları önləməsini, sərhəddə tikanlı məftil çəkilməsini tələb etdik. Pakistan terrora ciddi sayda qurban verdi. Buna görə ABŞ-a yardımçı olduq”, – deyib. Əfqan əsgərlərinin ABŞ silahlarını Talibana satdığını ifadə edən nazir, “ABŞ Pakistana güvənmirsə, 35 ildir qəbul etdiyimiz əfqan qaçqınlarını geri qəbul etməyə hazır olmalıdı” deyərək, qaçqın kozırını irəli sürüb.

Pakistanın Daxili işlər naziri Ahsen İkbal da “Talibanın Pakistanda gizlənməsi” iddialarına, “Əfqanıstanın 40%-nə nəzarət edən Talibanın gizlənmək üçün Pakistana ehtiyacının olmadığını, Pakistanın illərdir həyata keçirdiyi əməliyyatlarla, Şimali Vəziristan da daxil olmaqla, bir çox bölgəni terrordan təmizlədiyini” ifadə edərək, "ABŞ ən azı bu əməliyyatları görməlidir”- deyib.

Pakistan Tahriki İnsaf (PTİ) partiyasının mətbuat katibi Şirin Mezarinin “Pakistan hədəf halına gətirilərkən, ABŞ-ın Cənubi və Orta Asiyaya görə məsuliyyət daşıyan vəzifəli şəxsi olan Alis Uelsimi qəbul edəcəyik” açıqlaması və xalq etirazları nəticəsində, ABŞ-ın İslamabad Böyük Elçiliyi bu ziyarəti təxirə salmağa məcbur olub.

Pakistan Xalq Partiyasının mətbuat katibi senator Ferhatullah Babar isə sərhəddəki qarşılıqlı keçid iddialarının təsdiq ediləmədiyini, Pakistan, Əfqanıstan, Çin və Tacikistanın təsirli bir rol oynayaraq bu cür yanlış anlamaların düzəldilə biləcəyini açıqlayıb. 

Nikolsonun Talibanı gizlətməklə günahlandırdığı Hayber Pahtunhva əyaləti və PTİ hökumətinin mətbuat katibi Şah Ferman, Pakistanın ABŞ-da yaşayan keçmiş Vaşinqton səfiri Hüseyin Hakkaninin (2008-2011-ci illər) bir məqaləsində “Benazir hökuməti ABŞ-ın stansiya rəisi (CİA-nin Pakistan bürosunun rəhbəri – tərc.) kimi çalışır” etirafına istinad edərək “Pakistanı Hakkani hərakatını dəstəkləməkdə günahlandıran ABŞ Talibanın yerini haradan bilir? Yoxsa, bura onları özlərimi göndərir?” deyərək, ABŞ-ın Talibanın Peşavərdə olması haqqında bir kəşfiyyat informasiyası vars, bunu Pakistanla mübadilə etməli olduğunu bildirib.

Bəlucistanın Mənzil-tikinti naziri Mir Əhməd Buqti “Nə Ketta, nə də  Bəlucistan əyalətində Əfqan Talibanı yoxdur. Pakistan hökumətinin Əfqanıstanın 40%-nə nəzarət edən Talibana qarşı sərhəd nəzarətini möhkəmləndirdiyini və heç bir yad ünsürün ölkəsində əməliyyat aparmasına imkan qalmadığını” açıqlayaraq, Nikolsonun  iddialarını rədd edib.

 

Tramp Pentaqon xəttinə çəkilib

 

Pakistan Talibanı lideri Molla Fəzlullahın Əfqanıstanda gizləndiyi və Pakistan hücumlarını oradan təşkil etdiyi, Əfqanıstan Milli Təhlükəsizlik Müdürlüyü (NDS), Hind Kəşfiyyat Təşkilatı (RAW) və işgal gücü casusluq şəbəkəsi tərəfindən dəstəklənən terrorçuların Pakistanda fəaliyyət göstərməsi haqqındakı iddalar ABŞ-ın, terrorçulara “təhlükəsiz liman” olmaqla günahlandırılan Pakistana öncədən formalaşmış mənfi rəylə yanaşdığını göstərir. ABŞ-da Tramp hakimiyyətinin iş başına gəlməsinin mövcud durumu Pakistanın əleyhinə çevirməsi Əfqanıstan müharibəsinə qarşı çıxan Trampın Pentaqon xəttinə gəlməsi tezisini dəstəkləyir.

Əfqanıstanın Baş qərargah rəisinin sentyabrın 6-da verdiyi “İran Talibana silah verir” açıqlaması və  ABŞ-ın görüş üçün qapı araladığı Taliban üzərindəki Pakistanın siyasi gücünün sabah özünə qarşı dönə biləcəyinə ehtimal verməsi burada ciddi əhəmiyyət kəsb edir.

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfin Əfqanıstandakı müharibəyə ən çətin dövrdə ABŞ-ın yanında qatılması Talibanı İran, Rusiya və Çinə doğru itələyib. Görünən odur ki, general Əyyub Xandan sabiq baş nazir Navaz Şərifə qədər ABŞ-ın yedəyində gedən Pakistanın BMT TŞ-yə etibar etmək yerinə real bir Əfqanıstan siyasəti qurması lazım olacaq.

 

Kəşmir probleminin həlli regiondakı bütün balansı dəyişdirə bilər

 

ABŞ Cənubi Asiyada, Əfqanıstandan Banqladeşə qədər, suveren güclərin təmsilçisi olaraq Hindistanı görür. Bu məqsədlə ABŞ, Əfqanıstanda Hindistana geniş bir kəşfiyyat şəbəkəsi qurduraraq, Çinin artan iqtisadi və hərbi təsirini və “ifrat” müsəlmanlığın yüksəlişini məhdudlaşdırmaq üçün onunla strateji tərəfdaşlığa, yüksək texnologiya məhsulu olan silahlar və təchizat verməmək şərtilə strateji müdafiə tərəfdaşlığına girib.

ABŞ-ın Cənubi Asiyada vəkalət verdiyi, Kəşmir məsələsində residivist olan Hindistanla ortaya çıxacaq  strateji müharibəni davam etdirmək yerli aktyorlardan çox Çinə, Rusiyaya və İrana qalacaq. Çinli və rus məmurların açıqlamaları terrorla mübarizədə İslamabadın ABŞ qarşısında yalnız buraxılmadığının bir əlamətidir. Cənubi Asiyadakı Çin nüfuzuna qarşı “qlobal balans ünsürü” olaraq Hindistanın prosesə daxil edilməsilə “Pakistanın ABŞ-dan asılılığı” geridə qaldı. “Pakistan ABŞ və Qərbdən əmr ala bilməz” şüarları Pakistanda yüksəlsə də, 70 illik Kəşmir probleminin həlli, iki nüvə gücü olan Pakistan və Hindistan arasında sülhün və sabitliyin təmin edilməsi regiondakı bütün balansı, başda Əfqanıstan olmaqla, müsbət istiqamətdə dəyişə bilər.

 

Gözlənilən ssenarilər

 

Nəticə etibarı ilə, 16 ildir davam edən, 700 milyard dollarlıq hərbi xərcə və minlərlə canın getməsinə səbəb olan Əfqanıstan müharibəsində, problemi müzakirələr və dinc yollarla həll etmə səylərinə və tövsiyələrinə rəğmən, hərbi güc tətbiq etməyi seçən Vaşinqton hakimiyyətinin öz uğursuz strategiyaları üzündən Pakistanı günahlandırması çox rasional görünmür.

ABŞ, Suriyada etdiyi kimi, tərəflərlə və bölgə ölkələrilə məsləhətləşsəydi, Əfqanıstanda 100 min əsgərlə həyata keçirə bilmədiyi köhnə strategiyanı yeni kimi göstərib, 8400 əsgərə əlavə edəcəyi 3500 əsgərlə eyni səhvi təkrarlayıb fərqli bir nəticə gözləmək durumunda qalmazdı.

Hərbi mütəxəssislər bu görüşdədirlər ki, Tramp ABŞ-ı Əfqanıstanda  müharibəyə soxmadan, Əfqanıstanı “İşidistan”a çevirməyin şərtlərini yaradaraq, Orta Asiya, Rusya, Çin, Pakistan və İranın sabitliyini pozacaq “qarışıq müharibə strategiyası”nı tətbiq etməyə başlayıb. Bu “qarışıq müharibə strategiyası” da ancaq region ölkələrinin ortaq strategiyası və əməkdaşlığı ilə önlənə bilər.

Hindistanı qarşısına alaraq Gavadar limanına çıxmaq istəyən Çinin və Talibanı dəstəklədiyi iddia edillən Rusyanın strateji səviyyədə müdafiə etdiyi bir nüvə dövləti olan Pakistanı ABŞ-ın əzməsi mümkün görünməsə də, Pakistan strateji hesablarını düzgün etməzsə,  “terrorla müharibə uşağını” qucağına alma təhlükəsilə qarşı-qarşıya qalacaqdır.

Pakistanın Xarici işlər naziri Havace Məhəmməd Asifın ABŞ-ın yeni Əfqanıstan-Cənubi Asiya strategiyasını müzakirə etmək üçün 11 sentyabrda Tehranla başlayan, 12 sentyabrda Türkiyə ilə davam edən,  daha sonra Rusya və Çini əhatə edəcək ziyarətləri, region ölkələrinin qarşıdan gələn təhlükə haqqında məlumatlı olması və ortaq strategiya və əməkdaşlıq qurma cəhdləri kimi oxunmalıdır.

ABŞ-Pakistan əlaqələrinin Əfqanıstan üzərindən gələcəyi Ağ Evin Pakistan kimi güclü bir müttəfiqini incitmədən, soyuqqanlı olaraq, strateji tərəfdaşlığı ön plana çıxarmaqla və diqqəti rasional bir siyasi həll üzərində cəmləməklə yenidən inşa edilməlidir.

Bunun əksi olan bir vəziyyət ABŞ-ı Əfqanıstanda və Cənubi Asiyada sadəcə  Taliban və İŞİD-lə deyil, regional güclərlə də hər cür mübarizə aparmaq məcburiyyəti qarşısında qoymaqla Trampın “Daha yaxşı və daha təhlükəsiz bir dünya” fikrini də boşa çıxaracaqdır.

Prezident Ərdoğanın İslam Əməkdaşlıq Təşkilatının Astana toplantısında (10-17 sentyabr 2017-ci il – tərc.) Əfqanıstan prezidenti Əşrəf Qani ilə keçirdiyi görüşdə İSAF üzvü olan Türkiyənin Kabil-İslamabad əlaqələrinin inkişafına yönəlik səy göstərəcəyinə söz verməsi pozulan münasibətlərin bərpa edilməsi üçün əhəmiyyətli bir prosesin başlanğıcı ola bilər.

Tərcümə Strateq.az-ındır