XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

15 Sentyabr 2017 - 23:56

Rəqiblə ittifaq…- Donald Tramp geri çəkilməyə və güzəştə getməyə məcbur oldu

ABŞ prezidenti Donald Tramp ötən şənbə günü Senatda və Nümayəndələr Palatasında azlıqda olan demokratların liderləri üçün Ağ Evdə şam yeməyi təşkil etdi. Tramp bildirdi ki, rəqibləri ilə vergi islahatlarını və konqresmenlərin hazırladığı miqrasiyaya dair qanun layihəsini müzakirə etmək istəyir. 

Ağ Evin mətbuat katibi Sara Sanders görüşün məqsədini belə açıqladı ki, Tramp bununla iki partiya arasında (Demokratlar, Respublikaçılar) dialoqu stimullaşdırmağa çalışır. Mətbuat katibi görüşdə təkcə demokratların yox, respublikaçıların da iştirak etdiyini xatırlatdı.

"Donald Tramp iki partiyanın əməkdaşlığı üçün 8 gündə Obamanın 8 ildə etdiyindən çox iş görüb" – deyən Sanders əlavə etdi ki, Konqresdəki respublikaçılar, eləcə də prezident özü demokratlarla sıx işləmək niyyətindədir.

Qeyd edək ki, hazırda Senatda da (52-48), Nümayəndələr Palatasında (240-149) da çoxluqda respublikaçılardır.

Tramp özü isə görüşü belə qiymətləndirdi: "Müzakirələr çox produktiv keçdi. Biz problemləri birgə həll etmək istəyirik. Bu, çox yaxşı əlamətdir. Həm respublikaçılara, həm də demokratlara faydalıdır".

Ağ Evdə demokratlarla görüş

 

Tramp müxalifətçi demokratlarla nəqliyyat infrastrukturunu modernləşdirmək, həmçinin vergi və səhiyyə islahatları, miqrasiya qanunvericiliyi istiqamətində işləmək fikrində olduğunu bildirdi.

Tramp hələ seçki kampaniyası dövründə bu islahatları aparacağına söz vermişdi. Lakin faktiki olaraq prezident postunu tutduğu 8 ay ərzində bu istiqamətdə heç bir konkret addım atmayıb. Hələ ki, onun təkliflərini təkcə rəqibləri yox, öz partiyasının üzvləri də qəbul etmir. Məsələn, iyulda onun "Obamacare" səhiyyə proqramının (Obamanın qəbul etdiyi) ləğvi ilə bağlı təklifi respublikaçılar tərəfindən yetərli səs toplaya bilmədi.

Vergi islahatına gəlincə, Tramp hesab edir ki, bu istiqamətdə kodeks sadə və ədalətli olmalıdır. Vətəndaşın gəlirlərinin deklarasiyası isə çoxvərəqli yox, birvərəqli sənəd olmalıdır.

Tramp ABŞ şirkətlərinin gəlir vergisini də azaltmaq istəyir. Vergi islahatları ilə bağlı müzakirələr başlayanda Respublikaçılar Partiyası varlıların vergilərini artırılmasına qarşı çıxacaqlar. Demokratlar isə əksinə, hesab edirlər ki, bu təbəqə daha çox vergi verməlidir. 

Tramp demokratlarla məlum görüşdən sonra bəyan etdi ki, zənginlər bu məsələdən qazanclı çıxmayacaqlar. ABŞ KİV-ləri dərhal bunu Trampın vergi məsələsində demokratlara güzəştə getməsi kimi qiymətləndirdilər.

Trampın bir neçə gün əvvəl immiqrant uşaqlarla bağlı proqramı ləğv etməsi tək demokratları yox, respublikaçıları da narazı salmışdı. 2012-ci ildə Obama tərəfindən qəbul edilən DACA adlı bu proqram ABŞ-a 16 yaşından əvvəl gələn qeyri-leqal immiqrantlara deportasiyadan möhlət hüququ verirdi. Bu möhləti alan yeniyetmələrə Birləşmiş Ştatlarda 2 illik iş icazəsi də verilirdi. Üstəlik möhlətin uzadılması üçün imkan tanınırdı. 

ABŞ-da bu uşaqları "xəyalpərəstlər" adlandırırdılar. Elə ona görə proqramın bir adı da DREAM Act. idi. Təkcə 2016-cı ildə proqramın təsiri altına 750 min insan düşmüşdü. Onların yarısı Kaliforniya və Texasda yaşayırdı. 

Tramp sentyabrın 6-da bu proqramın ləğvi barədə qərar verdi. Və bu addımını seçkiöncəsi vədinə müvafiq olaraq qeyri-leqal miqrasiya sahəsini qaydaya salmaq cəhdi kimi əsaslandırdı.

Pol Rayan

Demokratlar bu qərarı siyasi qorxaqlıq və qəddar akt kimi qiymətləndirdilər. Rəqibin qəzəbini yüksək rütbəli respublikaçılar da bölüşdü. Nümayəndələr Palatasının sədri Pol Rayan bildirdi ki, Trampın bu qərarı yanlışdır. Rayanın sözlərinə görə, yüzminlərlə gəncin ABŞ-dan çıxarılaraq uşaqlıqdan olmadıqları və bəlkə də dillərini bilmədikləri yerlərə geri qaytarılması ABŞ-ın milli maraqlarına uyğun ola bilməz.

13 sentyabrda demokratlarla görüşündən sonra Tramp bu məsələdə də kompromisə getməyə hazır olduğunu açıqladı. Və bildirdi ki, proqram birdəfəlik yox, mərhələli şəkildə ləğv ediləcək. Həmin müddət ərzində də immiqrantların statusu ilə bağlı kompromis qərar üzərində düşünüləcək.

DACA məsələsində Trampın demokratlara güzəştə getməsi bəzi respublikaçıların ürəyindən olmadı. Məsələn, Nümayəndələr Palatasının üzvü, respublikaçı Stiv Kinq "Twitter" hesabından Trampa "Prezident seçkiöncəsi vədini pozdu, onun siyasi platforması məhv oldu" kimi sərt tənqid səsləndirdi.

Trampın bu iradlara cavabı gecikmədi. "ABŞ-da ən qüdrətli qanunlar hər iki partiyanın birgə səyləri ilə ərsəyə gəlib. Özüm mühafizəkar olsam da, mübahisəli qanunvericilik təşəbbüsləri ilə bağlı demokratlarla əməkdaşlıq etməyə hazıram", deyən Tramp açıq mesaj verdi ki, siyasi rəqiblərinə kompromisə gedir. Hətta bu ona bəzi respublikaçı tərəfdarlarını itirmək bahasına başa gəlsə belə. 

Bəzi müşahidəçilərə görə, Tramp bununla Ağ Evi mürəkkəb siyasi vəziyyətdən çıxarmağa, Respublikaçılar Partiyasında parçalanmanı önləməyə çalışır. Bəzilərinə görə isə Tramp özündən əvvəlki prezidentlər kimi, güzəştlərə getməyə, partiyalararası diskussiya başlatmağa məcburdur. 

Konqreslə işbirliyində taktikanı dəyişən Tramp anlamağa başlayıb ki, seçkiöncəsi vədlərini yerinə yetirmək üçün tək öz partiyadaşlarına arxayın ola bilməz. Çünki bu vədlərin böyük bir qismini, məsələn, Meksika ilə sərhədə nəzarəti gücləndirmək, vergi islahatı aparmaq, nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq, səhiyyədə islahatı həyata keçirməyin yolu demokratlarla ortaq məxrəcə gəlməkdən keçir.

Strateq.az