Ən yüksək post hesab olunan prezidentlik həm də az qala, hər şeyə sahib olmaq imkanı kimi qəbul olunur. Amma sən demə, bu kürsünü tutanların da gerçəkləşməsini istədikləri arzuları var.
Strateq.az xarici mətbuata istinadən dünya liderlərinin nələri arzu və xəyal etdiklərini öyrənməyə çalışacaq.
Vladimir Putin
2016-cı ilin dekabrında Çelyabinskdə tədbirlərin birində Rusiya prezidenti Vladimir Putindən ən böyük arzusunun nə olduğunu soruşublar. Cavab belə olub: "Arzum karyeramı uğurla başa vurmaqdır".
Putin etiraf edib ki, səyahət etməyi çox xoşlayır. Lakin iş bu hobbisini gerçəkləşdirməyə çox imkan vermir:
"Hazırda mənim bütün səyahətlərim hava limanına gəlmək, oradan hansısa qapalı yerə getmək, oradan da geriyə – hava limanına qayıtmaqdan ibarətdir. Əslində başqa cür səyahət etmək istəyərdim. Təbiəti seyr etmək, tarixi yerləri gəzmək…".
Pyotr Poroşenko
Ukrayna prezidenti Pyotr Poroşenko 2015-ci ildə BBC-yə müsahibəsində öz arzusundan danışıb. Bildirib ki, prezidentlikdən gedəndən sonra Avropa Parlamentinin deputatı olmaq istəyir: "Təbii ki, Ukrayna Avropa Birliyinin üzvü olacaq və mən də bunun üçün əlimdən gələni edəcəm".
Belarus prezidenti Aleksandr Lukaşenko ən böyük arzusunun nə olduğunu 2016-cı ilin dekabrında tədbirlərin birində açıqlayıb. Deyib ki, arzusu ölkəsində minimum əmək haqqının 500 dollar olmasıdır: "Bu, mənim arzumdur və mənə böyük hədiyyə olardı".
Aleksandr Lukaşenko
Lukaşenko bildirib ki, buna nail olmaq üçün böyük əmək sərf etmək lazımdır:
"Buna inanmayan varsa, mən ancaq təəssüf edə bilərəm. Bunu istəyən, lakin reallaşdırmaq istəməyənlər varsa, onlarla vidalaşacağıq".
Nursultan Nazarbayev
2016-cı ilin dekabrında prezident Nursultan Nazarbayev etiraf edib ki, ən böyük arzusu Qazaxıstanda elektromobillərin (elektriklə işləyən avtomobillər) populyarlaşmasıdır:
"İlk dəfədir ki, ölkəmizdə maşınqayırma inkişaf etməyə başlayıb. Arzum budur ki, tezliklə bütün Qazaxıstan elektromobillərdə gəzsin. Əsasən də Almatı, Ust-Kamenoqorsk kimi çirklənmiş şəhərlərdə. Qiymət münasib olacaq. Əgər biz tamamən buna keçid etsək, xeyli qənaət etmiş olacağıq. Qazaxıstan buna yaxınlaşır".
Tramp, Makron
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda böyük hərbi parad təşkil etməyi arzulayır. O bu istəyini bir neçə dəfə dilə də gətirib.
Fransalı həmkarı Emmanuel Makronla son görüşündə Tramp bildirib ki, Bastilyanın alınmasının şərəfinə Parisdə keçirilən son hərbi paraddan çox təsirlənib. Və hesab edir ki, bu, gördüyü ən möhtəşəm paraddır.
Barak Obama
Barak Obama hələ prezidentkən (2014-cü ildə) bildirmişdi ki, postundan gedəndən sonra çimərlikdə qumun üzərinə uzanıb kokosdan şirə içməyi arzulayır.
İtaliyanın keçmiş baş naziri, "Milan" futbol klubunun sahibi Silvio Berluskoni 2016-cı arzusunu belə dilə gətirmişdi: "Mənim arzum "Milan"ın bütün oyunçularının italiyalılardan ibarət olmasıdır".
Silvio Berluskoni
Bu ilin aprelində Berluskoni klubu 740 milyon avroya çinli investorlara satdı. Və hələ ki Berluskoninin bu arzusu reallaşmamış qalır.
"Milan" son oyununda meydana cəmi 5 italiyalı futbolçu ilə çıxmışdı.
Miloş Zeman
Çexiya prezidenti Miloş Zemanın isə birinci arzusu Rusiyanı Avropa Birliyində görməkdir. Zeman hesab edir ki, bundan tək Rusiya yox, bütün ölkələr qazanmış olar.
Çexiya prezidentinin ikinci arzusu isə beynəlxalq terrorizmə qarşı birgə mübarizənin təşkilidir.
Angela Merkel
Sentyabrın 18-də uşaqlarla görüşən Almaniya kansleri Angela Merkel deyib ki, arzusu Transsibir magistralı ilə səyahət etməkdir: "Arzum nə vaxtsa Rusiyadan keçməklə Transsibir magistralı ilə səyahətdir".
Strateq.az